THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hibrid diplomatiya: beynəlxalq münasibətlərdə absurdun reallığı, yoxsa yeni çağırış? (Diplomatik və hərbi gücün sintezi – ildırım sürətli xarici siyasət dünyaya nə vəd edir?) – II hissə

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1311
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 yanvar 2018 – Newtimes.az

Diplomatik və hərbi gücün sintezi – İldırım sürətli xarici siyasət əsri

Klauzevitsin ruhu şad olsun...

Xarici siyasətdə hərbi və siyasi güc vasitələri arasında heç vaxt sədd olmamışdır.

XX əsrin sonları – XXI əsrin əvvələrində bəhs edilən ""güc nəzəriyyələri" də, həmin vasitələrin daha dərin sintezi yönündə cəhdlərdən başqa bir şey deyildi. Hibrid diplomatiyanın gündəmə gəlməsi ilə, onların arasında mövcud olan kövrək sərhəd aradan qalxdı, birlikdə tətbiqi isə aşkar, nümayişkaranə şəkil aldı. Beləliklə, deyə bilərik ki, biz artıq ildırımsürətli, yaxud fövqəladə xarici siyasət əsrində yaşayırıq.

"Müharibəyə dair'' adlı kitabın və ilk nəzəriyyənin banisi, Prussiya kralının hərb müəllimi, Napoleona qarşı vuruşan general K.Klauzevitsə görə, müharibə siyasətin başqa yolla davamıdır. O hələ iki əsr əvvəl "səliqəli kabinet müharibələri'' ilə "ildırım sürətli'' əməliyyatları fərqləndirmiş, ikinciyə xüsusi önəm vermişdir. XX əsrin əvvəlində A.fon Şliffen tərəfindən, rəqibin özünü səfərbər etməyə macal tapmadan aparılan, fövqəladə, ildırım sürətli "Blitzkrieg'' ("blitz – ildırım və krieg – müharibə'') nəzəriyyəsində bu daha da təkmilləşdirilmişdir. Bu müharibə texnologiyasında həlledici rol-tanklara məxsus idi.

XXI əsrdə həlledici fiqur statusu-özəl təyinatlı hərbi güc dəstələrinə məxsusdur.

Xarici siyasətdə məqsədlərə nail olmaq üçün Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) tətbiqi təcrübəsi geniş yayılıb. Tədqiqatlara görə, əvvələr sırf istisna hallar üzrə istifadə edilən XƏQ-ri, tədricən, xüsusilə də, "ABŞ xarici siyasətində normaya çevrilib. Hətta ümumi qənaətə görə, ABŞ hegemonluq yönündə bütün məqsədlərinə məhz XƏQ-ni tətbiq etməklə nail olub. "Hazırda ABŞ bu elit gücünün sayını və miqyasını bütün dünyada artırmaqda davam edir. 11 sentyabr hadisələrindən sonra XƏQ-nin sayı təxminən ikiqat (70 000 nəfərə qədər), o cümlədən, büdcələri üç dəfə artıb, hazırda 17 milyard dolları keçib. ABŞ onları dünyanın 196 ölkəsindən 135-nə əsasən "tədris missiyaları" adı altında göndərib. Gerçəklikdə isə, bu təlimlərin hədəfi başqa ölkələrin relyefi, mədəniyyəti, dili və hərbi potensialı ilə  tanış olmaq, baş verən iğtişaş və  və münaqişələrin üzərində nəzarət etməkdir. (https://www.wola.org/analysis/u-s-special-operations-latin-america-parallel-diplomacy/)

Ümumiyyətlə, dünya ölkələrinin 70 faizində ABŞ XƏQ-ləri mövcuddur. Hələ 1950-ci illərdən əməliyyatların ABŞ-ın xaricdə fəaliyyət göstərən səfirləri tərəfindən təsdiqlənməsi və sıx əlaqələndirilməsinii tələb edən "Missiya rəhbərliyi" səlahiyyəti mövcud olmuşdur. Özəl təyinatlı hərbi güc öz çevikliyi və adaptivliyi, intellektual və operativ tətbiqi ilə ABŞ xarici siyasətinin və diplomatiyasının aylmaz tərkib hissəsidir”. (Special Operations Forces in Diplomacy// https://www.iwp.edu/events/detail/special-operations-forces-in-diplomacy)

"Səfirliklər və Xüsusi Əməliyyat Qüvvələri. Unikal birlik'' adlı məqalə HD ilə bağlı son araşdırmalardan hesab edilə bilər. Burada gəlinən qənaət bundan ibarətdir ki, bu gün ABŞ xarici siyasətində diplomatik və hərbi koordinasiya XƏQ-nin simasında vahid tam təşkil edir. XƏQ statusuna görə beynəlxalq sanksiya və qərar olmadan xarici siyasətinin həyata keçirilməsi üçün müstəsna çevik vasitədir. Hərbi baxımdan o qədər də nəzərə çarpmayan, siyasi baxımdan isə əvəzsiz əhəmiyyətə malik olan vəzifələri reallaşdırır. Bahalı və uzun müddətli əməliyyatlar olmadan öz milli maraqlarını təmin etmək üçün strateji imkanlar və variantlar verir. ABŞ Dövlət departamentinin qurumları ilə koordinasiyada fəaliyyət göstərən XƏQ-ri hibrid təhdidlərin reallıq olmasına dəlalət edir. Səfirlər bilməlidir ki, bizim yumşaq gücdən istifadə qabiliyyətimizin səmərəlilyi bir çox hallarda  XƏQ-nin cəlb etməsi ilə bilavasitə bağlı ola bilər. Qlobal ekstremizmə qarşı mübarizədə XƏQ-ri və USAID strukturlarını cəlb etmədən ciddi irəliləyiş əldə etmək mümkün deyil. Səbəblər müxtəlifdir. Bəzən əməliyyatlarda əsas məqsəd yerinə yetirilir. Bəzən isə, ABŞ-ın proseslərin baş verdiyi ölkələrlə (Pakistan,Yəmən və s.) münasibətlərində uzun müddətli böhran yaranır. Yaxud, bir çox xarici tərəfdaşlar ABŞ XƏQ-ri ilə münasibətləri olduğunu ictimaiyyətdən gizli saxlamağa üstünlük verirlər. Bu səbəbdən də, Dövlət Departamenti və onun səfirlikləri bu proseslər gedişində son qərar verən orqan səlahiyyətinə malik olmalıdırlar.''

Hibrid diplomatiya nın yaranması obyektiv zərurətdir yoxsa...

Beynəlxalq münasibətlərdə etimad, ədalət və proqnozlaşdirilan diplomatiyanın sonu

Hibrid diplomatiyanın yaranması obyektiv-tarixi zərurət yoxsa subyektiv səylərin nəticəsidir? Daha doğrusu, burada həmin iki amilin payı nə qədərdir? Müasir anlamda diplomatiya bir Qərb ənənəsidir. Beynəlxalq münasibətlər bir Qərb modelli sistem və strukturlarıdır. Diplomatiya və beynəlxalq münasibətlər anlayışı, Avropanın tarixində XVI əsrdən etibarən başlayan hegemonik müharibələr seriyasından sonra formalaşdı. Bütün dünyada çoxsaylı ərazilər Qərb dövlətlərinin  müstəmləkəsinə çevrildi. İmperialist xarici siyasəti və diplomatiya ənənəsi formalaşdı. Artıq 5-ci əsrdir ki, bütün əsas beynəlxalq hadisələr Qərb məkanında baş tutur, başqa qitələrin mübahisəli məsələləri Qərb diplomatiya modeli üzrə burada həll edilir. Bu ənənə hazırda da üstünlük təşkil edir.

Həmin ənənədən danışanda Taleyran, Makiavelli və s. fiqurlar yada düşür. "Taleyran özünün xidmətində açıq və gizli diplomatiyanı birləşdirir, prinsipləri əlcək kimi dəyişirdi. Müttəfiqlərlə münasibətlərdə ədalət prinsipinə deyil, riyakarlıq, intriqaya əsaslanmaq, gizli sözləşmə, siyasi şantaj, rəqiblərin zəifliklərindən sui-istifadə etmək-Taleyranın diplomatiyasının bu xüsusiyyətləri Qərb ölkələrinin müasir diplomatiyası üçün də tipikdir. (Тарле, Е.В. Талейран.: М.: 1992 г. 286 c.)

Müstəmləkəçilik sisteminin və ikiqütblü dünyanın çökməsi labüd tarixi meylə çevrilsə də, hegemonluq siyasətinə heç cür son qoyulmamışdır. Nəyin bahasına olursa olsun, bu siyasəti yaşatmaq cəhdləri, diplomatiyanın yeni (ictimai və s.) metodlarını ortaya çıxarıb. Hazırda hegemonluq siyasətinin dünyanı xaosa qərq etməsi hətta etiraf edilsə də, ondan nəinki imtina edilir, əksinə  bəşəriyyət üçün ən böyük təhdidə çevrilib.

Bu gün beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu tərəfdaşlığın deyil, hegemonluğun üstünlük etməsi – ədalətə, etimada və proqnozlaşdirilan xarici siyasətə olan son ümidləri yox etmişdir. Onun səbəbləri əsrlərlə formalaşmış Qərb xarici siyasət ənənəsində və hegemonluq mentalitetindədir.

Dünya nizamı olmayacaq, qlobal xaosun adı bəllidir: "hibrid reallıq''

Vestfal nizamının başlıca prinsipləri-dövlət suverenliyinin sarsılmaz prioritetliyi fonunda beynəlxalq münasibətlərin müəyyən dərəcədə idarə olunan səviyyəyə malik olması idi. Otuz il əvvəl, "ikiqütblü qarşıdurma”  təhlükəsi aradan qalxanda kimsə düşünə bilməzdi ki, yeni münaqişə formaları bəşəriyyəri təhdid edəcək. Milli dövlətin ənənəvi olaraq xaricdən gözlədiyi təhlükələr, istənilən məqamda onun suveren daxili məkanına yönəldiləcək. Hazırda Vestfal sistemi çökmək üzrədir. Dünya nizamının özü də, nizam sözü də tarixdə qalıb.

Məlum deyimə görə, "müqəddəs yer boş qalmır''. Buna görə də formalaşmayan yeni  nizamın yerini hibrid reallıq tutub. Mövcud status-kvo –"hibrid reallıq'' kimi adlandırıla bilər. "Hibrid reallıq''da dünya nizamı heç vaxt olmayacaq. Bu reallıqda müharibələr elan edilmədən baş verir. Elan olunmuş aşkar müharibəyə danışıq stolunda son qoyulması mümkün idisə, elan olunmamış gizli müharibələr sonsuza qədər davam edə bilər. Burada diplomatik "oyun qaydaları'' deyil, qaydasız əməliyyatlar öndə durur.

Ən vacib məsələlərdən biri budur ki, rəqəmsal, texnologiyalar və qloballaşma prosesləri hibrid diplomatiyanın imkanlarını da, nəticələrini miqyasını görünməmiş dərəcədə artırır.

Azərbaycanın xarici siyasəti – "yeni'' hibrid diplomatiya dövründə

Bir çox ölkələr üçün hibrid diplomatiya – yeni fenomen ola bilər. Lakin Azərbaycan üçün deyil. Müstəqilliyin bərpa edildiyi vaxtdan üzü bəri, Azərbaycanın üzləşdiyi işğalçı müharibəyə, təcavüzkar Ermənistana, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə müxtəlif münasibətlər, aparılan danışıqlar prosesi – hibrid diplomatiya nümunəsidir. Azərbaycan 30 ildir hibrid diplomatiyaya cəlb edilib. Minsk qrupu isə onun "ödüllü təmsilçisi'' sayıla bilər.

İşğalın ilk illərində ölkəmiz ətrafında qurulan informasiya blokadası, təcavüzkarla bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin reallaşmaması, Ermənistana ildən-ilə artırılan yardım fonunda Azərbaycana qarşı absurd 907-ci düzəlişin bu günə qədər nə üçün ləğv edilməməsi öz izahını tapır. Məlum olur ki, bunlar hazırda hibrid adlanan diplomatiya imiş. Azərbaycanın haqq işi, ərazi bütövlüyü uğrunda mübarizəsi- beynəlxalq münasibətlər üçün təhdid olan yeni xarici siyasətin hədəfinə tuş gəlib. 

Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə görülən tədbirlər – hibrid diplomatiyanın, Minsk qrupunun keçirdiyi görüşlər prosesi – "zombi-danışıqların'' sınaq poliqonuna çevrilmişdir. "Zombi-danışıqlar” hibrid diplomatiyanın mühüm xüsusiyyətidir. Anlayışı tətbiq edən S.Heydeman, "ziyankar təhlükə mənbəyinin tam aşkar olduğu halda, öldürülməsinin qeyri-mümkün olduğu vəziyyətdə aparılan danışıqları "zombi-danışıqlar'' adlandırıb. (http://publications.atlantic council.org/ distract-deceive-destroy/)

Yaranışından riyakar və uydurma üzərində qurulan erməni siyasəti üçün də hibrid diplomatiya yeni deyil. Bu baxımdan, hibrid diplomatiya dövründə kim daha şanslı görünür?

Tarixdə "dəmir kansler'' kimi tanınan Otto fon Bismarkdan qalan bir deyim var: "Məni düşmənin niyyəti maraqlandırmır, məni onun imkanları maraqlandırır.''

Bu baxımdan hibrid diplomatiya – yalnız uydurma və yalan üzərində qurulmur. Yəni, düşmən təkcə yalan və uydurma kimi imkanlara malikdirsə, bununla hər şey bitmiş sayılmır. Hibrid diplomatiya bu gün dövlətin hərbi gücünün və diplomatik potensialının sintezinə əsaslanan ildırım sürətli xarici siyasət kimi təzahür edirsə, burada Azərbaycanın üstünlüyünü sübut etməyə ehtiyac yoxdur.

Digər tərəfdən, "yeni – ictimai diplomatiya'' sözünün müəllifi E.Murroua görə, "Həqiqət – ən yaxşı, yalan isə ən pis təbliğatdır. Buna görə biz əvvəlcə – haqlı olmalıyıq, sonra inandırmalıyıq.'' Bu tərəfdən baxanda da, üstünlüyün kimin tərəfində olması aşkardır.

Azərbaycanın xarici siyasəti hər zaman milli maraqlara, xoş mərama və qarşılıqlı hörmətə əsaslanıb. Paradoksal görünsə də, hibrid diplomatiyanın tüğyan etdiyi son onilliklərdə, dəmir informasiya blokadasından çıxıb, öz ərazi bütövülyünün bütün dünyada birmənalı tanınmasına nail olub. Nə qədər səylər göstərilsə də, bu günə qədər dünyada heç kim ermənilərin qondarma qurumunu tanımayıb.

 Dünya erməniləri qlobal miqyasda "vahid hibrid diplomatik cəbhə'' yaratmağa cəhd etsə də, Azərbaycan status-kvonu "Aprel zəfəri'' kimi ildırımsürətli, əks-hücumla dəyişməyə nail olub. Ermənilərin "qalib tərəf, güclü ordu miflərini'' darmadağın edib. Hibrid diplomatiyanın təkcə xalis yalan üzərində qurula bilmədiyini isbatlayıb. İşğaldan azad edilmiş torpaqlara qayıdış və həyat başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin haqq və ədalətə söykənən xarici siyasəti haqda dəfələrlə qeyd edib: "Azərbaycan ərazi bütövlüyü bərpa edəcəkdir. Xalq Cümhuriyyətinin Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan bayrağı Xankəndidə, Şuşada dalğalanacaq. Biz istənilən varianta hazırıq. Siyasi, iqtisadi və hərbi güc Azərbaycanın üstünlüyünü təşkil edir. Haqq-ədalət də bizim tərəfimizdədir. Danışıqlar yolu ilə həll edilməsə, hərbi yol bizim suveren hüququmuzdur. Torpaqlarımız uzun illər işğal altında qala bilməz. Ermənistanın buna nə haqqı çatır, nə gücü.''

Bütün bunlar onu göstərir ki, Azərbaycanın xarici siyasəti, hansı "dildə'' diplomatiya aparılırsa, qarşı tərəfə həmin dildə çevik və ani qarşılığını verməyə qadirdir. Beynəlxalq münasibətlərdə adı nə qoyulsa da, ölkəmizin xarici siyasəti haqq-ədalət,ləyaqət və dürüstlük ənənələrini reallaşdırır, qalib gəlir. Məhz buna görə tarix boyu fövqəladə təzyiq və müdaxilələrə baxmayaraq, Azərbaycana öz müstəqil və suveren dövlətçiliyini qurmağa heç bir qüvvə mane ola bilməyib. Heç bir maneəyə baxmayaraq, ərazi bütövlüyümüzün də bərpa edəilcəyi gün çox yaxındadır.

Beynəlxalq münasibətlərdə siyasi təzyiq yolu – "sərt, yumşaq, hibrid''... nə olur olsun-məqbul hesab edilə bilməz. Bu gün Azərbaycana münasibətdə "məcburedən gücü” (P2C) formatında təzyiqlər göstərilməsinə cəhdlər edilir. Ölkəmizdə keçirilən əhəmiyyətli tədbir və hadisələr ərəfəsində bəlli media səhifələrində  saxta məlumatların, məktub və müraciətlərin tirajlanması davam edir. Yep-yeni-"məcburedən güc'' diplomatiyasının müəllifləri ölkəmizi, ədalət, hüquq və siyasi əxlaqa sığmayan üsullarla nəyəsə "məcbur etməyin” mümkünsüzlüyünü nə qədər tez dərk etsələr, o qədər yaxşıdır.

Bununla belə, hibrid diplomatiyanın İKT inqilabının imkanlarından bəhrələnən təhdidlərinin müvafiq sahələrdə nəzərə alınaraq təkmilləşməsi diqqət mərkəzində olmalıdır. Məs., ABŞ-ın 2017-ci ilin dekabrında qəbul etdiyi "Mlli Təhlükəsizik Strategiyasının'' "Diplomatiya və dövlətçilik'' bölməsində qeyd edilir: "Təsir fəaliyyətini bütün istiqamətlərdə sinxronlaşdırmaq (Synchronize Actions): Birləşdirilmiş Ştatlar özünün tərəfdaşlarına kömək edərkən bütün: diplomatik, iqtisadi və hərbi vasitələri sinxronlaşdırmalı, onlardan eyni vaxtda istifadə etməlidir''.

Bir məsələ xüsusi vurğulanmalıdır ki, beynəlxalq münasibətlər sistemi haqqın və ədalətin yanında olmayınca, ədalətsizlik və hegemonluq siyasətinin də adı nə qoyulur qoyulsun, alınan nəticənin adı – "bumeranq effekti'', xaos olacaq. Böyük imperiyaların, fövqəldövlətlərin sonu kimi.

"Hibrid'' beynəlxalq münasibətlər sistemi dünyaya nə vəd edir?

Beləliklə, yeni reallıq formalaşıb və onun irəliləyiş olmadığını birmənalı söyləmək mümkündür. Burada yeganə müsbət cəhət, mövcud reallığın öz adi ilə çağırılması, qlobal idarəçilikdə hegemonluq siyasətindən imtina edilməyəcəyinin etiraf edilməsidir.

XXI əsrdə dünya birliyi nə qədər utancverici hal olsa da, beynəlxalq münasibətlərdə aşkar normaya çevrilən ədalətsiz "ikili standartlar” siyasətinin qarşısını almaqda acizliyini isbatladı. Gözlənilən ümidlər deyil, əksinə, ağlasığmaz olan başqa məqam reallaşdı. Beynəlxalq münasibətlərə indiyə qədər yalnız problemlər gətirən siyasətə yeni (hibrid diplomatiya) ad qoyuldu və o legitimləşdirildi. Ədalətin yerini-hibrid həqiqət tutdu.

Acınacaqlıdır ki, beynəlxalq munasibətlərin "hibridləşmə'' tələsindən çıxacağına ümid yoxdur. Dövrü qədimdən missiyası sülh olan diplomatiya hərbi güc müstəvisini də öz çərçivəsinə daxil edir. Hibrid diplomatiya, xoş mərama əsaslanmayan aqressiv xarici siyasətin, qeyri-diplomatik hesab edilən bütün  güc və vasitələrin – hərbi, siyasi, iqtisadi, sivil və informasiya-sinxron və sistemli tətbiqini leqallaşdırır, etimadsızlıq və münaqişələrə yol açır. Formalaşan vəziyyət dünyanı nizama deyil, xaosa sürükləyir.

Tarixin sınağından çıxmış siyasi əxlaq  prinsiplərinə, beynəlxalq ədalətə deyil, Qərbin xarici siyasət irsinə əsaslanan bu tendensiya dünya siyasətinin heç bir problemini həll edə bilməyəcək. Üstəlik, öz adı ilə çağırılmadığı üçün işğalçıların əl-qolunun açılmasına, cəzasızlıq sindromunun, yeni işğal presedentlərin və gərginlik ocaqların təkanverici amili kimi çıxış edəcək. Bu gün, XXI əsrdə növbəti dəfə dünya-beynəlxalq münasibətlərdə nəyin bahasına olur-olsun hegemonluq siyasətinin saxlanması səylərinə şahidlik edir.

Bu məqsədə xidmət edən xarici siyasət isə bəşəriyyəti qaranlıq orta əsrlərə, yaxud qlobal xaosa apara bilər. Proseslərin gedişatı "Zombilər Robotlara qarşı. Cəhənnəmdə Soyuq müharibə'' adlı fantastik süjetin qələmə alındığı ("Zombies Vs Robots: Diplomacy. 2013'') kitabdakı vəziyyəti-absurd reallığı xatırladır.

Təxminən yüz il əvvəl (1915-ci ildə) Frans Kafkanın "Metamorfoza'' əsəri çap olunub. Baş qəhrəman "Mister Qreqor Zamza'' günlərin birində səhər oyananda özünün "müdhiş böcəyə''"(hörümçəyə – T.A.) çevrildiyini görür. Məşhur yazıçının "böcək'' sözü, həm də, "səhv, yanlışlıq'' mənasını verir. Bəzi mənbələrə görə, Kafka nəşriyyatlara personajının müdhiş görkəminə görə onun xəyali şəklini çəkməyi qadağan etmişdi.

F.Kafka personajının "mistik çevrilməsi'' kimi absurd reallıq, XXI əsrdə dünya siyasətində baş verməkdədir. Beynəlxalq münasibətlərdə diplomatiyanın, hüquq və ədalətin öz təyinatı və missiyasının tam əksinə çevrilməsi, "metamorfozası'' nəticəsində formalaşan "hibrid reallığın'' cizgiləri getdikcə müdhiş mənzərə xarakteri almaqdadır. Bu absurd tendensiya dünyaya yaxşı heç nə vəd etmir.

Tahirə Allahyarova,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...