THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstandakı erməni mətbuatı separatizmi dəstəkləyir

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
142
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 aprel 2018 – Newtimes.az

Gürcüstanda ermənidilli KİV. Müasir dövrdə KİV cəmiyyətin ictimai həyatında əhəmiyyətli yerlərdən birini tutur. Kütləvi informasiya vasitələri məlumatlandırıcı xüsusiyyət daşımaqla yanaşı, həm də cəmiyyətdə ictimai rəyin formalaşmasında fəal iştirak edir. Müasir media beynəlxalq aləmdə baş verən proseslərin geniş kütlə tərəfindən qəbul olunmasında, demokratik dövlətlərdə hakimiyyətin hüquqi bazasının yaradılmasında, hətta millətlərarası münasibətlərdə şüurun formalaşmasında da rol oynayır.

SSRİ hakimiyyəti dağıldıqdan sonra Gürcüstanda bir neçə yeni qəzet və televiziya kanalları fəaliyyət göstərməyə başladı. Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanı Gürcüstanda kütləvi informasiya vasitələri əsasən millətçi təbliğatı aparırdılar. Hazırda Gürcüstanda gürcüdilli KİV-dən başqa azərbaycandilli, rusdilli və ermənidilli mətbuat da fəaliyyət göstərir. Gürcüstandakı erməni icmasının yaşadıqları cəmiyyətə inteqrasiya olunması prosesinin sürətləndirilməsi məqsədilə Gürcüstanda ermənidilli mətbuat yayılmışdır. Onların bir neçəsi haqqında məlumat verək:

− "Vrastan'' qəzeti. Vrastan (erməni dilindən tərcümədə Gürcüstan deməkdir.) – Gürcüstanda erməni dilində nəşr olunan həftəlik ictimai-siyasi qəzetdir. Qəzet 1920-ci ildə "Karmir astx'' (tərcümə: Qırmızı ulduz) adı ilə ilk dəfə dərc olunmağa başlayıb. 1923-cü ildə "Martakoç'' (tərcümə: Mübarizəyə çağırış), 1927-ci ildə "Proletar'', 1939-cu ildə "Xorurdain Vrastan'' (tərcümə: Sovet Gürcüstanı) adlandırılıb. 1990-cı illərin əvvəllərindən isə müasir adını − "Vrastan''ı (Gürcüstan) alıb. 70-ci illərdə həftədə üç dəfə 40 min tirajla buraxılan qəzetin 29 dekabr 2010-cu ildə 90 illik yubileyi keçirilib. Bu rəsmi qəzetin redaktoru keçmiş deputat Van Bayburtyandır və erməni icması tərəfindən adı çəkilən qəzetin gürcü təsirində olduğu vurğulanır. Onların sözlərinə görə, qəzet erməni icmasını lazımi informasiya ilə təmin etmək qabiliyyətində deyil. Qəzetdə əsasən rəsmi məlumatlar, dövlətlərarası münasibətləri əks etdirən görüşlər, danışıqlar haqqında informasiya dərc olunur.

− "Ardzaqank'' qəzeti. 2014-cü ilin yanvar ayının 20-də Gürcüstanda yaşayan ermənilərin "Ardzaqank'' (tərcümə: əks-səda, cavab vermək) adlı qəzetinin ilk sayı çıxmışdır. Qəzetin əsas məqsədi Gürcüstanda yaşayan erməniləri baş verən siyasi, ictimai proseslərdən xəbərdar etmək, geniş auditoriya qarşısında çıxış edərək dinlərarası münasibətlərdə erməni icmasının dini həyatını əks etdirmək, Gürcüstanda yaşayan ermənilərin cəmiyyət həyatında oynadığı rolu qabartmaqdır. Müxtəlif aspektləri əsas götürən qəzetin başlıca amalı erməni icmasının inkişafına dəstək olmaqdır. Qəzetin redaktoru Levon İsaxanyandır.

− "Nor serund'' qəzeti. Nor serund (tərcümə: Yeni nəsil) adlı QHT tərəfindən eyni adla erməni oxucuları üçün nəşr olunur. Qəzetdə əsasən erməni QHT-lərinin fəaliyyəti işıqlandırılır. Lakin məhdud mövzu əhatəliyinə görə qəzetə olan maraq azlıq təşkil edir.

− "Noraşen'' jurnalı. Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası Tbilisidə yaşayan erməni icmasının dini-informasiya təhlükəsizliyinə önəm verdiyi üçün dini, mədəni, informativ jurnal olan "Noraşen''in (tərcümə: yenilik, yeni tikili) nəşrinə rəhbərlik etmişdir. Bəhs olunan bu nəşrlər erməni dilindədir və araşdırmalara görə, nəşrlərə olan təlabat günü-gündən azalmaqdadır. Çünki o, əsasən yaşlı nəsil tərəfindən maraqla qarşılanır. Bu jurnalda dəfələrlə gürcü kilsələrinə əsassız tələblərlə bağlı məqalələr dərc olunmuşdur. Misal olaraq Samvel Karapetyanın "Geri qaytarma tələbi'' adlı məqaləsini (2008-ci il 1(13), səh. 2-4) göstərə bilərik.

− "Parvana'' telekanalı. Parvana radio və televiziya təşkilatı "KNN'' şirkəti tərəfindən Ninotsmindada 1990-cı ildə yaradılmışdır. 1993-cü ildə televiziya şirkəti fəaliyyətini Gürcüstanda enerji çatışmazlığı səbəbindən dayandırsa da, 1998-ci ildə fəaliyyətini yenidən davam etdirmişdir. 2000-ci ildə qeyri-hökümət təşkilatı kimi "Parvana'' adı ilə qeydiyyatdan keçirilmişdir. Bu zaman eyniadlı telekanal kimi də fəaliyyət göstərməyə başlamışdır. Televiziya şirkətinin rəhbəri Konstantin Vartanyandır. Hazırda "Parvana'' Axalkalaki və Ninotsmindada yayımlanır. "Parvana'' analitik və əyləncəli məzmunda xəbərlər də hazırlayır. Telekanalın əsas auditoriyasını Samtsxe-Cavaxetiya regionunun erməni əhalisi təşkil edir. Televiziya şirkətinin bürosu yalnız Ninotsmindada yerləşir. "Parvana''nın gündə üç dəfə yayımlanan "Andradar'' (tərcümə: əks olunma), "Söz azadlığı kürsüsü'' kimi verilişləri var. Rəsmi səhifə: http://www.parvana.ge/-dir.

− "Nor'' radiosu. Samtsxe-Cavaxetiya regionunda fəaliyyət göstərən ermənidilli radiolardan biri "Nor'' (tərcümə: yeni) 2006-cı ildən Ninotsminda rayonunda fəaliyyət göstərir. İlk dövrlərdə təkcə internet vasitəsilə fəaliyyət göstərən radiostansiya 2014-cü ildən 100.1 FM dalğasında da yayımlanıb. Hazırda Ninotsmindanın erməni əhalisi arasında məşhurlaşan "Nor'' siyasi, iqtisadi, sosial və mədəni proseslərdən yerli əhalini xəbərdar edir. Yayımın Axalkalaki şəhərində də reallaşdırılması nəzərdə tutulur. Ninotsmindanın bu radiosu rus və erməni dillərində, o cümlədən sayca az olan gürcü əhalisi üçün gürcü dilində də yayımlanır. Radioda "Fermerin saatı'', "Ekonom+'', "Qadının səsi'', "Mənim hüquqlarım'' və s. kimi verilişlər var. 2015-ci ilin noyabr ayının 1-dən "Alik Media'' "Nor'' radiostansiyası ilə əməkdaşlıq edir. Radiostansiyanın rəsmi saytı: www.nor.ge-dir.

− Alik-media (ermənidilli internet-radio). 2015-ci ilin aprelindən Gürcüstanda internet-radio Alik-media fəaliyyət göstərməyə başladı. Alik-media Gürcüstanda baş verən prosesləri erməni dilində Gürcüstanın erməni icmasına çatdırır. Tbilisi şəhərində fəaliyyət göstərən mətbuat orqanı müstəqildir. Rəsmi səhifə: http://www.aliq.ge/

Gürcüstanda Axalkalaki şəhərində ermənidilli "ATV 12'' telekanalı fəaliyyət göstərir. Erməni, ingilis və rus dillərində olan Axalkalaki informasiya agentliyi "A-info'' da Cavaxetiyada yaşayan erməni əhalisini məlumatlandırmaq məqsədilə yaradılıb. İnformasiya agentliyinin müstəqil internet səhifəsi də var. Ermənidilli mətbuat içində həftədə iki dəfə "Akunk'' (tərcümə: Mənbə), Ninotsmindada aylıq "Arşaluys'' (tərcümə: İşıqlanma), Axpyur (tərcümə: Bulaq), erməni və gürcü dillərində həftəlik "Samxretis Karibçe'' (gürcü dilindən tərcümədə: Cənub darvazası) qəzeti dərc olunur. Erməni icmasına məlumatın çatdırılmasında həmçinin Gürcüstandakı erməni cəmiyyətinin saytı (http://armenian-community.ge/), Cavaxk nyus (http://www.jnews.ge), Javakhmedia.com saytları da əsas rol oynayır.

2016-cı ildəki göstəricilərə əsasən, Samtsxe-Cavaxetiyada erməni əhalisinin 40%-i rus kanallarını, yalnız 10%-i gürcü kanallarını izləyir. Buna səbəb regionun erməni əhalisinin 80%-nin gürcü dilini bilməməsidir. Tədricən bu problemi aradan qaldırmaq üçün 2017-cı ildən Gürcüstanın İctimai Kanalı xəbərləri erməni dilində sinxron olaraq tərcümə edir. Gürcüstanın ictimai kanalı "Moambe'' xəbərlər buraxılışını Azərbaycan, erməni, abxaz və osetin dillərində yayımlayır. Bu layihə əsasında gələcəkdə bir sıra verilişlərin erməni dilinə sinxron tərcümə edilməsi nəzərdə tutulur.

Ermənidilli mətbuatda separatizm. Bu gün Gürcüstandakı ermənidilli mətbuat materiallarının təhlili göstərir ki, erməni icmasına gündəlik siyasi və ictimai xəbərlərlə yanaşı, təbliğat xarakterli məlumatlar da çatdırılır. Ümumən bu məlumatlar arasında qondarma "erməni soyqırımı''nın tanıdılması, hər il Gürcüstandakı Türkiyə səfirliyi önündə nümayişə çağırış, Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərinə etiraz xarakterli yazılara təsadüf olunur. Son dövlərdə isə 2016-cı il Aprel döyüşləri ilə əlaqədar siyasi yazıların da sayı artmaqda davam edir. Əlbəttə ki, 2018-ci il Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı xəbərlər də istisna deyildir. Məsələn, cari ilin aprelində jnews.ge saytında Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar ""Ordunun anası'': 2016-cı il dörd günlük Qarabağ müharibəsinin xatirəsi” adlı keçid paylaşılmışdı. Xəbərdə 2016-cı ildə həlak olmuş kapitan Armenak Urfanyanın anası Amest Nersisyanın çəkildiyi qısametrajlı filmin videosu yerləşdirilib. Film müharibədə oğlu ölmüş ana haqqındadır. Filmin sujetində ana öz oğlunun getdiyi yolları keçir. Filmdə Aprel döyüşlərinin Azərbaycan tərəfindən başladılması haqqında təbliğat da diqqətdən yayınmır.[i]

"Axpyur'' qəzetinin siyasət bölməsində Batumi şəhərində "Surb Prkiç'' erməni kilsəsinin aprel hadisələrini anma mərasimi haqqında məlumatlara xüsusi yer verilmişdir. Sumqayıt hadisələrinə aid "Azərbaycan dövlətçiliyinin ləkəsi və ya Sumqayıt: 30 il sonra'', ""Sumqayıt'' – məhdudiyyəti olmayan cinayətkarlıq'',[ii] "Sumqayıt vəhşiliyinin 30 illiyi'' adlı məqalələr həsr olunub. Bundan başqa, qəzetin internet səhifəsində "Sumqayıt sindromu: Azərbaycanda rasizmin anatomiyası'' adlı elektron kitab yerləşdirilib. Kitabın həcmi kiçikdir – 38 səhifədən ibarətdir. Əsasən Sumqayıt hadisələri haqqında toplanmış "faktlar''a və azərbaycanlılar tərəfindən "törədilmiş soyqırımı''na məruz qalmış ermənilər haqqında məlumatlara "əsaslanıb''. Kitabın sonunda verilmiş son cümlə bütün kitab haqqında ümumi rəyi formalaşdırır: "Rasizm və etnik təmizləmə bügünkü Azərbaycan dövlətçiliyinin açar elementləri olmuşdur. Sumqayıt regional sabitliyi və təhlükəsizliyi pozan ilk dəhşətli simptoma, irqçi təhlükəyə çevrildi. Dünya bu faktı təkzib edə bilməz''.

Aliq.ge saytı 2016-cı ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə xəttində Tərtər və Ağdam rayonlarına gedərək Aprel döyüşlərində vuruşmuş əsgərləri mükafatlandırdıqları haqqında məlumatı qeyd etmişdir. Saytda yazılıb ki, mükafatlanan əsgərlər arasında K.Saloyanı vurmuş əsgər də olub. Bu məlumatı "Tarix təkrarlanır'' başlığı ilə yerləşdirən ermənilər R.Səfərovu misal gətirərək Azərbaycanı tənqid etmişlər.

Gürcüstanda erməni mətbuatı dolayısı ilə Gürcüstanın xarici siyasətinə də müdaxilə etmiş olur. Gürcüstanda erməni birliyi hər il aprel ayında Türkiyə səfirliyi qarşısında erməni "soyqırımı''nın ildönümü münasibəti ilə aksiyalar keçirir və Gürcüstan hökümətindən tanınmanı tələb edir, üstəlik, birliyin "Miutyun'' qəzetində tanınma məsələsi ilə bağlı "Nəyə görə gürcü hakimiyyəti erməni xalqının soyqırımını tanımalıdır” adlı məqalə hər il təkrar-təkrar dərc edilir. Məqalənin ümumi məzmunu aşağıdakı kimidir: "Əsas məsələ mənəvi dəyərlərdən qaynaqlanır. Özünü Avropa sivilizasiyasının bir parçası hesab edən dövlət bütün insanlığa qarşı törədilmiş cinayətin misalında kütləvi insan qırğınını tanımalıdır. Artıq 26 ildir ki, Gürcüstan elitası Türkiyə və Azərbaycanla münasibətlərini bəhanə gətirərək öz susqunluğuna bəraət qazandırır. Bu gün Gürcüstanda erməni soyqırımının tanınması milli təhlükəsizlik məsələsinə çevrilib. Bizim qarşımızda yalnız bir çıxış yolu qalıb, ölkənin hakim dairələrinə hansısa digər dövlətlərin deyil, məhz öz milli maraqlarının qorunmasına çalışılması aydınlaşdırılmalıdır.''[iii]

Göründüyü kimi, Gürcüstanda ermənidilli mətbuat orqanları əsas məqsəd kimi erməni icmasının gürcü cəmiyyətinə inteqrasiyasını şüar kimi səsləndirsələr də, mətbuat vasitələrinin təhlili onların separatçı xarakterli informasiyalar ötürdüyünü göstərir. Bəllidir ki, bu, həm də Gürcüstan daxilində yaşayan erməni əhalisinin ictimai rəyinin formalaşmasına bilavasitə təsir göstərir və dövlət daxilində "dördüncü hakimiyyət'' vasitəsilə ayrı-seçkilik yaradır.

Nəsibə Mirzəyeva,

AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı


[i] "Мать армии'': памяти 4-дневной карабахской войны 2016 года. /02.04.2018/ http://jnews.ge/?p=19561

[ii]''სუმგაითი'' - დანაშაული, ხანდაზმულობისვადის გარეშე. /01.03.2018/ http://akhpiur.com/index.php/akhpyur/politika/item/553-sumgait

[iii] რატომ უნდა დაგმოს ქართველთა სახელმწიფომ სომეხთა გენოციდი/19.04.2018/ http://armenian-community.ge/News/2954?lang=geo

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...