THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin strateji vektorları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1233
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 noyabr 2018 – Newtimes.az

Müasir təhlükəsizlik mühiti hadisələrin gözlənilməz inkişafı, aparıcı dünya ölkələri və regional dövlətlər arasında rəqabətin güclənməsi, separatizm, milli və dini ekstremizmin vüsət alması, həmçinin bir-biri ilə qarşılıqlı təsirdə olan müxtəlif istiqamətli və ziddiyyətli tendensiyalarla xarakterizə edilir. Qloballaşma prosesi ölkələr və regionlar arasında coğrafi sərhədləri sildiyindən transmilli xarakterli yeni tip təhdidlərin bütün təzahürlərinə qarşı mübarizəni çətinləşdirir.

Qlobal məkanın tərkib hissəsi olan, ölkəmizin yerləşdiyi və hazırda qeyri-sabit olan Cənubi Qafqaz regionu da təhlükəsizlik problemlərindən kənarda qalmayıb. Tarixən dinamik və sərt geosiyasi üçbucaq arasında poliqona çevrilmiş Cənubi Qafqazda hazırda dondurulmuş münaqişələr, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğn silahlarının yayılması kimi təhdidlər dominantlıq edir.

Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü başda olmaqla, digər növ təhdidlər Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas rol oynayır və dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur.

Son 27 il ərzində Azərbaycan Respublikasının həyata keçirdiyi milli təhlükəsizlik siyasətinin əsas strateji vektorlarını aşağıdakı kimi xarakterizə etmək mümkündür:

1. Bipolyar təhlükəsizlikdən ümumi təhlükəsizliyə transformasiya.

Bir qayda olaraq, milli təhlükəsizlik - qabiliyyət, fəaliyyət, vəziyyət, konstitusion borc və s. xüsusiyyətlər kimi nəzərdən keçirilir. [1.9] Milli təhlükəsizlik ölkənin bütövlüyünü saxlamaq, siyasi, iqtisadi, sosial və digər məsələləri suveren həll etmək və beynəlxalq münasibətlər sisteminin müstəqil subyektinə çevrilmək qabiliyyətidir. O, həmçinin dövlətin konstitusiya hüquqlarının, milli  mövcudluğunun, bütövlüyünün, beynəlxalq sferada siyasi, sosial-mədəni, iqtisadi və s. maraqlarının hər cür daxili və xarici təhlükədən  qorunmasıdır.

Milli təhlükəsizlik siyasəti isə ölkənin sərəncamında olan vasitələrin köməyi ilə milli-dövlət mənafelərinin geçəkləşməsini təmin edən fəaliyyətlərin məcmusudur. Milli təhlükəsizlik siyasətinin məqsədi cəmiyyətin təhlükəsiz inkişafı və tərəqqisidir. [2]

Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu olduqca mürəkkəb geosiyasi statusa malik bir məkandır. Regionun təbii-coğrafi üstünlükləri ilə yanaşı, real və potensial təhdid mənbələri də az deyil. Soyuq müharibə dövründə Cənubi Qafqaz sərt mərkəzləşdirilmiş monopolyar idarəetmə sistemində olduğu üçün xaotik proseslərin baş verməsi mümkünsüz idi. Lakin soyuq müharibənin iflası uzun müddət latent şəkildə qalmış problemlərin nəzarətdən çıxmasına səbəb oldu. Tezliklə həmin proseslər etnosiyasi, dövlətlərarası (klassik) və transmilli xarakter almağa başladı. Regionda müstəqillik əldə edən dövlətlərin fərqli geosivilizasiyaya və geooriyentasiya malik olması Cənubi Qafqazda təhlükəsizliyin bipolyar xarakter almasıyla nəticələndi.

Bipolyar konfiqurasiya təhlükəsizlik problemlərinin açıq qalmasına, etimad mühitinin yaranmamasına, regionun inkişafı üçün əhəmiyyətli problemlərin həlli zamanı konsolidasiya əvəzinə sərt qütbləşmənin müşahidə edilməsinə zəmin yaradır.

Çıxış yolu ümumi təhlükəsizlik modelinin qurulması hesab edilə bilər. Ümumi təhlükəsizlik "yumşaq gücün” (siyasi, sosial, mədəni, ekoloji və s.), həmçinin "sərt gücün” (hərbi təhlükəsizlik , iqtisadi sanksiyalar) elementlərindən formalaşır. Ümumi təhlükəsizlik ideyası bütün tərəflərin qanuni maraqlarının tanınması səbəbindən sosial fəaliyyətin bütün sferalarında qarşılıqlı əməkdaşlığın kompleks təzahürlərini özündə əks etdirir. Lakin, milli, regional və regiondankənar  maraqların toqquşması Cənubi Qafqazda kollektiv təhlükəsizlik sisteminin gerçəkləşməsinə imkan vermir.

2. Dezinteqrasiya və fraqmentasiyanın mümkün profilaktikası. Cənubi Qafqazda təhlükəsizlik probleminin açıq qalması dezinteqrasiya və fraqmentasiya hallarına qarşı təsirli mübarizənin aparılmasını mümkünsüz edir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməsi, 2016-cı ilin aprelində baş vermiş qanlı "Dördgünlük müharibə”, Dağlıq Qarabağla yanaşı Cənubi Osetiya və Abxaziyada separatçı rejimlərin fəaliyyət göstərməsi, Ermənistanın Türkiyəyə qarşı ərazi və 1916-ci il soyqırımı iddialarından vaz keçmək niyyətində olmaması, Rusiya-Gürcüstan münasibətlərində soyuqluğun tam olaraq aradan qalxmaması, Simali Qafqazda hələ də etnosiyasi gərginlik ocaqlarının qalması, regionda transmilli təhdidlər üçün əlverişli şəraitin olması, yerli ekstremistlərlə İŞİD arasında sıx əlaqənin olması, beynəlxalq neft-qaz lahiyələrinə hər an təxribat xarakterli hücumların edilə bilmə etimalı və s. Cənubi Qafqazda ictimai-siyasi sabitliyin hər an pozulmasına rəvac verən silsilə amillərdir.

Azərbaycan diplomatiyası son 27 ildə Cənubi Qafqazda strateji sabitliyin təmin edilməsi istiqamətində bir neçə cəhdlər edib. 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış «Dinc Qafqaz», 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan prezidenti H.Əliyevin Cənubi Qafqazın demilitarizasiya edilməsi vacibliyini bəyan etməsi, həmin İstanbul sammitindən sonra Azərbaycan tərəfindən təklif edilən «3+3+2» planı (üç Cənubi Qafqaz ölkəsi, qonşu dövlətlər (Rusiya, İran və Türkiyə), Avropa və ABŞ), habelə 2002-ci ilin aprelində Azərbaycan-Gürcüstan-Türkiyə arasında imzalanmış "Trabzon sazişi” regional təhlükəsizliyin təmin edilməsi istiqamətində milli diplomatiyamızın gördüyü mühüm işlərdən sayılır. Xüsusən də «Trabzon sazişi» Cənubi Qafqazın siyasi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində terrorizm və aqressiv separtizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edir. Bu saziş, həm də regionun üç dövlətinin strateji tərəfdaşlığını rəsmiləşdirən sənəd hesab olunur. [3.293]

3. Geosiyasi kondominumun möhkəmləndirilməsi və mini-əməkdaşlıq formatlarının yaradılması.

Cənubi Qafqazda geosiyasi nizam soyuq müharibənin bitməsindən sonra fərqli şəkil alıb. Əgər soyuq müharibə dövründə bu regionda birqütblü nəzarət modeli hegemonluq etmişdirsə, soyuq müharibənin bitməsindən sonra yeni qüvvələr balansı formalaşmağa başladı. Regionda rəqabət mühiti «yeni oyun qaydaları» çərçivəsində qurulmağa başladı. Qısa zaman kəsiyində Cənubi Qafqazda «geosiyasi kondominium» (Rusiya və ABŞ-Qərb) formalaşdı. Müstəqilliyin ilk illərində Cənubi Qafqazda bir sıra problemlərin: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan neftinin istismarı və nəqli yolları barədə iri dövlətlər arasında ciddi fikir ayrılıqları nəzərə çarpsa da, tədricən bu ixtilaflar nisbi əməkdaşlıqla əvəz olunmuşdur. Təbii ki, regionda geosiyasi kondominiumun qurulması Azərbaycanın Rusiyanın hərbi-siyasi təzyiqlərini neytrallaşdırmağa imkan verir. Bir növ Azərbaycan geosiyasi kondominiuma Rusiyaya qarşı disbalans kimi baxır.

Bundan savayı, Azərbaycan Respublikası regional sabitliyin davamlı olması istiqamətində mini-blokların yaradılması təşəbbüsü ilə çıxış etməkdədir. Bunun davamı olaraq, son 3-4 ildə uğurlu ikitərəfli əməkdaşlıq modeli əsasında regional əməkdaşlıq və sabitliyin daha da inkişafına töhfə verən Azərbaycan-İran-Türkiyə, və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarını qeyd etmək olar.[4]  Son iki ildə Azərbaycan-Rusiya-İran arasında da üçtərəfli dialoq da geniş inkişaf etməkdədir. Bu formatlar regionda açıq qalmış bəzi təhlükəsizlik problemlərinin nizamlanması istiqamətində öz müsbət töhfəsini verə bilər.

4. Xarici qüvvələrin geosiyasi maraqlarının üfüqi xarakter almasını sabitləşdirmək

Soyuq müharibənin süqutu Cənubi Qafqazda yeni qüvvələr nisbətinin formalaşmasına zəmin yaratmış oldu. ABŞ və Qərbin inkişaf etmiş dövlətləri regionun əlverişli mövqeyindən və zəngin enerji ehtiyatlarından yararlanmaq məqsədilə öz geosiyasi planlarını cızmağa başladılar. Azərbaycan hakimiyyəti onların geosiyasi maraqlarını öz təhlükəsizlik ehtiyacları ilə uzlaşdırmaq kursu götürdü. Xüsusən də, Rusiyanın hərbi-siyasi təzyiqlərini neytrallaşdırmaq məqsədilə ABŞ-Qərb tandemi ilə yaxınlaşmaq gənc respublika üçün milli maraqların qorunması istiqamətində diplomatik manevrlərin edilməsi baxımından olduqca vacib idi. Həmin tandem alternativ güc mərkəzi kimi xarakterizə edilirdi.

Azərbaycan diplomatiyası ilk gündən Rusiya ilə ABŞ-Qərb tandemi arasında region uğrunda amansız rəqabətin faydalı əməkdaşlıqla əvəz edilməsi məqsədilə onlara münasibətdə balanslaşdırılmış siyasət yeritməyə başladı. "Əsrin müqaviləsi”ndə hər iki qütbün neft şirkətlərinin pay alması, Bakı neftinin Avropa enerji bazarına nəqlinin iki marşrut (2006-cı ildə ana xətt olan BTC-nin istismara buraxılmasınadək olan müddətdə Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri) vasitəsilə həyata keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması prosesində Rusiya, ABŞ və Fransanın həmsədr dövlət təyin edilməsi, Xəzərin statusunda Azərbaycanın Rusiya ilə razılığa gəlməsi, habelə Azərbaycanın Cənubi Qafqazda «3+3+2» formulu ilə geniş tərkibli kollektiv təhlükəsizlik sistemi yaradılması haqqında təkliflə çıxış etməsi və s. məsələlər bütövlükdə regionda rəqabət aparan xarici qüvvələrin geosiyasi maraqlarının tarazlaşdırılmasına, amansız rəqabətin işgüzar əməkdaşlıq mühiti ilə əvəzlənməsinə hesablanıb.

5. Regional nizamın «təhlükəsizlik-əməkdaşlıq-inkişaf» məhvəri (konfiqurasiyası). Müasir dünyada enerji amili ilə təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq arasında balans getdikcə artmaqdadır. Cənubi Qafqazda enerji amilinin regional və ya beynəlxalq təhlükəsizlik üçün strateji dividentləri kifayət qədər yüksək qiymətləndirilir. Etiraf etmək lazımdır ki, bu gün dünya miqyasında enerji resurslarının getdikcə tükənməsi yaxın gələcəkdə qlobal enerji təhlükəsizliyi problemini ön plana çıxaracaq. Enerji mənbələrinə çıxış müxtəlif bölgələrdə hətta silahlı toqquşmalarla müşayiət olunur. Məlum olduğu kimi, 1994-cü ilin 20 sentyabrında Azərbaycanın Qərbin iri neft şirkətləri ilə «Əsrin kontraktı»nı imzalaması Azərbaycanda və Gürcüstanda xaricdən təlqin edilən daxili siyasi böhranların meydana gəlməsinə, Çeçenistanda münaqişə ocağının alovlanmasına, Türkiyədə PKK terrorizminin yenidən dirçəlməsinə  zəmin yaratmışdı.

Geosiyasi risklərdən savayı, bu gün Cənubi Qafqazda enerji amili regional təhlükəsizliklə sıx vəhdətdədir. Belə demək mümükündürsə, Azərbaycanın prinsipial mövqeyi nəticəsində gerçəkləşmiş «Əsrin müqaviləsi», Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri regionun təhlükəsizliyinin qarantı sayılır. Bu istiqamətdə səylər tükənmək bilmir. Məhz 2012-ci ilin yayında imzalanmış TANAP layihəsi həm Cənubi Qafqazın, həm Türkiyənin, həm də  Avropanın enerji təhlükəsizliyinin  təmin olunmasına öz  əlavə töhfəsini verəcəyi istisna edilmirdi.

2014-cü ilin sentyabrın 20-də Azərbaycanda Cənub Qaz Dəhlizinin yaradılmasına başlanğıc olacaq Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Kəmərinin Uzadılması Layihəsinə dair möhtəşəm mərasim keçirildi. Həmin mərasim «Əsrin müqaviləsi»nin 20-ci ildönümü ilə üst-üstə düşdüyündən Azərbaycan prezidenti İlham Əliyev Şahdəniz-2 və onunla bağlı kəməri «21-ci əsrin layihəsi» adlandırmışdı.

Cənub Qaz Dəhlizinin təsdiq olunmuş planına Cənubi Qafqaz Kəmərinin Uzadılması və əlavə olaraq daha iki kəmərin tikintisi daxil idi. Bunlar, Türkiyənin Gürcüstanla şərq sərhədindən başlanan və onun Avropa ilə qərb sərhədinədək uzanan TANAP və əlavə kəmərlərlə Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çıxan TAP - Transadriatika Kəməridir. TANAP-a birləşdiriləcək TAP Yunanıstanın Kipoy məntəqəsindən bu ölkə və Albaniya boyunca keçərək Adriatika sahillərinə çıxacaq, buradan isə suyun altı ilə Apuliya regionunana çıxaraq İtaliyanın qaz şəbəkəsinə qoşulacaq.

TANAP və TAP-ın inşasının  geosiyasi əhəmiyyətini Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlü bu cur dəyərləndirmişdi: «Bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələrə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan – Qafqazı Aralıq dənizinə bağladı. Bakı-Tbilisi-Ərzurum – Qafqazı Anadoluya bağladı. Bakı-Tbilisi-Qars – Qafqazı Anadoluya dəmir yolu ilə bağlayacaq. Marmaray da açılınca bütün bu xətlər ilə Pekini Londona bağlayacağıq. İndi TANAP layihəsi Qafqazı Anadolu üzərindən Balkana bağlayacaq».[5]

2018-ci ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirildi.  Təbirdə çıxış edən Azərbaycan Prezienti İlham Əliev bəyan etmişdir ki, " bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır [6].”

Trans Anadolu qaz Boru Kəməri- TANAP-ın fəaliyyətə başladığı 30 iyun tarixindən indiyədək bu xəttlə 415 milyon kubmetr təbii qaz nəql edilib. Hazırda 7 ölkəni, Xəzər və Qara dənizlərini birləşdirən, gələcəkdə isə Balkan ölkələrini də birləşdirəcək Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri uğurla həyata keçirilir. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu zənciri olan Trans-Adriatik qaz boru kəməri- TAP-ın tikintisi üzrə işlərin 79 faizi icra olunub. Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açacaq. Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiya da Xəzər hövzəsinin karbohidrogen resurslarının işlənilməsi və enerji layihələrinin genişləndirilməsi istiqamətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyə imkan verən layihədir [7].

Heç şübhəsiz, TANAP-TAP layihəsi Azərbaycanın enerji təhlükəsizlik maraqlarının coğrafi hüdudlarını "XQAA” (XQAA – Xəzər-Qara-Aralıq və Adriatik dənizlərinin akronimidir) xətti boyunca genişləndirəcək.

Məqalənin sonunda bu qənaətə gəlmək olur ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sülh yolu ilə inkişafa və sosial-siyasi stabilliyin qorunmasına istiqamətlənib. Bu kursun reallaşması yalnız müəyyən xarici və daxili şərtlərdən asılıdır, çünki Azərbaycanın təhlükəsizliyinin dünyadakı durumdan, iri dövlətlərin maraqlarından və onların regionda siyasi, iqtisadi, hərbi, ekoloji və digər problemlərin həllinə yanaşmasından asılı olduğu aydındır. Hazırkı regional geosiyasi situasiyanın bütün mürəkkəbliyinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlamağa can atır, stabillik, təhlükəsizlik və iqtisadi inkişaf üçün şərait yaratmağa tərəfdar çıxır, regional və dünya dövlətləri ilə daimi əlaqələr saxlamaq istiqamətində siyasətini davam etdirir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Ədəbiyyat:

1. Конышев В. Н., Сергунин А.А. Военная стратегия современного государства: Учебное пособие. — СПб: Изд-во Родные просторы, 2012. — 158 с.

2. Quliyev. B.Ş., Nəcəfov Z.N. Ölkənin milli təhlükəsizliyi: nəzəri problemlər // Hərbi bilik. 2014 №6

3. Həsənov. Ə.M. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik  siyasəti. Bakı, Letterpress” nəşriyyat evi, 2011. 440 səh.

4. Elmar Məmmədyarov 2014-cü ili dəyərləndirdi (mühasibə). 25 dekabr 2014

5. Əhməd Davudoğlu: "TANAP Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək”. AzərbaycanManşet TürkiyəXəbərlər— 30 September 2014

6. Prezident İlham Əliyev Türkiyədə TANAP layihəsinin açılış ... - Milli.Az https://news.milli.az/politics/659275.html 

7. TANAP-la indiyədək 415 milyon kubmetr təbii qaz nəql edilib - AzTv www.aztv.az/readnews.php?lang=az&id=33851

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...