THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal nizama doğru: inqilabi situasiya və transformasiya mexanizmləri

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1925
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 may 2017 – Newtimes.az

Müxtəlif analitik mərkəzlər və tanınmış mütəxəssislər qlobal geosiyasi nizamın gələcək taleyindən narahatlıq keçirirlər. Onların apardıqları analizlər göstərir ki, hazırda geniş miqyasda ciddi ziddiyyətlər meydana gəlib və dünya düzəninə təsirlər artıb. Bu təsirlər yekunda mürəkkəb bir mənzərə yaratmaqdadır. Çünki, əslində, yeni qlobal geosiyasi nizam formalaşmalıdır. Bunun konkret mexanizmi tam müəyyənləşməyib. İndiki mərhələdə mütəxəssislər əsas rolu ayrı-ayrı supergüclərin deyil, BMT-nin oynamalı olduğunu qeyd edirlər. Aparılan təhlillər göstərir ki, onların arqumentləri əsaslıdır. Ancaq beynəlxalq təşkilatlarda islahatlar aparmadan real nəticə əldə etmək imkansızdır. Beləliklə, yeni dünya nizamının formalaşması problemi BMT kimi universal təşkilatda islahatların aparılması prosesi ilə sıx bağlıdır. Məsələnin bu tərəfi isə hələlik müəmmalıdır. Bu kontekstdə "Valday" beynəlxalq müzakirələr klubunun bir analizi və verdiyi proqnoz üzərində geniş dayanmağa ehtiyac duyuruq.

İkinci mərhələ: yeni şəraitdə fərqli ziddiyyətlər

İndi dünya miqyasında geosiyasi dəyişikliklərin dönməz xarakter aldığı haqqında mütəxəssislər tez-tez yazır, proseslərin bir-biri ilə sıx əlaqəsini vurğulamaqla yanaşı, onların sistem halında özünü göstərdiyini də iddia edirlər. Vəziyyət mürəkkəbdir, onun dərk edilməsi də kifayət qədər çətin bir işdir. Ancaq elə məqamlar var ki, onları analiz etməklə ümumi səviyyədə proseslərin transformasiyası mənzərəsini yaratmaq olar. Bu baxımdan hazırkı qlobal situasiya heç də tamamilə "qaranlıq tunel" deyil.

Üstəlik, keçən əsrin 60-cı illərinin sonunda müşahidə edilmiş vəziyyətlə müəyyən analogiyası vardır. O dövrdə Avropada bir total üsyankarlıq özünü göstərmişdi. Bütün qitəni etiraz hərəkatı götürmüşdü. Müxtəlif sferalarda bu, fərqli təzahür etsə də, ortaq cəhət də vardı. Həmin dövrdə fəallardan olan Daniel Cohn-Bendit əsas məsələnin İkinci dünya müharibəsindən sonra yaranan nəsillə İkinci dünya müharibəsi nəsli arasındakı ziddiyyətdən ibarət olduğunu qeyd edirdi. Yeni nəsil əvvəlki nəslin qurduğu dünya nizamını qəbul etmək istəmirdi. Gənclərin tələbləri normal qəbul edilən mədəni meyarları çox aşır və hətta əxlaqsızlıq kimi qəbul oluna bilirdi.

Ancaq geniş planda yuxarıda vurğulanan ziddiyyət Qərbdə mövcud sosial-mədəni və siyasi düzəndə dəyişikliyə doğru aparırdı. İndi mütəxəssislər vurğulayırlar ki, buna bənzər vəziyyət – inqilabi dəyişikliklər situasiyası meydana gəlib (bax: Глобальный бунт и глобальный порядок. Революционная ситуация в мире и что с ней делать / "Valdaiclub.com", 22 fevral 2017). Lakin indi transformasiya şərtləri fərqlidir. Burada söhbət əsasən geosiyasi nizamın yeniləşməsindən gedir. Keçən əsrin 70-ci illərində seksual inqilab kimi faktorlar bu gün üçün aktual deyil. Lakin həmin dövrlə bu günü birləşdirən ortaq amil də mövcuddur. Bu, kommunikasiya vasitələrinin cəmiyyətə geniş təsir imkanlarının olmasıdır. Hətta indi bu sferada imkanlar qat-qat artıb.

Mütəxəssislər bu məqamda iki aspekti ayrıca vurğulayırlar. Birincisi, kommunikasiyada geniş kütlələr ildırım sürəti ilə iştirak edə bilirlər. Bu, sosial şəbəkələr, internet, yüksək texnologiyalı kommunikativ alətlər vasitəsilə olur. İkincisi, kütlələrin şüuru ilə manipulyasiya imkanları da misilsiz dərəcədə artıb. Yəni artıq çox sürətlə və yüksək dinamika ilə milyonların şüuruna istədikləri kimi təsir edə bilirlər. Bu da ictimai rəyi idarə etməyi xeyli çətinləşdirir.

Bütün bunlar geosiyasi aspektdə daha dərin və prinsipial əhəmiyyətli bir prosesin fonunda baş verir. "Valday" klubunun analitikləri yazırlar: "25 il əvvəl yaradılmış münasibətlər sisteminə iki istiqamətdən hücum edirlər. Onun prinsiplərinin formalaşmasında iştirak etməyən və indi onları tam ədalətli hesab etməyən qeyri-Qərb dövlətləri. Və son onilliklərin siyasəti üçün məsuliyyət daşıyan elitanı inkar edən aparıcı dövlətlərin öz cəmiyyətləri" (bax: əvvəlki mənbəyə).

Müasir mərhələdə yeni dünya nizamını formalaşdıran əsas faktorları keçən əsrin 60-70-ci illərindəki amillərdən fərqləndirən əsas məqam da buradadır. İndi təkanverici proseslər həm ölkələrin daxilindən, həm də müxtəlif regionlardan qaynaqlanır. Bunlardan biri mövcud dünya nizamının formalaşmasında payı olmayan dövlətlər qrupudur. Onlar sürətlə inkişaf edir və qlobal siyasi səhnədə layiq olduqları yeri tutmağa çalışırlar (hər halda özləri belə təsəvvür edirlər). İkincisi isə artıq yeni siyasi nəfəsə ehtiyacı olan kütlələrdir. Onların tərkibi rəngarəng olsa da, başlıca siyasi tələbləri aydındır – daha çox milli təcridçilik, cəmiyyətin inkişafına daha çox diqqət, qloballaşmaya qarşı ehtiyatlılıq və s. Deməli, Qərb cəmiyyətinin əksər kəsimi siyasi sistemin yeniləşməsini arzulayır. Nəzərə alsaq ki, kommunikasiya vasitələri qısa zamanda milyonları bir araya gətirə bilir, onda bu mövqeyin getdikcə möhkəmlənə biləcəyini etiraf etməliyik.

Digər faktorun da rolu kifayət qədər ciddidir. Çin başda olmaqla, inkişaf edən ölkələr, dünya siyasətində söz sahibi olmaq üçün getdikcə daha çox fəallaşırlar. Bir qrup dövlət bu iddiasını gizlətmir. BMT-də də onlar ön sıraya çıxmağa çalışırlar. Yaponiya, Almaniya, Braziliya, Türkiyə, Hindistan və digərləri inkişaf etdikcə, mövcud tənzimləmə mexanizmlərinin yeniləşməsinə də ehtiyac artır. Bütövlükdə dünya siyasəti daha həssas mərhələyə qədəm qoyur.

BMT-də islahatlar: keçid dövrünün əsas mexanizmi

Görünür, bu vəziyyət bir qədər çox vaxt alacaq. Bunun üçün ümumən dünyada bir xaosun yaranmaması üçün aralıq mərhələdə özəl transformasiya mexanizmləri işlək olmalıdır. Mütəxəssislər həmin rolu əsas olaraq universal beynəlxalq təşkilatların yerinə yetirə biləcəyini düşünürlər. Bu kontekstdə diqqət daha çox BMT-yə yönəlir.

Buradan belə qənaət əldə etmək olar ki, yeni dünya nizamına keçid mərhələsində beynəlxalq təşkilatlar təşəbbüsü üzərlərinə götürməlidirlər. Yəni hətta supergüclər belə fəaliyyətlərinə müəyyən məhdudiyyətlər qoymalıdırlar. Onlar dünyanın müxtəlif regionlarında həyata keçirmək istədikləri planları BMT-nin razılığı olmadan reallaşdırmağa cəhd göstərməməlidirlər. Ancaq etiraf edək ki, məsələnin bu tərəfində qeyri-müəyyənliyə daha çox rast gəlinir.

İndi demək olar ki, heç bir böyük dövlət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara əməl etmir. Prinsipial məsələlərdə TŞ heç bir ümumi mövqe ortaya qoya bilmir. Bu və ya digər dövlət təqdim edilən sənədlərə veto qoyur. Belə bir vəziyyətdə təbii ki, dünyanın heç bir regionunda sabitliyi təmin etmək mümkün deyil. Qlobal geosiyasət üçün əhəmiyyəti olan problemlərin həllindən isə, ümumiyyətlə, söhbət açmaq olmur.

Bəs çıxış yolu nədən ibarət ola bilər? Yeni bir səmərəli beynəlxalq təşkilat yaratmaq fikri absurddur. Qalır mövcud olanların fəaliyyətlərini təkmilləşdirmək, islahatlar vasitəsilə tənzimləmə mexanizmlərini yeniləmək. Bu prizmadan BMT-də islahatların aparılması bir daha zərurət kimi qarşıda durur. İlk öncə BMT TŞ-də dəyişikliklər həyata keçirilməlidir. Bununla bağlı təkliflər də kifayət qədərdir. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü qiymətli təkliflər vardır. BMT gec və ya tez onlara diqqət yetirməlidir. Mütəxəssislərin də analizləri göstərir ki, başqa yol, sadəcə, yoxdur.

BMT-də islahatlar məhdud təsirli hadisə deyil. O, bütövlükdə yeni dünya nizamına keçidin və formalaşmasından sonra beynəlxalq münasibətlərin başlıca tənzimləmə mexanizmidir. Bundan kənarda real faktor axtarmaq uğurlu ola bilməz. BMT-də yeniləşmələrə maneə olan əsas qüvvələr isə TŞ-nin 5 daimi üzvüdür. Deməli, proses onlardan başlamalıdır. Lakin təəssüf ki, həmin dövlətlər bu istiqamətdə mövqelərini hələ dəyişməyiblər. Əksinə, aralarındakı rəqabət daha kəskin xarakter alıb.

O cümlədən ABŞ-Rusiya-Çin "üçbucağı" tədricən cəhənnəm məkanına çevrilir. Şimali Koreya isə dünyanın təhlükəsizliyi üçün əməlli-başlı təhdid mənbəyinə dönməkdədir. Düşündürücüdür ki, Şimali Koreya, yaxud İranla bağlı məsələlərdə Vaşinqton, Moskva və Pekin BMT-yə deyil, özlərinə müraciət edirlər. Onlar problemin həllini beynəlxalq təşkilatın nizamnaməsi çərçivəsində axtarmayıb, öz hərbi güclərini nümayiş etdirməyə cəhd göstərirlər. Təəssüf ki, bu zaman BMT heç yadlarına belə düşmür.

Məsələn, Vaşinqton Pxenyanın dərsini verəcəyini açıq deyir. Şimali Koreya da öz növbəsində ABŞ-ı və müttəfiqlərini bombalarla hədələyir. Son olaraq o, Avstraliyanı vura biləcəyindən danışıb. Belə şəraitdə BMT-də islahatlar necə aparıla bilər? Bu suala cavab vermək çox çətindir. Ancaq vaxt da gedir, sonra çox gec ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...