THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Şərqi Asiya: gələcəyə ümidlə baxış

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7332
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 fevral 2016 – Newtimes.az

Ötən il Şərqi Asiyanın inkişaf etməkdə olan dövlətlərinin iqtisadi siyasətində vektor yerdəyişməsi və Şərqi Asiya regionunun tədricən dünya tələbinin əsas mənbəyinə çevrilməsi prosesi əyani şəkildə özünü göstərdi.

Şərqi Asiya dövlətləri bir neçə onilliklər boyunca iqtisadi artımın ixracyönümlü modeli üzrə inkişaf edirdi. Bu, region ölkələrinin yüksək templərlə iqtisadi artımının əsası idi. Yüksək ixracat daxilolmaları və ticarət balanslarının xroniki profisitləri hesabına region dövlətləri qlobal disbalansların müsbət qütbünü formalaşdıraraq əhəmiyyətli həcmdə beynəlxalq ehtiyatlar yığıb topladılar ki, bu da xarici şoklara qarşı davam gətirmək, genişlənmələr və maliyyə sahəsində regional əməkdaşlıq təşəbbüsləri səmərəliliyinin yüksəldilməsi üçün möhkəm təməl yaratdı. Buna görə də 2008-2009-cu illərin qlobal maliyyə böhranının neqativ nəticələri bu regionun ölkələri üçün nisbətən daha az ağır olmaqla təxirə salınmış xarakter daşıyırdı.

Bununla belə, qlobal maliyyə böhranı region ölkələrinin xarici bazarlarda tələbin dinamikasından kəskin dərəcədə asılılığını üzə çıxardı və iqtisadi artım mənbələrinin diversifikasiyasının, ÜDM-in strukturu və artım templərində istehlakın və daxili investisiyaların payının artırılmasının zəruriliyini müəyyən etdi.

Son üç il ərzində ASEAN ölkələrində ixracın artım templəri 2011-ci ildə 18,31%-dən 2014-cü ildə 3,9%-ə qədər, idxal üzrə göstəricilər isə 21,5%-dən 1,64%-ə qədər azaldı. 2010-cu ildən bu yana ticarət balansının profisiti təxminən 9 dəfə (100 mlrd. ABŞ dollarından 11,91 mlrd. ABŞ dollarına qədər) azaldı.

Regionun inkişaf etməkdə olan dövlətlərinin bazarlarında tələblə təklif arasında disbalansın yaranması nəticəsində təklif tələbi qabaqlayan inersiya templəri ilə artmaqda davam edirdi. Son illərdə region ölkələrinin əksəriyyətində inflyasiyanın kəskin şəkildə azalması və deflyasiya tendensiyalarının güclənməsi qeydə alınmışdı. Deyilənlər Yaponiyanın iqtisadiyyatı üçün xüsusilə aktual idi. 2015-ci ili dönüş ili hesab etmək olar: birincisi, həmin ildə ESKATO ekspertləri region ölkələrinin əksəriyyətində inflyasiyanın əhəmiyyətli şəkildə azalmasını (0,3%-ə qədər Sinqapurda və Tailandda, 0,2%-ə qədər Bruneydə, 1,7%-ə qədər Çində) proqnozlaşdırırlar; ikincisi, Şərqi Asiya dövlətlərinin hökumətləri və maliyyə-kredit siyasəti orqanları yaranmış disbalansı aradan qaldırmaq üçün son il ərzində daxili istehlakın və uzunmüddətli, strateji əhəmiyyətli layihələrə investisiya qoyuluşlarının həvəsləndirilməsinə yönələn kompleks iqtisadi islahatlar proqramlarını həyata keçirirdilər.

Şərqi Asiyanın inkişaf etməkdə olan bəzi dövlətlərində pul kütləsinin artması və daxili tələbin təşviq edilməsi üçün maliyyə-kredit rıçaqlarının yumşaldılmasına yönələn tədbirlər görülmüşdü. Çinin Xalq Bankı tərəfindən 2015-ci ilin fevral ayında məcburi ehtiyat tələblərinin norması 0,5 faiz azaldılmışdı. Mart ayının əvvəllərində illik kreditlər və illik depozitlər üzrə faiz dərəcələri daha 0,25 faiz azaldıldı (müvafiq olaraq 5,35% və 2,5%-ə qədər).

2015-ci ilin fevral ayında İndoneziya uçot stavkasını 25 faiz (7,5%-ə qədər) aşağı saldı. 2015-ci ilin yanvar ayında Sinqapurda da maliyyə-kredit rıçaqları zəiflədildi. 2015-ci ilin mart ayında Tailandda çıxış faiz dərəcəsi (qeyri-xəzinə qiymətli kağızlara vəsaitlərin qoyuluşu zamanı investorun tələb etdiyi minimal stavka) 25 faiz (1,75%-ə qədər) endirildi. Koreya Respublikasında məqsədli göstərici 2% olmaqla inflyasiyanın səviyyəsinin 1,3%-ə qədər düşməsindən sonra istehlakın, qiymətlərin artmasının və deflyasiya gözləmələrinin azalmasının həvəsləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər görülmüşdü: faiz dərəcələrində iki dəfə 2014-cü ildə və bir dəfə 2015-ci ildə azalmaya doğru düzəliş edilmişdi. Çıxış faiz stavkasının səviyyəsi tarixi minimuma – 1,75%-ə çatmışdı.

Struktur islahatları həm maliyyə-kredit, həm də vergi-büdcə siyasətinə toxunur. Nəticədə, son illərdə Şərqi Asiyanın bir çox dövlətlərində dövlət büdcələrinin profisitlərinin əhəmiyyətli dərəcədə azalması (Koreya Respublikası, Sinqapur) və ya onların defisitlərinin artması (Yaponiya, Çin, İndoneziya), habelə beynəlxalq ehtiyatların artım templərinin ləngidilməsi (Çin, Koreya Respublikası, Bruney) və ya onların xərcləməsi (Malayziya, Filippin, Tailand, Sinqapur) qeydə alındı.

Çində vergi islahatı həyata keçirildi. Koreya Respublikasında kiçik və orta biznesin dəstəklənməsi üçün əlavə büdcə formalaşdırıldı. Hökumət həmçinin işçilərin gəlirlərinin artırılmasını hədəfə alan şirkətlərə vergi tətillərinin verilməsi üzrə öhdəliyi öz üzərinə götürdü və ehtiyatlar kimi saxlanılan korporasiyaların nağd vəsaitlərindən daha yüksək vergilər tutmaq niyyətini bəyan etdi. 2015-ci ildə Tailandda 2014-cü ilin oktyabr ayında qəbul edilmiş vergi-büdcə həvəsləndirmə tədbirlərinin (ölkə ÜDM-nin 2,8%-i həcmində) həyata keçirilməsinə başlandı. Vəsaitlər əsasən infrastrukturun yaxşılaşdırılmasına yönəlir; vəsaitlərin bir hissəsi kənd təsərrüfatının ən həssas sektorlarının istehsalçılarının dəstəklənməsinə xərclənir.

Lakin daxili tələbi kəskin şəkildə genişləndirməyə can atan region ölkələri bəzi problemlərlə üzləşirlər.

Birincisi, Şərqi Asiyanın bir sıra ölkələri qısamüddətli perspektivdə istehlakın genişləndirilməsində əhəmiyyətli nəticələrə nail ola bilmirlər, daxili tələb isə ixracın azalmasını simmetrik şəkildə kompensasiya etməyə qadir deyil. Sinqapurda, Çində və Koreya Respublikasında qənaət norması yüksək olaraq qalır. Nəticədə, bu dövlətlər valyuta məzənnəsinə təsir etməklə xarici ticarətdə rəqabət üstünlüklərini saxlamağa çalışır. Sinqapurun maliyyə-kredit orqanları aparıcı dünya ehtiyat valyutalarına nisbətdə Sinqapur dollarının bahalanması templərinin azaldılması üçün tədbirlər görür. 2015-ci ilin avqust ayında Çin yuanının misli görünməmiş devalvasiyası (3,5% həcmində) keçirildi, yəni daxili istehlakın həvəsləndirilməsi xəttinin bəyan edilməsinə baxmayaraq, Çin xarici ticarətdə qiymət üstünlüklərini də qoruyub saxlamağa çalışır.

İkincisi, pul kütləsinin kəskin şəkildə artırılması və gəlirlərin artması əmlak və qiymətli kağızlar bazarlarında spekulyativ təzyiqin artmasına səbəb ola və maliyyə qeyri-stabilliyi riskini xeyli artıra bilər. Şərqi Asiya dövlətləri gəlirlərin əsas potensial mənbəyi kimi daxili tələbin həvəsləndirilməsinə yönəlmiş tədbirlərlə bank sistemində "pis borclar”ın artması, daşınmaz əmlak bazarlarında bum və qiymətlərin həddən artıq artması risklərindən maksimal dərəcədə sığortalanmağa yönəlmiş tədbirləri tarazlamağa çalışırlar.

Bunun nəticəsi olaraq maliyyə-kredit siyasətinin yumşaldılmasının ardınca onun sərtləşdirilməsinə başlanır, faiz stavkalarının azaldılmasının ardınca onlar qısamüddətli olaraq artırılır. Bu, əsasən, inflyasiya səviyyəsinin nisbətən az endiyi (Malayziya, İndoneziya, Filippin) və istehlaka daha meylli olan ölkələrdə (Filippin) baş verir.

Bununla belə, 2014-cü və xüsusən də 2015-ci ildə Şərqi Asiyanın inkişaf etməkdə olan dövlətlərində görülmüş dövlət siyasəti tədbirləri regionun qlobal tələbin mənbəyinə çevrilməsi prosesinin başlamasından xəbər verir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2015-ci ilin yekunları üzrə və sonrakı illərdə məhz daxili tələb Asiya-Sakit okean regionu ölkələrində ÜDM-in ən böyük artım payını təmin edəcək, onun artmasına xalis ixracın töhfəsi isə məhdud olacaqdır.

Nərgiz Əfəndiyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...