THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan "insan hüquqları kartı" ilə necə oynayır

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2246
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 sentyabr 2018 – Newtimes.az

Xəbər verildiyi kimi, bu günlərdə Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ermənistanda səfərdə olmuş, bu ölkənin rəsmiləri ilə görüşlər keçirmişdir. Ermənistan mətbuatında xanım Miyatoviçin səfərinin geniş anonsu verilməsinə baxmayaraq, onun yekunlarının işıqlandırılmasında nədənsə qısa rəsmi məlumatın yayılması ilə kifayətlənmişlər. Əlbəttə, D.Miyatoviçin Ermənistandan hansı təəssüratla qayıtması, siyasi səmimiliyi, burada insan hüquqları problemlərinə hansı geosiyasi maraqlar və hüquqi meyarlar çərçivəsindən yanaşması da ciddi maraq doğurur. Bu məsələlər, təbii ki, onun gələcək hesabatında öz əksini tapacaqdır.

Təhlillər göstərir ki, bu gün təkcə "Qarabağ məsələsi" deyil, "demokratik islahatlar" və "insan hüquqlarının təminatı" kimi yeni siyasi miflər N.Paşinyanın hakimiyyətdə qalması üçün xilasedici kəmər funksiyalarını daşımaqdadır. N.Paşinyan yaxşı dərk edir ki, hakimiyyətdə olmasının yüzüncü günü ilə Ermənistanda kütləvi siyasi eyforiya dövrü başa çatmışdır. Hakimiyyətə tələblə yiyələnsə də, indiyədək Ermənistanı hərbi-siyasi, sosial-iqtisadi böhrandan çıxaran, əhalinin yaşayış səviyyəsini az da olsa yüksəldə bilən hər hansı bir effektiv təklifi ortaya qoya bilməmişdir. Onun populist iqtisadi islahatlar proqramı isə ekspertlərin və siyasi opponentlərinin ciddi tənqid hədəfinə çevrilmişdir. Baş nazir onu da bilir ki, Ermənistanın düşdüyü çoxillik acınacaqlı vəziyyət onu nə Avropa, nə də Rusiya üçün cəlbedici etmişdir. Hakimiyyətə yiyələndiyi gündən Ermənistanı regionda lider dövlətə çevirəcəyi barədə deklarativ bəyanatları sürətlə əhəmiyyətini itirməkdədir və ölkəsinin mövcud iqtisadi-siyasi potensialı ilə nəinki irəli çıxa, hətta Azərbaycan və Gürcüstanla eyni sırada dayana bilməmişdir.

Yaranmış vəziyyətin əsas səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması, işğalçı dövlətin özü-özünü təcrid etməsi, ölkəsinin bütün regional və beynəlxalq layihələrdən, inteqrasiya prosesindən kənarda qalmasıdır. Həm getdikcə güclənən siyasi müxalifət, həm də erməni ictimaiyyəti ondan həmin problemlərin tezliklə həllini tələb edir. Paşinyanın yeganə ümid yeri isə əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün ölkədə "xarici düşmən" amilini gücləndirmək, müxalifəti neytrallaşdırmaq, qarşıdakı parlament seçkiləri vasitəsilə hakimiyyətdə yerini möhkəmləndirmək, yeni xarici havadarlar tapmaq və Ermənistanı Avropa üçün cəlbedici etmək üçün növbəti siyasi miflər yaratmaqdır. Məhz bu səbəbdən Ermənistan ətrafında "regionun ən demokratik dövləti", "insan hüquqları və azadlıqlarının təminatçısı", "demokratik islahatların mərkəzi" kimi ideologemləri gündəmə gətirmişdir.

Amma hər kəsə çox yaxşı bəllidir ki, qanunun aliliyi deyilən məfhum yalnız dövlətdaxili münasibətlərə deyil, həmçinin dövlətlərarası münasibətlərə də mütləq qaydada şamil olunur. Demokratik dövlət digər dövlətin ərazisini işğal altında saxlamır və beynəlxalq öhdəliklərinə ciddi şəkildə riayət edir. Əgər Ermənistan demokratik dövlət qurmaq xülyasındadırsa, onda ilkin addım kimi beynəlxalq öhdəliklərinə əməl edərək Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxarmalı və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını əngəlləməməlidir.

Vəziyyətin sürətlə dəyişməsi N.Paşinyana həm daxili, həm də xarici siyasətdə radikal düzəlişlər aparmağı, keçmiş prezidentlərin hakimiyyətə qayıdış risklərini azaltmağı, qarşıdakı parlament seçkiləri vasitəsilə hakimiyyətdə öz yerini möhkəmləndirməyi tələb edir. Qərbə və Rusiyaya münasibətdə qeyri-adekvat addımlar atan, Ermənistan üçün spesifik olan ənənəvi "karusel siyasətini" bu gün "çoxvektorlu erməni diplomatiyası" adlandıran Nikol Paşinyan və onun komandası eyni zamanda həm rəsmi Moskvadan, həm də Qərb dövlətlərindən hərbi-siyasi, iqtisadi və maliyyə yardımlarının alınmasına ümid edir. Əgər Rusiyaya yönəlik siyasətində "tarixi strateji tərəfdaşlıq" amilini önə çəkirsə, Qərb dövlətləri ilə münasibətlərinin yeni səviyyəyə qaldırılmasında "demokratik islahatlar" və "insan hüquqlarının təminatı" məsələsini ortaya atmaqdadır.

Lakin baş nazirin "karusel siyasəti" onun siyasi karyerasına uğur gətirə bilməmişdir. Moskvaya son səfərindən məyus qayıtmış, Brüsseldə isə Avropa dövlətləri rəhbərləri və NATO rəsmiləri onun vədlərinə inanmamışlar. Həmin səfər rəsmi Ermənistan mətbuatında "xarici siyasət kursunun tənzimlənməsi", Yerevan ilə Qərb dövlətləri arasında "perspektivli münasibətlərin qurulmasına doğru atılan mühüm addım" kimi dəyərləndirilsə də, Avropaya yalnız "demokratik dəyişikliklər və insan hüquqları kartı" ilə gedən N.Paşinyan istədiyinə nail ola bilməmişdir. Baş nazirin etirafına görə, o, Ermənistanın Avropadakı tərəfdaşlarına ölkəsinin perspektivliyi və demokratik təsisatlara təkliflər versə də, Qərb onun səmimiliyinə inanmamışdır. Belə ki, "inqilabdan sonra ölkədə aparılan geniş demokratik islahatlara" baxmayaraq, Avropa Ermənistana əlavə yardımlar ayırmaqdan çəkinmişdir.

Məsələyə bu kontekstdən yanaşanda Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Yerevana səfəri həm də ikili xarakter daşımışdır. Avropa bir tərəfdən Paşinyanın "demokratik islahatlarını" yerindəcə dəyərləndirməyə, N.Paşinyanın incik könlünü almağa qərar vermiş, digər tərəfdən baş nazirin ABŞ-a səfəri ərəfəsində onun nə dərəcədə səmimi olmasını və Ermənistanın siyasi oriyentasiyasının hansı istiqamətə yönələcəyini müəyyən etməyə çalışmışdır.

Qeyd edək ki, xanım D.Miyatoviç hələ ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi olarkən dəfələrlə Yerevanda olmuş, bu ölkənin rəsmiləri ilə görüşlər keçirmişdir. Protokola əsasən, onun Avropa Şurası nümayəndəsi kimi Ermənistana ilk səfərindən məqsəd burada qadın hüquqları, gender bərabərliyi və ailə zorakılığına dair vəziyyətlə tanışlıq olsa da, N.Paşinyan D.Miyatoviçin yeni statusda olan missiyasından da "çoxvektorlu diplomatiyada" istifadə etməyə səy göstərmişdir. Gözlənildiyi kimi, N.Paşinyan Ermənistanın yeni hakimiyyətinin Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olduğunu və erməni cəmiyyətinin hazırda "əsaslı islahatlar dövrünü" yaşadığını və "daxili siyasi tərəqqi mərhələsini" keçdiyini bildirmişdir. Sonra isə nəzərdə tutulduğu kimi, söhbəti Ermənistanda insan hüquqlarının qorunmasının üzərinə gətirmişdir. Onun sözlərinə görə, "məxməri inqilabdan" sonra ölkədə başlanılan radikal dəyişikliklərdən məqsəd ilk növbədə demokratiyanın inkişafı, insan hüquqlarının təminatı, vətəndaş cəmiyyətinin qurulmasıdır və bu istiqamətdə Avropa təsisatları ilə hərtərəfli əməkdaşlığa ümid edir. Baş nazirin iddialarına əsasən, əvvəlki hakimiyyətlə müqayisədə ölkədə bərqərar olan demokratik mühit və korrupsiyaya qarşı mübarizənin effektivliyi sayəsində ölkədə siyasi təqiblərə birdəfəlik son qoyulmuşdur.

Lakin reallıqlar fərqli mənzərəni göstərir. Son aylarda Ermənistanda insan hüquqlarının və azadlıqlarının təminatı sahəsində yaranmış acınacaqlı vəziyyət bir daha təsdiqləyir ki, N.Paşinyanın məhdud siyasi maraqları və şou xarakterli ekssentrik bəyanatları Ermənistan dövlətinin və erməni xalqının mənafelərini sürətlə üstələməkdədir. Onun islahat proqramlarını və Ermənistanın yeni "çoxvektorlu" siyasi oriyentasiyasının perspektivlərini bölüşməyən siyasi müxalifət məqsədli şəkildə zəiflədilərək az qala qeyri-leqal fəaliyyətə keçmiş, parlament deputatlarına təzyiqlər gücləndirilmiş, keçmiş prezidentlər barəsində cinayət işi qaldırılmış, ölkəni tərk edən siyasi mühacirlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır.

Təəssüf doğuran hal odur ki, daim ölkələri ictimai formada tənqid etməyə adətkər olan D.Myatoviç Ermənistanda olduğu zamanı bu ölkədə baş verən insan hüquqlarının pozulması hallarına tənqidi fikirləri özünü büruzə verməmişdir. Həmçinin, insan hüquqlarına məsul şəxs kimi onun tərəfindən bir milyondan artıq azərbaycanlı məcburi köçkünün fundamental hüquq və azadlıqları, o cümlədən mülkiyyət hüquqlarının 25 ildən artıq pozulmuş halda qalmasına münasibət bildirilməmişdir. Azərbaycan bu qəbildən olan ikili yanaşmaların çox şahidi olmuşdur.

Baş nazir Nikol Paşinyan və onun komandası Ermənistanın sosial-iqtisadi inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması görüntüsünü yaratmaq üçün ölkədən kütləvi şəkildə miqrasiya edənlərin sayını xarici turizm daşımalarına dair göstəricilər içərisində gizlətməyə çalışırlar. Belə ki, Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, ölkə əhalisinin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən 10% azalmışdır. Rəsmi sənədlərə istinadən o da bildirilir ki, bu ilin əvvəllərindən xarici turistlər və əcnəbi iş adamları da daxil olmaqla, Ermənistana 788.200 nəfər daxil olmuşdur. Digər göstəricidə isə həmin müddət ərzində 839.000 nəfərin ölkəni tərk etdiyi bildirilir. Bu rəqəmlər arasındakı fərqin təhlilini aparan erməni politoloqu Armen Minasyan 2018-ci ilin sentyabr ayına kimi təqribən 51.000 nəfər Ermənistan vətəndaşının xarici ölkələrə miqrasiya etdiyi və bir daha geri qayıtmayacağı barədə məlumat vermişdir. N.Paşinyanın demokratik islahatlar, insan hüquqları və azadlıqlarının təminatı, sosial problemlərin həlli barədə verdiyi vədlər də onları dayandırmamışdır. İlin sonuna kimi isə miqrantların sayının 80.000 nəfərə çatacağı proqnozlaşdırılır. Bu gün Ermənistanda hər dörd ailədən birinin üzvü xarici ölkələrdə işləyir və yaşayır.

Ermənistan müxalifətinin və insan hüquqları üzrə qeyri-hökumət təşkilatları fəallarının qənaətinə görə, hazırda Ermənistanın siyasi sistemində durğunluq, siyasi oriyentasiyasında isə qeyri-müəyyənlik özünü qabarıq göstərməkdədir. Belə ki, N.Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra ölkədə diktator rejimi bərqərar olmuş, insan hüquq və azadlıqlarının pozulması halları artmışdır. Hətta Ermənistanın ombudsmanı Arman Tatoyan da son dövrlərdə erməni cəmiyyətində qarşılıqlı nifrət hissinin və siyasi opponentlərə qarşı aqressiyanın təhlükəli həddə çatması barədə hakimiyyəti xəbərdar etmişdir.

N.Paşinyan baş nazir kürsüsündə əyləşdikdən sonra ölkədəki total korrupsiyaya qarşı mübarizə aparmaq, qanunun aliliyini, vətəndaşların konstitusiya hüquqlarını, mətbuat azadlığını təmin etmək barədə bəyanatlar versə də, bütün bunlar populist vədlər olaraq qalmaqdadır. Təsadüfi deyildir ki, dünyada mətbuat azadlığına dair 2018-ci il üçün reytinq cədvəlində Ermənistan 180 ölkə içərisində 80-ci yeri tutmuşdur. Təsadüfi deyildir ki, baş nazir N.Paşinyan bu günlərdə onun siyasətini tənqid edən Ermənistan televiziya kanallarını, xüsusilə Ermənistan İctimai Televiziyasını "dövlət əleyhinə fəaliyyətdə" ittiham etmiş, nəticədə İT-nin informasiya-siyasi proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, "Orakarq" informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və digər jurnalistlər "könüllü" istefa verməyə məcbur olmuşlar. Buna səbəb isə həmin kanalların Azərbaycan Ordusunun Naxçıvan istiqamətində böyük ərazini geri qaytarmasına dair yayılan informasiyalar olmuşdur.

Digər bir misal. Son günlər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında məxfi telefon danışığının kütləvi informasiya vasitələrində yayılmasında da zərər çəkən tərəf jurnalistlər olmuşlar. "Sərhədsiz reportyorlar" təşkilatının yaydığı bəyanata görə, polis "Yerevan.Today" xəbər saytının ofisinə basqın edərək gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə onun əmlakı üzərinə həbs qoymuş, baş redaktorun mənzilində qanunsuz axtarış aparmışdır. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bixrin polisin hərəkətlərini söz və mətbuat azadlığı prinsiplərinə zidd aksiya kimi dəyərləndirmişdir. Belə ki, beynəlxalq təcrübəyə əsasən, qapalı informasiyanın yayılmasına görə məsuliyyəti kütləvi informasiya vasitələri deyil, onun qorunmasına cavabdeh olan dövlət qurumları daşımalıdırlar.

Qeyd edək ki, Avropanın geniş təbliğ etdiyi insan hüquqlarının müdafiəsi mexanizminin əsasını "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya təşkil edir. Bu sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq standartların müəyyən olunmasında və yerli qanunvericiliklərdə öz əksini tapmasında əhəmiyyətli rolu vardır. Lakin, təbii ki, söhbət zamanı nə xanım Dunya Miyatoviç, nə də Nikol Paşinyan istinad etdikləri "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın işgəncələrin qadağan olunması, heç kəsin işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaması haqqında 3-cü maddəsinin nə üçün Rusiya vətəndaşı Dilqəm Əsgərova və Azərbaycan vətəndaşı Şahbaz Quliyevə şamil edilməməsinə, Azərbaycan Respublikası ərazisində girov götürülmüş bu şəxslərin qeyri-insani rəftara məruz qalmalarına, digər girov Həsən Həsənovun isə sənədin 2-ci maddəsində yer alan yaşamaq hüququnun pozulmasına, onun xüsusi amansızlıqla qətlə yetirilməsinə toxunmamışlar. Eyni zamanda, adı çəkilən Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilən ədalətli məhkəmə hüququnun hansı səbəbdən həmin şəxslərə şamil edilməməsi də diqqətdən kənarda qalmışdır. Eyni zamanda, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 13-cü maddəsi – məhkəmədə effektiv və obyektiv müdafiə hüququ Dilqəm Əsgərova və Şahbaz Quliyevə aid edilməmişdir.

Bundan başqa, hələ 2006-cı ilin oktyabr ayında Avropa İttifaqı insan hüquq və azadlıqlarının tərkib hissəsi olan "Mədəni hüquqlar və mədəni irsin qorunması haqqında" Qətnamə qəbul etmişdir. Rəsmi İrəvan isə Ermənistan ərazində işğal altında olan Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələrinə – tarixi tikililərə, dini obyektlərə, məzarlıqlara qarşı kütləvi vandalizm aktlarına görə hələ də Avropa qurumlarının sanksiyalarından kənarda qalmışdır. Yeri gəlmişkən, 2018-ci il Avropada "Mədəni irs ili" elan olunmuşdur...

Hələlik isə eyni vaxtda həm Rusiyaya, həm də Qərbə yarınmağa çalışan Ermənistanın baş naziri K.Haldoninin "İki ağanın bir nökəri" pyesinin məşhur personajını xatırladır. Rusiya rəsmiləri ilə görüşdə Moskvaya sədaqət andı içir, Qərb nümayəndələri ilə təmasları zamanı isə Ermənistanın xilas yolunun Rusiyaya deyil, Avropaya inteqrasiya etməkdə olduğunu bildirir. Yeri gəlmişkən, bu ilin sentyabrın 18-də Nikol Paşinyan Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda olmuş, ayı balaları ilə necə oynamasını əks etdirən çoxmənalı fotoşəkillər çəkdirmişdir…

Araz Qurbanov,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...