THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Anti-separatizmə Türkman nümunəsi

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
87
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 noyabr 2017 – Newtimes.az

Qloballaşma proseslərinin cəmiyyətin bütün səviyyələrdə həyatına dərindən nüfuz etdiyi müasir dövrümüzdə ən böyük təhdidlərdən biri separatçılıqdır. Nə qədər paradoksal olsa belə nəinki, iqtisadi, siyasi və ya mədəni birliyə, hətta vahid dəyərlərin yaradılmasına yönəlmiş qloballaşma separatçılığın, bölücülüyün genişlənməsinə mane ola bilmədi. Görəsən yeni minillikdə bəşəriyyətin ən böyük başağrısına çevrilmiş separatçılığın həqiqi səbəbləri nədir? Niyə fərqli regionlarda və fərqli cəmiyyətlərdə separatçılığa fərqli yanaşılır?

Hazırda dünyada təxminən səkkiz mindən çox etnosun və ya xalqın yaşadığı məlumdur. Siyasi xəritədəki dövlətlərin sayı isə 200-ə yaxındır və onlardan yalnız  10-15-i etnik-monoton ölkədir, yəni başqa etnosların sayı bu ölkələrdə 5%-dən aşağıdır. Buna görə də müasir dövrümüzdə hər bir xalqın öz dövlətinin olması mümkünsüz görünür. Eyni zamanda dominant xalqla etnik azlıqlar arasında müəyyən siyasi, iqtisadi, dini, cəmiyyətdaxili yanaşmaların fərqindən asılı olaraq yaranmış problemlərlə əlaqədar etnik separatizmin də mövcudluğu qaçılmazdır. Günümüzdə etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir.

Separatizm bir anlayış olaraq XX əsrdə ortaya çıxsa da, etnik-dini bölücülük və ya ayrımçılıq tarixən cəmiyyət həyatında olmuşdur. Tarixi hadisələr şahiddir ki, bir sıra imperiyalar separatist tendensiyalar nəticəsində parçalanmış və eyni zamanda bir sıra dövlətlər məhz separatizm nəticəsində yaranmışlar. Müasir separatçılığın ilham qaynağı isə heç şübhəsiz ABŞ-ın 28-ci Prezidenti Vudro Vilsonun elan etdiyi "xalqların öz müqəddəratını təyinetmə hüququ”na dayanır. "Öz müqəddəratını təyinetmə” terminindən ilk dəfə 1878-ci ildə Berlin konqresində istifadə edilsə belə bütün dünyada bu V.Vilsonun ideyası kimi tanınır. Digər tərəfdən isə bu prinsip post imperiya dövründə müstəqil dövlətlərin yaranması üçün əsas ideyalardan olmuşdur. Buna görə də "xalqların öz müqəddəratını təyinetmə” prinsipini məhz həmin dövrün reallıqları baxımından nəzərdən keçirmək doğru olar.

XX əsrin əvvəllərində dünya siyasətində möhkəmlənən ABŞ yeni dünya nizamını formalaşdırmaq üçün öz məqsədlərinə uyğun prinsiplər ortaya atdı. Bu Prezident Vudro Vilsonun 14 maddəlik sənədi ilə gündəmə gətirildi. "Öz müqəddəratını təyinetmə” Birləşmiş Ştatlara dünya miqyasında əsas güclərə qarşı istifadə üçün lazım idi. Belə ki, həmin dövrdə qlobal səhnədə yalnız ABŞ millətüstü (post-milli) dövlət quruluşuna malik cəmiyyət qura bilmişdi. Dünyada əksər güc mərkəzləri, Rusiya, Osmanlı, Çin və Avropa imperiyaları isə "dövlət-millət” prinsipinə əsaslanan dövlət quruluşlarına malik idilər. ABŞ-ın etnik prinsiplərə əsaslanmayan cəmiyyət və dövlət olması sayəsində "xalqların öz müqəddəratını təyinetmə hüququ”nun tətbiqinin özündən başqa bütün digər rəqib imperiyaların parçalanmasına, müstəqil dövlətlərin yaranmasına gətirib çıxardı.

Həmin dövrdə imperiya idarəçiliyinin çökməsi və yeni müstəmləkə siyasətinə keçid üçün "öz müqəddəratını təyinetmə” böyük rol oynadı və digər qlobal güclərdən fərqli olaraq ABŞ üçün təhdid deyildi. Bu həm də bir neçə əsr imperiya əsarətində yaşayan xalqların öz müstəqilliyini qazanmasına və neoimperialist sistemin yaranmasına gətirib çıxardı. ABŞ öz maraqları naminə dünyada xalqların öz müqəddəratını təyinetmə prinsipini işə salmış oldu. Bununla da XX əsrin əvvəllərində geosiyasi mənzərədə ciddi konfiqurasiya dəyişikliyi oldu. Bir tərəfdən ABŞ "Qoca qitədəki” imperiyaların dağılmasından istifadə edərək siyasi səhnəyə fövqəldövlət kimi çıxmaq imkanı qazandı. Digər tərəfdən kiçik xalqların özlərinin müqəddəratlarını müstəqil dövlətlər çərçivəsində müəyyən etməsi isə ABŞ-ın dünyada insan haqlarının müdafiəçisi imicinin yaranmasına gətirib çıxardı. Bütün bunlar post-imperiya dövrü üçün mütərəqqi addımlar kimi qəbul olundu.

Lakin XX əsrin əvvəllərində kiçik xalqların öz ülvi arzusuna qovuşmasına səbəb olan "öz müqəddəratını təyinetmə” hüququ sonrakı mərhələlərdə sonsuz kəsir kimi uzanmaqla və konkret meyarlar müəyyənləşdirilmədiyi üçün bəşəriyyəti separatizm adlanan təhlükəli bir çağırışla üz-üzə qoydu. Heç şübhəsiz ki, müasir dünyada etnik separatçılığın yayılmasının əsas səbəbi beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar” siyasətidir. Millətləri müstəqilliyə qovuşduran "öz müqəddəratını təyinetmə” müəyyən dairələrin əlində siyasi alətə çevrildi. Bu hüquq eyni regionda müxtəlif etnoslara münasibətdə fərqli cür təfsir olunmağa başlandı. Kimlərəsə ədalətli hüquq kimi tanınan, digərlərinə münasibətdə dözümsüzlük hesab edildi. Ən əsası isə "öz müqəddəratını təyinetmə” hüququnun konkret çərçivələri müəyyənləşmədi, bu prinsip dövlətlərin ərazi bütövlüyü prinsipi ilə uyğunlaşdırılmadı və siyasi təzyiq mexanizminə çevrildi.

Təsadüfi deyil ki, cəmi 200 il əvvəl Cənubi Qafqaza əlaltısı olduğu imperiyaların maraqlarına xidmət etmək üçün köçürülmüş ermənilər artıq bu regionda neçənci dəfədir ki, öz müqəddəratlarını təyin etməyə cəhd göstərirlər. İlk dəfə 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında dövlət quran ermənilər XX əsr boyunca dəfələrlə öz müqəddəratlarını müəyyən etmək istəyində olmuşlar. Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Samsxe-Cavaxetiya, Türkiyənin Şərqi Anadolu bölgələrində erməni separatçılığının əsas istinad nöqtəsi öz müqəddəratlarını təyin etməkdir. Sual olunur: bir xalq eyni regionda öz müqəddəratını neçə dəfə təyin edə bilər? Tarixən bu torpağa bağlılığı olmayan, müxtəlif dövrlərdə bu regiona köçürülən, iqtisadi mövqe baxımından daim əlverişli imkanlar verilən ermənilərin miqrasiya etdikləri digər ölkələrdə – Rusiya, ABŞ, Fransada da bir gün öz müqəddəratlarını təyin etmək istəklərinə eyni məntiqlə yanaşılmalıdır.

Müasir dövrdə imperiyalar dövründən fərqli olaraq xalqların öz müqəddəratını təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması yolu ilə həyata keçirilməsi ikili standartların təzahürüdür. Günümüzdə "xalqların öz müqəddəratını təyinetmə hüququ”nu əsas istinad mənbəyi kimi qəbul edərək baş qaldıran separat hərəkatlar xalqların birgəyaşayışına, multikultural dəyərlərə, sülhə və sabitliyi ciddi təhdiddir. Hadisələr göstərir ki, etnik separatçılıq cəzasız qaldıqda və dəstəkləndikdə ekstremist xarakter daşımağa başlayır.

Bütün bunlar isə tək bir ölkə, bir region üçün deyil, bütün bəşəriyyət üçün qlobal təhdid və mühüm çağırışdır. Etnik separatizmin qarşısını almaq üçün yeganə yol isə vahid yanaşmadır. Etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylər yetərsizdir. Çünki fərqli siyasi maraqlar baxımından ayrı-ayrı regionlarda baş qaldıran separatizm meyllərinə etinasız yanaşma və ya tətbiq olunan ikili standartlar separatizmin bumeranq xarakter daşımasına və qlobal miqyasda sülhü təhdid edən ümumbəşəri problemə çevrilməsinə səbəb olmuşdur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində separatizmə qarşı vahid yanaşmanın vacibliyini dünya ictimaiyyətinə diqqətinə çatdırmaqla əsas meyarları da müəyyənləşdirmişdir: "XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.

Beləliklə, üçüncü minilliyin ikinci onilliyi etnik separatizmin yeni simasını göstərdi. İspaniyada Kataloniya böhranı, İraqda Kürdüstanla bağlı keçirilən referendum göstərdi ki, separatizm qlobal təhdiddir və mövcud dünya nizamı yeni çağırışlar qarşısında qalacaqdır. Yalnız bundan sonra dünyada bir çoxları anti-separatizm haqqında danışmağa başladılar. Halbuki separatizmin əsasında neoimperializm kontekstində dünyanı idarə etmək iddiasında olan aktorların milli və transmilli hədəflərinin olması bir yenilik deyil.

Separatçılığın ideoloqları təbliğ etdikləri hərəkata xalqların öz müqəddəratını təyin etmək hüququ ilə haqq qazandırmağa çalışırlar. Hazırda bütün dünya Kataloniya referendumunu, İraqda müstəqil "Kürdüstan” dövlətinin yaranmasını müzakirə edir. Bu meyllər separatçılıqdır yoxsa "öz müqəddəratını təyin etmə”?. İraq dövlətinin ərazi bütövlüyünü təhdid edən hadisəyə baxanda bütün dünyaya anti-separatizm nümunəsi göstərən bu ölkədə yaşayan türkmanları xatırlamaq lazımdır. Azərbaycan türkləri ilə eyni xalqın övladları olan türkmanlar İraq və Suriyada minillərdir yaşayan yerli xalqdır. Türkmanların son yüz ildə yaşadıqları ölkədə ən çox əziyyət çəkən insanlar olması da acı bir həqiqətdir. Lakin hadisələr göstərir ki, xarici qüvvələr və böyük güclər tərəfindən Böyük Orta Şərqin yeni xəritəsinin şəkilləndirilməsi ilə bağlı regionda baş verən qanlı və təlatümlü hadisələrdə türkmanlar təcavüzkar separatizmə yuvarlanmadılar.

Bu kontekstdə cari ilin noyabr ayının 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən və iştirakçısı olduğum "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forumda İraq parlamentinin üzvü, Türkmaneli Cəbhəsinin sədri Erşat Salihinin çıxışı "anti-separatizm nümunəsi” baxımından olduqca dəyərlidir. E.Salihinin çıxışında türkmanların yaşadıqları torpaqlara sevgisi və bölücülüyün indiki mərhələdə ümumi vətənə zərbə vurmamasına həssasiyyətlə yanaşan əsl vətəndaş mövqeyi dayanır: "Müasir dünyada bölücü millətçiliyin yanlış sərhədlər və barışmayan mədəniyyətlərdən qaynaqlandığı düşünülməkdədir. İraq nümunəsi göstərir ki, cəmiyyətin tamamında bir anlaşma olmadığı halda bölücülük sadəcə sabitsizliyə, yoxsulluğa və daha çox münaqişəyə gətirib çıxaracaqdır. Türkmanlar bu torpaqların həqiqi sahibləri kimi indiki şərtlər daxilində bölücülüyün deyil, sülh və sabitliyin, dinc birgəyaşayışın tərəfdarıdırlar”. İraqda və ümumiyyətlə dünyada müxtəlif xalqların separatçılığa meyl etdiyi günümüzdə bu yanaşma sülhə və sabitliyə xidmət edən bəlkə də yeganə nümunədir.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdir müavini

Müəllifi Twitter də izləmək üçün: @AHabibbayli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...