THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çin qlobal liderliyə doğru: yeni dünya quruluşu mümkündürmü?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2861
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 oktyabr 2015 – Newtimes.az

İqtisadi təşəbbüslər xarici siyasətin aləti kimi

2015-ci ilin 26-29 mart tarixlərində Çin Xalq Respublikasında "Çin Davosu'' adını alan – Boao Asiya Forumu keçirildi. Forumda ÇXR-in İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi "İpək Yolu və Kəməri''nin müştərək qurulmasının fəaliyyət planını açıqladı. Fəaliyyət planına əsasən kəmər Asiya, Avropa və Afrika qitələrini əhatə edir. ÇXR-in diplomatiyasının gələcək illərdəki fəaliyyətinin prioritetlərindən olan İpək Yolu İqtisadi Kəməri (İYİK):

1) ÇXR-i, Mərkəzi Asiya, Rusiya və Avropa ilə (Baltik regionu) bir araya gətirməyi;

2) ÇXR-i Mərkəzi Asiya və Qərbi Asiyadan keçməklə Fars körfəzi və Aralıq dənizi ilə əlaqələndirməyi;

3) ÇXR-i Cənub-Şərqi Asiya, Cənubi Asiya və Hind okeanına bağlamağı nəzərdə tutur.

Boao Forumunda ÇXR-in lideri Si Tszinpin 2020-ci ilə qədər xaricə 500 milyard ABŞ dollarından çox investisiya və 10 trilyon ABŞ dolları dəyərində mal ixrac etmək niyyətində olduqlarını bəyan edib.

Cari ilin ortalarında Çin "Bir Kəmər – Bir Yol'' (OBOR) təşəbbüsünü iqtisadi dəhlizlər yaradaraq genişləndirməyi və marşrut üzərindəki ölkələrə 900 milyard ABŞ dolları həcmində pul ayırmağı planlaşdırdıqlarını açıqladı. Çin bu təşəbbüslə təklif olunmuş marşrut üzərindəki ölkələrlə növbəti 10 ildə 2,5 trilyon ABŞ dolları həcmində illik ticarət dövriyyəsinə nail olmaq məqsədi güdür.

Rusiyalı analitiklərin fikrincə, ixracın ildə 2 trilyon ABŞ dolları həcmində olacağı nəzərə alınsa, 2014-cü illə müqayisədə (1,96 trilyon ABŞ dolları) cəmi 40 milyard ABŞ dolları fərq yaranacaqdır. Bu isə Çin kimi nəhəng iqtisadiyyata malik ölkə üçün balaca rəqəmdir.[i] Si Tszinpinin açıqladığı rəqəmlər təbliğat xarakteri də daşıya bilər.

Digər diqqət çəkən məqamlardan biri də forum zamanı çıxışında Si Tszinpinin Asiyada təhlükəsizliyin yeni konsepsiyasının hazırlanması təklifi idi. Bu təklifdə bir çox ölkələri cəlb edən ideyalar səsləndirildi:

a) "Soyuq müharibə'' mentaliteti yox olmalıdır;

b) Asiya ölkələri üçün ümumi "tale cəmiyyəti'' qurulmalıdır;

c) Ümumi, hərtərəfli, kooperativ və dayanıqlı təhlükəsizlik siyasəti aparılmalıdır.[ii]

Qeyd olunan təkliflə ÇXR yeni anti-Qərb siyasəti aparmaq niyyəti güdmür. Asiyalılar arasında ilk dəfə olaraq "tale cəmiyyəti” haqqında danışan Si Tszinpin Çinin geosiyasi və diplomatik hücuma keçəcəyi işarəsini verir. Çin öz gücünü hesablayır və hazırkı vəziyyətində dünya liderliyində ABŞ-a bərabər olmayacağını bilir. Bununla Çin dünya təhlükəsizliyinin qorunmasında və əməkdaşlığın qurulmasında ABŞ və Qərbin yanında yerini möhkəmləndirmək istəyir.

Bu möhkəmləndirmə cəhdlərinə "Kəmər və Yol'' layihəsini, Si Tszinpinin "ümumi tale cəmiyyəti ideyasını'', qabaqcıl ABŞ "beyin mərkəzlərinə'' bərabər 100-ə yaxın yeni "beyin mərkəzləri'' yaradaraq "yumşaq və ağıl gücdən'' istifadəni və s. misal kimi göstərmək olar.

"Kəmər və Yol'' təşəbbüsünü şəxsən həyata keçirən Çin lideri Si Tszinpin 2015-ci ilin ortalarında Qazaxıstan, Rusiya və Belarusa səfər etmiş və səfər çərçivəsində gündəlikdə duran əsas məsələ "Kəmər və Yol'' olmuşdu. Tszinpinin Avrasiya turu çərçivəsində Çin və üç ölkə arasında ticarət, iqtisadiyyat, enerji, aerokosmik, maliyyə, investisiya və infrastruktur sahələrini əhatə edən 90-a yaxın məsələ ətrafında sənədlər toplusu imzalanmışdır.

Maraqlı məqamlardan biri də Çin prezidentinin II Dünya müharibəsi zamanı faşist qüvvələrinə, xüsusilə də yapon ordusuna qarşı vuruşmuş veteranlar ilə görüşməsi və onları xatirə medalları ilə mükafatlandırması idi.

Qərb mediasında Çinin OBOR təşəbbüslərini Marşal planına[iii] bənzətməyə başlayaraq, iddia edirlər ki, Çin qonşu ölkələrlə iqtisadi əlaqələrini sıxlaşdırmaqla geosiyasi, hərbi və təhlükəsizlik maraqları çərçivəsində siyasət aparmağa çalışır. Çin xarici işlər naziri Vanq Yinin sözlərinə görə, OBOR təşəbbüsü geosiyasi vasitə yox, müstəsna əməkdaşlığın məhsuludur . Ona vaxtı keçmiş Soyuq müharibə təfəkkürü ilə baxmaq lazım deyil.

Marşal Planı zamanındakı ABŞ-dan fərqli olaraq, Çinin maliyyə yatırımı etdiyi ölkələrə hərbi cəhətdən müdaxilə etmək imkanı yoxdur. Regional səviyyədə Hindistan, ABŞ, Rusiya və Yaponiya kimi ölkələr OBOR üzərindəki ölkələrdə önəmli nüfuza malikdirlər və onlar öz güclərindən istifadə edərək, Çinin planlarının qarşısını ala bilərlər.

Əməkdaşlıq, yoxsa qarşıdurma?

29 sentyabrda ABŞ Senatı və Nümayəndələr Palatası "2016-cı Maliyyə ili üçün Milli Müdafiə Hüquq Aktı'' qanun layihəsini qəbul etdi. Qanun layihəsi ABŞ-a Cənubi Çin dənizi ölkələrindən İndoneziya, Malayziya, Filippin, Tailand və Vyetnama dəniz təhlükəsizliklərinə təhdidə qarşı hərbi yardım göstərmək imkanı verir.

Gəlin indi qanun layihəsinin digər bəndinə, yəni əsas məqama diqqət yetirək: "ABŞ bundan sonra da müvafiq özünümüdafiəni təmin etmək üçün Tayvana müdafiə sənayesi məhsulları və xidmətləri təklif etməli və o cümlədən Çinin artmaqda olan imkanlarını balanslaşdırmaq üçün innovativ və asimmetrik üsullar daxil olmaqla Tayvanı dəstəkləməlidir.''

Qanun layihəsinin bu bəndi ilə ABŞ Çinin regionda güclənməsindən narahat olduğunu və bunun qarşısının alınması üçün açıq-aydın bölgədəki ölkələrə dəstək göstərəcəyini bildirir.

Si Tszinpin BMT Baş Assambleyasının 70-ci iclasında çıxışı zamanı Çinin "hegemoniya, ekspansiya və ya təsir dairəsi'' siyasəti aparmadığını bildirmişdir. ABŞ mediası isə bunun əksini sübut etməyə çalışaraq, Çinin sərhədlərindən kənarda öz ərazisini genişləndirməyə doğru getdiyini iddia edir.[iv]

Harvard Universitetinin professoru, ABŞ milli təhlükəsizlik və müdafiə siyasəti eksperti Qraham Allison ABŞ və Çin kimi rəqabət aparan güclər arasındakı mübarizəyə "Fukidid[v] tələsi'' adını vermişdir. Allisonun rəhbərliyi ilə aparılan araşdırmaya görə, son 500 ildə güclər arasında baş vermiş 16 mübarizənin 12-də müharibə olmuş, geri qalan 4-də müharibə olmasa da fəsadlar mütləq baş vermişdir.[vi]

Q.Allison öz araşdırmasında qeyd edir ki, bu eranın mühüm geostrateji çağırışı İslam ekstremizmi və ya dirçələn Rusiya deyil, Çinin güclənməsinin ABŞ tərəfindən idarə olunan beynəlxalq nizamın üzərindəki təsiridir.

Hərbi sahədə ABŞ-a çatmağın yaxın perspektivdə mümkün olmadığını yaxşı anlayan Çin dünya iqtisadiyyatı və siyasətində ABŞ-dan sonra ikinci yeri almaq üçün 2015-ci ildəki xarici siyasətində öz qlobal rolunu artırmaq və ABŞ-la "yeni növ'' münasibətlər qurmaq istiqamətini seçib.

Si Tszinpinin 2 oktyabr 2015-ci ildə ABŞ-a ilk dövlət səfəri bunun əyani sübutudur. Səfər çərçivəsindəki çıxışında Si Tszinpin dünyada "Fukidid tələsi'' adlı bir faktın olmadığını qeyd edib. O, bu tələyə düşməmək üçün ABŞ və Çin bir-birlərinin strateji niyyətləri haqqında yanlış hesablamalardan yayına biləcəklərini bildirmişdi. ABŞ-da olarkən Si Tszinpin müxtəlif sosial sferaları təmsil edən amerikalılar ilə görüşmüşdür. Görüşləri zamanı o, dünyanın inkişafında və dünya nizamında Çinin mövqeyini çatdırmaqla yanaşı, əməkdaşlığın qarşılıqlı qazanc gətirəcəyini, münaqişələrin hər iki tərəfə ziyan vuracağını vurğulamaqdan çəkinməmişdir.

Çin və ABŞ iqtisadi cəhətdən bir-birilərinə sıx bağlıdırlar. ABŞ Çin işçi qüvvəsindən istifadə edir, Çində ABŞ-ın böyük zavodları yerləşir. Çin və ABŞ arasındakı ticarət əlaqələrinin genişləndirilməsi qlobal güclər arasındakı sabitliyin qorunması üçün görünməyən əl rolunu oynaya bilər.

Lakin eyni zamanda, ABŞ-la Çin arasında münaqişənin mövcud olduğu artıq heç kəsə sirr deyil. Hər iki ölkə bir-birinə nə qədər bağlı olsalar da, bir-birindən bir o qədər də uzaqdırlar. Hər iki tərəfi ciddi narahat edən məsələlər var. Bu məsələlər ətrafında nə qədər fikir ayrılığı mövcud olsa da, onlar bu ziddiyyətlərin arasında ortaq nöqtəni tapmağa çalışırlar. Bu isə ümumi dünya nizamı üçün yaxşı haldır.

Burada bir məqama mütləq diqqət yetirmək lazımdır ki, ABŞ dünya dövlətlərinin ümumi hərbi xərclərinin hamısına yaxın hərbi büdcəyə malikdir. ABŞ-la birbaşa mübarizəyə girişmək məhvə bərabərdir. Əslində, buna cəhd etməyi heç kəs ağlına belə gətirmir.

Qərblə Rusiya arasındakı yeni "Soyuq müharibə''nin başlamasından və Rusiyanın Şərqə doğru meyllənməsindən istifadə edən Çin boşluqları doldurmağa çalışır. Köhnə "Soyuq müharibə”də Rusiya və ABŞ dünya quruluşuna təsir edirdisə, burada artıq Çin də rol almağa başlayıb. Baş verən proseslər nəticəsində Çin səssizcə öz gücünü artırır.

Hazırda Çin və ABŞ tarixi bir nöqtədə qərarlaşıblar. Dünyanın taleyinin hansı istiqamətə doğru getməsi onlardan asılıdır. Nə qədər fərqli baxışlara malik olmalarına baxmayaraq, qeyd etmək lazımdır ki, dünyada sülh və əmin-amanlığın saxlanılması bütün bu fərqliliklərdən üstündür.

Ramil Tağıyev


[i] Большие цифры и реальность: что стоит за экономическими заявлениями лидеров Китая? - http://south-insight.com/node/1458

[ii] President Xi: new security concepts should be nurtured in Asia - http://news.xinhuanet.com/english/2015-03/28/c_134105018.htm

[iii] 1947-1951-ci illər arası Marşal Planına əsasən ABŞ Avropanın yenidən qurulması üçün 13 milyard ABŞ dolları maliyyə yardımı ayırmışdı. Bu isə müasir dövrün pulu ilə təxminən 100 milyard ABŞ dollarına bərabərdir. Bu Plan maliyyə yardımından əlavə ABŞ xarici siyasətinin təməl daşına çevrilmişdi.

[iv] "The Economist - Videographic: What does China want?'' - https://www.youtube.com/watch?v=SscQBrJbiN0

[v] E.ə. V əsrdə yaşamış Afina tarixçisi və "Peloponnes müharibəsi tarixi'' kitabının müəllifi Fukidid belə bir fikir irəli sürmüşdü: "Afinanın qalxışı idi və Spartanı bürüyən qorxu müharibəni qaçılmaz etdi.'' Bu fikri ilə Fukidid artan güclə lider güc arasında müharibənin qaçılmaz olduğunu iddia edirdi.

[vi] The Thucydides Trap: Are the U.S. and China Headed for War? - http://belfercenter.ksg.harvard.edu/publication/25783/thucydides_trap.html

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...