THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Böyük yeddilik" sammitinin nəticələri: qlobal çağırışlar və dünya miqyaslı aktorların ümumi maraqları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
19453
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyun 2015 – Newtimes.az

Bu günlərdə Almaniyanın cənubundakı Bavariya qalası Elmauda "Böyük yeddilik" ölkələrinin iki günlük sammiti baş tutdu. "Böyük yeddiliy"in formatına uyğun olaraq Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın iştirak etdiyi sammitdə beynəlxalq əhəmiyyətə malik aktual problemlər müzakirə olunub.

Xatırladaq ki, 1997-2014-cü illərdə Rusiya da qrupun işində digər üzvlərlə bərabər səviyyədə iştirak edirdi, birliyin özü isə "Səkkizlik qrupu" (G8) adlanırdı, amma Ukrayna ilə qarşıdurma və Krımın ilhaqı səbəbindən Rusiya bu heyətdən çıxarıldı.

Yeri gəlmişkən, bir çox sahələrdə inkişaf etmiş ölkələrin liderlərinin görüşünün keçirilməsi ideyası ötən əsrin 70-ci illərinin əvvəlində iqtisadi böhran və ABŞ, Qərbi Avropa və Yaponiya ilə iqtisadi və maliyyə məsələlərində münasibətlərin kəskinləşməsi zamanı yaranıb.

Ölkə liderlərinin geniş sahəni əhatə edən məsələlərlə bağlı yekun bəyanatlarına görə sammitin gündəliyi kifayət qədər dolğun olub.

Bir sözlə, sammitin yekunlarına görə hökumət başçıları ortaq dəyərlər barədə bəyanatlar vermiş, terrorizm, qlobal istiləşmə, epidemiyalara qarşı mübarizəyə, bəziləri isə Rusiya ilə münasibətdə sanksiyaların mümkün sərtləşdirilməsinə çağırışlar ediblər. Gündəliyin son maddəsi daha çox diqqət çəkmişdi, amma bu, yumşaq desək, heç də Rusiyanın xeyrinə deyildi və müvafiq olaraq rusiyalı siyasətçilər və ekspertlərin iştirakçı ölkələrin liderlərinin yekun qərarları ilə bağlı tənqidlə üzləşmələri böyük təəccüb doğurmur. Amma bu barədə bir az sonra.

Ümumilikdə, dünya ictimaiyyətinin qarşılaşdığı və sammit ərzində müzakirə olunan qlobal çağırışlar ciddi nəticələrə malikdir, belə ki, onlar qüvvələrin tarazlığının dəyişməsinə kömək edir, bu isə öz növbəsində qaçılmaz olaraq dünyadakı nizamın pozulmasına gətirib çıxarır.

Sirr deyil ki, beynəlxalq siyasətdə aparıcı rolu ABŞ oynayır, bu səbəbdən də digər böyük oyunçular, məsələn, Yaponiya perspektivli siyasi ittifaq üçün keyfiyyətli dialoq əzmindədir. ABŞ Gündoğar ölkə ilə müttəfiqlik münasibətləri qurmağa da razıdır, ən azı ona görə ki, Çinlə münasibətdə onları ortaq maraqlar birləşdirir, ABŞ üçün Yaponiya ilə hərbi-siyasi ittifaqın gücləndirilməsi Çin siyasətinə real təzyiq mexanizmi rolunu oynaya bilər.

Öz növbəsində Çin olduqca ağıllı və düşünülmüş siyasət yürüdür və maraqlıdır ki, G7 kimi formatlarda iştirak etməyə qətiyyən maraq göstərmir. Tamamilə aydındır ki, bənzər formatda iştirak etmək Çin üçün, məsələn, Almaniya və Fransadan fərqli olaraq heç bir maraq kəsb etmir, amma bu, Cənubi-Çin dənizində süni adaların tikintisi ilə bağlı G7 ölkələrinin tənqidi bəyanatlarına məhəl qoymamaqda Çinə mane ola bilmədi.

Məlumdur ki, G7 sammitinin gedişində Yaponiyanın baş naziri Sindzo Abe Cənubi-Çin dənizini öz təsiri altında saxlamaqda davam edən Çinlə bağlı narahatlıqlarını ifadə edib.

ABŞ da azad ticarətə hər hansı zərərin verilməsi halında Amerika iqtisadiyyatından başqa G7 ölkələrinin iqtisadiyyatının da zərər çəkəcəyini bildirərək bu məsələ ilə bağlı narahatlığını dilə gətirib.

Avropanın diplomatik mənbələrinin məlumatına görə, sammitdən bir qədər əvvəl Çin dəniz təhlükəsizliyi ilə bağlı Pekinin fəaliyyətini müzakirə etməmələri üçün "Böyük yeddilik" ölkələrinə təzyiq göstərməyə çalışıb.

Əslində, reallıq ondadır ki, dünya iqtisadiyyatının inkişafı ABŞ və Hindistandan asılı olduğu qədər Çindən də asılıdır və yeri gəlmişkən, bu faktı uzaqgörən avropalılar da qəbul edir.

Ola bilər ki, bu faktın qəbulu bəzi Avropa ölkələrinə, xüsusilə G7 formatından çıxmasından sonra Rusiya ilə yaxınlaşmağın o qədər də əleyhinə olmayan Çin siyasəti ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə etməyə haradasa mane olub.

Yeri gəlmişkən, Rusiyaya gəldikdə, Qərbin sanksiyalarının mümkün sərtləşdirilməsi ilə bağlı Almaniyanın mesajına Moskva öz üslubunda cavab verdi. Minsk sazişinin yerinə yetirilməməsi halında sanksiyaların mümkün sərtləşdirilməsi ilə bağlı Almaniya kansleri Angela Merkelin bəyanatından sonra Kremlin cavabı özünü çox gözlətmədi. Bir qədər sonra mətbuat qarşısında çıxış edən Barak Obama sanksiyaların Rusiya iqtisadiyyatına artıq zərər verdiyinə diqqət çəkmiş və əmin etmişdi ki, Ukraynanın şərqində vəziyyət yaxşılaşmasa sammitin bütün iştirakçıları sanksiyaların müddətinin uzadılmasının tərəfdarıdırlar. Öz növbəsində Moskva çətinləşmiş vəziyyətdən müəyyən nəticələrə gəlmiş və bunun ardınca Vladimir Putinin mətbuat katibi Dmitri Peskov birmənalı olaraq bəyan etmişdi ki, hökumət başçıları G7-dən daha effektiv formatlara yönəliblər.

Kremlin davranışları müəyyən mənada Rusiyanın Ukrayna ilə münasibətdə mövqeyinə yenidən baxmağa hazır olmamasını və qərbli tərəfdaşları ilə pozulmuş əlaqələri bərpa etməyə xüsusi cəhd etməməsini göstərir. Bu, böyük qüvvələrin maraqlarının diametral surətdə ayrıldığı regiondakı güclərin tarazlığının pozulduğunun daha bir göstəricisidir. Maraqlıdır ki, Ukrayna KİV-lərinin məlumatına görə, sammit ərəfəsində ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışığı aparmış, Yaponiyanın və Kanadanın baş nazirləri Sindzo Abe və Stiven Harper hətta Kiyevə gələrək növbəti dəfə Donbasdakı vəziyyətin nizamlanması və ümumilikdə, ikitərəfli əlaqələrin qurulması üçün əllərindən gələni edəcəklərinə söz veriblər. Praktiki olaraq bütün bu vədlər sammitin gedişində G7 iştirakçıları Minsk sazişinə bağlılıqlarını elan edəndə və Donbasdakı münaqişənin siyasi tənzimlənməsinin problemin yeganə həll yolu olduğunu bəyan edərək Krımın ilhaqını pisləyəndə aşkar görünürdü.

"Biz çətin iqtisadi islahatlar yolunda və korrupsiyanın aradan qaldırılmasında Ukraynanı dəstəkləyirik və bu məsələlərdə ona kömək etməyə hazırıq", – deyə Almaniya kansleri Angela Merkel yekun mətbuat konfransında bəyan etdi. Ukrayna hakimiyyətinin rəsmi nümayəndələri sammitin yekunlarını müsbət dəyərləndirmiş, "Böyük yeddilik" ölkələrinin Ukrayna-Rusiya münaqişəsinin qiymətləndirilməsində nümunəvi yekdillik nümayiş etdirmələri və Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsinə baxmaq niyyətində olan Avropa İttifaqı ölkələrinə nümunə olmalarına əsaslanaraq yüksək nəticəyə gəlmişlər. Bununla yanaşı, qeyd olunur ki, Ukrayna hakimiyyəti diqqətini ölkə daxilində hazırkı şərtlərdə olduqca effektiv ola biləcək islahatların keçirilməsinə yönəltsə yaxşı olardı.

Sanksiyalar öz yerində, lakin istər Amerika, Çin, istərsə də Rusiya kimi dünya oyunçularının hər biri hətta kritik vəziyyətdən belə maksimum mənfəət əldə etmək istəyir. Bu isə öz əksini yenə də beynəlxalq siyasətdə güclərin bölüşdürülməsində tapır. Beynəlxalq böhranların əsas oyunçuların iştirakı ilə həll edilməli olması ilə bağlı Almaniya kanslerinin sözlərini və bundan çıxarış edərək Almaniyanın "Handelsblatt" (yeri gəlmişkən, bu nəşr G7-nin fəaliyyətini tənqid edir) nəşrinin qrupa Rusiya, Çin və Hindistanı da cəlb etməklə G10 yaratmaqla bağlı yazısını əsas götürsək gələcəkdə yeni formatda Rusiyanın da iştirak etməsi istisna deyil, olduqca realdır.

Bu halda, İŞİD-ə, bütün Yaxın Şərqi bürüyən qeyri-leqal miqrasiyaya, Ebolanın yayılmasına qarşı mübarizə ilə bağlı həll olunmamış problemləri, həmçinin İranın nüvə problemini nəzərə alsaq, G7 formatının artıq öz səmərəliliyini itirməsinin və iştirakçıların yenilənmiş heyətini tələb etməsininin təsdiqi və ya ən yaxşı halda G10 səviyyəsinə çatdırılması reallıqdan o qədər də uzaq deyil.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...