THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sanksiyalar, yoxsa dialoq: Qərb-Türkiyə münasibətlərinin əsas sualı

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2609
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 iyul 2019 – Newtimes.az

Rusiya istehsalı olan S-400 "Triumf" zenit-raket komplekslərinin Türkiyə tərəfindən alınması ilə qlobal geosiyasətdə bir dalğalanma meydana gəlməkdədir. Amerika Konqresi Ankaraya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsinə çağırır. Pentaqon da Türkiyənin F-35-lərin istehsalı proqramından çıxarılmasından dəm vurur. Aydın görünür ki, Qərbi Türkiyənin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Və ya onun təhlükəsizliyini ancaq öz marağı çərçivəsində təsəvvür edir. Bu isə bütövlükdə vəziyyəti qeyri-müəyyənliyə doğru aparır. Türkiyə təbii ki, mövqeyini dəyişə bilməz. Qərb isə mövqeyini dəyişib Ankara ilə bərabərhüquqlu tərəfdaş kimi dialoqa getməlidir. Lakin bu tendensiya hiss edilmir. Bu səbəbdən gözləmək olar ki, ABŞ-Türkiyə münasibətləri bir müddət də riskli məqamlarla dolu olaraq qalacaq. Bunun fonunda dünyada hansı proseslərin cərəyan edəcəyi üzərində düşünmək lazım gəlir. Türkiyə-Rusiya münasibətləri də həmin kontekstdə maraq doğurur. Bütün bunlar problemin geosiyasi aspekti üzərində geniş dayanmaq ehtiyacını ortaya qoyur.

Maraqların toqquşması: S-400-lər qlobal geosiyasətə necə təsir etdi?

S-400-lərin Türkiyə tərəfindən satın alınması Qərbdə əməlli-başlı silkələnmə yaradıb. Əsasən ABŞ-Türkiyə münasibətləri ciddi sınaqdan keçir. Tərəflərin verdikləri bəyanatların məzmunundan aydın olur ki, vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Hazırda hər iki tərəf hədə tonunda danışır. İlk olaraq Vaşinqton Türkiyəyə qarşı sərt mövqe ortaya qoydu. Xüsusilə Konqres özünü yuxarıdan aparmağa başladı.

Konqres üzvlərinin Ankaranı ciddi cəzalandırmağa səsləməsi ekspertlərin təəccübünə səbəb oldu. Çünki konqresmenlər özlərini elə aparırlar ki, sanki Türkiyənin öz marağı yoxdur və Ankara ancaq Qərbin marağına uyğun davranmağa borcludur. Türk tərəfinin havadan müdafiə ilə bağlı verdiyi bəyanatlara bir sayğısızlıq hiss olunur. Yəni bir qrup özündənrazı konqresmen "Türkiyə etməlidir!" kimi diqtəedici mövqe nümayiş etdirməkdədir.

Prezident Donald Trampın mövqeyi isə daha maraqlıdır. Hələ Osakada "Böyük iyirmilər" qrupunun zirvə toplantısında Rəcəb Tayyib Ərdoğanla müzakirələrdən sonra Amerika Prezidenti etiraf etmişdi ki, yanlışlıq Barak Obama administrasiyasında olub. O zaman Türkiyənin təbii tələbləri cavabsız qalıb. Bu səbəbdən Türkiyənin S-400-ləri almasına anlayışla yanaşmaq lazımdır. Jurnalistlər Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı sual veriblər. D.Tramp cavabında "bu, hələ nəzərdə tutulmur" demişdi.

Ancaq bundan sonra konqresmenlər tamamilə fərqli mövqe nümayiş etdiriblər. Pentaqon da Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılacağını, Ankaranın F-35-lərin istehsalı proqramından çıxarıla biləcəyini bəyan etdi. Bununla ABŞ-ın siyasi-hərbi rəhbərliyində ikitirəlik yaranmış oldu. ABŞ Prezidenti sanksiyaları lazım bilmir, Konqres və Pentaqon isə əks mövqe tutur. "The Wall Street Journal" qəzetinin yaydığı informasiyaya görə, artıq Prezidentlə konqresmenlər arasında ciddi fikir dartışması meydana gəlib. D.Tramp konqresmenlərlə müzakirələr aparıb, onları fikirlərindən döndərməyə çalışır. Lakin hələlik qəti nəticə yoxdur.

Amerika tərəfinin əsas iradı S-400-lərin NATO sisteminə uyğunlaşa bilməməsi ilə bağlıdır. Onlar hesab edirlər ki, Türkiyə ordusuna bu sistem inteqrasiya olunsa, F-35 təyyarələrinin sirlərinə ruslar sahib olacaqlar. Buna görə də Türkiyədə bu sistemlərin aktivləşməsi arzuolunan deyil. Lakin burada bir açıq ziddiyyət mövcuddur.

Ankara öz hava sahəsini qorumalıdır. Müasir mərhələdə bu, istənilən müstəqil dövlət üçün zəruridir. Bir neçə il Ankara "Patriot" sistemlərini almaq üçün Amerikaya müraciət etdi. Ancaq Türkiyə üçün ən kritik anda onun müttəfiqləri müraciətinə əməl etməkdən imtina etdilər. Əvəzində, Moskva maraqlı təklif etdi. Və Ankara məcburiyyətdən Rusiya ilə saziş imzaladı.

Bunlar geosiyasi aspektdə maraqlı və düşündürücü bir özəlliyi ortaya qoyur. Türkiyənin NATO-dakı və Avropa İttifaqındakı müttəfiqlərinin əməkdaşlıq anlayışları konkret cizgilərə malikdir. Onlar Türkiyəni bu siyasi və hərbi strukturlara ona görə cəlb ediblər ki, daim nəzarətdə saxlasınlar. O cümlədən hərbi cəhətdən Türkiyənin müstəqil olaraq özünü müdafiə edə bilməsinə imkan yaratmasınlar. Statistik məlumatlara baxdıqda görürük ki, hərbi cəhətdən bütün strateji sferalarda Türkiyə "əliyalın" buraxılıb. İndi dünyada vəziyyət kəskin surətdə dəyişir və Türkiyə böyük dövlət kimi müstəqil özünümüdafiə sisteminə sahib olmalıdır. S-400-lər bu baxımdan Ankara üçün həyati əhəmiyyət daşıyır.

Deməli, S-400 faktoru, faktiki olaraq, əhəmiyyətli bir geosiyasi faktı meydana çıxardı. NATO və Avropa İttifaqı Türkiyəni özünə tam mənada yaxın hesab etmirlər! Onlar xristian Avropası dövlətləri üçün nəzərdə tutduqlarını müsəlman Türkiyəsinə aid etmək fikrində deyillər. Buradan maraqlı bir reallıq özünü göstərir: Türkiyə geosiyasi alternativ axtarmağa məcburdurmu?

Özünümüdafiə haqqı: Ankaranın seçimi və dialoq imkanları

Əlbəttə, bizim bu suala müsbət və ya mənfi cavab vermək fikrimiz yoxdur. Çünki müasir mərhələdə dünya üzrə olduqca mürəkkəb proseslər müşahidə edilir. Bizim üçün aydın olan odur ki, məhz Ankaranın Qərb müttəfiqləri onu alternativlər barədə düşünməyə vadar edirlər. Onlar hələ də Türkiyəyə əsrlərlə əvvəl baş verənlərin prizmasından baxmaqdadırlar.

Bunların fonunda Türkiyə-Rusiya yaxınlaşması tamamilə məntiqi və müəyyən mənada zəruri görünür. Eyni zamanda, Türkiyə Fransa və İtaliya ilə birgə özünün hava hücumundan müdafiə sistemini yaradır. Ekspertlərin qənaətinə görə, bu sistem 2021-ci ilə hazır olacaq. Deməli, söhbət sadəcə Türkiyənin Rusiyadan silah almasından getmir – bu, sistemli surətdə aparılan siyasətin bir fraqmentidir. Özü də texnoloji baxımdan çox maraqlı bir fraqmentdir.

Məsələ ondan ibarətdir ki, artıq hamı bilir ki, Türkiyə öz sistemini yaradır. Bu səbəbdən hərbi sistemi güclü olan hər bir böyük dövlət bu prosesdə iştirak etməyə can atmalıdır. Çünki onlar bu halda Türkiyənin silahlanma imkanları haqqında konkret informasiyaya sahib olurlar. Həmin çərçivədə də ona nəzarət etmək şansları çoxalır. Buna rəğmən, Türkiyə də öz müstəqil sistemini qurur. O, digər ölkələrin imkanlarından yararlanır, lakin yekun olaraq öz sistemini yaradır. Bir müddət Çin bu üsuldan istifadə etdi. Ancaq Pekin daha çox "özününküləşdirirdi", Türkiyə isə şəffaf davranır. Ona görə də ciddi olaraq kimsə ona mane ola bilmir.

Bu reallıqlar prizmasından ABŞ-Türkiyə münasibətlərinə nəzər saldıqda D.Trampın daha səmərəli mövqe tutmağa çalışdığı məlum olur. Siyasi təzyiq və iqtisadi sanksiyalar Türkiyəni durdura bilməyəcək, ancaq Ankaranı Vaşinqtondan uzaqlaşdıracaq. Üstəlik, Türkiyə cavab tədbirləri görə bilər. Bu baxımdan xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə İncirlik məsələsinə yenidən baxa bilər.

Bu, NATO üçün də soyuq duşdur. Çünki İncirlik NATO-nun Yaxın Şərqə açılan qapısıdır. Doğurdur, ingilislər Kiprdən istifadə etməyə meyllidirlər. Lakin geosiyasi cəhətdən Türkiyə ciddi nüfuzu olan böyük dövlətdir. Kipri onunla müqayisə etmək belə gülüncdür. Digər tərəfdən, Türkiyə Kiprdə belə bütün Qərb dövlətləri ilə rəqabətə girməkdən çəkinməyən dövlətdir. Bu o deməkdir ki, min Kipr bir Türkiyəyə bərabər deyil. Bunu, əlbəttə, Qərbdə anlayanlar az deyil. Bu səbəbdən Vaşinqtonun hansı qərarı verəcəyi maraqla gözlənilir.

Onu deyək ki, artıq Avropa İttifaqı Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etməyə qərar verib. Bir sıra kiçik ölkələr də Türkiyəyə qarşı sözdə etiraz bəyanatı ilə çıxış ediblər. Ancaq Ankara bütün bunları ciddi qəbul etmir. Heç şübhəsiz, Aİ-nin sanksiya siyasəti bumeranq effekti yaradacaq. Həm də Aİ-nin özü İran məsələsində Amerikanın sanksiyalarına etiraz edir, lakin Türkiyə məsələsində Vaşinqton qədər emosional davranır. Bu da bütövlükdə Qərbin siyasətində, ümumiyyətlə, bir böhran mərhələsinin başladığı anlamına gəlir.

Əgər Qərblə Türkiyənin sanksiya savaşı güclənsə, sözsüz ki, qlobal geosiyasətdə yeni bir mənzərə meydana gələ bilər. Sanksiya savaşı, faktiki olaraq, yeni mürəkkəb bir situasiya meydana gətirəcək. Onun başlıca əlamətlərindən biri qlobal miqyasda qeyri-müəyyənliyin daha da artması ola bilər. Böyük bir geosiyasi məkanda risklər arta bilər. Mümkündür ki, Türkiyə daha radikal addımlar atsın. Məsələn, Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlasın. Bu barədə anonsu M.Çavuşoğlu verib. Bununla yanaşı, ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri Ankaraya səfər edib. O, Türkiyə ilə Suriyanın gələcəyini, Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını və Suriya məsələsinin siyasi həllinin özəlliklərini müzakirə edib.

Beləliklə, ABŞ və Türkiyənin sanksiya savaşı heç bir tərəfə fayda verməyə bilər. Əvəzində, qlobal geosiyasətdə yeni çətinlikləri meydana gətirər. Ankaranın təkbaşına ciddi hərbi qərarlar qəbul etməsi NATO-da da vəziyyətə təsir edər. Bu təşkilat daxilində çatlar və yeni risklər meydana gələr. Bundan Avropanın xeyir görəcəyini düşünmək sadəlövhlükdür. Yəni Qərb mövqeyini konkretləşdirməlidir. Sanksiya savaşı Türkiyəni Qərbdən uzaqlaşdırır. Əvəzində, Avropa nə qazanır? Düşündürücüdür. Türkiyə isə bu cür davranmağa məhkumdur. Çünki söhbət onun dövlətçiliyindən və təhlükəsizliyindən gedir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...