THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ər-Riyadda həbslər: Yaxın Şərq yeni geosiyasi ziddiyyətlər burulğanında

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
613
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 noyabr 2017 – Newtimes.az

Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirən və səbəbinin izahını tələb edən hadisələrin meydanına çevrilib. Qısa bir müddətdə bu ölkənin ən zəngin adamlarının da daxil olduğu bir qrup həbsə atılıb. Səbəb kimi isə korrupsiya ilə mübarizə göstərilib. Lakin bu hadisə Livanın baş naziri Səəd Həririnin Ər-Riyadda birbaşa televiziya bağlantısı vasitəsilə istefa verməsinin fonunda özünü göstərib. Eyni zamanda, Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb. Suriya, İraq və İranla əlaqəli əhəmiyyətli geosiyasi proseslər baş verməkdədir. Böyük dövlətlərin Yaxın Şərq uğurunda daha gərgin mübarizə aparması da diqqətdən kənarda qalmır. Belə çıxır ki, Ər-Riyadda baş verənlərə daha geniş kontekstdə yanaşmaq gərəkdir. Bu aspekt üzərində dayanmaq maraqlı olardı.

İdarəetmədə islahatlar, yaxud daxili çəkişmə: hansı daha realdır?

Belə görünür ki, Suriya və İraqda proseslər səngisə belə Yaxın Şərqdə sakitlik yaranmayacaq. Demək olar ki, hər gün bu regionda gözlənilməz geosiyasi hadisələr baş verir. İndi ekspertlər Ər-Riyadda cərəyan edən hadisələri analiz edirlər. Hər şeyi varis şahzadə Məhəmməd bin Salman başladı. Atasından böyük səlahiyyət alan gənc müdafiə naziri korrupsiya ilə mübarizə adı altında çoxlu sayda varlı qohum-əqrəbasını, biznesmenləri, siyasətçiləri, şahzadələri həbs etdi. Özü də bunu çox sürətlə həyata keçirdi. Yayılan informasiyalara görə, ailəyə daxil olan onlarla adam həbsə atılıb.

İndi ekspertləri belə bir sual düşündürür: öz konservatizmi ilə tanınmış bu ərəb ölkəsinin siyasi elitasında nələr baş verir? Axtarılan cavablarda daxili ilə yanaşı, xarici faktorlar da yer alır. Bütövlükdə ekspertlər belə fikirdədirlər ki, Səudiyyə Ərəbistanında prinsipial olaraq yeniləşmə prosesi başlayıb. Lakin hansı istiqamətdə və kimlərin xeyrinə, bu suala tam cavab yoxdur. Çünki baş verənlərin arxasında çoxlu sayda faktorun dayandığını deyirlər və qeyri-müəyyən məqamlar da az deyil.

Maraqlıdır ki, Yaxın Şərqin ən nüfuzlu dövlətlərindən birində müşahidə edilən proseslərə ekspertlərin əksəriyyəti ABŞ-İran-Rusiya üçbucağında cərəyan edən hadisələr kontekstində yanaşırlar (bax: məs., Joe Macaron. Is Saudi Arabia bluffing on Iran? / "Al Jazeera", 8 noyabr 2017 və Евгений Крутиков. На Ближний Восток приходит эпоха резких и болезненных перемен / "Взгляд", 9 noyabr 2017).

Hətta ABŞ prezidentinin Asiya ölkələrinə səfərə gedərkən təyyarədən Səudiyyə Ərəbistanı kralına zəng edərək, onu atdığı addımlara görə təbrik etdiyi haqqında informasiyalar yayılır (bax: Robin Wright. The Saudi Royal Purge – with Trump’s Consent / "The New Yorker", 6 noyabr 2017).

Başqa versiyaya görə, Səudiyyə Ərəbistanı İrana qarşı İsraillə müttəfiq olmaq kursu götürüb. Əsas arqument kimi həbs edilənlərin Tehrana yaxın olmaları göstərilir. Guya onlar Ər-Riyadın İran siyasətindən narazıdırlar. Livanın artıq keçmiş baş naziri Səəd Həririnin də istefasında və Ər-Riyadda saxlanmasında məhz bu amilin əsas rol oynadığı haqqında yazırlar (bax: Verda Özer. İstifa mı, suikast mı? / "Milliyet", 8 noyabr 2017). Çünki Səudiyyə rəhbərliyi Həririnin İran və "Hizbullah"la savaşa bilmədiyini iddia edir. Bunun sübutu kimi isə Ər-Riyaddakı hava limanına Yəməndən raket atılmasını göstərir. Özü də bu, Səudiyyə Ərəbistanında həbslər başlananda baş verir.

Bunlarla yanaşı, Rusiya KİV-i Səudiyyə Ərəbistanında cərəyan edən hadisələri bütövlükdə regionda ciddi və köklü dəyişikliklərin başlaması əlaməti kimi analiz edir. Bunun da başlıca olaraq Rusiyaya sərf etdiyini vurğulayır. Bir sıra ekspertlər hətta Ər-Riyadda baş verənlərin arxasında Vladimir Putinin durduğunu iddia edirlər. Onun əsas məqsədi isə Yaxın Şərqdəki ənənəvi geosiyasi balansı dəyişməklə Rusiyanı daha üstün vəziyyətə çıxarmaqdan ibarətdir.

Bütün bunların nə dərəcədə həqiqət olduğunu demək çətindir. Önəmlisi odur ki, ekspertlər Səudiyyə Ərəbistanında özünü göstərən dəyişiklikləri yalnız ölkədaxili və regional faktorlarla bağlamırlar, onun qlobal geosiyasi dinamika ilə əlaqəli olduğunu ehtimal edirlər. Bu halda Ər-Riyadda baş verənlərin Yaxın Şərqdə geosiyasi balansı dəyişə biləcəyi haqqında proqnoz vermək mümkündür. Problemin bu aspektdə bir sıra əhəmiyyətli cəhətinin olduğunu düşünürük. Hər şeydən öncə, regionda Səudiyyə Ərəbistanı-İran qarşıdurmasının yeni bir səviyyəyə yüksəldiyini demək olar.

Geosiyasi ixtilaf: müsəlman ölkələri fərqli düşərgələrdə

Tehran Yaxın Şərqdə mövqeyini gücləndirdikcə Ər-Riyad buna kəskin reaksiya verir. O cümlədən İraq və Suriya məsələsində kral Salmanın İran rəhbərliyindən narazılığı çoxdur. Ər-Riyad hesab edir ki, Tehran regionda məzhəb arı-seçkiliyini körükləməklə özünə geosiyasi dividend əldə edir. Buna "Hizbullah" yardım göstərir. Həmin səbəbdən Səudiyyə Ərəbistanı rəhbərliyi Donald Trampın İran və "Hizbullah"la bağlı atmaq istədiyi addımları alqışladı. Hətta o xətti inkişaf etdirməyi təklif etdi.

Bu kontekstdə Səudiyyə Ərəbistanı ilə İsrailin maraqlarının üst-üstə düşdüyünü iddia edənlər vardır. Hətta bu iki dövlətin birləşərək İrana qarşı dura biləcəklərini ifadə edirlər. Bu, Yaxın Şərqdə Səudiyyə Ərəbistanı-İsrail-ABŞ geosiyasi üçbucağının yarana bilməsi ehtimalını gündəmə gətirməkdədir. Bu ortaqlıqdan hər bir iştirakçının öz payı ola bilər. Amerika regionda yeni nizam yaratmış olur, İsrail müsəlman dövlətlərindən özünə müttəfiq tapır, Səudiyyə Ərəbistanı isə regionda söz sahibi kimi daha çox təsir imkanı əldə edir. Ər-Riyadda aparılan "təmizliyə" bu bağlılıqda nəzər saldıqda məsələnin digər vacib tərəfi aydınlaşır.

Belə təəssürat yaranır ki, Səudiyyə Ərəbistanında kral Salman hakimiyyəti saxlamağın ənənəvi üsuluna düzəliş edir. Burada əsas məqam monarxiya üsulu ilə şahzadələrin növbə ilə hakimiyyətə gəlməsindən ibarətdir. Məhəmməd bin Salman isə özündən əvvəldə olan şahzadələri sıradan çıxarmaqla bu qaydanı pozmuş olur. İndi hakimiyyətə real namizəd odur. Digər tərəfdən, yayılan informasiyalara görə, ölkədə kral Salmanın ailəsinə qarşı çevriliş hazırlanırmış. Bir sıra ərəb şeyxləri artıq idarəetmədə ciddi dəyişikliklərin aparılması zamanının gəldiyindən bəhs edirdilər. Oğul Salman məhz bu prosesin qarşısını alıb. Gözlənilir ki, hakimiyyət başladığı prosesi sona qədər aparacaq. Bununla da yeniləşən regionda Salman ailəsi Səudiyyə Ərəbistanında sərhədsiz hakimiyyətə malik olacaq.

Bu ssenarinin məntiqi vardır. Lakin bütün məsələlər bununlamı məhdudlaşır? Yaxud hansısa kənar qüvvələr Səudiyyə Ərəbistanı siyasi elitasını məhz həmin düşüncələrə sövq etməyib ki? Məsələ ondan ibarətdir ki, ilk dəfə olaraq ərəb ölkələri arasında ciddi siyasi ixtilaf yaranır və bunun fonunda Fələstin problemi kölgəyə düşür. Reallıq ondan ibarətdir ki, çəkişmələr ərəb-müsəlman dünyasının daxilində baş verir. İndi onlar düşmən kimi başqasını deyil, bir-birlərini görürlər. Onlara əlavə olaraq, İranı bütövlükdə müsəlman aləminin düşməni kimi göstərirlər. Deməli, baş verənlərin real nəticəsi ərəb ölkələrinin bir-birini ittiham etməsi və Fələstin məsələsinin problem kimi ilk sıradan sıxışdırılmasıdır. Və bunun fonunda İsraillə bir sıra ərəb ölkəsinin əməkdaşlığının yarana bilməsi barədə söhbətin dolaşmasıdır. Bu baş versə, doğrudan da Yaxın Şərqdə yeni geosiyasi mərhələ başlayacaq. O halda vahid müsəlman cəbhəsindən bəhs etməyin mənası qalmır.

Bunların işığında isə Ankaranın İslam ölkələrini bir araya gətirmək istiqamətində atdığı addımların taleyi də qeyri-müəyyən olur. Başqa qüvvələr müsəlman dövlətlərini daha asan bir-birindən ayrı sala bilirlər. Deməli, hələ Yaxın Şərqdə suların durulmasını gözləmək yanlışlıq olardı. Əksinə, münaqişəli vəziyyətin daha geniş məkana yayılma ehtimalının yüksəldiyini demək mümkündür. Demək mümkündür ki, yaxın perspektivdə İrana qarşı hansısa geosiyasi addım atılacaq. Burada başlıca məqsəd müsəlman ölkələri arasındakı ziddiyyətləri daha da dərinləşdirməkdən ibarət ola bilər. Görünür, Vaşinqtonun İranın elitar hərbi təşkilatını (İslam İnqilabı Keşikçiləri Korpusunu) və "Hizbullah"ı hədəf alması lokal faktorlarla, yaxud yalnız terrorla mübarizə taktikası ilə məhdudlaşmır. Nə yazıq ki, bu çirkli işlərdə Yaxın Şərqin bir sıra ərəb ölkələri də iştirakçı olmaqdadırlar.

Beləliklə, Ər-Riyadın hakimiyyət dəhlizlərində müşahidə edilən psixoloji gərginliyin kökləri daha geniş geosiyasi proseslərlə əlaqəli görünür. Yenilik lazımdır. İndi dünyanın istənilən ölkəsində dəyişiklik və siyasi yenilik özünü göstərə bilər. Ancaq əsas məsələ budur ki, belə yeniliklər xalqın mənafeyinə uyğun olsun. Səudiyyə Ərəbistanındakı həbslərin bu mənada korrupsiya ilə mübarizədən çox, xüsusi maraqlara uyğun gəldiyi qənaəti var. Bunun doğru olub-olmadığı yaxın perspektivdə aydın ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...