THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Afrika və XXI əsrin çağırışları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13171
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2015 – Newtimes.az

Şərqi Asiya və Latın Amerikasından fərqli olaraq, Afrikanı müasir geosiyasi məkanda aktor adlandırmaq olmaz. Görkəmli Amerika alimi İ.Vallerstaynın qeyd etdiyi kimi, "Afrika müasir dünya sistemimizdən xaric edilmişdir və dünyada indiki siyasi, iqtisadi və mədəni tənzimləmə mexanizmlərinin 25-50 il davam etdiyi təqdirdə, çox güman ki, Afrika və afrikalıların bu dünya sistemindən xaric edilməsi tendensiyası daha da güclənəcəkdir". Afrikanın dünyadakı geosiyasi proseslərdən təcrid olmasının iki səbəbini göstərmək olar.

Birincisi, burada elə bir inteqrasiya prosesi yoxdur ki, onların köməyi ilə regionlar özlərini geosiyasətin regionda və dünyada təhlükəsizlik maraqlarından çıxış edən aktorları kimi nümayiş etdirsinlər. Afrikada hələ müstəmləkəçilik dövründə formalaşan və milli müstəqillik uğrunda mübarizə aparan, bir dövlət çərçivəsində bölüşdürücü partikulyarizmə qarşı yönələn milli azadlıq hərəkatlarına bənzər regional inteqrasiya gücü ola bilən hərəkatlar yoxdur. Milli müstəqilliyi əldə etdikdən sonra milli azadlıq hərəkatları parçalandı, başqa heç bir siyasi qüvvə isə yaranmış vakuumu doldura, milli şüuru səfərbər edə bilmədi. Belə qüvvələr hələ ki, meydana gəlməyib.

Afrikanın dünya geosiyasətindən təcrid olunmasının ikinci səbəbi bundadır ki, "Soyuq müharibə"nin başa çatmasından sonra dünyanın aparıcı dövlətlərinin bu regionda təhlükəsizlik sferasında elə bir ciddi maraqları yox idi. Bipolyar dünya və "Soyuq müharibə" illərində strateji rəqiblər olan ABŞ və SSRİ milli geostrategiyanı işləyərkən Afrika qitəsinə xüsusi diqqət yetirirdilər, çünki onların hər biri yeni müttəfiq qazanmağa, öz blokunu gücləndirməyə çalışırdılar. "Soyuq müharibə"nin başa çatmasından sonra isə Afrikadan kənarda ona düşmən olan və burada üstünlüyü ələ keçirməyə çalışan ölkə qalmadı. Eynilə kifayət qədər hərbi və iqtisadi imkanları olan bir Afrika ölkəsi də yoxdur ki, qitədə özü liderlik etsin. Buna görə də ABŞ-ın yeni Afrika siyasətini işləməyə ehtiyacı yox idi. Hətta bipolyar dünyanın dağılmasından, SSRİ-nin süqutundan sonra ABŞ, Aİ və Rusiyanın qarşısına yeni və daha aktual geosiyasi problemlər çıxdı.

Son illər böyük dövlətlər Afrika regionuna daha çox diqqət yetirirlər. Onların Afrikada maraqları əsasən enerji resursları, neft və qaz ətrafında cəmləşir. Dünyanın neft ehtiyatlarının 7,4%-i Afrikanın payına düşür. Bu gün üçün ümumdünya hasilatında Afrikanın payı 12% təşkil edirsə, 2020-ci ildə dünyada duru karbohidrogen xammal hasilatının 30%, sıxılmış təbii qaz hasilatının isə – 25% artması Afrikanın hesabına olacaqdır. Afrika neftinin çox hissəsi Nigeriyada, Qvineya körfəzində, Ekvatorial Qvineyada, Kamerunda, Qabonda və Konqo Respublikasında hasil olunur. Bundan başqa, neft dünya bazarına Anqoladan, Əlcəzairdən və Çaddan da daxil olur. "Qara qızıl" yataqları Sudanda, Mərkəzi Afrika Respublikasında, Mavritaniyada da aşkar edilmişdir. Uqandada da neft axtarışları aparılır. Ən iri neft istehsalçıları və ixracçılarından Nigeriyanı, Anqolanı və Əlcəzairi göstərmək olar.

ABŞ Afrika neftinə böyük maraq göstərir. Sovet İttifaqının süqutundan sonra Vaşinqton Afrikada öz nüfuzunu artırmaq istiqamətində addımlarını genişləndirmişdir. İlk olaraq onun diqqət mərkəzində əvvəllər SSRİ ilə fəal əməkdaşlıq edən Sudan və Efiopiya idi.

1983-cü ildə vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə böldü.

Birləşmiş Ştatlar əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verdi ki, bu da mübarizəni daha da şiddətləndirdi. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə "İkinci vətəndaş müharibəsi" adını aldı. Bu illərdə aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak oldu, 4 milyondan artıq insan isə qaçqın düşdü. Sudanda baş vermiş hadisələr böhrana aparırdı.

1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verdi. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirdi. Bu dəfə ABŞ cənubdakı qiyamçılara dəstək verməyi qərara aldı.

1990-cı ildə Amerikanın "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi məsələni daha da qızışdırdı.

Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter aldı. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışırdı. Döyüş əməliyyatları Amerikanın neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. 1994-cü ildə ABŞ-ın təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Sənəd yalnız 1997-ci ildə yenə də ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi. Lakin şimal rəhbərləri danışıqlara getmədilər. Buna dərhal reaksiya verildi. ABŞ-ın xüsusi xidmət orqanları şimali Sudanda xalq üsyanlarını təşkil etdi. Hökumət bu üsyanları çox sərt şəkildə yatırırdı. Narazılıqların arası kəsilmirdi. Bu etirazlara Qərbdən xeyli dəstək alan güclü müxalifət rəhbərlik edirdi.

1998-ci ildə Amerika aviasiyası şimali Sudanın paytaxtı olan Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi. Müxalifətə seçkilərdə iştirak etməyə icazə verilmişdi. Lakin müharibə davam edirdi.

Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ilin referendumundan sonra cənubi Sudan müstəqillik əldə etdi. Lakin bu, indiyə qədər nə şimali, nə də cənubi Sudanın xalqlarına sülh gətirməyib. Amerika hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstək göstərir. Zəngin təbii ehtiyatlarına baxmayaraq (neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir), hər iki ölkənin hökumətləri ABŞ-ın iqtisadi və hərbi yardımından çox asılıdır. Hər iki ölkədə yoxsulluq və korrupsiya baş alıb gedir.

Sudanla qonşu olan Efiopiya da ağır sınaqlardan keçmişdir.

1993-cü ildə iki il davam edən vətəndaş müharibəsi nəticəsində ölkə iki hissəyə bölündü. Müsəlmanlardan ibarət olan cənub hissəsi özünün əvvəlki adını qoruyub saxladı, şərti olaraq xristian şimalı isə Eritreya kimi tanınır. Maraqlıdır ki, hər iki dövlət əvvəl də, bu gün də ABŞ-ın müttəfiqləridir.

1996-cı ildə ABŞ-ın təzyiqi altında Eritreya da, Efiopiya da Sudanda gedən vətəndaş müharibəsində iştirak etdilər. Onların birləşmiş quru qoşunlarının əməliyyatlarına Amerika aviasiyası dəstək verirdi. 1998-ci ildə isə ABŞ-ın bu iki müttəfiqi öz aralarında müharibəyə başladılar. Elə həmin il Efiopiya əsgərləri Sudanı tərk etdilər. 2 may 1999-cu il tarixdə isə Eritreya öz qoşunlarını buradan çıxardı.

11 sentyabr 2001-ci il hadisələrindən sonra Efiopiyanın ərazisində ABŞ-ın xüsusi xidmət orqanları Somali müxalifətinin yaraqlılarının təlim keçməsi üçün düşərgələr yaratdılar. Həmçinin Somali və Yəmənə qarşı aviasiyanın, o cümlədən pilotsuz aviasiyanın əməliyyatları üçün aerodromlar da yaradıldı.

2006-cı ildə amerikalıların təzyiqi altında Efiopiya Somaliyə öz qoşunlarını yeritdi. Onlar bu gün də Somalidədirlər. Bu gün üçün Efiopiya, Eritreya və Sudan arasında sülh şəraitində qarşılıqlı əlaqələr yoxdur və yaxın gələcəkdə bu istiqamətdə müsbət irəliləyiş gözlənilmir.

1993-cü ilin yaz aylarında BMT-nin TŞ-nin qətnamələrinə əsasən ABŞ sülhyaratma qüvvələrinin tərkibində Somalidə keçirilən bir sıra əməliyyatlar baş tutdu. Amerika hərbçiləri ən iri silahlı qruplaşmalardan birinin liderini – general Aydidi ələ keçirmək üçün altı reyd keçirdi. Sonuncu reyd 1993-cü ilin 3-4 oktyabrında Somalinin paytaxtı Moqadişoda baş tutdu. ABŞ tərəfdən 160 xüsusi təyinatlı iştirak edirdi. BMT sülhməramlıları isə onlara dəstək göstərirdi. Cəhdlər boşa çıxdı. Amerika hərbçilərinin itkiləri 18 nəfər ölü və 73 yaralıdan ibarət oldu, bir nəfər əsir düşdü. Bundan başqa, yaraqlılar iki "Blek Hok" vertolyotunu vurdu, bir yük maşınını yandırdılar. Bu hadisədən sonra amerikalılar Somalidə bir daha öz quru qoşunları ilə əməliyyat aparmadılar. 1994-cü ilin mart ayında isə ABŞ-ın silahlı qüvvələri bütövlükdə buradan çıxarıldı.

2000-ci ilin əvvəllərində "İslam məhkəmələri təşkilatı" (İMT) adlanan güclü radikal birlik yaradıldı. ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri 2004-cü ildə İMT-yə qarşı vuruşan Somali müxalifətinin sahə komandirlərini keçid hökumətini yaratmağa çağırdılar. Yenə də MKİ-nin məmurlarının köməyi ilə qiyamçı qruplar, əslində isə terrorçuların özü, sülhün bərpa edilməsi və terrorçuluqla mübarizənin aparılması üçün formal olaraq alyansda birləşdilər. Elə həmin il ABŞ-ın təzyiqi ilə Afrika İttifaqı bu efemer hökuməti tanıdı. Lakin həqiqət bundadır ki, vahid bir tam kimi, o, heç bir gün də yaşamadı. Sahə komandirləri öz müstəqilliklərini qoruyub saxlamağa çalışırdılar. Nəticədə, 2006-cı ilin iyul ayında İMT dəstələri Moqadişonu ələ keçirdilər, 12 dekabra yaxın isə radikallar artıq ölkənin bütün ərazisinə nəzarət edirdilər.

2007-ci ilin əvvəllərində Somaliyə Efiopiya, Puntlend və müxalifət qoşunları daxil oldu. ABŞ aviasiyası havadan radikallara zərbə endirdi. Daha sonra Vaşinqton Afrika İttifaqı ölkələrini də cəlb etməyi planlaşdırırdı, lakin bu ideyadan bir şey alınmadı. Vuruşan əsasən Efiopiyanın silahlı qüvvələri oldu.

2008-ci ilin avqust ayında müharibə illəri ərzində qüvvə toplayan son dərəcədə radikal bir təşkilat – "əl-Şabab" təşkilatı İMT-dən ayrıldı və ABŞ-ın yaratdığı koalisiyaya qarşı partizan müharibəsinə başladı.

Hal-hazırda Somalidə keçid hökuməti birliyə nail olmamış və yalnız Efiopiyanın gücü üzərində durur. Bununla belə ölkədə çoxlu sayda cihadçı qruplaşmalar da güclənməkdədir. Bu dalğada İMT-nin nüfuzu yenə də artmaqdadır.

Nəticədə, Afrika buynuzu ölkələrinin hökumətləri – şimali və cənubi Sudan, Somali və Efiopiya tamamilə ABŞ-ın dəstəyindən asılı vəziyyətə düşdü. 2009-cu ilin güclü quraqlığı və bundan sonra da Sudan və Efiopiyanı bürüyən aclıq, 2011-ci ildə isə bütövlükdə şərqi Afrikanı, o cümlədən Somali, Keniya, Efiopiya, Uqanda və Cibutiyə toxunan və 100 mindən çox insanın həyatına son qoyan analoji fəlakət vəziyyəti daha da mürəkkəbləşdirdi. Bu isə Vaşinqton üçün çox əlverişli bir hadisə oldu.

ABŞ və onun NATO üzrə müttəfiqlərinin Afrikada ekspansiyasının qurbanı Liviya oldu. 2011-ci ildə "Ərəb baharı" dalğasında bu ölkə xaosa sürükləndi. 15 fevral 2011-ci ildə Liviyanın iri şəhərlərində narazılıq dalğaları, əslində isə silahlı üsyan baş qaldırdı. Yanvarın 18-də ABŞ-ın təzyiqi ilə BMT-nin Təhlükəsizlik Şurası 1973 saylı qətnamə qəbul etdi. Fevralın 19-da isə Fransa HHQ Liviyanın hərbi və sənaye obyektlərinə havadan zərbələr endirməyə başladı. ABŞ və Böyük Britaniya hava kəşfiyyatını təmin edirdilər. Oktyabrın 20-də Qəzzafi qətlə yetirildi, qiyamçı təşkilatlardan biri – Milli Keçid Şurası (MKŞ) formal olaraq hakimiyyətə gəldi. NATO qüvvələrinin yerüstü əməliyyatlarını ABŞ, Fransa və Böyük Britaniya xüsusi təyinatlı qoşunlarının hərəkətləri məhdudlaşdırırdı. Quru qüvvələri kimi isə əsasən qiyamçılardan istifadə olunurdu.

İlk olaraq Liviya hadisələrini Fransanı keçmiş müstəmləkəsi olan Mali Respublikası öz üzərində hiss etdi.

Qısa müddət davam edən postmüstəmləkə dövrü ərzində bu ölkə daima özlərinin müstəqil Azavad dövlətini yaratmağa çalışan şimal tayfalarının, əsasən də tuareqlərin üsyanı təhlükəsi altında olmuşdur. Köçəri tayfaların planlarına görə, onların mülkləri Malinin şimal hissəsini, Əlcəzairin cənubunu, Mavritaniyanın şərq əyalətlərini və Nigerin şimal rayonlarını əhatə etməlidir. Bu üsyanların arası kəsilmirdi. Həmin regionda, elə bütövlükdə Afrikada da, müstəmləkələrin dağılmasından sonra dövlətlərin sərhədləri etnosların yaşayış dispersliyi və köçəri tayfaların yolları nəzərə alınmadan müəyyən edilirdi ki, bu da etnoslararası münaqişələr üçün münbit zəmin yaradırdı.

Malinin şimalındakı tayfaların hərbi fəallığı Qəzzafi rejiminin iflasından sonra dəfələrlə artdı. Liviya ordusunda qulluq edən tuareqlər özləri ilə çoxlu miqdarda silah-sursat götürərək cənuba və qərbə doğru getdilər. Bundan başqa, Liviya ordusunun silah anbarları Şimali Afrikadan ekvatora qədər ərazidə fəaliyyət göstərən yaraqlıların əlinə keçdi. Liviyadan kənarda – Malidə, Nigeriyada, Kamerunda, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda və Somalidə bu silahı alanlar da tapıldı.

2012-ci ildə tuareqlər növbəti üsyan qaldırıb Malinin cənubuna doğru irəliləməyə başladılar. Hökumət ordusu köçərilərin təzyiqi altında geri çəkilməyə başladı. Afrika İttifaqının birləşmiş hərbi qruplarının birgə səyləri ilə respublika paytaxtı Bomako şəhərinin yaxınlığında üsyançıların qarşısı alındı.

Məsələ burasındadır ki, Malidə və onunla həmsərhəd olan Nigerdə zəngin uran yataqları var. Onları Fransanın atom energetikasının flaqmanı olan "Areva" konserni işləyir. Fransada AES elektrik enerjisinin 80%-ni təmin edir. Konsernin özü isə dünyada ən iri zənginləşdirilmiş uran, AES üçün reaktor və avadanlıq istehsalçısıdır.

Ekspertlərin fikirlərinə görə, Fransa xüsusi xidmət orqanları yaranmış vəziyyəti çoxdan hazırlayırdılar. Malidə tuareqlərin üsyanında onlar və onların amerikalı həmkarlarının əli var. Fransa regionda hərbi iştiraka can atır və rəqibləri buraya buraxmamağa çalışır. Mali hökuməti isə Fransanın sayəsində duruş gətirir və indi bütünlüklə Qərbin dəstəyindən asılıdır.

Qəzzafi rejiminin iflasından sonra Mərkəzi Afrika Respublikasında, Nigerdə, Kamerunda və xüsusən də Nigeriyada silahlı cihadçı təşkilatlar fəallaşdı.

Onlardan ən qəddarı "Boko haram" təşkilatıdır. Tərcümədə bu ifadə "Qərbdən gələn hər şey qadağan olunur" mənasını verir. Onun qəddarlığının həddi-hüdudu yox idi. Nigeriya, Kamerun və Niger hökumətləri terrorçu təşkilatın öhdəsindən gələ bilmir. Mövcud vəziyyətdən istifadə edən ABŞ 2014-cü ildə nəhəng yüngül neft və təbii qaz ehtiyatlarına malik olan Nigeriyaya 300 nəfər hərbi mütəxəssisini (formal olaraq "Boko haram"la mübarizə aparmaq üçün) göndərdi. Bundan başqa, radikallara qarşı Amerikanın döyüş aviasiyasından, o cümlədən pilotsuz aviasiyadan da istifadə olunurdu. ABŞ-ın daha 3 mindən artıq hərbçisi faydalı qazıntılarla zəngin olan Qərbi Afrikaya Ebola virusu ilə mübarizə aparmaq üçün göndərilmişdir. Bu isə Qara qitə üçün az qüvvə deyil. Üstəlik, Qərb bu regiona silah da göndərir.

Son nəticədə Qərbi, Mərkəzi və subekvatorial Afrika ABŞ və onun müttəfiqlərinin hərbi dəstəyindən asılı vəziyyətə düşdü. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Nigeriyanı təbii qazın potensial iri tədarükçüsü kimi nəzərdən keçirir.

Müasir Afrikanın bir çox problemləri üçün zəmin hələ müstəmləkəçilər tərəfindən yaradılmışdır. Burada torpaqdan istifadə və kənd təsərrüfatı ənənələri, ictimai münasibətlər və mədəni xüsusiyyətlərlə hesablaşmayan avropalılar hər şeyi özlərinin istədikləri kimi qurur, bununla da ləng təsirli mina qoymuş olurdular. Həmin o minalar indi işə düşür. Bu gün Afrikanı və onun ehtiyatlarını istismar edən ABŞ başda olmaqla Qərb ölkələri və beynəlxalq şirkətlər burada yaranmış vəziyyətdən, özü də Qərb ölkələrinin özləri tərəfindən yaradılan vəziyyətdən bacarıqla istifadə edirlər. Zəifləmiş milli hökumətlər bir-birinin ardınca ABŞ-dan və onun müttəfiqlərindən asılı vəziyyətə düşür.

Yeni qitənin müasir dünya siyasəti Böyük Britaniyanın əsrlərlə yeritdiyi və "parçala və hökm sür" prinsipinə söykənən siyasəti xatırladır. London tayfaları, xalqları və ölkələri bacarıqla qarşı-qarşıya qoyurdu. Bundan sonra düşmənlə əhatəyə alınmış tərəflərdən hər biri Britaniyaya kömək üçün üz tuturdu. Britaniya isə öz növbəsində haradasa hədə-qorxu ilə, haradasa rüşvətlə saray çevrilişlərini təşkil edir, beləliklə də öz imperiyasını yaradırdı. ABŞ-dan söhbət düşdükdə, çiçəklənmə dövrünü yaşayan Qədim Roma yada düşür. Sonralar nə baş verdiyi isə bəllidir. Tarix isə, məlum olduğu kimi, təkrarlanır.

Nərgiz Əfəndiyeva,

Filologiya üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...