THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin nitqi: 2017-ci ilin perspektivləri

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1323
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 mart 2017 – Newtimes.az

Planetin müxtəlif regionlarından toqquşmalar, terror, iqtisadi və maliyyə böhranı, tənəzzül haqqında hər gün informasiyalar yayılır. Dünya tarixinin çətin dönəmlərindən birini yaşayır. Belə şəraitdə ayrı-ayrı ölkələrin sosial-iqtisadi, maliyyə və mədəni vəziyyəti haqqında qəti söz demək xeyli çətinləşir. Lakin elə dövlətlər də vardır ki, qlobal və regional miqyasda baş verən təlatümlərə baxmayaraq, sabit inkişafını davam etdirir. Onların sırasında Azərbaycan nümunəsi də vardır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edib. Dövlət başçısı bütün dünyada gedən prosesləri dərindən təhlil edərək, mürəkkəb bir şəraitdə Azərbaycanın inkişaf dinamikasının əsas mexanizmlərini ifadə edib. Ölkə rəhbəri bütün istiqamətlər üzrə əldə olunan nailiyyətlərin sosial, siyasi, iqtisadi, mədəni və geosiyasi əhəmiyyətini dəqiq olaraq göstərib. Şübhəsiz ki, ekspertlər hələ uzun müddət Prezidentin nitqində ifadə edilən tezisləri analiz edəcəklər. Onların üzərində dayanmağa böyük ehtiyac hiss edirik.

Dünyanın çətin vəziyyətində: sosial-iqtisadi inkişaf modeli

Hazırda dünyada sosial-iqtisadi və maliyyə vəziyyətinin nə qədər mürəkkəb olduğu məlumdur. Avropanı bürümüş böhran başa çatmaq bilmir. Əksinə, mütəxəssislər hesab edirlər ki, bu proses daha da dərinləşə bilər. ABŞ-da hakimiyyətin yeniləşməsinin qlobal iqtisadiyyata necə təsir edəcəyi məsələsi hələ tam aydın deyil. Proqnozlara görə, D.Trampın komandası radikal addımlar ata bilər. Bu, dünya miqyasında iqtisadiyyatın hansı vəziyyətə keçəcəyi ilə bağlı konkret fikir söyləmək üçün çətinliklər yaradır.

Bunların fonunda ayrı-ayrı ölkələrdə sosial-iqtisadi və maliyyə durumunun taleyi xeyli dərəcədə düşündürücü görünür. Bir sıra dövlətlərdə bu sahədə durumun daha da ağırlaşması ehtimal edilir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi dərin məzmunlu və əhatəli nitqində bununla bağlı vurğulayıb: "2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır".

Ölkə başçısı keçən il müddətində Azərbaycanda sosial-iqtisadi və maliyyə vəziyyətinin dinamikasına məhz yuxarıda vurğulanan məqamlar işığında yanaşmağı daha doğru hesab edib. Çünki müasir dünyada heç bir ölkə təcrid olunmuş vəziyyətdə olmayıb bütün dünya ilə sıx əlaqədədir. Bu səbəbdən hər bir dövlətin daxili sosial-iqtisadi durumu qlobal miqyasda cərəyan edən proseslərlə bağlıdır.

Məsələnin mühüm tərəflərindən biri ayrıca götürülmüş bir ölkədə sosial-iqtisadi dinamikanın müsbət qalmasını necə təmin etməklə bağlıdır. Prezident ayrıca vurğulayıb ki, Azərbaycan bu sahədə nümunə göstərib. Belə ki, dövlət başçısı ifadə edib: "Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır... 2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edildi... Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir... 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır".

Deməli, ötən ildə Azərbaycan rəhbərliyi faktiki olaraq iki mühüm vəzifənin öhdəsindən layiqincə gəlib. Birincisi, dünyanın müxtəlif regionlarında təhlükələrin, təhdidlərin, risklərin və qeyri-müəyyənliklərin artması fonunda ölkənin təhlükəsizliyi tam təmin edilib. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürüb. Bu, olduqca əhəmiyyətli faktordur. Çünki sabitlik olmayan yerdə inkişaf mümkün deyil.

İkincisi, Azərbaycan iqtisadi inkişafı təmin edən konkret proqramlar hazırlayıb və onları reallaşdıra bilib. Bunun əhatəsi genişdir. İlk növbədə enerji sahəsində strateji əhəmiyyəti olan layihələr reallaşdırılır. Məsələn, TANAP bütün dünya üçün əhəmiyyəti olan bir layihədir. Bu layihə "Cənub qaz dəhlizi" proyektinin tərkib hissəsi kimi həyata keçirilir. Həmin kontekstdə ölkə başçısı vurğulayıb: "Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. "Cənub qaz dəhlizi"nin icrası uğurla davam etdirildi... Deyə bilərəm ki, ...bu gün "Şahdəniz" dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir... işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub qaz dəhlizi"nin digər seqmentləri istiqamətində də işlər gedir".

Əhəmiyyətlidir ki, bu proses ölkədə sosial-məişət, mədəniyyət, təhsil obyektlərinin tikintisi fonunda gedib. Deməli, aparılan siyasət kifayət qədər səmərəli olub. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycan neftin qiymətinin ucuzlaşmasından daha az ziyan görüb. Dövlət Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşüb. Bu, dünya miqyasında çox yaxşı göstəricidir.

Uğurları qısqananlar: "qara piar" kampaniyaları fonunda dayanıqlı inkişafa doğru

Bütün bu uğurların fonunda bir sıra dairələrin Azərbaycanın inkişafına münasibəti maraq doğurur. Ölkə rəhbəri həmin kontekstdə ayrıca qeyd edib ki, heç də hamı Azərbaycanın uğurlarına obyektiv qiymət vermək istəməyib. Bəzi dairələr hətta qarayaxma kampaniyasını davam etdirib, digərləri özləri naşı ola-ola Azərbaycan hakimiyyətinə "məsləhətlər" verməyə cəsarət edib. Lakin bütün bunlar xalqın iradəsinə arxalanan iqtidar tərəfindən rədd edilib.

Təəssüf ki, həmin dairələrin Azərbaycanda da əlaltıları mövcuddur. Onlar da suyu bulandırmağa çalışıblar. Onlar barədə Prezidentin fikirləri real vəziyyəti tam dəqiq əks etdirir. İlham Əliyev deyib: "Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz".

Bu, onun sayəsində mümkün olub ki, Azərbaycan informasiya siyasətini düzgün qurub və bu istiqamətdə yeni mexanizmlər tətbiq etməkdədir. Müxtəlif dairələrdən nə qədər təxribatçı və şər-böhtan xarakterli informasiyalar yayılsa da, Azərbaycan onlara layiqli cavab verə bilir. Başabəla iqtisadçıların analizlərinə gəldikdə isə, onlar heç bir real fakta və müasir elmi metodologiyaya əsaslanmır. Bu səbəbdən müxtəlif siyasi məqsədlərlə deyilən fikirlərin elə bir əhəmiyyəti yoxdur. Dövlət başçısı bununla əlaqədar söylədiyi nitqində ifadə edib: "Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir".

Doğrudan da, ölkə rəhbərliyinin çox səmərəli iqtisadi siyasəti nəticəsində 2016-cı ildə xarici sərmayələrin gətirilməsi, turizmin inkişafı, qeyri-neft sektorunun inkişafı və makroiqtisadi göstəricilərə görə, rəqabətə davamlılığın artması təmin edilib. Heç kəsə sirr deyil ki, indi xarici sərmayəni cəlb etmək milli və müstəqil dövlətçiliyinə qovuşmuş ölkələr üçün xeyli çətin işə çevrilib. Böhran vəziyyətinin dərinləşməsi və geosiyasi aspektdə aparılan mürəkkəb oyunlar əksər ölkələrin sərmayə məsələsində şansını xeyli azaldıb. Xüsusilə MDB məkanında yerləşən dövlətlər üçün çoxlu sayda əngəllər meydana çıxıb.

Müqayisə üçün deyək ki, Ermənistanda keçən ildə xarici sərmayə qoyuluşu sürətlə azalıb və bunun fonunda iqtisadi tənəzzül yeni səviyyəyə qalxıb. Erməni mütəxəssislər vurğulayırlar ki, ölkənin borcu daha da artıb. Nəticədə, Ermənistan 2017-ci ilə tam hazırlıqsız vəziyyətdə qədəm qoyub. Ekspertlər bunun əsas səbəbinin rəsmi İrəvanın asılı xarici siyasət yeritməsində, S.Sarkisyan iqtidarının səriştəsizliyində görürlər.

Gürcüstanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Gürcü ekspertlər rəsmi dairələrin həyata keçirdiyi siyasətin ölkəyə xarici sərmayə axınını təmin etməyə yetmədiyini deyirlər. Müəyyən irəliləyişlər olsa da, bütövlükdə vəziyyət müsbətə doğru qəti surətdə dəyişmədi. Özü də bu, Gürcüstanın Avropa İttifaqına assosiativ üzv olması fonunda baş verir. Deməli, həmin istiqamətdə sona qədər işlənməmiş hansısa məqamlar mövcuddur.

Azərbaycanda isə tamamilə fərqli vəziyyət mövcuddur. 2016-cı ildə ölkəyə ümumi miqdarı 11 milyard ABŞ dolları olan sərmayə qoyulub. Onun 8 milyardı xarici sərmayəçilərin payına düşür. İlham Əliyev bununla bağlı ayrıca vurğulayıb: "...bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur... Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir...". Həqiqətən indiki şəraitdə son dərəcə əhəmiyyətli rəqəmlərdir. Azərbaycan xarici və yerli sərmayəçilər üçün kifayət qədər cəlbedici ölkə statusunda qalmaqdadır.

Azərbaycanın dövlət başçısı, qeyri-neft sektorunun inkişafı ilə də əlaqədar real vəziyyəti təsvir edib. Belə ki, qeyri-neft sektorunun ümumi istehsalda payı hiss ediləcək dərəcədə yüksəlib. Özü də bu, ümumi daxili məhsulun aşağı düşməsi fonunda baş verib. İlham Əliyev konkret faktlar gətirərək ifadə edib: "...ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Bu o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir".

Təsadüfi deyil ki, Azərbaycanda 2016-cı ildə sənaye ilə yanaşı, kənd təsərrüfatı sahəsində də inkişafa nail olunub. Prezident İlham Əliyev bu aspektdə nitqində xüsusi qeyd edib ki, aparılan islahatlar sayəsində sənaye və kənd təsərrüfatı sahələrindəki dinamikada uyğunluğa nail olunmaqdadır. Konkret olaraq, dövlət başçısı vurğulayıb: "Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır".

Ölkə başçısı qeyri-neft sektorunun 5% və kənd təsərrüfatında artımın 2,6% olmasının iqtisadi əhəmiyyətini də ifadə edib. İlham Əliyev bu iki rəqəmin Azərbaycanın çətin və böhranlı şəraitdən şərəflə çıxdığının təsdiqi olduğunu söyləyib. Həmin fikrə iki aspektdə baxmaq olar. Birincisi, Azərbaycan artıq görülmüş işləri ilə çox bacarıqlı olduğunu sübut edib. İkincisi, görüləcək işlərin dinamikası həmin faktorla müəyyən olunacaq və proqnozlara görə, bu istiqamətdə intensivlik artacaq. Yəni Azərbaycan rəhbərliyinin neft sektoruna aid olmayan iki mühüm sferada kifayət qədər düşünülmüş və sistemli proqramlar həyata keçirdiyi şübhə doğurmur. Bu gedişat ölkəni tamamilə yeni inkişaf müstəvisinə çıxarmalıdır. Ölkə rəhbəri həmin məqamı xüsusi olaraq vurğulayıb: "Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq".

Xarici siyasət: müstəqil kurs davam edir...

Bütün bunlarla yanaşı, Prezident çıxışında xüsusi qeyd edib ki, xarici siyasətdəki uğurlar davam edib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb. İndi ölkəmiz çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarla aparılan aktiv işlər öz bəhrəsini verir. Həmin təşkilatlarda Azərbaycanın sözü keçir, onun təsiri artır. Onun təsdiqi kimi keçən ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfərini göstərmək olar.

Xarici siyasətdəki uğurların sırasında Prezident İlham Əliyev bir məqamı ayrıca vurğulayıb. O deyib: "Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir".

Təbii ki, xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev nitqində bu incəliyə yenə də ayrıca diqqət yetirib. Azərbaycanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Ölkənin ərazi bütövlüyü təmin edilməlidir. Dövlət başçısı məxsusi qeyd edib ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir".

ATƏT də status-kvonun dəyişdirilməsi ilə bağlı öz mövqeyini bildirib. Bu təşkilat hesab edir ki, mövcud status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət işğalçı erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını zəruri hesab edirlər. Təbii ki, bu, çox böyük bir nailiyyətdir.

Başqa faktorlarla yanaşı, onun geosiyasi aspektdə əhəmiyyətli sayıla biləcək məqamı Azərbaycanın öz ərazisində heç vaxt ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyinin dünya tərəfindən qəbul edilməsindən ibarətdir. Həmin səbəbdəndir ki, Azərbaycan Prezidentinin aşağıdakı xəbərdarlığına İrəvan olduqca diqqətli yanaşmalıdır. Dövlət başçısı nitqində bəyan edib: "İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq".

Xarici siyasətlə bağlı yuxarıda vurğulanan diplomatik uğurlar 2016-cı ilin aprel ayında olan dördgünlük müharibənin geosiyasi təsirini daha aydın dərk etməyə imkan verir. Dövlət başçısı nitqində bunu hərtərəfli ifadə edib. Məhz aprel döyüşləri dünyaya və erməni tərəfinə geosiyasi xarakterli bir sıra məqamları əyani surətdə göstərdi. Hər şeydən əvvəl, ermənilərin artıq hərbi təxribatlar vasitəsilə Azərbaycanı çətin vəziyyətə sala bilməyəcəyinə əmin oldular. Çünki Azərbaycan Ordusu elə sarsıdıcı əks-zərbələr endirir ki, düşmən darmadağın olur. Deməli, hərbi təxribatların perspektivsizliyini rəsmi İrəvan və onun beynəlxalq miqyasdakı havadarları qəti surətdə anlamış oldular.

Sonra, Ermənistan başa düşdü ki, yeni silahlar almaqla Azərbaycanı ədalətli mövqeyindən çəkindirə bilməyəcək. Çünki Azərbaycan Ordusu da özünü yüksək səviyyədə yeni silahlarla təmin edir, texniki-kommunikasiya imkanlarını artırır, döyüş hazırlığını daim yüksəldir. Buna görə də artıq "erməni ordusu" mifi yoxdur. Onun çox zəif və potensialı olmayan qruplar yığını olduğu məlum olur. Ermənilər və onların havadarlarının süni olaraq illərlə yaratdıqları "güclü erməni qoşunları" nağılını aprel savaşı arxivə atdı.

Ölkə başçısı bu kontekstdə həmin günlər müşahidə edilən bir məqama diqqət çəkib. Prezident deyib: "...qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər". Bu, çox əhəmiyyətli faktdır. Çünki açıqca görünür ki, işğal aktının baş verməsində və ondan sonrakı vəziyyətin yaranmasında Ermənistandan çox kənardan ona dəstək verən dairələr iştirak ediblər. Bu da ümumiyyətlə, erməni dövlətçiliyinin baş tutmadığının əyani sübutlarındandır. Əgər həmin havadarlar əllərini bir gün Ermənistanın başı üstündən çəksələr (son zamanların hadisələri göstərir ki, o gün uzaqda deyil) ermənilər geriyə çəkiləcəklər.

Bu məqam rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsində və ona verilən cavablarda açıq surətdə özünü göstərib. Əslində, bu məsələ ilə heç bir əlaqəsi olmayan KTMT-nin rəhbərliyi ermənilərin təhrikinə uyaraq öz səlahiyyətlərini aşan fikirlər ifadə etmişdilər. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, onların aqibəti artıq məlumdur.

Yəni, faktiki olaraq, Ermənistan və ona dəstək verən bir sıra dairələr KTMT-ni hadisələrin geosiyasi-hərbi girovuna çevirə bilmədilər. Bu isə ilk növbədə Azərbaycan diplomatiyasının və KTMT-də söz sahibi olan ölkələrin başçılarının siyasi uğurudur. Bunun əhəmiyyəti getdikcə daha aydın surətdə özünü göstərəcəkdir. Prezident İlham Əliyev həmin məqamı nitqində çox dəqiq ifadə edib.

İlham Əliyev qətiyyətlə bəyan edib: "...aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik".

Bütün bunların siyasi-hərbi nəticəsi də çox maraqlı tərzdə ölkə Prezidenti tərəfindən ifadə olunub. İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini yekunlaşdıraraq deyib ki, əsas məqsəd işğal edilmiş bütün əraziləri azad etmək yolu ilə orada Azərbaycan bayrağını dalğalandırmaqdan ibarətdir. Məhz bu yolda "aprel döyüşləri... çox önəmli tarixi addım olmuşdur".

Bizcə, çox doğru, əhəmiyyətli və strateji mənası olan qənaətdir. Bu, Azərbaycanın xarici siyasətinin olduqca səmərəli və bütövlükdə dövlət quruculuğu xəttinin perspektivliliyinin əyani göstəricisidir. Ən önəmlisi isə Azərbaycanın müstəqil dövlətçiliyinin əmin əllərdə olmasının təsdiqidir. Bütövlükdə yuxarıda ifadə edilən fikirlər onu göstərir ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin yekunlarına həsr edilmiş iclasındakı nitqi görülən işlərin dolğun yekunu, qarşıda duran vəzifələrin dəqiq ifadəsidir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...