THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Molotov-Ribbentrop paktı: geosiyasət ideologiyanı üstələyəndə...

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7032
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 may 2015 – Newtimes.az

Ötən əsrin 80-cı illərinin sonu – 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində Qərb və Rusiya siyasətçiləri və tarixçiləri tərəfindən açılan "qalmaqallı" işlər arasında SSRİ ilə Almaniya arasında İkinci dünya müharibəsinə cəmi bir neçə gün qalmış bağlanan Molotov-Ribbentrop paktı genişmiqyaslı antisovet təbliğatında bəlkə də ən əsas amillərdən biri idi.

Avropada İkinci dünya müharibəsindən qabaq yaranmış beynəlxalq şəraitə, obyektiv reallığa əsaslanaraq bu paktın həqiqi tarixi əhəmiyyətini dərk etmək üçün 30 il keçməli idi.

29-30 sentyabr 1938-ci ildə Münxendə biabırçı görüş keçirildi. Çexoslovakiyanın taleyinin həllinə nə ölkənin özünün, nə də ki SSRİ-nin nümayəndələrini buraxmadılar. Çexoslovakiyanın bölgüsünü Sudet vilayətlərini Üçüncü reyxə verilməsi zərurətini bəyan edən Böyük Britaniya, Fransa, Almaniya və İtaliya həll etdi. Çexoslovakiya buna etiraz etməyə çalışdı, lakin Britaniya və Fransa hədə-qorxu ilə onu təslim olmağa məcbur etdilər.

Bundan dərhal sonra Almaniya ilə Böyük Britaniya, Almaniya ilə Fransa arasında hücum etməmə haqqında müqavilələr imzalandı.

Münxen sazişini Almaniya, Böyük Britaniya, İtaliya, Fransa, Polşa və ABŞ hakimiyyəti sevinclə qarşıladılar. Bu ölkələrin hakimiyyətləri dərk edirdilər ki, bu, Sovet İttifaqına qarşı təcavüz yolunda bir addımdır. Faktiki olaraq, Qərb dəstək göstərəcəyinə işarə edərək açıq şəkildə Hitleri buna təhrik edirdi.

Əlbəttə, tək bir Sudet vilayəti ilə məsələ bitmədi. Slovakiyanın da öz müqəddəratını təyin etməsi məsələsinə zəmanət verilirdi. Həmin o dövrdə Slovakiyada artıq antihitler koalisiyası formalaşmışdı. Almaniya ilə eyni vaxtda Qərbin razılığı ilə Polşa Çexoslovakiyaya hücum edərək Teşin vilayətini zəbt etdi.

1939-cu ilin mart ayında Slovakiya rəsmi olaraq Çexoslovakiyanın tərkibindən çıxdı. 1939-cu ilin mart ayının 15-də Hitler Çexiyanı işğal etmək qərarına gəlir və buraya qoşun yeridərək ildırım sürəti ilə hərbi texnika istehsal edən iri sənaye müəssisələrini və böyük silah anbarlarını ələ keçirir. Qeyd etmək lazımdır ki, bunlardan sonralar SSRİ-yə qarşı da istifadə olundu.

Qərb ölkələri Hitlerin təcavüzünə göz yumurdu. Təkcə Moskva mart ayının 19-da Berlinə Çexoslovakiyanın işğalını tanımaması barədə nota təqdim etdi. Lakin bundan artıq Sovet İttifaqı heç nə edə bilməzdi: Çexoslovakiyanın ərazisini SSRİ-dən Polşa ayırırdı və bu ölkəyə yardım etməyə cəhd göstərdiyi təqdirdə bütün Qərb dünyası SSRİ-yə qarşı müharibəyə qalxmağı vəd edirdi.

Əslində, Qərb ölkələri bunu vaxtın öhdəsinə buraxmışdı. Burada hamı ümid edirdi ki, Çexoslovakiyadan sonra Hitler iqtisadi göstəricilərinə görə böyük müharibəyə hazır olmayan Sovet İttifaqının varlığına da son qoyacaqdır.

Almaniyanın Polşaya 1939-cu ilin payızında hücumunun qaçılmaz olduğu aydın olduqdan sonra Molotov-Ribbentrop paktını imzalamaq zərurəti yarandı. Həmin pakt İ.Stalinə Almaniyanın təcavüzünü bir qədər təxirə salmaq və müharibəyə hazırlaşmaq imkanı verə bilərdi.

23 avqust 1939-cu ildə İ.Stalinin birbaşa iştirakı ilə Kremldə sanki barışmaz ideoloji rəqiblər olan kommunist Sovet İttifaqı ilə nasist Almaniya reyxi arasında Molotov-Ribbentrop paktı imzalandı. Geosiyasət ideologiya üzərində qələbə qazandı…

Saziş tərəfləri bir-birinə qarşı hücum etməmək və birinin üçüncü ölkə tərəfindən hərbi əməliyyatlar obyektinə çevrildiyi təqdirdə, bitərəfliyə əməl etmək öhdəliyini öz üzərlərinə götürürdü. Sovet ordu hissələrinin yaxınlaşmalı olduğu və alman qoşunlarının keçməli olmadığı sərhəd xətti razılaşdırılmışdı. Bu xəritə sovet mətbuatında dərc edilmişdi.

Geosiyasi nöqteyi-nəzərdən bu müqavilə sayəsində Sovet İttifaqı, birincisi, əvvəllər Rusiya imperiyasına məxsus olan ərazilərini qaytardı; ikincisi, müharibənin başlamasını iki il təxirə salaraq iki cəbhədə müharibə aparmaq məcburiyyətində qalmayıb vaxt udurdu və nəhayət, üçüncüsü, Almaniya, İngiltərə və Fransa arasında ona düşmən koalisiyasının yaradılmasının qarşısını alırdı. Müqavilə Almaniyanı da Polşaya hücum etdiyi halda iki cəbhədə - bir tərəfdən Fransaya, digər tərəfdən isə SSRİ-yə qarşı müharibə aparmaq zərurətindən xilas etdi.

1 sentyabr 1939-cu ildə Almaniya Polşaya hücum etdi. Fransa və İngiltərə bu ölkə qarşısında götürdüyü öhdəliklərini yerinə yetirərək sentyabr ayının 3-də Almaniyaya bir qədər "qəribə" şəkildə müharibə elan etdilər. Əslində, Polşa Almaniya ilə təkbətək qaldı və onun taleyi artıq həll olunmuş idi. Bununla da İkinci dünya müharibəsi başladı...

10 may 2015-ci ildə Almaniya kansleri Angela Merkel ilə görüşdə Rusiya prezidenti Vladimir Putin bir daha Molotov-Ribbentrop paktının imzalanmasının tarixi əhəmiyyətindən və məqsədə müvafiqliyindən danışdı. Merkel ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Putin dedi: "Bu pakt, birincisi, Sovet İttifaqının təhlükəsizliyini təmin etməli idi. İkincisi, xatırladım ki, Münxen sazişini imzaladıqdan sonra Polşanın özü Çexiya ərazisinin bir hissəsinin anneksiyasına yönələn addımlar atmağa başladı. Deməli, Molotov-Ribbentrop paktından və Polşanın bölüşdürülməsindən sonra onun özü Avropada yeritməyə cəhd göstərdiyi siyasətin qurbanı oldu", – deyə prezident əlavə etdi.

Putin qeyd etdi ki, Sovet İttifaqı nasizmə qarşı kollektiv mövqedən çıxış etmək və Avropada antifaşist bloku yaratmaq üçün böyük səylər göstərdi, lakin bu cəhdlər baş tutmadı. Stalin bunu başa düşdükdən sonra Hitlerlə birbaşa toqquşmaya yol verməmək üçün pakt imzalandı.

Pakt haqqında danışan Angela Merkel də öz növbəsində qeyd etdi ki, bu, "hüquqazidd əsaslarla edilmişdir". O, "İkinci dünya müharibəsinin milliyyətçi-sosialist Almaniyasının günahı üzündən baş verdiyini" etiraf etdi və dolayısı ilə bu müharibəyə görə SSRİ-nin üzərindən tarixi məsuliyyəti götürdü.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...