THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistandakı Konstitusiya referendumundan çıxan nəticələr

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3727
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 dekabr 2015 – Newtimes.az

Dekabr ayının 6-da Ermənistanda keçirilmiş Konstitusiya referendumu ölkə əhalisinin dövlətin siyasi idarəetmə formasının dəyişdirilməsinə münasibətini müəyyən etməli idi. Ermənistanın mövcud hakimiyyəti Konstitusiyaya təklif etdiyi dəyişikliklərlə yarım prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidi "gözəl gələcəyin” həlledici faktoru kimi təqdim edirdi. İstər səsvermə prosesi, istərsə də əhalinin referenduma münasibəti isə vəd olunan "gələcək” perspektivlərinin hələ də qaranlıq olaraq qalacağına işarə edir.

Ermənistan əhalisi Konstitusiya dəyişikliklərinə "hə'' deyir?

Ermənistan hakimiyyəti və şəxsən prezident Serj Sərkisyan Konstitusiya islahatlarını dövlətin və demokratik təsisatların gücləndirilməsində mühüm amil kimi qiymətləndirir, dəyişikliklərin güclü hakimiyyət və güclü müxalifətin formalaşmasına, siyasi partiyaların rolunun artmasına, dövlətin təhlükəsizliyinin təmin olunmasında daha qətiyyətli davranılmasına gətirib çıxaracağını təbliğ edirdi. Maraqlıdır ki, niyə Sərkisyan məhz hakimiyyətinin ikinci-sonuncu 5 illiyində bu təşəbbüslərlə çıxış edib? Görəsən, niyə bu məsələlər onu daha əvvəl narahat etmirdi?

Yeni Konstitusiya layihəsinə əsasən, ölkə prezidentinin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq, o əhali tərəfindən deyil, parlament tərəfindən 7 illik müddətə seçiləcək. Bir şəxs ikinci müddətə yenidən prezident seçilə bilməz. Dövlətin əsas icraedici hakimiyyəti isə parlament seçkilərinin nəticələri əsasında formalaşan hökumət və onun baş naziri olacaq.

Ermənistandakı siyasi mədəniyyətin səviyyəsi nəzərə alınarsa, bunun hansı nəticələrə yol açacağı məlumdur. Bu dəyişikliklər Sərkisyanın lideri olduğu Respublika Partiyasının hər hansı vaxt məhdudiyyəti olmadan hakimiyyətdə qalmasına imkan yaradır. Müxalifət də haqlı olaraq, bu referendumu Sərkisyanın öz hakimiyyət müddətini uzatmaq planı kimi görür.

Referendum öncəsindəki təşviqat dövrünün olduqca sönük keçməsi və əhalinin prosesə maraq göstərməməsi müxalifətin etirazlarının lazımi nəticə verməməsinə səbəb olub. Dekabrın 1-dən Raffi Ovanisyanın rəhbərliyi altında "Yeni Ermənistan” cəbhəsinin başlatdığı aksiyalar kifayət qədər etirazçı cəlb edə bilməyib. İyun ayında Ermənistanda elektrik enerjisinin qiymətlərinə etiraz aksiyasının iştirakçılarının sayının qat-qat artıq olması onu göstərir ki, insanları ölkənin acınacaqlı iqtisadi-sosial vəziyyəti daha çox maraqlandırır və hakimiyyətin siyasi ədalətinə heç bir inamı qalmayıb.

Qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyəti də əhalinin seçki prosesindən diqqətini yayındırmaq üçün kifayət qədər "səy” göstərib. Noyabrın 25-də Yerevanın Nork-Maraş rayonunda şəhərdə terror aktları həyata keçirməyi planlaşdıran və xarici vətəndaşlardan ibarət terrorçu qruplaşmanın zərərsizşləşdirilməsi xəbəri bir çoxları tərəfindən ciddi qarşılanmadı. Müxalif mətbuat hesab edir ki, əgər əvvəllər Sərkisyan hakimiyyəti əhalinin diqqətini vacib məsələlərdən yayındırmaq üçün Dağlıq Qarabağ münaqişəsindən və cəbhədə vəziyyəti gərginləşdirməkdən istifadə edirdisə, indi həmçinin müasir dövrün trendinə uyğun olaraq, terrorizm kartını işə salıb.

Ermənistan əhalisinin referendumda iştirak səviyyəsi də insanların maraqlarının nədən ibarət olduğunun əyani sübutudur. Referendumun baş tutması üçün seçicilərin 50 faizinin iştirakı zəruridir. Son nəticələrə görə, bu rəqəm 50,51 faizdir. Ermənistan hakimiyyətinin ölmüş və ölkədə qaçıb getmiş insanların adını seçici siyahısına daxil etmək vərdişi nəzərə alınarsa (bu üsuldan referendumda geniş istifadə olunduğu bildirilir), yetər sayın necə əldə olunduğu şübhə doğurmur. Seçicilərin 63,35 faizinin dəyişikliklərin lehinə səs verdiyi bildirilsə də, sosial şəbəkələrdə aparılmış exit-polların nəticələri səs verənlərin üçdə ikisinin bu dəyişikliklərə yox dediyini göstərir.

Müxalifət referendumun gedişində əlavə siyahı üzrə, təkrar səsvermə, seçki komissiyası üzvlərinə və jurnalistlərə qarşı zorakılıq kimi kütləvi qanun pozuntularının baş verdiyini bildirir. Bu faktlar bir sıra beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunur. Məsələn, Ermənistanın Mərkəzi Seçki Komitəsinin heç bir səbəb göstərmədən müşahidəçi kimi akkreditə etməkdən imtina etdiyi Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) nümayəndəsi Lene Veteland referendumun nəticələrinin seçicilərin azad iradəsini əks etdirmədiyini və saxtakarlıqların bilavasitə şahidi olduğunu deyib (Лене Ветеланд: Референдум не отражает свободную волю избирателей, http://orer.am/?p=153477&l=ru).

Beynəlxalq müşahidə institutları öz işinin öhdəsindən gələ bildimi?

Ermənistanda keçirilmiş referendumda diqqəti cəlb edən əsas məqamlardan biri cəmi 6 beynəlxalq təşkilatın (44 müşahidəçi) və xarici ölkələrin Mərkəzi Seçki Komitələrindən 33 müşahidəçinin referendumu izləməsi olub. Halbuki, Avropa Xalq Partiyasının 21 oktyabrda Madriddə keçirilmiş iclasında S.Sərkisyan qətiyyətlə bir çox beynəlxalq strukturları referendumu müşahidə etməyə dəvət etdiklərini bildirib.

Maraqlıdır ki, bu dəvətə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu referenduma...5 ekspert göndərib. Onların əsas işi isə referendumu müşahidə etmək yox, ümumi prosesə ekspert rəyi verməkdən ibarət olub. ATƏT-in Yerevan Ofisinin rəhbəri referendum kampaniyasını qiymətləndirməkdən imtina edib. Dekabrın 13-ə kimi Ermənistanda qalacaq ekspertlərin yekun hesabatı yalnız 2 aydan sonra işıq üzü görəcək – yəni proses hər cəhətdən tam şəkildə yekunlaşdıqdan sonra. Azərbaycana 400-ə yaxın müşahidəçi göndərməkdə israr edən, sonradan isə öz mandatını pozaraq, parlament seçkilərini müşahidədən imtina edən DTİHB-nin Ermənistan üçün mühüm olan referendumla bağlı passivliyi sual doğurmaya bilməz.

AŞPA-nın 11 nəfərdən ibarət müşahidə missiyası referendumla bağlı ilkin qiymətləndirməsində bir sıra reallıqlara göz yummayıb. Missiyanın rəyinə görə, seçici fəallığının aşağı olması referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlarından irəli gəldiyinin göstəricisidir. Missiya hesab edib ki, siyasi idarəetmə formasının dəyişdirilməsi məsələsi vətəndaşların əksəriyyəti tərəfindən hazırkı prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra hakimiyyətdə qalması üçün bir vasitə kimi qiymətləndirilib. Hesabatda seçici siyahısındakı qeyri-dəqiqliklərə, kütləvi şəkildə baş vermiş təkrar səsvermə haqda məlumatlara, mətbuata çıxışın qeyri-bərabərliyinə, inzibati resurslardan istifadəyə toxunulub.

Lakin maraqlıdır ki, missiyanın rəhbəri olan və hər məqamda Azərbaycan və Türkiyəni tənqid etməyə, yalan məlumatlar əsasında onlara qarşı kampaniya təşkil etməyə cəhd göstərən Andreas Qross referendumdan sonra mətbuata verdiyi açıqlamalarda hesabatda əks olunmuş məsələlərin heç biri haqda bir kəlmə belə danışmayıb. Əksinə, yeni Konstitusiyanı müsbət qiymətləndirib və ölkənin daha da inkişaf etməsinə imkan yaratdığını bildirib (Глава делегации ПАСЕ: Новая Конституция Армении позволяет развиваться дальше, но это нужно делать мудро и внимательно, http://www.panarmenian.net/rus/news/201991/).

Ümumən, beynəlxalq təşkilatların referenduma maraq göstərməməsi, ABŞ və Avropa İttifaqının məsələyə dair neytral, passiv və bir-birinə oxşar mövqe bildirməsi (referendumun dinc şəkildə keçirilməsindən məmnunluqlarını bildirib və qanun pozuntularına dair iddiaları araşdırmağa çağırıblar) belə təəssürat yaradır ki, sanki kimlərsə öncədən razılaşdırılmış ssenari əsasında Ermənistandakı bu demokratiya oyununun tezliklə yekunlaşmasında və gündəmdən çıxarılmasında, mümkün qədər az reaksiya cəlb etməsində maraqlıdırlar. Qərbin və onun müşahidə missiyalarının bu cür davranışı isə ikili standartlara dair səsləndirilən fikirlərə növbəti dəfə reallıq qazandırır və həqiqi demokratik dəyərlər üçün yaxşı heç nə vəd etmir.

Bundan sonra nə baş verəcək? Yeni dəyişikliklər yalnız 2017-ci ildə keçiriləcək parlament seçkilərindən sonra qüvvəyə minəcək. Sərkisyan referendum öncəsində dəfələrlə 2018-ci ildə başa çatacaq səlahiyyət müddətindən sonra hər hansı vəzifə tutmağa can atmayacağını bəyan edib. Lakin Ermənistanın müxalif mətbuatı yazır ki, Sərkisyan öz yaxınlarına yeni planı haqda danışıb. Bu plana görə, o, 2018-ci ildə istirahətə gedəcək, Respublika Partiyası isə "xalqın xahişi” əsasında onun siyasətə geri qayıtması və baş nazir vəzifəsini tutması haqda çağırış edəcək (По истечении срока полномочий президент Армении займет кресло премьер-министра, «Жоховурд», http://news.am/rus/reviews/12020.html).

Digər bir məqam isə 2017-ci il parlament seçkilərində yarana biləcək vəziyyətlə bağlıdır. Qarşıdakı seçkilərdə yeni qüvvələrin iştirakı (məsələn, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın) vəziyyəti Respublika Partiyasının əleyhinə dəyişə və Sərkisyanın hakimiyyətə qayıtmaq planlarını puç edə bilər. Belə olacağı təqdirdə, yeni Konstitusiya referendumları ortaya atıla bilərmi? Və ya prosesi tezləşdirmək üçün növbədənkənar parlament seçkiləri təşkil oluna bilərmi?

Nəticə etibarilə, bir ölkənin öz idarəetmə üsulunu seçməsi, əlbəttə ki, həmin ölkənin öz daxili işidir. Burada əsas diqqəti cəlb edən məqam isə Ermənistan hakimiyyətinin demokratiya imitasiyası və Qərb dövlətləri və institutlarının bunun üstündən sükunətlə keçməsidir. Belə görünür, Ermənistan xalqı qəddar Sərkisyan rejiminin hakimiyyəti altında hələ çox əziyyət çəkəcək.

Elmar Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...