THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dünya siyasətinin regionallaşması: Yaxın Şərqdə fəsadları və bəşəriyyətin gələcəyi

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2925
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 avqust 2018 – Newtimes.az

Analitiklər dünya miqyasında geosiyasi proseslərin ümumi xarakteristikasını verməyə çalışırlar. Meydana müxtəlif versiyalar atılır. Qloballaşma prosesinin geosiyasəti hansı ssenari üzrə inkişaf etdirdiyi məsələsi də birmənalı izah olunmur. Bunun fonunda ümumi geosiyasi mənzərədən çox regionallaşma adlanan prosesin üstünlük təşkil etdiyi tezisi irəli sürülür. Regionallaşma coğrafi meyarlara görə deyil, sosial-siyasi əlamətlərə əsasən baş verir. Bu zaman insanlar konkret ölkələri deyil, regionları seçirlər. Həmin tendensiyanın da özünəməxsus siyasi, iqtisadi, mədəni və əxlaqi problemləri meydana gəlir. Yaxın Şərqin timsalında regionallaşmanın mümkün geosiyasi nəticələri haqqında təsəvvür əldə etmək olar. Bu bucaq altında böyük dövlətlərin bu regionda nüfuz uğrunda apardıqları mübarizəyə nəzər saldıqda, maraqlı özəlliklərə rast gəlmək olur. Onların üzərində daha geniş dayanmağa ehtiyac var.

Universallaşma və fraqmentləşmə: müasir mərhələdə hansı dominantdır?

Dünya siyasəti tərkib hissələri arasında sıx bağlılıq olan mürəkkəb sistemi xatırladır. Qloballaşma dövründə bu, hansısa universal siyasi kursun formalaşması imkanlarının daha da artması kimi görünə bilər. Lakin faktlar başqa reallığı ortaya qoyur. Mütəxəssislər dünya siyasətində regionallaşma tendensiyasının gücləndiyi qənaətindədirlər. K.Stoyçev ("Gallup International"ın prezidenti) və A.Raytsev ("İvan Hacıyski" Sosiologiya İnstitutunun direktoru) yazırlar: "Qlobal iqtisadiyyatı qlobal siyasi tənzimləmə müşayiət etmir" (bax: Канчо Стойчев, Андрей Райчев. Шансы нового "Вестфальского мира" / Россия в глобальной политике, 18 iyul 2018).

Onlar bu vəziyyətin yaxın perspektivdə dəyişəcəyinə də ümid etmirlər. Səbəblərdən biri kimi, dünyada situasiyanın uzun müddətə dəyişməyəcəyi və bunun da arxasında siyasi səhnənin əsas fiqurlarının artıq müəyyənləşdirildiyi vurğulanır. Həmin siyasi liderlər kimi müəlliflər D.Trampı, V.Putini, S.Szinpini, E.Makronu, A.Merkeli və R.T.Ərdoğanı göstərirlər. Bu liderlərin hər birinin dünya siyasətində rolu fərqlidir, lakin onların təsiri yekun halında daha çoxdur. Qısa deyilsə, məhz həmin siyasi liderlər hazırda dünya siyasətinin gündəmini, formasını, məzmununu və ümumi mənzərəsini müəyyənləşdirirlər. Və burada əsas əlamətlərdən biri regionallaşmadır.

Burada başlıca məqamlardan biri milli elitaların regional şəbəkə yaratmağa çalışmasından ibarətdir. Nəticədə, dünyada sosial-siyasi əlamətlərə görə makroregionlar formalaşmağa başlayır. Bunu qloballaşmanın əsas siyasi nəticəsinin regionallaşma olduğu adlandırmaq olar. Həmin prosesi Avropada, Yaxın Şərqdə, Cənubi Amerikada və hətta Uzaq Şərqdə müşahidə etmək olar. Bu kontekstdə ABŞ-ı da makroregion kimi qəbul etsək, Vaşinqtonun yeni siyasətini "qlobal lider rolundan regionun aparıcısı roluna keçid cəhdi" kimi qiymətləndirmək olar (bax: əvvəlki mənbəyə).

Bu tip regionallaşmada Avropanın rolu müsbət qiymətləndirilmir. Avropanın "siyasi pozası qlobal baş keşiş" (K.Stoyçev, A.Raytsev) pozasıdır. Ona "maniakal-depressiv psixoz" diaqnozunu qoymaq olar (bax: əvvəlki mənbəyə). Avropanın bu halı özünü dünya üçün əsas və əvəzedilməz model hesab etməsi ilə bağlıdır. Bunun əsasında da digər regionlara "keşiş məsləhətləri" verməkdən zövq alır. Lakin elə bu məqamda özünü aldadır.

Avropanın müsbət olmayan "məsləhətçiliyi" özünü son illər Yaxın Şərqdə daha çox göstərib. "Ərəb baharı" avropalıların o dərəcədə xoşuna gəldi ki, Yaxın Şərqdə bir neçə dövlət dağıldı, regionu terror, xaos, silahlı qarşıdurmalar bürüdü. Bu prosesin bundan sonra neçə nəsli əhatə edəcəyi isə hələ də qaranlıqdır.

Doğrudan da, bu geosiyasi bucaq altında Yaxın Şərqdəki proseslərə nəzər saldıqda, çoxlu sayda təhlükəli tendensiyaların mövcudluğunu görə bilirik. İndi böyük güclər həmin regionda yeni oyuna başlayıblar. Onlar bir tərəfdən müəyyən terror qruplarını yox etməyə çalışır, digər yandan onların əvəzinə yenilərini yaratmaq üzərində işləyir və nəhayət, üçüncü tərəfdən regionun gələcək siyasi mənzərəsini formalaşdırmağa cəhd edirlər. Bütün bu məqsədlərin fonunda isə bir-biri ilə gərgin münasibətlərə gedirlər.

Böyük savaş: Yaxın Şərq sindromu

Bəzən daha qəribə hadisələr baş verir. Məsələn, Yunanıstandakı son meşə yanğınlarında bir sıra yunan KİV-ləri Amerikanı günahlandırır. Onlar yazırlar ki, Vaşinqton türklərlə yunanların arasını vuraraq Rusiyanı günahkar göstərməyə çalışır. Axı Rusiya ilə Yunanıstan arasında diplomatik böhran yaranıb. Bununla ABŞ NATO-nun cənub cinahında özünə bağlı ölkə yaratmaq iddiasındadır.

Bunun nə dərəcədə doğru olduğunu demək çətindir, lakin artıq ictimai şüurda Yaxın Şərqdə böyük dövlətlərin amansız mübarizə apardığı və bu istiqamətdə onların heç nədən çəkinmək fikrində olmadıqları faktoru mövcuddur. Bu da səbəbsiz deyil. Çünki Yaxın Şərqdə həmin güclər çoxlu sayda amansız addımlar atıb, öz maraqlarını təmin etmək üçün milyonlarla insanın faciə yaşamasına göz yumublar. Bu proses davam edir.

Hazırda mübarizə bütün Yaxın Şərq ölkələrini əhatə edir və üstəlik, tədricən İran faktorunu da buna bağlayırlar. Regionun ərəb ölkələri ilə İsrail arasında ziddiyyət Qüds məsələsinə görə yeni səviyyəyə yüksəlib. Vaşinqtonun təhrikedici davranışı vəziyyəti daha da gərginləşdirib. İndi faktiki olaraq İsraillə müsəlman dünyası üz-üzə dayanıb. Təl-Əviv bir addım da olsun geri çəkilmək fikrində deyil. Müsəlmanların isə öz dini dəyərləri uğrunda sona qədər mübarizə aparacağı şübhə doğurmur. Bu ziddiyyət prizmasından Suriya məsələsinə baxsaq, meydana yeni terror qruplarının çıxması ehtimalının az olmadığı qənaətinə gələ bilərik.

Digər gərginlik xətti Suriyanın daxilində nüfuz sahibi olmaq uğrunda böyük güclərin apardığı mübarizənin daha da intensivləşməsi ilə bağlıdır. ABŞ Rusiya-Türkiyə-İran müttəfiqliyini zəiflətməyə cəhd edir. İran öz mövqelərini qorumaq üçün çılğın addımlar atır. Rusiya və Türkiyə isə böyük dövlətlərə xas təmkin və sistemliliklə öz xətlərini yeridirlər. Vəziyyət o dərəcədə mürəkkəbləşib ki, böyük güclər yunanları da prosesə qatmağa başlayıblar.

İsrail və ABŞ Kiprin yunan kəsimi ilə dənizdə enerji axtarışları məsələsini yenidən qabardıblar. Buna hətta Misir də qoşulub. Bu qrup son olaraq bəyan edib ki, adanın yunanlar olan hissəsində enerji axtarışları davam edəcək və buna mane olmaq istəyənlərə hətta əsgəri müdaxilə ola bilər. Türkiyə XİN dərhal bəyanat verərək "bəzi ölkələrin səfirlərinin həddini aşdığı və bunu məsləhət görmədiyini" ifadə edib.

Bununla Türkiyə ətrafında yeni gərginlik mənbələri yaradılmasına çalışıldığı hiss edilir. Bunlar Kipr və Yunanıstandır. Birində enerji axtarır, digərində təbii fəlakət törədib, Ankaranı günahlandırmağa cəhd göstərirlər. Deməli, Yaxın Şərq məsələsi getdikcə daha geniş miqyasda geosiyasi toqquşmalar meydanına çevrilməkdədir.

Problemin digər aspekti İranla bağlıdır. Amerika və İsrail İrana qarşı daha sərt mövqe nümayiş etdirirlər. D.Tramp Tehranı hətta həbi zərbə ilə hədələyib. Tehran da eyni tonla ona cavab verib. Bu bağlılıqda Yəməndə husilərə qarşı hərbi əməliyyatların keçirilməsi də diqqəti çəkir. Son olaraq çoxlu sayda husinin öldürüldüyü haqqında informasiyalar yayıldı. Konkret Suriyaya gəldikdə isə ABŞ İran qüvvələrinin oradan çıxarılmasında israr edir. Tramp-Putin müzakirələrində bu məsələ də masanın üzərində olub.

Təbii ki, Tehran bu şərtləri qəbul etmir və mövqeyini daha da möhkəmlətməyi düşünür. Bununla Suriyada real hərbi toqquşmalar ehtimalı artmış kimi görünür. Bunlara Türkiyənin İrana münasibəti də əlavə olunub. Ankara İrana qarşı sanksiyalara qoşulmayacağını açıq bəyan etdi. Bu o deməkdir ki, ABŞ Türkiyəyə qarşı da sanksiyalar tətbiq edə bilər. R.T.Ərdoğan bunu veclərinə almadıqlarını ifadə edib.

Bütün bunlardan Yaxın Şərqdə geosiyasi regionallaşma prosesinin sürətlə getdiyi və onun böyük dövlətlər arasında ziddiyyətlərin daha da artmasına səbəb olduğu qənaətinə gələ bilərik. Faktiki olaraq bu region hər an partlaya biləcək barıt çəlləyini xatırladır. İndi mütəxəssislər onun ətraf regionlara mümkün təsirlərini proqnozlaşdırmağa çalışırlar. Ola bilsin ki, Yaxın Şərq bütövlükdə qlobal geosiyasətdəki regionallaşmanın sonunu gətirsin. Bu halda bəşəriyyəti nələrin gözlədiyi də aydın deyil. Çünki supergüclərin liderlik hərisliyi yüksək həddə çatıb. Belə təəssürat yaranır ki, hər an böyük savaş meydana gələ bilər. O, bəşəriyyəti məhv etmək gücündədir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...