THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qafqaz-Xəzər regionunda "böyük geosiyasi oyun": tarix və müasirlik

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12787
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 may 2015 – Newtimes.az

Ötən əsrin 80-cı illərinin sonlarına yaxın dünya kommunist sisteminin dərin böhranı, Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, XX əsrin geosiyasi fəlakətinə – SSRİ-nin və bütövlükdə Varşava müqaviləsinin dağılmasına gətirib çıxardı. Bu, "soyuq müharibə"nin gedişində Qərblə açıq hərbi-ideoloji qarşıdurma ilə bağlı olan həm daxili, həm də xarici amillərin təsirinin birbaşa nəticəsi olmuşdur. Yeni müstəqil dövlətlərin, xüsusən də Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin meydana gəlməsi isə Rusiyanın cənub-şərq sərhədlərini şimala doğru min kilometrdən çox məsafəyə geri çəkərək keçmiş Sovet İttifaqının ərazisində geosiyasi şəraiti kökündən dəyişdi. Nəticədə, Rusiyanın özü faktiki olaraq XVII əsrdəki sərhədlərinə qayıtmış oldu. Eyni zamanda, özünün iqtisadi və hərbi potensialı sayəsində Rusiya postsovet geosiyasi məkanda müstəsnalığını olmasa da, nüfuzunu qoruyub saxlaya bildi. Bununla belə, Cənubi Qafqaz və Mərkəzi Asiyada yenicə yaranmış müstəqil dövlətlərin xarici siyasət strategiyası son iki onillik ərzində müasir reallıqları və ilk növbədə Qafqaz və Xəzərdəki "Böyük geosiyasi oyun"a cəlb olunmuş geosiyasi aktorların dairəsinin xeyli genişləndiyini nəzərə almaqla daha "geoplüralist" xarakter alırdı.

Son nəticədə müasir dövrdə yeni dünya nizamının formalaşması prosesində atlantizmlə avrasiyaçılığın geosiyasi qarşıdurmasında əsas "hərbi əməliyyat meydanlarından" biri Böyük Avrasiyaya daxil olan və Qafqaz-Xəzər regionunu da əhatə edən Mərkəzi Avrasiya meqaregionu oldu.

Məlumdur ki, XX əsrin birinci yarısında geosiyasətin klassiklərindən biri olan H.Makinder hələ 1904-cü ildə özünün "Tarixin coğrafi oxu" əsərində Xəzər, Qara, Aralıq, Qırmızı dənizlər və Fars körfəzi beşbucağını təşkil edən bölgəni "beş dəniz" adlandırmış və onun geosiyasi funksional əhəmiyyətə malik olduğunu vurğulamışdı (bir sıra müasir Qərb politoloqlarının əsərlərində isə bu bölgəyə bu və ya digər kombinasiyalarda "Yeni Yaxın Şərq", "Böyük Yaxın Şərq", "Böyük Orta Şərq", "Avrasiya Balkanları" adları verilmişdir). Özü də ingilis geosiyasətçisi hələ XX əsrin əvvəllərində yazırdı ki, "Qafqaz və Xəzər bölgəsini daha geniş geosiyasi kontekstdə nəzərdən keçirmək lazımdır" (1).

Bu geniş geosiyasi məkanda müxtəlif, amma eyni zamanda, ortaq geotarixi taleyi olan xristian pravoslav-slavyan, islam-türk və ari-İran kimi üç irqi sivilizasiya və dini ocaqlar, habelə qismən buddizm və yəhudilik ocaqları yerləşir. Bu bölgənin Cənubi Rusiyanı, Qafqazı, Mərkəzi Asiyanın qərb hissəsini və Şimali İranı əhatə edən geosiyasi arealı dağ (Qafqaz), dəniz (Xəzər), çöl (Cənubi Rusiya) və səhra (Mərkəzi Asiya) kimi dörd müxtəlif fiziki-coğrafi ünsürü özündə birləşdirir. Bundan başqa, Xəzəryanı dövlətlərin milli tarixi üçün Qərb, Atlantik sivilizasiyasından köklü şəkildə fərqlənən ortaq qitə spesifikliyi, dövlətçilik ənənələri və ümumi iqtisadi maraqlar səciyyəvidir.

Nəhəng Avrasiya məkanının ənənəvi geotarixi və geosiyasi mərkəzi Rusiyadırsa, Mərkəzi Avrasiya meqaregionunun ürəyi ("Heart of Central Eurasia") Xəzər dənizi hövzəsidir. H.Makinderin nəzəriyyəsinə görə, Xəzər dənizi hövzəsi Şimal Buzlu okean və Aral dənizi hövzələri ilə yanaşı "ox zonası" ("Pivot area") olan "Hartlənd"ə, yəni qitədaxili Avrasiya ərazilərinə daxildir və bu ərazilərin ətrafında geotarixi inkişafın məkan dinamikası baş verir (2).

Beləliklə, Mərkəzi Avrasiyanın iki subregionu olan Qafqazla (hələ e.ə. V əsrdə "tarixin atası" Herodot Qafqazda müxtəlif xalqların yaşadığını bildirirdi. Orta əsrlərdə ərəb mütəfəkkiri əl-Məsudi (896-956) isə qeyd edirdi ki, "Kabk dağı (Qafqaz) – nəhəng sahəni tutan böyük bir dağdır. Burada bir çox xanlıqlar və xalqlar yerləşir" – (3) və Xəzər arasında üzvi geosiyasi və geoiqtisadi qarşılıqlı əlaqələr izlənir (Görkəmli alman təbiətşünası, Qərbi Avropa, Cənubi və Şimali Amerikada məşhur tədqiqatçı Aleksandr Humboldt (1769-1859) 1829-cu ildə Rusiyaya böyük səyahətindən sonra Rusiyanın maliyyə naziri Y.F.Kankrinə məktubunda yazırdı: "Xəzər dənizini görməsəm, ölə bilmərəm") (4).

Ümumilikdə isə klassik geosiyasət çərçivəsində Qafqaz-Xəzər geosiyasi məkanına tellüroktarik "Quru" (Rusiya imperiyası-SSRİ-Ukrayna) mövqeyindən baxılır. Talassokratik "Dəniz" (ABŞ, NATO) mövqeyində qitə təsirinin altında olan bu məkandan Avrasiya boyunca ekspansiya və üzərində geostrateji və geoiqtisadi nəzarəti ələ keçirmək üçün platsdarm kimi istifadə olunur (5). Buna görə də təəccüblü deyil ki, Qafqaz-Xəzər regionu 20 əsrdən çoxdur ki, geosiyasi maraqların həm gizli, həm də açıq şəkildə toqquşduğu və həm qədim və orta əsrlərdə dünyanın və bölgənin böyük dövlətləri, həm də yeni və ən yeni dövrdə bir tərəfdə Qərbin böyük dövlətlərinin və ilk növbədə ABŞ, Böyük Britaniya və Almaniyanın, digər tərəfdə Rusiyanın apardığı qızğın rəqabət mübarizəsi məkanına çevrilmişdir. Burada yaşayan xalqlar əsrlər boyu həmin mübarizənin bir növ girovları olmuşdur. Bu, indi də davam etməkdədir. Qafqaz-Xəzər regionunda cərəyan edən bu kimi hadisələri dərk etmək üçün geotarixi prosesin səbəblərini və müasir geosiyasətin əsas qanunauyğunluqlarını təhlil etmək tələb olunur. Rusiya geosiyasətçisi general A.Y.Snesarevin qeyd etdiyi kimi, geosiyasət həqiqətən də geotarix-siyasətdir. Buna görə də A.Y.Snesarev əsrlərin dərinliklərinə tez-tez baş çəkməyi məsləhət görürdü (6).

Ötən əsrlərin hərbi-siyasi hadisələrini müasir geosiyasi proseslərlə əlaqələndirməyə cəhd edərkən hərdən həm keçmişin, həm də bu günün mürəkkəb və ziddiyyətli hadisələrini birmənalı həqiqət kimi götürmək istəyi yaranır. Bu zaman unudulur ki, XXI əsr əvvəlki əsrlərlə görünməyən tellərlə, özü də göründüyündən də möhkəm tellərlə bağlıdır. Bu, Qafqaz-Xəzər regional geosiyasi məkanına da aiddir.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Ədəbiyyat

1) Sitat: Виелмини Ф. Роль теории Маккиндера в нынешнем стратегическом развертывании США в Евразии: проблемы и перспективы // Центральная Азия и Кавказ, 2005, № 4 (40), с.72.

2) Маккиндер Х. Географическая ось истории // Элементы. Евразийское обозрение. – М., 1996, № 7, с.26-31.

3) Sitat: История народов Северного Кавказа с древнейших времен до конца ХVIII в. – М., 1988, с.21.

4) Путешествие барона Александра Гумбольдта, Эренберга и Розе в 1829 г. по Сибири и к Каспийскому морю, А. Гумбольдт. Пер. И. Неронов. СПб., 1837 год. // antiquebooks.ru/book_sim.php?bo...

5) Добаев И., Дугин А. Геополитические трансформации в Кавказско-Каспийском регионе // Центральная Азия и Кавказ, 2005, № 5 (41), с.91.

6) Bax: Зотов О. Транскаспийский регион в начале ХХI века: геополитика регионального сотрудничества // www.transcaspian.ru /cgi-bin/web.exe/rus/ s.1,3. (30 avqust 2001).

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...