THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xocalı soyqırımı və ikili standartların acı nəticələri

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1246
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 fevral 2019 – Newtimes.az

1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 3,5 milyarddan artıq insan müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Elə yaşadığımız üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib. Amma bütün müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir.

Tarix bəşəriyyətin həyatında qəddarlığı və kütləviliyi ilə dərin sarsıntı yaradan çoxsaylı qırğınlara və müharibələrə şahidlik etmişdir. Bütün qitəni bürümüş və Avropa xalqlarını qan gölünə qərq etmiş 2 dünya müharibəsi XX əsrdə bu amansız savaşların sonuncuları idi.

II Dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni və bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropada və onun qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.

1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Qafqazda etnik təmizləmə başladı. Bolşeviklərin tarixi Azərbaycan torpaqlarında yaratdıqları, Qərbi Azərbaycan sayılan Ermənistan ərazisindəki 185 azərbaycanlı kəndində yaşayan 250 mindən çox həmvətənimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal-qara və bütün əmlak qarət olundu. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Minlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldı, gözləri çıxarılmaqla, qolları və ayaqları kəsilməklə şikəst oldular.

Çox keçmədən, az qala, bütün dünya ermənilərini və onların havadarlarını əhatə edən hərbi birləşmələrin, silahlı quldur dəstələrinin Ermənistanın rəhbərliyi ilə Azərbaycan ərazisinə irimiqyaslı təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi isə 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu.

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı quldur birləşmələri Xankəndində ermənilərin ələ keçirdikləri sovet ordusunun 366-cı batalyonun hərbi texnikasının və şəxsi heyətinin iştirakı ilə bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər. Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 dinc, əliyalın soydaşımız xüsusi amansızlıqla qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla 487 nəfər yaralandı. 1275 nəfər əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Qarabağ müharibəsində səhra komandiri və sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə Xocalı faciəsinə belə şərh vermişdi: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə silah qaldırmaq iqtidarında deyillər. Biz bu stereotipi qıra bildik və nəticə göz qabağındadır". Bu şərhin özü ermənilərin dinc azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirdiklərini və ölkənin 20 faizini etnik təmizləməyə məruz qoyduqlarınu sübut edir.

BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında'' Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırımı kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir.

Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın 10-dan çox dövləti, bir sıra inzibati vahid və toplumun qanunvericilik orqanı, nüfuzlu beynəlxalq qurumlar Xocalı qətliamını soyqırımı kimi tanımışdır.

Bütövlükdə, 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalar oldular. İtkin düşmüşlərin sayı 5 min nəfərə yaxındır. Onlardan 320-si qadın, 69-u isə uşaq idi. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına çevrildi.

Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. Bəzi dövlətlərin zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 qətnaməsinə də məhəl qoymadı. Bu qətnamələr bu gün də icra olunmamış qalmaqdadır. Erməni lobbisinin yalanlarına və saxta təbliğatına uymuş Avropa susdu, işğalçıya "dur'' deyən və onu durmağa məcbur edən güc tapılmadı.

Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən, azərbaycanlılara qarşı barışmaz mövqe və sonsuz nifrət daşıyıcıları olan erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə Azərbaycanda soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiklərinə görə mühakimə olunmaq əvəzinə, daha da şirnikləndirildilər, Ermənistanda siyasi hakimiyyətə yiyələndilər. Bu dəhşətli canilər o zamandan zəbt etdikləri klan hakimiyyətini uzun müddət zor gücünə əllərində saxladılar.

Yaxşı deyiblər ki, cinayət cəzasız qalanda,söndürülməyən alova dönür, yeni əraziləri də oda qalayır. Dünyanın laqeydliyi fonunda Qafqazda daha da güclənən etnik müharibə alovu da bax beləcə çox keçmədən Avropaya çatdı. 1995-ci ildə demokratik Avropanın mərkəzində, Srebrenitsada baş verən soyqırımı aktı tarixin acı dərslərindən ibrət götürülmədiyini, dövlət səviyyəsində şovinizm, milli-dini ayrı-seçkilik və zorakılıq dalğasının yenidən baş qaldırdığını göstərdi.

İnsanlığa sığmayan, heç bir vəchlə haqq qazandırılması mümkün olmayan bu hadisə II Dünya müharibəsindən sonra etnik zəmində Avropada törədilmiş ən böyük soyqırımı hadisəsi kimi tarixə yazıldı. Qarabağın işğalına, Xocalı soyqırımına laqeyd qalan Avropa öz ərazisində közərməkdə olan fəlakətə qarşı da susqunluq göstərdi.

Bu qətliamdan cəmi 2 il yarım öncə Azərbaycanda törədilmiş Xocalı soyqırımının əlamətlərini bütün vəhşilik simptomları ilə özündə cəmləşdirən Srebrenitsa "Avropanın Xocalısı''na çevrildi. O vaxtdan bəri Xocalı və Srebrenitsa insanlığın "qardaşlaşmış kədəri'' kimi hər iki ölkədə anılır.

1993-cü ilin aprelində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamədə Srebrenitsa və onun ətraf ərazilərində etnik zəmində şiddətlənən toqquşmalardan dərin narahatlıq hissi ifadə olunsa da, beynəlxalq birlik tərəfindən bosniyalıların kütləvi qırğınına aparan proseslərin dayandırılması üçün heç bir əməli addım atılmadı.

1995-ci ilin 6 iyulu bəşəriyyətin ən amansız vandalizm aktlarından biri olan Srebrenitsa qətliamının başlanğıc tarixi oldu: serb hərbi birləşmələri şəhərin cənubundan irəliləyərək kütləvi şəkildə etnik bosniyalıların evlərini yandırmağa və qırğınlar törətməyə başladılar. Minlərlə bosniyalı kütləvi terrordan, qeyri-insani davranışdan yaxa qurtarmaq üçün qonşu ərazilərə, yaxınlıqda yerləşən Potokariyə üz tutmağa məcbur oldu. Lakin Srebrenitsada məskunlaşmış əksər etnik bosniyalı blokada şəraitində şəhəri tərk edə bilmədi.

Avropanın mərkəzində yerləşən Srebrenitsa şəhəri cəmi bir neçə gün ərzində kütləvi məzarlıqlar məskəninə çevrildi. Törətdikləri kütləvi qırğınların izini itirmək üçün serb hərbi birlikləri cəsədləri bölərək, ağır texnikadan istifadə etməklə onları ayrı-ayrı yerlərdə basdırırdılar. 1996-cı ildə təsis edilən itkin düşmüş şəxslər üzrə komissiya 2010-cu ilədək 80-dən çox kütləvi məzarlıq yerində apardığı DNT analizləri nəticəsində yalnız 7 minə yaxın bosniyalı qurbanı müəyyən edə bilmişdir. 1200-dək bosniyalının yeri və şəxsiyyəti barədə isə indiyə qədər heç bir məlumat yoxdur.

Serb jurnalisti tərəfindən çəkilmiş sənədli filmdə yer alan Ratko Mladiçin bu hadisə barədə soyuqqanlıqla söylədiyi mülahizələr bəşəriyyətin ən ağır cinayət hadisələrindən biri olan Srebrenitsa qətliamının etnik-dini zəmində baş verdiyinə şübhə yeri qoymur: "Biz bu şəhəri (Srebrenitsanı) serblərə qaytarırıq, bosniyalı müsəlmanlardan qisas alınması zamanı gəlib çatmışdır''. Göründüyü kimi, Xocalı soyqırımından sonra Serj Sarkisyanın və Srebrenitsa soyqırımından sonra Ratko Mladiçin törətdikləri eyni hadisələrə şərhləri də eyni məzmun daşıyır.

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səylərlə cilovlanmamasının yaratdığı siyasi məsuliyyətsizlik və hüquqi özbaşınalığın davamı olaraq, 1991–1995-ci illərdə çoxsaylı etnik toqquşmalar və kütləvi qırğınlarla müşayiət olunan Bosniya müharibəsi, təqribən, 100 min insanın ölümünə və 2 milyondan çox insanın didərgin düşməsinə səbəb olmuşdur. Bosniya müharibəsinin pik nöqtəsi hesab olunan Srebrenitsa soyqırımı isə sanki, Xocalı faciəsi kimi, qarşısının alınmasından daha çox törədilməsinə şərait yaradılaraq, məsuliyyətsiz beynəlxalq qurumların və şəxslərin şüurlu cinayətkarlığı nəticəsində baş vermişdir.

BMT-nin keçmiş Baş katibi Kofi Annan bu təşkilatın Srebrenitsa qətliamının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirə bilmədiyini etiraf edərək deyirdi: "Buraxdığımız yanlışlıqlara, gözlənilən insanlıq faciəsinin qarşısını ala bilmək bacarığını göstərə bilmədiyimizə görə biz bosniyalıları serb qüvvələrinin kütləvi qətliamından qorumağa nail ola bilmədik''. Çox təəssüf ki, beynəlxalq birlik Azərbaycana münasibətdə bu etirafın mərtiqinə göz yumur, ikili standartların davamlılığına dözür.

Srebrenitsa qətliamına obyektiv siyasi-hüquqi qiymət verilməsi üçün 1993-cü ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı yaradılmışdır. II Dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunallarından sonra ilk dəfə təsis edilən Beynəlxalq Cinayət Tribunalı təkzibolunmaz faktlara əsaslanaraq, Srebrenitsada baş vermiş kütləvi qırğının soyqırımı hadisəsi olduğuna dair yekun qərara gəlmişdir. 160-dan çox siyasi, hərbi şəxslərin mühakimə olunduğu Cinayət Tribunalında Srebrenitsa qətliamında iştirakı sübuta yetirilən Radovan Karadziç, Radislav Krstiç, Ratko Mladiç kimi siyasi, hərbi cinayətkarlar layiq olduqları cəzalarını almışlar. Eyni zamanda, Srebrenitsada törədilmiş qətliam Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də soyqırımı aktı kimi təsdiq olunmuşdur.

Heç şübhə yoxdur ki, Srebrenitsa soyqırımının ümumbəşəri faciə kimi qəbul edilməsi və dünya birliyi tərəfindən ona adekvat münasibət bildirilməsi bütün planetdə millətçilik, diskriminasiya və dözümsüzlüyün ifrat formalarının gətirib çıxardığı və çıxaracağı acı nəticələrin bir daha baş verməməsi üçün önləyici əhəmiyyətə malikdir.

Avropa Parlamenti tərəfindən 2005, 2009, 2015-ci illərdə qəbul edilmiş qətnamələrdə Srebrenitsa qətliamı soyqırımı aktı kimi təsdiqini tapmışdır. 2009 və 2015-ci il tarixli qətnamələrdə Avropada inteqrasiya proseslərini köklü şəkildə zədələmiş bu cinayətkar aktın bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.

Lakin belə görünür ki, soyqırımı kimi faciəvi hadisələrə münasibətdə hələ də dünyanın, eləcə də Avropanın vahid müqavimət platforması yoxdur. Bu, hələ də ayrı-ayrı böyük dövlətlərin Xocalı soyqırımı ilə Srebrenitsa qətliamına fərqli, həm də öz dar maraqları mövqeyindən yanaşmasının, tarixin məntiqinə zidd və selektiv yanaşmasının nəticəsidir. Belə yanaşma bütün xalqlar üçün zərərlidir və beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

Yaxşı deyiblər ki, eyni dərd insanları doğmalaşdırır. Müstəqilliklərini qazandıqdan sonra bənzər ağrı-acılar Azərbaycanla Bosniya və Herseqovinanı da bir-birinə yaxınlaşdırmışdır. Təbii ki, Bosniya və Herseqovinada baş verən hadisələr barədə siyasi münasibət bildirən ilk dövlətlərdən biri də bu faciəvi taleyi öz yaxın tarixində yaşamış Azərbaycan olmuşdur. Hələ 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi bu ölkədə etnik-dini zəmində baş qaldıran müharibənin kütləvi qırğın və soyqırıma gətirib çıxarmaması üçün təcavüzün dayandırılması barədə dünya birliyinə çağırış etmişdir.

Suverenlik uğrunda eyni mübarizə yolunu keçən Azərbaycan və Bosniya və Herseqovina qarşılıqlı münasibətlərdə insanlıq əleyhinə törədilmiş cinayətlərin obyektiv siyasi-hüquqi qiymət alması üçün birgə təşəbbüskarlıq səylərini bu gün də davam etdirirlər. Bosniya və ­Herseqovina Parlamenti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması'' adlı qətnamənin qəbul edilməsi bu əməkdaşlığın parlaq təzahürüdür.

Azərbaycan regional və beynəlxalq təşkilatlarda Bosniya və Herseqovinanın haqlı mövqeyini dəstəkləyir, Srebrenitsa və Xocalı qətliamları kimi bəşər tarixinin ən qəddar cinayət aktları barədə dünya ictimaiyyətinin məlumatlandırılması işini ardıcıl şəkildə davam etdirir. 2003-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində, Dobrinya çayı üzərində "Dostluq körpüsü'' tikilib. Bu çayın sahilində, dostluq körpüsünün ətrafında salınmış Bosniya və Herseqovina – Azərbaycan Dostluğu Parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Bu abidə iki ölkənin qoşa kədərini ifadə edir.

Dünya tarixində törədilmiş ən qəddar cinayətlərin ağrısını, fəryadını özündə toplayan, bütövlükdə insanlığa, sülhə, demokratik nizama, vətəndaş birliyinə qarşı törədilmiş soyqırımı hadisələrini unutmamaq, Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini anmaq Yer üzündə yaşayan hər bir məsuliyyətli insanın mənəvi borcudur. Şübhəsiz, bəşəri ədalət tezliklə Xocalı qırğınını törədən müharibə canilərinin də Srebrenitsa cəlladları kimi cəzalandırılmasını, Azərbaycanın öz qədim tarixi vilayəti olan Qarabağda suverenliyinin bərpa olunmasını tələb edir.

Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bugün Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

Azərbaycan beynəlxalq hüquq prinsipləri çərçivəsində Qarabağ probleminin həll olunması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın erməni işğalından azad ediləcəyinə böyük inam yaradır. Ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazisinin azad edilməsi və 1 milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların– BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyir.

Heç bir cinayət cəzasız qalmadığı kimi, Xocalı qətliamını törədənlər də tezliklə Haqq divanından yaxa qutara bilməyəcəklər. Xocalı əsrlər boyu soydaşlarımızın məskəni olduğu kimi, yenə və xocalıların həmişəlik yurd-yuvası olacaq.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...