THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq: köhnə oyunun yeni qaydaları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10713
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyun 2015 – Newtimes.az

Yaxın Şərqdə dünyanın aparıcı dövlətlərinin maraqları toqquşur. Tarixən Yaxın Şərqdəki gündəliyə güclü təsir göstərən bəzi dövlətlər son illər regional strategiyalarına yenidən baxmağa başlamışlar. Ənənəvi nüfuza malik olan bir çox dövlətlərin zəifləməsi fonunda regiondaxili oyunçular sürətlə yüksəlməkdədir. Yeni reallıqlar nüfuz sferaları uğrunda mübarizənin kəskinləşməsini şərtləndirir.

Yaxın Şərqdəki qüvvələr balansı və aparıcı oyunçuların davranışı bu və ya digər şəkildə regionun düyün problemləri ilə bağlıdır. Onların arasında İranın nüvə dosyesi, Suriya və Misirdəki vəziyyət, regional terrorçuluq, habelə Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi xüsusi yer tutur. Cari müvəqqəti və potensial ittifaqların hamısı göstərilən bu əsas məsələlərə yanaşmalardan asılıdır. Eyni zamanda, ənənəvi əlaqələrin zəifləməsi və konkret məsələlərin həlli üçün yeni müttəfiqlərin axtarılması tendensiyası da müşahidə olunmaqdadır.

Bu tendensiyanın inkişafına təkan verən ABŞ-ın addımları oldu. ABŞ hələ B.Obama administrasiyasının birinci fəaliyyəti dövründə Yaxın Şərq tənzimlənməsi ilə bağlı mövqelərinə fələstinlilərin xeyrinə yenidən baxmağa başlamışdı. Bu, İsraillə münasibətlərin soyuqlaşmasına səbəb oldu. "Ərəb küçəsi"ndə imicin yaxşılaşdırılması ilə bağlı konyunktur məsələlərin həlli naminə ənənəvi ittifaqdan imtina etmək cəhdi ABŞ-ın regionda işləri daha praqmatik tərzdə qurmağa çalışmasından xəbər verir. Belə ki, məsələn, müttəfiqlər qarşısında bəzi öhdəliklərə əməl etməmək də olar.

Yeni xəttin nümayişi Misirdə "Müsəlman qardaşları"na dəstəyin göstərilməsi oldu. ABŞ-ın regionda bəlkə də yeganə müttəfiqi olan H.Mübarəki müdafiə etməkdən imtina etməsi və onun əsas rəqiblərinə açıqcasına dəstək göstərməsi ona olan inamsızlığın daha da artmasına gətirib çıxardı. İsrail əmin oldu ki, özünün təhlükəsizlik məsələlərini, çox güman ki, elə özü həll etməli olacaqdır.

Amerikalıların Misirdə atdığı addımlar onların Səudiyyə Ərəbistanında çoxdankı "körfəz" satellitlərini də ehtiyatlandırdı. Həm hakim rejimin təhlükəsizliyinə, həm də dövlətin bütövlüyünə təhlükə yaradan "şiə təhdidi"ndən narahat olan səudilər öz gözləri ilə görmüşdürlər ki, amerikalılar nəinki özlərinin sadiq müttəfiqinin hakimiyyətinin devrilməsinə mane olmur, hətta inqilabi qüvvələri də dəstəkləyirlər. Buna görə də onlar artıq ABŞ-a Krallıqda hakimiyyətin stabilliyinə və davamlılığına zəmanət verən qüvvə kimi baxmırlar. Hətta Misirdə amerikalılar səudi vəhhabilərinin ənənəvi dini opponentləri olan "Müsəlman qardaşları" hərəkatını da dəstəklədilər və bu, vəziyyəti daha da mürəkkəbləşirdi.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərində böhran yarandığını demək düzgün olmazdı. Səudilər sonda Misirdə hərbçiləri hakimiyyətə qaytara bildilər. Eyni zamanda, onlar Suriya və İran məsələlərində amerikalılara ümid bəsləməkdə davam edirdilər. Lakin Amerika administrasiyasının bu üç istiqamətdəki siyasəti Səudiyyə Ərəbistanının bütün planlarını pozdu. ABŞ-ın Suriyada hərbi əməliyyatları həyata keçirməkdən imtina etməsi, BMT TŞ-nin 2118 saylı qətnaməsini və Cenevrədə konfransın çağırılması ilə bağlı təşəbbüsləri dəstəkləməsi, habelə İranın nüvə dosyesi ilə əlaqədar danışıqları aktivləşdirməsi və bu problemlə bağlı real nəticələrə nail olmaq istəyi heç cür Səudiyyə rəhbərliyinin planlarına uyğun gəlmir.

Amerikalıların regiondakı ənənəvi tərəfdaşları olan israillilər və səudilərlə münasibətlərinin bir qədər soyumasına, bunun qarşılıqlı tənqidi bəyanatlarla müşayiət olunmasına baxmayaraq, ABŞ-ın bu dövlətlərdəki mövqeləri, habelə bu ölkələri Konqresdə təmsil edən lobbiçilərin mövqeləri kifayət qədər möhkəmdir. Onlar arasında əlaqələr bir çox sferalarda, o cümlədən hərbi sahədə illərlə toplanmış təcrübə üzərində qurulur. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, münasibətləri yeni inkişaf səviyyəsinə qaldırmaq üçün tərəflər yaxın zamanlarda ortaq məxrəcə gəlməyə cəhd edəcəklər.

Bununla belə, B.Obama administrasiyasının siyasəti və bir çox regional problemlərlə bağlı fikir eyniliyinin olmaması Səudiyyə Ərəbistanı, İsrail və Misirin ABŞ-a etimadını sarsıda bilər. Belə olduqda, onlar regionda tərəfdaş və müttəfiqlərinin diversifikasiyası yollarını axtarmağa məcbur olacaqlar.

Bu tendensiyanın fonunda amerikalıların digər mühüm regional oyunçularla – Türkiyə və Qətərlə münasibətləri tamamilə fərqli görünür. Birincisi, Misirdə amerikalılar bu ölkələrin dəstəklədikləri "Müsəlman qardaşları"nı müdafiə etdilər. İkincisi, istəməsələr də, amerikalılar NATO-nun Liviyadakı əməliyyatına dəstək verdilər. Qətər rəhbərliyi bu əməliyyatın aktiv tərəfdarı idi. Üçüncüsü, ABŞ Suriyada Ankara və Dohanın müdafiə etdikləri inqilabi qüvvələrə (ilk növbədə Suriya Milli Şurasına, sonra isə Milli Koalisiyaya) yardım göstərməyə meylli idi. Əməkdaşlığın hərbi aspekti də önəmli rol oynayır. Türkiyə ABŞ-ın NATO üzrə əsas regional tərəfdaşıdır, Qətərdə isə Amerikanın iri hərbi bazası (əl-Udeyd) yerləşir. İran rəhbərliyi ilə mövqeləri üst-üstə düşməsə də, hər iki ölkənin Tehranla dialoq imkanları tükənməmişdir.

Amerika diplomatiyasının və şəxsən ABŞ-ın dövlət katibi C.Kerrinin sülh danışıqlarına getməyə hazır olması və İran, Suriya və Fələstin-İsrail istiqamətində məqbul nəticələrin əldə edilməsi müstəvisində Türkiyə və Qətər kimi tərəfdaşlarının İranla bağlı mövqelərinin belə olması, habelə onların Suriya müxalifətinə və Fələstin siyasi hərəkatlarının nümayəndələrinə nəzərəçarpacaq dərəcədə təsir göstərməsi ABŞ-a sərf edir və Birləşmiş Ştatların Türkiyə və Qətər yönümlülüyünün daha da güclənməsinə səbəb olur.

2014-cü ildə "İraq və Şam İslam Dövləti"nin yaranması Yaxın Şərqdə qüvvələr balansına təsir göstərən əlavə amil oldu. ABŞ-ın başçılığı ilə növbəti anti-terror koalisiyasının formalaşdırılması yuxarıda göstərilən bütün oyunçular üçün yeni rolları nəzərdə tutur. Güclənməkdə olan düşmənlə quruda döyüşlər aparmaq zərurəti o deməkdir ki, amerikalılar ya yerli qüvvələrə arxalanmalı, ya da İraqdakı hərbi kontingenti gücləndirməli olacaqdır. Amerikalıların ikinci varianta əl atmaq istəməməsi onları İraq qoşunlarına və Kürd peşmərgə dəstələrinə əlavə yardım göstərməyə, habelə Türkiyəni və Fars körfəzi ölkələrini quruda aparılan əməliyyatlara cəlb etmək üçün onlara təzyiq göstərməyə məcbur edəcəkdir.

Bu halda Türkiyə, Səudiyyə Ərəbistanı və regionun digər dövlətlərinin narazı qalan və itkilər verən "ərəb küçəsi"ndə populyarlığı getdikcə artan İŞİD-lə mübarizəyə qatılmaq, yoxsa gözləmə-seyrçi mövqeyini tutmaq (bu, daha çox Ankaraya aiddir) kimi iki variant arasında seçimi prinsipial əhəmiyyətə malik olacaqdır. Sosial şəbəkələrdən geniş şəkildə istifadə edən və dövlətlər və ya qruplaşmalar arasında müttəfiqləri tanımayan yeni tipli transsərhəd fundamentalizmlə mübarizə aparmaq, habelə İŞİD-i Ümmətin gözündən salmaq üçün həlledici, o cümlədən təbliğat xarakterli kollektiv tədbirlər işlənməlidir.

İranı koalisiyaya qatmaq da mühüm məsələlərdəndir. Regiondakı gərginlik şəraitində sünnilərlə şiələrin ümumi təhdidə qarşı birləşməsi nəinki İŞİD üzərində qələbə çalmaqda həlledici amil olar, həm də bütövlükdə regionda hadisələrin pozitiv inkişafına təkan verə bilər.

Mövcud vəziyyətdə Rusiya regionda xüsusi rol oynaya bilər. Dünya səhnəsinə yeni dövlətlər çıxır, bəzi ənənəvi oyunçuların rolu isə dəyişir. Nəticədə, ABŞ-ın və NATO blokunun liderliyi zəifləyir: səs hüququnu əldə edən və regiondakı gündəliyə real təsir göstərmək imkanı olan dövlətlərin sayı getdikcə artır.

Bütün bunlar stabilliyin daha da pozulması fonunda baş verir ki, bu da dövlətləri birgə səylərlə böhrandan çıxış yollarını axtarmağa məcbur edir. Lakin təkcə davamlı regional sistemin deyil, həm də hər hansı qüvvələr balansının formalaşmasına qədər maraqlı dövlətlər hələ uzun yol keçməli olacaqlar. Xarici oyunçulardan tutmuş konkret dövlətlərin daxilindəki ayrı-ayrı klanlara qədər bütün səviyyələrdə özünü göstərən çoxsaylı ziddiyyətlər Yaxın Şərqdə nizamlanmış və nisbətən stabil qarşılıqlı münasibətlər sisteminin qurulmasına mane olur. Münaqişəli potensialın artması, eyni zamanda, həm ənənəvi (Fələstin-İsrail məsələsinin tənzimlənməsi, İraq), həm də yeni (İŞİD, Suriya) məsələlərin həll olunmaması bir çox etnokonfessional mahiyyətli transsərhəd düyün problemlərinin olması üzündən təkcə dəqiq regional sistemin və sistemləşdirilməsi mümkün olan "oyun qaydaları"nın formalaşmasını deyil, həm də regionun siyasi xəritəsinin müəyyənləşdirilməsini mümkünsüz edir.

Nərgiz Əfəndiyeva,

Filologiya üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...