THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqin yeni geosiyasi problemləri

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7174
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 fevral 2016 – Newtimes.az

Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması ilə bağlı yaranmış insident ciddi geosiyasi nəticələr doğurmaqdadır. Belə ki, bir qisim böyük dövlətlər həmin hadisədən yararlanmağa çalışırlar. Onlar Suriyaya yeni silahlar göndərir, hərbi bazalar yaradır, təhlükəli manevrlərdən imtina etmirlər. Artıq regionda çoxlu miqdarda hərbi sursat toplanıb. Nə vaxtsa onlardan istifadə edilməyəcəyinə isə heç kəs təminat verə bilməz. Əksinə, proseslər göstərir ki, hərbi əzələ nümayişi getdikcə daha geniş vüsət alır. Özü də bu, regionda iki geosiyasi düşərgənin formalaşması fonunda baş verir. Siyasətçilər hətta ritorikalarını dəyişərək açıq mətnlə niyyətlərini bildirməyə başlayıblar. Bunların mümkün siyasi, geosiyasi, iqtisadi və hərbi nəticələri üzərində düşünməyə dəyər.

Regional geosiyasi dinamikanın iki aspekti

Ekspertlər əmindirlər ki, Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurması bütövlükdə Yaxın Şərqdə geosiyasi dinamikanı kökündən dəyişməkdədir. Özü də bu, iki aspektdə özünü büruzə verəcəkdir. Onlardan biri regionda dominant rol oynayan ölkələr arasında mübarizənin yeni mərhələsinin başlaması ehtimalı ilə bağlıdır. İkincisi isə ümumiyyətlə, NATO və Rusiya-İran "ikiliyi"nin Yaxın Şərqdə yeni qüvvələr nisbətini formalaşdırmaq üçün daha intensiv rəqabətə baş vura biləcəkləri ilə əlaqəlidir.

Hər iki ssenari bölgə üçün kifayət qədər düşündürücü geosiyasi-hərbi nəticələr verə bilər. Onları birləşdirən məqam Yaxın Şərqdə gərginliyin yeni səviyyəyə qalxmasına təkan verilməsidir. Doğrudur, bu barədə ekspertlər hələ geniş analiz aparmırlar – indi diqqət daha çox hansı tərəfin qazana biləcəyinə yönəldilir. Bunun fonunda isə region xalqlarının taleyi kölgədə qalmış olur. Ancaq obyektiv və ədalətli yanaşma prizmasından əsas məsələ Yaxın Şərqin bu gedişatdan sabitlik əldə edib-edə bilməyəcəyidir.

Bu müstəvidə Rusiya təyyarəsinin vurulmasından sonra regionda cərəyan edən hadisələrə qısa nəzər salsaq, mənzərənin o qədər də ürəkaçan olmadığını görərik. Dünya KİV-də yayılan məlumatlar Yaxın Şərqin hələ xeyli müddət ixtilaf məkanı ola biləcəyi haqqında düşünməyə vadar edir.

Bildirilir ki, həmin hadisə Türkiyənin 2011-ci ildən bu yana apardığı Suriya siyasətinin dəyişməsinə səbəb ola bilər (bax: məs., Murat Yetkin. Suriye siyaseti Rus jetiyle son buluyor / "Radikal", 3 dekabr 2015). Müəllif bunun bir neçə səbəbini göstərir. O cümlədən Ankaranın Suriya ilə sərhədi bağlamağa məcbur olduğu vurğulanır. Arqument kimi ABŞ prezidenti Barak Obamanın tələbləri göstərilir. Lakin Türkiyə hakimiyyəti sərhədi bağlamayacağı haqqında fikrini bir daha bildirib.

Əslində, sərhəd məsələsi doğrudan da bütövlükdə Yaxın Şərqdə geosiyasi vəziyyətə yeni çalarlar qata bilər. Çünki o halda Türkiyə Suriyadakı hadisələrə təsir etmək imkanlarını xeyli məhdudlaşdırır ki, bu da Ankaradan başqa hər kəsə sərfəlidir. Qərb dövlətləri, Rusiya, İran və hətta Çin Yaxın Şərqdə fəallığını artıra bilir, ancaq Türkiyə guya özünü qoruya bilməsi üçün Suriya ilə arasında sədd çəkir.

Yayılan informasiyaların işığında bu tezis kifayət qədər aktual görünür. Hər şeydən əvvəl, Avropanın böyük dövlətləri Suriyaya hərbi güc göndərmək niyyətlərini açıqlayıblar. Böyük Britaniya parlamenti rəsmi olaraq hökumətə bununla bağlı icazə verib (bax: Richard Haass. UK Syria vote is more relief than turning point / "The Financial Times", 2 dekabr 205). İndi İngiltərə qırıcılarına Kiprdəki hərbi bazalardan (Akrotiri və Dekeliyadakı) istifadə edərək İŞİD mövqelərinə zərbə endirmək hüququ verilib.

Buna paralel olaraq Almaniya, Fransa və Danimarka hərbi təyyarələrinin İncirlikdən istifadə etməsinə Ankaradan razılıq alıblar. ABŞ isə həmişə olduğu kimi, həm koalisiyanı silahla təmin edir, həm də Türkiyəyə əlavə hərbi təyyarələr göndərir. İndi regionda NATO-nun kifayət qədər güclü hərbi qruplaşması mövcuddur. Onlar Türkiyəni qorumaqla yanaşı, Suriyada əməliyyat keçirməyə də qadirdirlər. Onu deyək ki, hazırda NATO bölgəyə əsgər göndərmək məsələsi haqqında düşünür.

Silahlanma yarışı: təhlükəsizlikdən qaçış

Rusiya və İran fəaliyyətlərini davam etdirirlər. KİV-də məlumat yayılıb ki, Moskva məhz Tehranın təhriki ilə Suriyaya hərbi müdaxilə edib. Hətta rəsmi Tehran Moskvaya xüsusi nümayəndə göndəribmiş ki, Əsədi xilas etməyin yeganə yolu hərbi müdaxilədən ibarətdir (bax: Murat Yetkin. Suriye siyaseti Rus jetiyle son buluyor / "Radikal", 3 dekabr 2015).

Belə çıxır ki, Rusiya və İran Suriya məsələsində kifayət qədər israrlı olacaqlar. Artıq Moskva regiona əlavə təyyarələr və hərbi gəmilər göndərib. "Moskva" raket kreyseri və S-400 hava hücumundan müdafiə sistemləri buna nümunədir. Bundan başqa, Rusiya Hmeymimdə daha bir hərbi baza fomalaşdırır. Təbii ki, paralel olaraq əsgər kontingenti də Suriyaya cəlb edilir.

Rəsmi Tehran isə həm silah, həm də canlı qüvvə ilə Bəşər Əsədə yardım göstərir. Hətta general Səid Qasıminin öz qərargahını Dəməşqə köçürdüyü haqqında informasiyalar da vardır (bax: əvvəlki mənbəyə). Son olaraq, İranın dini lideri Əli Xamneyinin baş sözçüsü Əli Əkbər Vilayəti Suriya prezidentini ölkəyə səfərə dəvət edib. Bir qədər emosional tonda o, "biz onu qəhrəman kimi qarşılayacağıq", - deyib. Eyni zamanda, o, B.Əsədin öz vəzifəsindən getməli olmadığını da vurğulayıb (bax: İran'dan şaşırtan açıklama! Kahraman gibi karşılayacağız / "TGRT Haber", 3 dekabr 2015).

Yuxarıda vurğulanan məqamlar aydın göstərir ki, Yaxın Şərqdə hərbi güclər yeni səviyyədə təmərküzləşirlər. Qərb, Rusiya və İran oraya getdikcə daha çox miqdarda hərbi vasitələr yerləşdirirlər. Gözləmək olar ki, həmin qüvvələr arasında geniş miqyasda silahlı toqquşmalar baş versin. Ən azından Suriya səmasında bir neçə dövlətin hərbi təyyarələri artıq uçur. Onlar Suriya torpaqlarını bombalayırlar. Hər iki tərəf də müsəlmanları hədəf alıb. Demək olar ki, Suriya bir dövlət kimi olduqca böhranlı və riskli bir vəziyyətə düşüb. Belə olan halda regional təhlükəsizlik sistemini formalaşdırmaqdan danışmaq nə dərəcədə mümkündür? Bu suala müsbət cavab vermək olduqca çətindir.

Əvəzində, həmin regionda yeni silahlı insidentlərin meydana gəlməsi ehtimalının yüksəldiyini demək olar. Geosiyasi maraqları təmin etmək və nüfuz qazanmaq rəqabətinin sonu region üçün çox pis nəticələr verə bilər. Ekspertlər bu kontekstdə Suriya böhranı ilə bağlı beynəlxalq koalisiyanın yaranması imkanlarının xeyli məhdudlaşdığından bəhs edirlər.

Məsələ ondan ibarətdir ki, Rusiya NATO üzvü olan Türkiyənin İŞİD-ə dəstək verdiyini və hətta ondan neft aldığını bəyan edir. Moskva faktlar təqdim etməyə hazır olduğunu xüsusi vurğulayır. Lakin başda ABŞ olmaqla Qərb dövlətləri belə bir şeyin olmadığına əmindirlər. Türkiyə prezidenti isə daha sərt şəkildə həmin iddianın əsassız olduğunu söyləyib və Vladimir Putini istefa verməyə çağırıb. Rəcəb Tayyib Ərdoğan Rusiyanın həmin iddianı təsdiq etdiyi təqdirdə, dərhal istefa verəcəyini də bildirib.

Bunlarla yanaşı, Vaşinqton və Ankara rusiyalı iş adamlarının İŞİD-dən nefti B.Əsəd üçün aldıqlarını sübut edən sənədlərə malik olduqlarını bildirirlər. Belə çıxır ki, Suriya məsələsində bu iki qüvvənin ortaq mövqeyə gəlməsi ehtimalı çox azdır. Əksinə, onların arasında informasiya savaşı daha da kəskin məzmun almaqdadır. Onu vurğulamaq istərdik ki, bu proseslər Avropa İttifaqı-Türkiyə münasibətlərinin inkişafı fonunda baş verir. Hətta Fransa belə artıq Rusiya faktoruna çox bağlı qalmaq istəmir.

Proseslərin bu məntiqdə gedişi Yaxın Şərqdə geosiyasi vəziyyəti nəzarətdən çıxara bilərmi? Mütəxəssislərin bir çoxu məhz bu ssenariyə üstünlük verirlər. Onlar hesab edirlər ki, Suriyada yeni hərbi bazaların yaradılması və ən müasir silahların yerləşdirilməsi yeni dünya müharibəsini alovlandıra bilər. Bütün hallarda regionda dəhşət saçan silahların sayının artması müsbət tendensiyadan xəbər vermir. Tərəflərin kompromisə gəlməsi əlamətləri isə görünmür. Belə bir vəziyyətdə Azərbaycan kimi dövlətlərin ehtiyatlı siyasət yeritməsinin əhəmiyyəti daha da artır. Təcrübə göstərir ki, rəsmi Bakı kifayət qədər səmərəli kurs həyata keçirir. Onun atdığı addımlar, xüsusən də rəsmi İrəvanın bölgədəki bir sıra dövlətlərə qarşı tutduğu düşmənçilik mövqeyinin fonunda bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Məsələ ondan ibarətdir ki, ermənilər Rusiyanı Türkiyə ilə müharibəyə təhrik etməyə çalışırlar. Artıq dünyada bununla bağlı radikal fikirlər səsləndirilməkdədir. Belə bir ağılsız hərəkət Azərbaycanın təmkinli və zamanın tələbinə uyğun addımları ilə hələlik neytrallaşdırılır. Yaxın Şərqlə bağlı yuxarıda vurğuladığımız məqamların fonunda bunun əhəmiyyəti daha da aktuallaşır.

Elsevər Abdullayev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...