THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xəzər regionunda geosiyasi reallıqlar yeni dünya nizamının formalaşması kontekstində

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17151
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 iyun 2015 – Newtimes.az

Dünyanın XXI əsrin əvvəllərində formalaşan siyasi xəritəsi olduqca mozaikdir. Burada dünyanın və regionların böyük dövlətləri bu və ya digər dərəcədə qlobal və sivilizasiyalararası problemləri yaşayan kiçik dövlətlərlə qonşuluq edir. Dünya sosialist sisteminin və ilk növbədə onun aparıcı konstruksiyası olan Sovet İttifaqının dağılmasından sonra ötən əsrin 90-cı illərinin əvvəllərində formalaşan yeni geosiyasi şəraitdə ABŞ az qala bütün dünyanı özünün strateji maraqlar zonası elan edərək monosentrik dünya yaratmaq iddiasına düşdü. ABŞ-ın bu geostrategiyasında nəhəng bir geosiyasi massiv – "dünyanın ürəyi" olan Avrasiya xüsusi yer tutur.

"Nəzarətdən kənar" adlı kitabında Z.Bjezinski qeyd edir: "Sovet İttifaqının dağılması Avrasiya "Hartlend"ini geosiyasi vakuuma çevirdi…, Avrasiya vakuumunda, xüsusən də dağılmış SSRİ məkanını konsolidasiya etməklə təkcə Amerikanın potensial təsiri üçün imkanlar yaratmadı, həm də Avrasiyanın cənub-qərb hissəsində həlledici geosiyasi nəticələrə səbəb oldu" və "gələcəkdə heç bir dövlət və ya dövlətlər koalisiyası ABŞ-ı Avrasiyadan sıxışdırıb çıxara biləcək geosiyasi qüvvə halına gəlməməlidir"[i].

Müasir dövrdə bu, təbii sərvətlərlə zəngin olan geniş Mərkəzi Avrasiya geosiyasi məkanında daha qabarıq şəkildə özünü büruzə verir. Burada Qərbin Avrasiyaya daha ciddi nüfuz etmək üçün geostrateji dayaq nöqtələrinə çevirdiyi dövlətlər artıq bəllidir. Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr 2001-ci il hadisəsindən sonra bu tendensiyaya ABŞ və NATO-nun timsalında Qərb qüvvələrinin təmərküzləşməsi ilə əlaqədar güclü təkan verildi.

Ümumilikdə isə son 20-30 ildə yeni beynəlxalq münasibətlər sisteminin, yeni dünya nizamının və ya "yeni dünya nizamsızlığı"nın formalaşması prosesi cərəyan edirdi.

Sonuncusu bununla bağlıdır ki, ötən illərdən fərqli olaraq hazırda beynəlxalq səhnədə hamılıqla qəbul olunmuş oyun qaydaları yoxdur. Bir-birinə zidd olan müxtəlif baxışların eyni zamanda təsiri bəzən ikimənalı, qeyri-müəyyən bir vəziyyət yaradır. Deyilənlər postsovet məkanına, xüsusən də hələ də etno-siyasi, dövlətlərarası münaqişələrin davam etdiyi Cənubi Qafqaza aiddir. Özü də sanki lokal xarakterli və bilavasitə Cənubi Qafqaz dövlətlərinin birbaşa maraqlarına toxunan münaqişələrin arxasında, əslində, regionda rəqabət aparan böyük dövlətlərin bir-birini istisna edən qarşılıqlı maraqları durur. Bu, həmin ölkələri bir növ "havada" saxlamağa və onlardan geniş Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanında gedən "böyük geostrateji oyun"da istifadə etməyə imkan verir.

Qloballaşma şəraitində yeni dünya nizamının formalaşması dövlətlərin qarşılıqlı təsirlərini sürətləndirir. Onlar bir-biri ilə rəngarəng münasibətlər qururlar. Qloballaşma şəraitində kortəbii formalaşan yeni dünya nizamı bir çox mənada aşağıdan başlayaraq tədricən ən güclü geosiyasi aktiv oyunçular ətrafında qərarlaşır[ii].

Yaşadığımız yüzillikdə dünya birliyinin geosiyasi və geoiqtisadi strukturlarında baş verən dərin dəyişikliklər, sosial-siyasi sistemlərin transformasiyası dünyanın keyfiyyətcə yeni geosiyasi dövrə qədəm qoyduğunu deməyə əsas verir. Bu dövr bipolyar dünyanın əvəzinə qlobal "çoxqütblü dünya"nın formalaşması ilə xarakterizə olunur. Başqa sözlə, formalaşmaqda olan geosiyasi mərkəzlər arasında təsir sferalarının yenidən bölgüsü məsələsi gündəmə gəlir.

Bununla belə, heç bir ölkə, heç bir geosiyasi güc mərkəzi bu gün beynəlxalq aləmdə iri sivilizasiya birliyinin müxtəlifliyini və özəlliklərini nəzərə almadan özünün geostrateji və geoiqtisadi maraqlarını tam həcmdə müstəqil olaraq həyata keçirə bilməz. Bu, ən müxtəlif kombinasiyalarda sivilizasiyalararası birliklərin yaranmasına gətirib çıxara bilər, çünki bu gün mövcud olan iri sivilizasiyalardan heç biri – istər slavyan-pravoslav, istər islam, istər çin, istərsə də hind və s. sivilizasiyalar Şərqin Amerikanın hegemonluğu altında "The West and the Rest" ("Qərb və yerdə qalanlar") и "One World" ("Vahid dünya") prinsiplərinə uyğun total vesternləşdirilməsinin qarşısını ala bilməz.

Bütövlükdə isə XXI əsrdə dünyada xaos vəziyyətinə dini fundamentalizm, ifrat milliyyətçilik və rasizm, etnik dözümsüzlük, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıq, iqtisadi bərabərsizlik, demoqrafik partlayış, idarə olunmayan miqrasiya prosesləri, ekoloji kolliziyalar və təbii ehtiyatların tükənməsi gətirib çıxara bilər. Özü də hətta qloballaşmaya sadiq olan sakit bölgələr belə müxtəlif münaqişəli situasiyalardan sığortalanmayıb. ABŞ, Böyük Britaniya, İspaniya, Rusiya və dünyanın bir sıra digər ölkələrində beynəlxalq, transmilli terrorçu qüvvələrin hücumları nəticəsində baş vermiş dramatik hadisələri xatırlatmaq yetərlidir[iii].

XXI əsr geosiyasətinin övladı olan geoterrorçuluq qlobal miqyaslı sosial-siyasi hadisəyə çevrilmişdir. Transmilli terrorçu qüvvələrin total şəkildə irəlilədiyini nəzərə alaraq beynəlxalq birlik mütəşəkkil şəkildə ona qarşı çıxmalıdır. İndi həm beynəlxalq terrorçu strukturlarının, həm də onlara qarşı çıxan anti-terror koalisiyasının mübarizə metodları bir-birindən az fərqlənir. İraq, Əfqanıstan, planetin digər "qaynar" nöqtələrində cərəyan edən hərbi-siyasi prosesləri xatırlatmaq kifayət edər.

Öz növbəsində terrorçulara qarşı çox vaxt qeyri-mütənasib reaksiya (Qərbdə qurbanların sayı minlərlə, Şərq və Cənubda isə yüz minlərlə hesablanır) Şərq və Cənubun rəqabət aparan geosiyasi qüvvələrinin adekvat reaksiyasına səbəb olar ki, bu da bütün bəşəriyyət üçün proqnozlaşdırıla bilinməyən nəticələrə gətirib çıxara bilər. "Sivilizasiyaların toqquşması" (Hantinqton) təhlükəsi fonunda bu, yeni növ "transsivilizasiya" terrorçuluğunun meydana gəlməsinə səbəb ola bilər.

Son onilliklər davakar separatizm kimi çox təhlükəli bir hadisə də xeyli aktivləşmişdir. Özü də onun qurbanı dövlətlərin suverenliyidir. Suveren dövlətlərin fraqmentləşməsi nəticəsində yeni marginal dövlətlərin sayının artması yaxın gələcəkdə təkcə postsovet məkanında deyil, bütövlükdə dünya birliyində xaosun daha da artmasına gətirib çıxara bilər. Axı separatizm "basilla"sına demək olar ki, planetin bütün dövlətləri, o cümlədən dünyanın aparıcı dövlətləri də yoluxmuşdur.

Xəzər bölgəsində geosiyasi proseslərə gəlincə, qeyd etmək lazımdır ki, sovet imperiyasının 1991-ci ildə dağılmasından sonrakı dövrdə bu bölgə tədricən siyasi-iqtisadi amildən geosiyasi amilə çevrilmişdir. Nikolas Spaykmənin sözlərinə görə, bu, dəyişməz topoqrafiya ilə müəyyən olunan coğrafi region deyil, bir tərəfdən coğrafiya ilə, digər tərəfdən isə güc mərkəzində baş verən dinamik dəyişikliklərlə şərtlənən bir sahədir.[iv] Başqa sözlə, Xəzər bölgəsi bir geosiyasi bölgə olaraq artıq özünə qapanmış və statik deyil, qlobal geosiyasi qarşılıqlı təsirlərin dinamikasında götürülən bir bölgə kimi nəzərdən keçirilir. Eyni zamanda, bu region qloballaşma proseslərinin aktivləşdiyi şəraitdə müasir ümumdünya geosiyasi proseslər sistemində gərginliyi artıran fraqmentlərdən biridir.

Müasir dövrdə, xüsusən də 11 sentyabr 2001-ci il hadisələrindən sonra bütövlükdə Mərkəzi Avrasiya məkanında, o cümlədən "Böyük şahmat lövhəsi"nin əsas fiqurantlarından biri olan və "Avrasiya Balkanları"na (Z.Bjezinski) daxil olan Xəzər bölgəsində geosiyasi landşaftın konfiqurasiyasını kökündən dəyişə bilən güclü tektonik qüvvələr hərəkətə gəlmişdir. Karbohidratlarla zəngin olan Xəzər dənizi hövzəsi əvvəlki üç əsrdə olduğu kimi, yenə də dünya siyasətinə və iqtisadiyyatına güclü təsir göstərən mühüm geostrateji və geoiqtisadi amillərdən birinə çevrilmişdir. Yaşadığımız yüzillikdə bu və ya digər ölkənin geosiyasi mövqelərinin müəyyənləşdirilməsində birbaşa rolu yanacaq-enerji ehtiyatları və onların nəqli vasitələri üzərində nəzarət dərəcəsi, onun həm potensial rəqabət apardığı qüvvələrdən, həm də beynəlxalq terrorçu qüvvələrdən özünün etibarlı müdafiəsini təmin etmək qabiliyyəti oynayır.

İki fövqəldövlətdən biri olan SSRİ-nin XX əsrin 90-cı illərinin əvvəllərində dağılması nəticəsində Qafqazda və Mərkəzi Asiyada müstəqil dövlətlərin yaranması Xəzərlə bağlı əvvəllər sarsılmaz hesab olunan bir çox geosiyasi reallıqlara yenidən baxılmasına gətirib çıxardı. Sovet İttifaqının iflasından əvvəl Xəzər dənizi faktiki olaraq "Rusiyanın gölü" idisə, indi artıq Rusiya Xəzərin sərvətlərinə iddia edən 5 namizəd ölkədən biridir. Xəzər dənizinin özü isə "problemlər dənizi"nə çevrilmişdir. Türkmənistanın keçmiş prezidenti S.Niyazovun fikirlərinə görə, bu dənizin beynəlxalq statusunun müəyyən edilməsi və beş Xəzəryanı dövlət arasında (Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran) onun bölgüsü ilə bağlı kəskin mübahisələrə görə "qan qoxusu verir". Bu sahilyanı dövlətlərin hamısı üçün Xəzərin bilavasitə onların hərbi-siyasi və iqtisadi təhlükəsizlik məsələləri ilə bağlı olduğunu, burada onların strateji maraqlarının cəmləşdiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, "Xəzər piroqu" bölüşdürülərkən bu problemin ən müxtəlif, bəzən hətta bir-birini istisna edən variantları kəskin formada toqquşur.

Xəzər dənizinə güclü təsir göstərən ən mühüm amillərdən biri də XXI əsrin əvvəllərində burada geosiyasi və geoiqtisadi maraqları olan dövlətlərin sayının xeyli artmasıdır. Xəzərin coğrafi mövqeyi və onun enerji ehtiyatlarının rolunun artması Avropanın təhlükəsizliyi üçün Qafqaz və Xəzərin strateji əhəmiyyətini artırmışdır.[v] Təsadüfi deyildir ki, Qafqazın Avropa üçün əhəmiyyətini vurğulayan Havyer Solana hələ 1997-ci ildə Bakıda çıxış edərkən demişdir ki, "nə qədər ki, Qafqaz ölkələri Avropa təhlükəsizliyi sisteminin hüdudlarından kənardadır, Avropada tam təhlükəsizlik olmayacaqdır"[vi].

Bütövlükdə bu bölgə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin, habelə Qərb və Şərqin bir sıra böyük dövlətlərinin milli iqtisadi maraqlarının toqquşduğu geosiyasi məkandır. Müasir dünyanın aparıcı dövləti olan ABŞ-ın və müasirliyin ən güclü hərbi-siyasi strukturu olan NATO-nun da geostrateji imperativləri burada cəmləşir.

Ənənəvi "geosiyasi oyunçular"la (Rusiya, ABŞ, Böyük Britaniya, Türkiyə və İran) yanaşı Fransa, Almaniya, Çin, Yaponiya, Pakistan, Səudiyyə Ərəbistanı, İsrail və bir sıra digər ölkələr də bu regionda siyasi-iqtisadi aktivlik nümayiş etdirirlər. Bu isə öz növbəsində regionda geosiyasi vəziyyəti xeyli mürəkkəbləşdirməklə "geosiyasi rebus" yaradır.

Postsovet məkanının geosiyasi xəttinin mərkəzində yerləşən Xəzər bölgəsi 1990-cı illərdən etibarən dünya siyasətində geosiyasətin klassik qaydaları ilə aparılan "böyük oyun"un ayrılmaz hissəsinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Xəzər dənizi bölgəsində əsl geosiyasi inqilab baş vermişdir. Nəticədə o, Rusiya ilə Qərbin maraqlarının toqquşduğu ən "qaynar" xəttə çevrilmişdir"[vii].

Artıq XX əsrin 90-cı illərində Qərb-Şərq geosiyasi qarşıdurması Aralıq dənizinin şərqindən tədricən Xəzər bölgəsinə doğru yerini dəyişməyə başladı və ön plana bir tərəfdən ABŞ və NATO, digər tərəfdən də Rusiya və İranın geostrateji imperativləri çıxdı. Atlantizmin bu bölgəyə geosiyasi təzyiqi aşağıdakı üç istiqamətdə getməkdə davam edir: qərbdən, Aralıq dənizindən (Türkiyə vasitəsilə); cənubdan (Ərəbistandan) və şərqdən, Pakistandan (Əfqanıstan və Mərkəzi Asiya vasitəsilə). Bununla əlaqədar Rusiyanın bu regionun geosiyasi fəzasından sıxışdırılıb çıxarılması, onun Xəzərdə ənənəvi üstünlüyündən məhrum olması təhlükəsi meydana gəlmişdir. Politoloq A.S.Panarinin fikirlərinə görə, Xəzər "dəniz quldurları oyunları"nın episentrinə çevrilmişdir. Rusiya aliminin sözlərinə görə, "burada kəşf olunan neft yataqları əvvəllər qitənin bədəninə bu dərəcədə nüfuz edə bilməyən qüvvələri çəkir. Xəzərdən qərbə və şərqə gedən və Atlantik okeanla Sakit okeanı birləşdirən neft yolları ideyası dəniz qüvvələrinin qitədən mümkün qədər böyük bir hissəni qoparmaq cəhdindən başqa bir şey deyil. Aydındır ki, söhbət qitəni bölməyə hazırlaşan dənizin misilsiz təcavüzündən gedir. Bu layihənin təşəbbüskarlarının məqsədi sadəcə Atlantika ilə Sakit okeanı arasında yeni xətt çəkib vesternləşdirmənin əldə etdiyi nailiyyətləri möhkəmləndirmək deyil. Onlar qitənin Hind-Avropa şaquli xətti boyu yenidən birləşməsinin qarşısıni almaq istəyirlər, çünki Xəzər layihəsi birbaşa bu şaquli xəttin arasını kəsməyə yönəlir"[viii]. Rusiya aliminin fikirlərinə görə, "kəsmə xətti aşağıdakı kimidir: Ukrayna-Gürcüstan-Orta Asiya (indi Mərkəzi Asiya adlanır) respublikaları-Çin (bu mərhələdə qaliblər tərəfindən bölgüyə dəvət olunur)-Sakit okean sahilləri"[ix].

Rusiyanın avrasiyaçılıq ideyasının aparıcı nəzəriyyəçilərindən biri olan Aleksandr Duginin fikirlərinə görə, geosiyasi nöqteyi-nəzərdən Xəzər-Qara dəniz məkanı üzərində nəzarət atlantizmlə avrasiyaçılığın qlobal qarşıdurmasında strateji məsələlərdəndir. Onun sözlərinə görə, Rusiyanın vəzifəsi Moskva-Tehran oxunu yaratmaqdır. Bu, Rusiyaya bədnam "anakonda çevrəsi"ni dağıdaraq özünün əsrlər boyu can atdığı geosiyasi məqsədə nail olmağa, isti dənizlərə çıxış əldə etməyə imkan verər"[x]. 2000-ci ilin ortalarında ABŞ-ın keçmiş müdafiə naziri Kaspar Uaynberger bildirmişdi ki, "Rusiya Xəzər dənizində ağalığını qoruyub saxlaya bilsəydi, bu, onun üçün NATO-nun Şərqə doğru genişlənməsinə nail olan Qərbin qələbəsindən daha mühüm bir qələbə olardı"[xi].

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor


[i] Цит.по: Николай фон Крейтор. Бжезинский и американская геополитика экспансионизма // Известия, 2001, 26 ноября.

[ii] Кувалдин В.Б. Глобализация и новый миропорядок // Современные международные отношения и мировая политика. – М.: "Просвещение", 2004, с.98-105.

[iii] Требин М.П. Терроризм в ХХI веке. – Минск: "Харвест", 2003, с.9-180,628-786; Кулагин В.М. Международная безопасность. – М.: "Аспект Пресс", 2006, с.79-103; Терроризм в современном мире: истоки, сущность, направления и угрозы. – М., 2003.

[iv]  Spykman N.J. The Geography of the Peace. – New-York, 1944, р.6.

[v]  Кунэ Фредерик. НАТО и Южный Кавказ. – Тбилиси: "Кавказский институт мира, демократии и развития", 2003, с.13.

[vi]  Цит.по: Фредерик Кунэ. Указ.соч., с.16.

[vii]  Алиев И.Г. Каспийская нефть Азербайджана. – М.: "Известия", 2003,с.411.

[viii] Панарин А.С. Глобальное политическое прогнозирование. – M.: "Алгоритм", 2000, с.275.

[ix] Там же, с.295.

[x] Дугин А. Основы геополитики…, с.241.

[xi] Красная Звезда, 2000, 27 сентября.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...