THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Heydər Əliyev irsi: dövlət quruculuğu kursunun aktual aspektləri

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2526
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 may 2017 – Newtimes.az

Xülasə

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi həmişə aktuallıq kəsb edir. Alimlər onu araşdırırlar və bu, davam edəcək. Məqalədə Ümummilli Liderin dövlət quruculuğu kursunun bir sıra əhəmiyyətli aspektləri təhlil edilib. Burada xarici və daxili siyasət sahəsində atılan addımların analizi verilib. Göstərilib ki, Ulu Öndərin çox mürəkkəb bir geosiyasi şəraitdə səmərəli dövlət quruculuğu konsepsiyasını işləyib hazırlaması tarixi hadisədir. Bu, faktiki olaraq, Azərbaycan milli dövlətçiliyini xilas etdi, sonrakı mərhələdə isə sürətli inkişafına təkan verdi. Həmin kontekstdə məqalədə xarici siyasətin prioritetləri üzərində geniş dayanılır. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət təhlil edilir. Bunlardan başqa, məqalədə dövlət quruculuğu prosesinin ümumi dinamikasını müəyyənləşdirən çoxlu sayda faktorlar tarixi rakursda şərh edilir. Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyevin inkişaf etdirdiyini təsdiq edən faktlar gətirilir və bunların fonunda müstəqil Azərbaycan dövlətinin perspektivləri təhlil olunur.

Tarixi təcrübə sübut edir ki, müstəqilliyini əldə etmiş ölkələrdə dövlət quruculuğu kifayət qədər mürəkkəb prosesdir. İndi ekspertlər bir sıra ölkələrdə müstəqil dövlət quruculuğu işinin baş tutmadığından bəhs edirlər. Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil dövlət quruculuğu modeli zamanın sınaqlarından uğurla çıxaraq, ölkəni bütün sahələrdə tərəqqiyə aparır. Bu prosesin çox müxtəlif aspektləri vardır. Onların hər birini bir məqalədə analiz etmək imkan xaricindədir. Lakin bir sıra mühüm tərəflər mövcuddur ki, bunların üzərində geniş dayanmaq olar. Biz bu məqsədlə Ulu Öndərin dövlət quruculuğu siyasətinin bir sıra müddəalarını təhlil etməyə çalışdıq. Məsələyə dövlət quruculuğunun konkret praktiki şərtləri daxilində yanaşılıb.

Qüdrətli şəxsiyyət: Vətənə və xalqa xidmətin misilsiz nümunəsi

Allah-Təala hər insanın üzərinə bir missiya qoyur. Böyük şəxsiyyətlər bütün xalqın yükünü çəkmək kimi müqəddəs bir vəzifəni yerinə yetirirlər. Azərbaycan xalqının qismətinə tarix boyu bir çox böyük şəxsiyyətlər düşüb. Ancaq XX əsrdə Heydər Əliyev kimi dahi bir insan ölkəmiz üçün müstəsna qiyməti olan qüdrətli şəxsiyyət idi. Həmin dövr xalqın taleyi və dövlətçilik baxımından mürəkkəb bir mərhələyə təsadüf edib.

Situasiya çox qarışıq idi. Haqla nahaqqı bir-birindən ayırmaq çətin idi. Bu dalğa çoxlu sayda qeyrətli və vətənpərvər oğulları bada vermişdi. Lakin Heydər Əliyev ən yüksək və məsuliyyətli vəzifələrdə çalışarkən bütün çətinlikləri aşaraq xalqına xidmət edib. Ulu Öndərin bütün şüurlu həyatı dövlət təhlükəsizliyi sahəsində peşəkar fəaliyyətlə sıx bağlı olub.

Sovet İttifaqının güclü olduğu bir zamanda, mərkəzə tabe olmanın yüksək səviyyədə özünü göstərdiyi dövrdə Heydər Əliyev böyük ustalıqla mənsub olduğu millətin maraqlarını gözləyib, ürəyində bəslədiyi müstəqil dövlətçilik duyğusunu müxtəlif üsullarla həyatda reallaşdırıb. Söhbət hələ sovet dövründən gedir. Keçən əsrin 70-ci illərində Heydər Əliyev Kremlin böyük maneəsinə rəğmən, Azərbaycan dilinin dövlət dili statusu alması prosesini ustalıqla apara bilib. Ümummilli Liderin həyat yoluna nəzər saldıqda, onun sevdikləri uğrunda cəsarətlə mübarizə apardığını görürük.

Hər şeydən əvvəl, Heydər Əliyev Vətənini və xalqını çox sevirdi. Bütün fəaliyyəti boyu yalnız Vətən maraqlarını üstün tutub. Azərbaycan mədəniyyəti, dili, tarixi Ulu Öndər üçün böyük əhəmiyyət kəsb edib. Heydər Əliyev daim təkrar edirdi ki, milli mədəniyyətini, adətlərini, ənənələrini, dilini qoruya bilməyən insan yaxşı qəbul edilə bilməz. Ulu Öndər doğma dili yalnız fərdi əhəmiyyətli faktor kimi nəzərdən keçirmirdi. Heydər Əliyev ana dilini daha çox xalqın sosial-mədəni inkişafı kontekstində qiymətləndirirdi. Məhz bu səbəbdən, o, Azərbaycan dilinin dövlət dili statusu alması üçün əlindən gələni etdi. Heydər Əliyev sonralar həmin mərhələ ilə bağlı xatırlayırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük". Bəli, Ulu Öndər məqsədinə nail oldu.

Heydər Əliyev rəsmi tədbirlərdə çəkinmədən ana dilinin əhəmiyyətini yüksək qiymətləndirir və azərbaycanlı ziyalıları bu sahədə fəaliyyətə səsləyirdi. Ümummilli Lider deyirdi: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün... ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz... həyatımızda geniş yer ala bilməmişdir... Bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik".

Bu fikirlərdə Heydər Əliyev dilin ünsiyyət vasitəsi və xalqın yaddaş elementi kimi funksiyasının üç mühüm cəhətini əks etdirib. Birincisi, dil millətin mənəvi-əxlaqi, siyasi, mədəni, psixoloji və s. dəyərləri ilə birbaşa əlaqəlidir. İkinci məqam elm adamları, yazıçılar, şairlər, incəsənət nümayəndələri üzərinə böyük məsuliyyət düşməsi ilə bağlıdır. Üçüncüsü, dil mədəniyyətlə tarixi yaddaş arasında bağlılıq yaradan əsas kanal rolunu oynamalıdır. Bu çərçivədə Azərbaycanın böyük yazıçı, şair, mütəfəkkir, incəsənət xadimlərinin, mənəvi-mədəni abidələrin yubileylərinin və s. keçirilməsi çox əhəmiyyətli işlər idi. Bu üsulla Ulu Öndər ictimai şüurda tarixi məqamları və keçmişi aktuallaşdırırdı ki, nəticədə, xalqın yaddaşı saxlanılırdı. Heydər Əliyev fikrini kifayət qədər lakonik şəkildə "tarix tələbkar imtahançıdır!" kimi ifadə etmişdi.

Heydər Əliyev dil məsələsini daim mədəniyyətin ümumi inkişafı və dövlətçilik şüuru ilə bağlayırdı. O, nitqlərində məsələni məharətlə bu müstəvidə qoyur və ziyalıların üzərinə hansı vəzifələrin düşdüyünü ifadə edirdi. Bu sırada Ulu Öndərin hələ 1981-ci il iyunun 12-də Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi "Ədəbiyyatın yüksək borcu və amalı" adlı tarixi nitqində ifadə etdiyi fikirlər yüksək dəyərini saxlayır. Həmin nitqində Heydər Əliyev söyləmişdi: "Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır".

Heç şübhəsiz, bu fikirlərin müasir mərhələ üçün də ciddi əhəmiyyəti vardır. Dövlət quruculuğunun indiki mərhələsində dövlət dilinin statusunun möhkəmləndirilməsi aktuallığını saxlamaqdadır. Bu işdə alimlərin, yazıçıların, mədəniyyət xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyevin dövlət quruculuğu konsepsiyası daxilində həmin özəllik ayrıca əhəmiyyət kəsb edir. Məsələ ondan ibarətdir ki, Ulu Öndər üçün müstəqil dövlət qurmaq birinci dərəcəli vəzifə kimi qəbul edilirdi. Çünki müstəqil dövləti olmayan millətin gələcəyi yoxdur. Xüsusilə müasir tarixi mərhələdə bu problem strateji məna kəsb edir. Burada Heydər Əliyevin iki tarixi xidmətini vurğulamaq gərəkdir.

Birincisi, Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusudur. İkincisi, bu dövlətin müxtəlif tərəflərdən olan təhlükələri adlayaraq, ayaqda durmasını təmin etdiyinə görə, onun xilaskarıdır. Azərbaycanın çox mürəkkəb geosiyasi məkanda yerləşdiyini nəzərə aldıqda, bu iki cəhətin – yaradıcılıqla xilaskarlığın bir araya gətirilməsinin bütövlükdə millətin taleyi üçün prinsipial əhəmiyyət daşıdığını dərk etmiş olarıq.

Həqiqətən, Heydər Əliyev keçən əsrin 90-cı illərindən başlayaraq, mükəmməl dövlət quruculuğu kursunu reallaşdırmağa başladı, paralel olaraq, onu qorumaq üçün ciddi fəaliyyət göstərdi. Sirr deyil ki, həmin mərhələdə müxtəlif kənar qüvvələr Azərbaycanı parçalamağa çalışırdılar. Onlar dövlət adamlarına qarşı sui-qəsdlər törədirdilər. Hətta Heydər Əliyevi aradan götürmək üçün cəhdlər də edildi.

Nə qədər ağır olsa da, Ulu Öndər öz cəsarəti, zəkasının gücü, iradəsi və xalqının yüksək dəstəyi ilə bütün maneələri aşa bildi, dövlət çevrilişlərinin qarşısını qətiyyətlə aldı. Qurduğu müstəqil dövləti göz bəbəyi kimi qorudu və onun tarixi xilaskarı oldu. Bunlar Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindəndir. Gənc nəslin onları dərindən öyrənməsi çox vacib vəzifədir. Çünki həmin hadisələr mahir siyasətçinin, güclü liderin, sadiq vətənpərvərin göstərdiyi gözəl nümunələrlə zəngindir.

Bütün azərbaycanlı gənclər bilməlidirlər ki, bu dahi şəxsiyyət misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq.

Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Müstəqil dövlətimiz o dühanın nuru ilə əbədi yaşayacaq, bayrağımız göylərə ucalacaq. O bayraq bir daha enməyəcək, əksinə, xalqı daha yüksək zirvələrə doğru irəliləməyə ruhlandıracaq! Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür!

Neft strategiyası: uzaqgörənlik timsalı

Ulu Öndərin çox uzaqgörən siyasətçi olduğunu dünyanın siyasi liderləri etiraf ediblər. Onun konkret nümunələri də vardır. Onların sırasında neft strategiyası xüsusi yer tutur. Məlumdur ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində enerji faktoru bütövlükdə geosiyasət üçün xüsusi əhəmiyyət kəsb edib. Nəzəriyyəçilər və strateqlər onu, ümumiyyətlə, qlobal geosiyasi nizamın çox vacib parametri kimi təqdim edirlər. Bütün geosiyasət nəzəriyyələrində enerjidaşıyıcıları strateji faktor kimi yer alıb. Bu faktorun müstəqilliyini əldə etmiş gənc ölkələr üçün başqa bir əhəmiyyəti də var. Belə ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq, aparıcı rol oynamalıdır.

Əks halda, müstəqillik və suverenlik ciddi təhlükə qarşısında qalar. Heydər Əliyev keçən əsrin 90-cı illərindən bütün bu məqamları diqqətə alaraq mükəmməl neft strategiyası işləyib hazırladı. Onu reallaşdırmaqla Azərbaycanın addım-addım həm regionun liderinə çevrilməsinin təməlini qoyub, dövlətin qlobal siyasətdə rolunu yüksəldib, həm də böyük dövlətlərin regionda maraqlarının tarazlaşdırılmasında ustalıqla istifadə edib. Balanslı siyasət öz səmərəliliyini göstərib, indi də onun bəhrələrini bütövlükdə Cənubi Qafqaz görməkdədir.

Neft siyasətinin ölkədaxili, regional və qlobal rolunun təhlili müasir dərsliklər üçün qiymətli hədiyyə ola bilər. Ölkə daxilində neft strategiyası böyük bəhrələr verib. Bütün sahələr üzrə islahatların aparılmasına, iqtisadiyyata sərmayələrin qoyulmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə və sabit inkişafın təmin edilməsinə ciddi dəstək olub. Neft layihələrindən əldə edilən gəlirlər sosial tələbatların ödənilməsinə, iqtisadi infrastrukturun yenidən qurulmasına, demokratik institutların formalaşdırılmasına, bütün sferalar üzrə inkişafın təmin edilməsinə yönəldilib. Nəticədə, Azərbaycanın daxilində həm sabitlik yüksək səviyyədə təmin edilib, həm də insanların rifah halı sürətlə yüksəlib. Bu proses indi də bütün sürəti ilə davam edir.

Regional miqyasda Heydər Əliyevin neft strategiyası çox böyük səmərə verməkdədir. Hər şeydən öncə, bu strategiya sayəsində Cənubi Qafqazda geosiyasi sabitliyə nail olunub. Çünki neft strategiyası beynəlxalq layihələrin reallaşmasını nəzərdə tutub, regiona bir çox ölkələr sərmayə qoyublar. Bu da, təbii olaraq, burada sabitliyin və əməkdaşlığın inkişaf etməsi üçün birbaşa fayda verməkdədir. Təsadüfi deyil ki, regional əməkdaşlığın inkişafı Azərbaycanın neft strategiyasının əhəmiyyətli parametrlərindən biri, eyni zamanda, xarici siyasətin prioritetlərindən biridir. Digər tərəfdən, Ulu Öndər böyük uzaqgörənliklə nəzərə almışdı ki, varisi İlham Əliyev regional əməkdaşlıq formatlarını daha da şaxələndirəcək, onlara yeni məzmun verəcəkdir. Bakı-Tbilisi-Ceyhan kimi vacib layihəyə yeniləri əlavə olunacaq və bunlardan başqa müxtəlif formatda əməkdaşlıq modelləri təklif ediləcək. Şübhəsiz ki, bunun həyata keçməsində Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının böyük rolu vardır.

Ulu Öndərin neft strategiyasının qlobal miqyasda oynadığı rol haqqında dünyanın böyük dövlətlərinin siyasi liderləri fikirlərini bildiriblər. Hazırda enerji təhlükəsizliyi bütövlükdə qlobal təhlükəsizliyin əsas tərkib hissələrindən biri sayılır. Bir sıra hallarda hətta onu təhlükəsizlik və sabitliyin mərkəzi punktu kimi qiymətləndirirlər. Xüsusilə böyük dövlətlərin geosiyasi qarşıdurması fonunda bu məsələ ayrıca əhəmiyyət kəsb edir. Avropada maliyyə böhranının dərinləşməsi fonunda enerji təhlükəsizliyi daha da aktuallaşıb. Avropa İttifaqına üzv dövlətlərin siyasi maneə olmadan enerji ilə təminatı ətrafında ciddi müzakirələr başlayıb. Burada Qərb ekspertləri nəhəng enerji istehsalçılarının müəyyən təzyiqlərini nəzərə almağa məcbur oldular.

Digər tərəfdən, qloballaşma şəraitində dünyanın bütün regionlarının bir-birindən asılılığı daha da artır. Avropanın Uzaq Şərq ölkələri ilə iqtisadi, ticari, energetik əlaqələrini inkişaf etdirməsi vacib vəzifə kimi qarşıya gəldi. Burada Çin-Mərkəzi Asiya-Xəzər hövzəsi-Qara dəniz-Cənubi Avropa-Mərkəzi Avropa-Şimali Avropa xəttində sabit işləyə biləcək əməkdaşlıq formatlarının yaradılmasına ciddi ehtiyac meydana gəldi. Məhz bu cür strateji dəyəri olan bir prosesdə Ulu Öndərin keçən əsrin 90-cı illərində yaratdığı neft strategiyası mühüm rol oynaya biləcəyini dünyaya nümayiş etdirdi. Düşünürük ki, analitiklər hələ uzun müddət bu məsələnin nəzəri və praktiki tərəfini təhlil edib, mühüm nəticələr çıxaracaqlar. Çünki həmin faktor müasir geosiyasətin olduqca aktual aspektlərini dərk etməkdə böyük rol oynaya bilər.

Heydər Əliyev prezidentliyi dövründə neft strategiyasını qətiyyətlə həyata keçirərək, faktiki olaraq, Qərblə Şərq arasında "enerji dəhlizi" yaratdı. Həm də nəinki yaratdı, onun işlək olduğunu siyasəti ilə sübut etdi. Azərbaycan üçün qanlı-qadalı olan 90-cı illərin ortalarında məhz Heydər Əliyevin neft strategiyasının səmərəsiz olduğunu sübut etməyə çalışan müəyyən dairələrin hansı təxribatları törətdiyi hər kəsin yadındadır.

Gah ekologiya problemlərini ortaya atdılar, gah Gürcüstanda bəzi dairələr yeni iddialarını dilə gətirdilər, gah sui-qəsdlər təşkil edildi, gah dövlət çevrilişlərinə cəhdlər oldu, gah da Bakı-Tbilisi-Ceyhanın maliyyə baxımından səmərəsiz olduğunu sübut etməyə çalışdılar. Əksər siyasi liderlərin qorxudan titrədiyi bir mərhələdə Azərbaycanın böyük oğlu sinəsini irəli verib, əks tərəfin bütün cəhdlərini darmadağın etdi. Sonra böyük dövlətlərin rəhbərləri, qonşu ölkələrin başçıları, mütəxəssislər, layihədə iştirak edən şirkətlərin rəhbərləri açıq etiraf etdilər ki, Heydər Əliyevin əzmi, siyasi-diplomatik ustalığı, qətiyyəti və uzaqgörənliyi sayəsində Bakı-Tbilisi-Ceyhan işlədi. Ulu Öndər neft strategiyasını o səviyyədə geniş və dərindən işləmişdi ki, harada nələrin meydana çıxa biləcəyini gözəl bilirdi. Bu səbəbdən, əsas məqsədə doğru dayanmadan irəliləyirdi.

Başqa tərəfdən, bir müddətdən sonra neft strategiyasının gələcək üçün böyük potensialının olduğu da aydınlaşdı. Bu, daha çox böyük dövlətlərin enerji mənbələri uğrunda apardıqları gərgin mübarizənin fonunda özünü göstərdi. Belə ki, çox mürəkkəb bir vəziyyət yarandı. Onda Ulu Öndərin neft strategiyasının başlıca tezislərinə uyğun olaraq Prezident İlham Əliyev səmərəli addımlar atdı. Azərbaycan nəinki enerji sahəsində əməkdaşlıq səviyyəsini genişləndirdi, hətta daha əhəmiyyətli layihələrin təşəbbüskarı da oldu.

Əgər Heydər Əliyevin neft strategiyası olmasa idi, TAP, TANAP, "Cənub qaz dəhlizi" kimi meqalayihələr meydana gəlməyəcəkdi. Həm də bu layihələrin bütövlükdə müasir geosiyasi düzənin formalaşmasına ciddi töhfəsini nəzərə almaq gərəkdir. Çünki sadalanan layihələr mahiyyətcə geosiyasi balansı təmin edir, böyük dövlətlərin maraqlarını toqquşdurmayıb onlar arasında uzlaşma sahələrinin formalaşmasına şərait yaradır. Bununla bağlı Avropa İttifaqının yüksək rütbəli rəsmi şəxsləri dəfələrlə öz fikirlərini söyləyib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Burada mütləq bir məqamı vurğulamaq istərdik.

Biz, regionun digər müstəqil dövlətlərinin son 25 ildə enerji və əməkdaşlıq sahəsində atdıqları addımların fonunda Ulu Öndərin neft strategiyasının bir çıx üstün cəhətlərinin aydın göründüyünü nəzərdə tuturuq. Təbii ki, Rusiya və İran kimi böyük enerji ehtiyatları olan ölkələrin bu sahədə dəqiq işlənmiş strategiyası mövcuddur. Ancaq Heydər Əliyevin dahiliyi ondan ibarətdir ki, faktiki olaraq, heç nədən möhtəşəm bir enerji strategiyası hazırladı və qısa müddətdə onu reallaşdırdı. O dərəcədə buna nail oldu ki, cəmi bir neçə ilə Azərbaycan böyük dövlətlərlə enerji siyasətində rəqabətə girə bildi! İndi Azərbaycanı heç kim enerji sahəsində ikinci dərəcəli oyunçu hesab edə bilməz.

Ermənistan və Gürcüstanın enerji siyasəti ilə müqayisədə isə Ulu Öndərin enerji strategiyası heç düşünülməz səviyyədə yüksəkdədir. Hətta bunları ciddi elmi aspektdə müqayisə etmək qüsurludur. Çünki Heydər Əliyev dünya miqyasında mühüm rolu olan enerji siyasətini bütün çətinliklərə baxmayaraq reallaşdırarkən Ermənistan və Gürcüstan, xarici dəstəyin olmasına rəğmən, faktiki surətdə tutarlı heç bir iş görə bilmədilər. Bu, danılmaz faktdır!

Məsələn, Ermənistan tamamilə Rusiya və İrandan enerji asılılığı vəziyyətinə düşdü. İndi də rəsmi İrəvan enerji strategiyasının nə olduğunu bilmir, qavramaq imkanından məhrumdur. Ermənistan rəhbərliyinin işi gah Moskvadan, gah da Tehrandan yardım diləməkdən başqa bir şey deyil. Onların enerji sahəsində atdıqları addım hazırda İranla Rusiya arasında ziddiyyətlər yaradıb. İran qazının Ermənistandan keçərək, Gürcüstana çatdırılması və oradan Avropaya çıxarılması haqqında yayılan söz-söhbət isə nəticəsiz bir layihə təsiri bağışlayır. Çünki daha sabit, təhlükəsiz, səmərəli Azərbaycan-Gürcüstan-Türkiyə marşrutunun əvəzində qeyri-müəyyən istiqamətlərə düşüncəli siyasətçilər qol qoymazlar.

Gürcüstana gəldikdə isə, bu ölkə Azərbaycanın iştirak etdiyi layihələrin hesabına müəyyən dividendlər əldə edib və etməkdədir. Bəzi mərhələlərdə Tbilisi hansısa alternativlər aramaq fikrinə düşür, lakin təcrübə göstərir ki, Azərbaycan daha sərfəli əməkdaşlıq modeli təklif edir. Bu səbəbdən də Gürcüstanın enerji siyasətinin əksər məqamlarda Azərbaycanın neft strategiyası ilə bağlı olduğu nəticəsini çıxara bilərik. Yeri gəlmişkən, eyni fikri Ukrayna ilə əlaqədar da demək olar. Aparılan danışıqlar göstərir ki, Kiyev Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. KİV Qara dəniz vasitəsilə Ukraynaya enerjidaşıyıcılarının çatdırılması imkanları haqqında xeyli vaxtdır ki, yazır.

Son müqayisələrdən maraqlı qənaət əldə edilir. Belə ki, Azərbaycanın enerji strategiyası yalnız özünün deyil, həm də region dövlətlərinin enerji təhlükəsizliyi üçün qiymətlidir. Yəni onun beynəlxalq miqyasda konkret geosiyasi səmərəsi danılmazdır. Bunun kökündə Ulu Öndərin neft strategiyasına verdiyi məzmun dayanır. Və illər ötdükcə bu potensialın çox geniş olduğu öz təsdiqini tapır.

Bunlar onu göstərir ki, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, səmərəli enerji siyasəti, təhlükəsizlik, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb, onun müsbət beynəlxalq imicinin formalaşmasını təmin edib. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib.

Xarici siyasət: uğurlu modelin zəfərləri

Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş baş verib. Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl azərbaycanlı idi. Hələ sağlığında ikən özünə əbədiyaşarlıq qazanan Ümummilli Lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Vətəninin çağdaş tarixində elə bir iz qoyub ki, bu gün Azərbaycanı Ulu Öndərsiz təsəvvür etmək mümkün deyildir.

Heydər Əliyevin xarici siyasət kursuna təhlili yanaşdıqda, yuxarıda vurğulanan fikirlərin doğruluğuna bir daha əmin ola bilərik. Azərbaycan müstəqilliyinə çox mürəkkəb geosiyasi dinamikanın mövcud olduğu bir mərhələdə qovuşub. Faktiki olaraq, Azərbaycan dövləti iki istiqamətdən təhlükə altında idi. Onlardan biri Ermənistanın havadarlarının yardımı ilə ərazilərimizin 20 faizini işğal etməsi ilə bağlı idi. Digəri isə böyük dövlətlərin öz maraqlarını təmin etmək üçün çətin proqnozlaşdırılan addımlar atmasından qaynaqlanırdı. Bu iki faktor bir yerdə dövlətçilik üçün ciddi təhdidlər yaradırdı. Onu da nəzərə almaq gərəkdir ki, 1991-1993-cü ilin iyununa qədər ölkəyə rəhbərlik edənlərin naşılığı əlavə problemlər yaratmışdı. O cümlədən daxildə qeyri-sabitlik vardı, düşmən təcavüzkar siyasətini getdikcə genişləndirirdi.

Belə ağır şərtlər altında, təbii ki, səmərəli və düşünülmüş xarici siyasət kursu formalaşdırmaq olduqca mürəkkəb bir iş idi. Lakin Heydər Əliyevin təcrübəsi, siyasi qətiyyəti və uzaqgörənliyi bütün əngəlləri dəf edərək çox faydalı və effektiv xarici siyasət kursu yaratmağa imkan verdi. Qısa müddətdə Azərbaycan xarici siyasətdə özünü səfərbər edə bildi. Onun beynəlxalq miqyasda ilk əlamətləri Ulu Öndərin BMT-nin yüksək tribunasından söylədiyi nitqlərdə öz ifadəsini tapıb.

BMT Baş Məclisinin 49-cu sessiyasında Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, Azərbaycan "...qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutub".

Xarici siyasətin dayanacağı əsas prinsipi isə Ulu Öndər bir il sonra BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə konkret ifadə edib. Ümummilli Lider deyib: "Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə...fəxr edirik".

Bu tezisini Ulu Öndər həmin il oktyabrın 22-də Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi təntənəli iclasında inkişaf etdirərək bəyan edib: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik".

Yəni Azərbaycanın siyasətinin kökündə onun dünya birliyində bərabərhüquqlu yer tutması dayanır ki, əsas məqsəd regionda və dünyada sülhü, barışı təmin etmək üçün fəaliyyət göstərməkdən ibarətdir. Azərbaycan seçdiyi xarici siyasət kursunda yalnız beynəlxalq hüququn imkan verdiyi çərçivə daxilində fəaliyyət göstərir, demokratik qaydalara, qanunçuluğa, sivil və şəffaf münasibətlər qurmağa üstünlük verir. Bunun üçün başlıca siyasi məqsədi sülh və əməkdaşlıqdır. Təcrübə Heydər Əliyevin bu təməl prinsipinin rəsmi Bakının fəaliyyətində tam təsdiqini tapdığını göstərməkdədir.

Deməli, Azərbaycanın xarici siyasət kursunda aşağıdakı üç ümumi məqam vəhdət halındadır: yeni dünya qaydasının fundamental prinsiplərinin tərəfdaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizliyin olmasına inam, Azərbaycanın hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursundan dönməyəcəyi qətiyyəti və Azərbaycanın dünya birliyi ilə BMT Nizamnaməsinin, beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq şəraitində siyasət yeritməsi. Təcrübə tam sübut etməkdədir ki, Azərbaycan bu əsasda xarici siyasətdə kifayət qədər əhəmiyyətli nəticələr əldə edib. Onun bariz nümunələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan rəhbərliyinin tutduğu mövqedir. Bu məsələ nə qədər mürəkkəb olsa da, Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu əsasında ölkə rəhbərliyi sülh yolu ilə problemi həll etməyin prioritet olmasından imtina etməyib. Azərbaycanın başlıca şərti işğalçının zəbt etdiyi bölgələrimizdən qeyd-şərtsiz çəkilməsindən ibarətdir.

Təcrübə göstərdi ki, bütün təxribatlara baxmayaraq, Azərbaycan rəhbərliyi sülh yolundan bir addım belə çəkilmədi. Ulu Öndərin xarici siyasət kursu dəqiq prinsiplər üzərində qurulduğundan danışıqların bütün mərhələlərində Azərbaycan eyni mövqedən çıxış etdi və bu, davam edir. Onu da nəzərə alaq ki, Azərbaycan diplomatiyası erməni tərəfinin daim müxtəlif təxribatçı addımları ilə üz-üzə bu istiqamətdə fəaliyyət göstərir. Rəsmi İrəvan həqiqətdən qaçmaq, öz işğalçı xislətini gizlətmək üçün şıltaqlıq edir, havadarlarının dəstəyi ilə qəbul edilən sənədlərin yerinə yetirilməsinə əngəllər törədir. Kifayət qədər əsəbi gərginliyin olduğu bir şəraitdə Azərbaycan rəhbərliyi təmkinini qoruyur, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət xəttindən kənara çıxmır.

Bu siyasət öz bəhrəsini verir. Artıq bütün beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar ölkə olduğunu qəbul edir, hazırladıqları sənədlərdə işğalçının zəbt etdiyi torpaqlardan çıxmasını tələb edirlər. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də mövcud status-kvonun saxlanmasının mümkün olmadığını ifadə edirlər. Münaqişənin Madrid prinsipləri, Vyana, Sankt-Peterburq müzakirələri əsasında həll edilməsi, Helsinki konvensiyasının şərtlərinə əməl olunması zəruriliyi vurğulanıb. Bütün bunlar Heydər Əliyevin xarici siyasət kursunun əzmkarlığı, qətiyyəti, ədalətliliyi və fəallığı əsasında mümkün olub.

Şübhə yoxdur ki, Azərbaycanın xarici siyasəti Heydər Əliyev prinsiplərinə dayanaraq bundan sonra da fəallığını saxlayacaq. İşğal edilmiş torpaqlarımızın azad ediləcəyi gün gələcək. Bu istiqamətdə Prezident İlham Əliyevin qətiyyətli siyasəti ərazi bütövlüyünün bərpa edilməsini təmin edəcək. Və bir həqiqət həmişə göz önündə tutulacaq: Azərbaycanın ərazi bütövlüyü yalnız Ulu Öndərin xarici siyasət kursunun əsasında gerçək olacaq!

Heydər Əliyevin xarici siyasət kursunun prioritetləri bütün istiqamətlərdə öz səmərəsini verməkdədir. Artıq analitik və ekspertlərin geniş təhlil etdikləri həmin məqamlara kimsənin şübhəsi yoxdur. Regionun böyük dövlətləri, Rusiya, ABŞ, Avropa və Şərq istiqamətlərində ağıllı, təmkinli və ardıcıl siyasətin aparılmasının nəticəsidir ki, indi Azərbaycan beynəlxalq miqyasda nüfuza malik müstəqil dövlət kimi tanınır. Hələ keçən əsrin 90-cı illərində Ulu Öndər çox qarışıq şərtlər daxilində xarici siyasətin prioritetlərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdi.

Ümummilli Lider dünyanın böyük dövlətləri ilə aktiv diplomatik təmaslar quraraq Azərbaycanın təbii maraqlarını onlara anlatmış, qarşılıqlı faydalı əməkdaşlığın verəcəyi bəhrələri izah etmişdi. Bunun nəticəsidir ki, Rusiya, Aİ və ABŞ Bakı ilə əməkdaşlığa strateji önəm verməyə başladılar. Regionun bütün dövlətləri ilə (işğalçı Ermənistan istisna olmaqla) Azərbaycanın daim inkişaf edən münasibətləri yaradıldı. O cümlədən uzun müddət soyuq olan Rusiya-Azərbaycan və İran-Azərbaycan münasibətləri sağlam təməl üzərinə gətirildi. Bu proseslərdə Heydər Əliyevin gərgin əməyi, incə diplomatiyası və siyasi qətiyyətinin yüksək rol oynadığını həmin ölkələrin rəhbərləri açıq etiraf ediblər və etməkdədirlər. Müasir mərhələdə Cənubi Qafqazda böyük dövlətlərin maraqlarının toqquşması fonunda bu, müstəqil dövlətçiliyə böyük töhfədir.

Heydər Əliyev 1993-2000-ci illər arasında Avropa, Rusiya, İran, Türkiyə, Çin və digər dövlətlərə səfərlər edib və hamısında ciddi uğurlar qazanıb. Bütün bu səfərlərdən Azərbaycanın xarici siyasət kursu qətrə-qətrə məzmun kəsb edib, formalaşıb, təkmil və sistemli fəaliyyət sahəsinə çevrilib. Qlobal geosiyasət çərçivəsində bu prosesin praktiki ilə yanaşı, nəzəri əhəmiyyəti də vardır. Onu iki aspektdə görmək mümkündür.

Birincisi, keçən əsrin 90-cı illərindən başlayaraq, qlobal geosiyasətdə prinsipial dəyişikliklər müşahidə edildi. Sovetlərin çökməsi ilə dünya birqütblü oldu. Liberal dünya nizamı özünün yüksək zirvəsinə çatdı. Bu şəraitdə ABŞ-ın başçılığı ilə Qərb siyasi iradəsi dünyaya ağalıq iddiasını gücləndirdi. Müxtəlif regionlarda Amerika öz istəyinə uyğun qayda yaratmağa çalışdı. Bu zaman yerli dövlətlərin maraqlarına və tarixi özünəməxsusluğuna bir laqeydlik özünü göstərməyə başladı. Bu cür qlobal qeyri-müəyyənlik və ədalətsizliyin, ikili standartların hökm sürdüyü mərhələdə müstəqilliyini əldə etmiş dövlətin optimal səmərəli xarici siyasət kursu seçməsi böyük ustalıq, təcrübə və diplomatik təmkin tələb edirdi.

Heydər Əliyev beynəlxalq tribunalardan açıq və əsaslı surətdə Azərbaycanın hansı mövqedə olduğunu bəyan etdi. Biz bunun əyani nümunəsi kimi, yuxarıda Ulu Öndərin BMT-də söylədiyi iki nitqindən misallar gətirdik. Ancaq Heydər Əliyevin mürəkkəb qlobal geosiyasi durumda əsl vətənpərvər, dövlətçi, demokrat kimi xarici siyasət kursuna məzmun verməsi deyilənlərlə məhdudlaşmır.

Əksinə, olduqca fəal və intensiv keçirilən görüşlər, müzakirələr, hətta xəritə üzərindəki geniş izahlar hər kəsə anlatdı ki, Azərbaycan müstəqil dövlət kimi xarici siyasətini tam düşünülmüş, milli maraqlara, beynəlxalq barışa, sülhə və ədalətə uyğun aparacaq. Ulu Öndər prezidentliyi müddətində bu xətdən zərrə qədər də kənara çıxmadı, real addımları ilə bu siyasi kursun bütün dünya üçün səmərəsini sübut etdi. Bunun konkret təsdiqi Azərbaycanın qısa müddətdə regionun lider dövlətinə çevrilməsidir.

İkinci aspekt Azərbaycanın bir dövlət olaraq müstəqil və suveren siyasət yeritməsinin təmini ilə bağlıdır. Məlumdur ki, keçmiş sovet respublikalarının sırasında həqiqi mənada müstəqil xarici siyasət yeridən ölkələri barmaqla saymaq olar. Cənubi Qafqazda bunu daha çox Azərbaycan edə bilib. Ermənistan tam olaraq kənar qüvvələrin təsiri altındadır. İrəvan xarici ağalarından aldığı əmrlərə uyğun hərəkət edir. Bundan bir addım belə kənara çıxa bilməz.

Bu səbəbdəndir ki, rəsmi İrəvan regionda təhlükə mənbəyidir. Ermənistanın dövlət olaraq hansı situasiyada hansı addımı atacağı bilinmir. Bu, onun güclü olması ilə deyil, kənardan tam asılılığı və zəifliyi ilə bağlıdır. Deməli, regionda müstəqil xarici siyasət yeridə bilməyən ölkələr, faktiki olaraq, ciddi təhdid qaynağına çevrilir.

Gürcüstan isə xeyli dərəcədə Qərbin siyasi dairələrinin təsiri altındadır. Tbilisi bu birtərəfli siyasətinin badına gedərək Rusiya ilə münasibətlərini düzəldə bilmir. İnkarçılıq geosiyasi reallığa uyğun gəlmir. Bunu artıq rəsmi Tbilisi belə etiraf etməkdədir. Nəticədə, Gürcüstan geosiyasi aspektdə bir qədər qeyri-müəyyən vəziyyətə düşüb. Bu vəziyyət hazırda davam edir və qonşu dövlətin təhlükəsizliyini müəyyən dərəcədə təhlükəyə atır. Deməli, keçən əsrin 90-cı illərində Gürcüstanın xarici siyasətinin əsaslarının reallığa tam uyğun qurulmaması öz mənfi təsirini indi də göstərir.

Beləliklə, Ulu Öndərin xarici siyasət kursu reallıqda ən səmərəli olduğunu təsdiq edib. Hazırda dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən bəhrələnməyə çalışır, Heydər Əliyevin siyasi ustalığının sirlərini öyrənməyə cəhd edirlər. Şübhəsiz ki, Azərbaycan bu zəngin və çox qiymətli xəzinənin sirlərini nəinki əxz etməli, həm də onu əbədiyyən yaşatmalıdır. Xarici siyasət sahəsində Azərbaycanın sıçrayışı, Ulu Öndər Heydər Əliyevin yeritdiyi strateji siyasətin uğurla davam etdirilməsinin və genişləndirilməsinin nəticəsidir.

Diaspor quruculuğu: Ulu Öndərin tövsiyələri ilə

Həmin strategiyada xüsusi yeri olan məsələlərdən biri də Azərbaycan diasporunun yaradılması, təşkilatlandırılması və inkişaf etdirilməsidir. Heydər Əliyevə qədər xaricdə yaşayan azərbaycanlıların birliyi, təşkilatlanması yox dərəcəsində idi. Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün böyük ustalıqla ardıcıl siyasət yeritməyə başladı. Diaspor təşkilatlarının fəaliyyət strategiyasını müəyyənləşdirdi, onların Azərbaycanın haqq səsini dünyaya çatdırmasının mexanizmlərini işləyib hazırladı, verdiyi tövsiyələr və həyata keçirdiyi konkret proqramlarla qısa müddətdə bir çox ölkələrdə Azərbaycan diaspor təşkilatlarının formalaşmasına nail oldu.

Ulu Öndər Azərbaycan diasporunun Avropada inkişaf etdirilməsinə ayrıca önəm verirdi. Təbii ki, MDB məkanında diaspor fəaliyyətinin gücləndirilməsi də ilkin vəzifələrdən idi. Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis edib, bununla bağlı qurultaylar keçirməklə azərbaycançılığın inkişafına çox güclü təkan verdi. Belə ki, həmin qurultaylarda söylədiyi nitqlərdə Azərbaycan dövləti və azərbaycançılıq ideologiyası üçün həyati əhəmiyyəti olan məsələləri analiz edir, onların izahını verir və əsas məqamlar ətrafında birləşmənin vacibliyinə insanları tam inandırırdı. Təsadüfi deyil ki, azərbaycanlılar təşkilat halında fəaliyyətlərini xeyli gücləndirərək erməni təbliğatının əsl simasını dünyaya tanıtdıra bildilər.

Diaspor təşkilatları Ulu Öndərin tövsiyələri ilə həm Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etməyi, həm azərbaycançılıq məfkurəsinin mahiyyətini insanlara izah etməyi, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətlərə daha səmərəli inteqrasiya olmalarının yollarını yaxşı mənimsəyə bildilər. Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında diaspor təşkilatları möhkəmləndi və inkişaf etdi. Onların sayı sürətlə artdı, fəaliyyətləri konkret məsələlərə yönəldi, vahid ideologiya ətrafında birləşdilər. Azərbaycan hökumətində diasporla iş üzrə xüsusi komitənin yaradılması isə bu istiqamətdəki fəaliyyətə yeni impuls verdi.

Heydər Əliyev diaspor təşkilatlarının fəaliyyətinin əsasına azərbaycançılıq ideologiyasını qoydu. Burada iki məqama Ümummilli Lider xüsusi önəm verirdi. Onlardan birincisi azərbaycanlıların milli-mənəvi dəyərlər ətrafında birləşməsindən ibarət idi. Ulu Öndər müraciət edirdi ki, harada olmasından asılı olmayaraq azərbaycanlı öz milli kimliyini bilməli, adət-ənənələri qorumalı, milli dəyərləri təbliğ etməlidir. Milliliyini itirmiş insanlar heç bir şeyə yaramırlar. Azərbaycanlılar tarix boyu öz milli kimliklərini dərk edib, adət-ənənələrə sadiq qalıblar. Müasir mərhələdə bu məsələ daha da aktuallaşıb.

Buna görə də azərbaycanlılar mütləq azərbaycanlılıqlarını saxlamalıdırlar, bunun nümunələrindən biri isə Azərbaycanı Vətən kimi sevməkdir. Vətənsevərlik azərbaycançılıq ideologiyasının mərkəzi tezisidir. Burada həm də müstəqil Azərbaycan dövlətinin mövcudluğunun zəruriliyini anlamaq vardı. Deməli, Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların müstəqil dövlətçilik və vətənsevərlik dəyərləri ətrafında birləşdirməklə uzaqgörən humanist bir diaspor siyasətinin əsasını qoyub. Öz milli kimliyini dərk edən, tarixini, mədəniyyətini sevən insanlar həmişə vətənsevər olurlar. Bu mənada onlar həm də azərbaycançıdırlar.

Heydər Əliyevin əhəmiyyət verdiyi ikinci məqam azərbaycanlıların başqa mədəniyyətlərə açıq olması ilə bağlıdır. Yəni əsl vətənpərvər azərbaycanlı yalnız milli mədəniyyəti dərindən bilməli deyil, həm də dünya mədəniyyətini öyrənməli, onun sirlərinə yiyələnməli, fərqli mədəniyyət daşıyıcılarına hörmətlə yanaşmalıdır. Bu keyfiyyət isə azərbaycanlılara yaşadıqları ölkənin ictimai-siyasi həyatına inteqrasiya olmağa ciddi təkan verir. Azərbaycanlılar xarici ölkələrdə cəmiyyətlərə nə qədər sıx inteqrasiya olsalar, müstəqil dövlətin haqq səsini, Azərbaycan mədəniyyətinin incəliklərini, azərbaycanlıların tolerantlığını da dünyaya bir o qədər çox çatdırmış olarlar.

Təcrübə Ulu Öndərin diaspor siyasətinin bu aspektlərinin yüksək səmərə verdiyini sübut etdi. Hazırda Azərbaycan diasporu yaxşı struktur-funksional özəlliklərə malik, geniş fəaliyyət göstərən vahid orqanizm halındadır. Diaspor xarici ölkələrdə düşmənin təxribat xarakterli addımlarını neytrallaşdırır, həqiqətin üzə çıxması üçün ciddi addımlar atır. Bütün bunlara görə, Azərbaycan Ulu Öndər Heydər Əliyevə borcludur.

Yuxarıda vurğulanan məqamlar Heydər Əliyevin daxili siyasət kursu ilə tam uyğunluq təşkil edir. Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafı, sosial-mədəni və iqtisadi tərəqqisi üçün mükəmməl proqramlar hazırlayan Ulu Öndər dərin islahatlar xəttinin dinamik inkişaf etdirilməsinin də şərtlərini müəyyənləşdirib. Azərbaycanda güclü dövlət quruculuğunun demokratik cəmiyyətin formalaşdırılması ilə həmahəng aparılması tarixi nailiyyətdir. Buna görədir ki, hazırda Azərbaycan modernləşmənin növbəti mühüm mərhələsini uğurla başa vurur, vətəndaş cəmiyyətinin qurulması istiqamətində səmərəli addımlarını atır.

Layiqli varis: müstəqil Azərbaycan yeni zirvələr fəth edir

Ulu Öndərin layiqli varisi İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirib. Azərbaycan iqtisadi, enerji, regional əməkdaşlıq, təhlükəsizlik, siyasət, mədəniyyət sferalarında dünya üçün əhəmiyyəti olan layihələrə imza atıb. Daha önəmlisi ondan ibarətdir ki, İlham Əliyev Ulu Öndərin irsini həm qoruyub, həm də yaradıcı surətdə yeni şərtlər daxilində yeni çalarlarla zənginləşdirib. Belə ki, Azərbaycan Prezidenti varisliyi gözləməklə bütün sferalarda Azərbaycanın milli maraqlarına cavab verən islahat proqramlarını sistemli surətdə həyata keçirir və sürətlə dəyişən geosiyasi, mədəni, iqtisadi, hərbi və energetik mühitə uyğun olan addımlar atır. Bunlar dərin düşünülmüş və sistemli xarakter daşımaqla müstəqil dövlət quruculuğunun Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplərinə tam uyğundur.

Bunları konkret faktlar sübut edir. İlham Əliyev dövlət başçısı olduğu müddətdə Azərbaycan beynəlxalq arenada nüfuzunu sürətlə yüksəldib. Ölkənin beynəlxalq təşkilatlardakı fəallığı bir neçə dəfə artıb. Bu səbəbdən son 15 ildə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın xeyrinə sənədlər qəbul edilib, Bakının haqq səsi diqqətlə dinlənilib. Dövlət başçısı çoxlu sayda nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edib, nitq söyləyib.

Onlar təhlükəsizliyə, enerji sahəsindəki əməkdaşlığa, mədəniyyətlərarası dialoqa, nüvə məsələlərinə, dövrün aktual iqtisadi problemlərinə, beynəlxalq terrorla mübarizəyə və digər dünya üçün aktual olan problemlərə həsr edilib. Həmin tədbirlərin hər birində Azərbaycan Prezidenti dərin məzmunlu nitqi ilə yaddaşlarda qalıb. Ən əhəmiyyətlisi odur ki, bütün çıxışlarında dövlət rəhbəri yalnız Azərbaycanın müstəqil dövlətçiliyinə xidmət edən və Ulu Öndərin zəngin siyasi irsinin başlıca prinsiplərinə uyğun gələn fikirlər ifadə edib.

Bu kontekstdə Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin təşkilini ayrıca vurğulamaq gərəkdir. Bakıda mədəniyyətlərin, dinlərin, sivilizasiyaların, beynəlxalq səviyyədə siyasi dialoqun (məsələn, Heydər Əliyev Fondunun da aktiv dəstəyi və birbaşa təşəbbüsü ilə təşkil edilən mötəbər tədbirlər, "Bakı prosesi", mədəniyyətlərarası dialoqla əlaqəli forumlar, müxtəlif nüfuzlu idman yarışları, "Avroviziya" musiqi yarışması və digərləri) təşkilinə həsr edilmiş tədbirlərdə dünyanın nüfuzlu siyasətçiləri, iş adamları, jurnalistlər, analitiklər, ekspertlər və mütəxəssisləri iştirak ediblər.

Prezident İlham Əliyevin diplomatik ustalığı sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olmasının konkret nümunəsidir. Azərbaycan Prezidentini "Böyük iyirmilər"in sammitlərinə dəvət edir, yaradılmış müxtəlif regional inteqrasiya təşkilatlarında iştirakını arzulayırlar.

Azərbaycan rəhbəri Ulu Öndərin neft strategiyasına uyğun olaraq, enerji və nəqliyyat sahəsində olduqca vacib yeni layihələrin təşəbbüskarı olur və onları reallaşdırır. "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, "Yeni İpək Yolu" layihəsində aktiv iştirak bunu təsdiq edən faktların yalnız bir qismidir.

İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa imkan verən və strateji əhəmiyyət daşıyan əməkdaşlıq formatı təklif edib. Bunu Brüssel qəbul edib, hazırda sənədin hazırlanması üzərində iş aparılır.

Ölkə rəhbəri 2016-cı ili multikulturalizm, 2017-ci ili isə "İslam həmrəyliyi" ili elan etməklə humanizmə, barışa, ədalətin təntənəsinə, bəşəri dəyərlərə sadiqliyi yüksək qiymətləndirdiyini nümayiş etdirib. Bütün bunların mənbəyi Ulu Öndərin dövlət quruculuğu kursunun vacib elementlərini təşkil edir. Məsələnin digər mühüm tərəfi Heydər Əliyev irsinin çox böyük potensiala malik olduğunu təcrübədə sübut etməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi proqramların məzmunundan bu qənaət əldə edilir. Bütün bunlara görə, Heydər Əliyevin ideyaları, dövlət quruculuğu fəlsəfəsi həmişə var olacaqdır. Bunun sayəsində də Azərbaycan əbədiyyən müstəqil və çiçəklənən dövlət kimi qalacaqdır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...