THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çin və Rusiya Latın Amerikası məkanında

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
22820
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 may 2015 – Newtimes.az

Məlumdur ki, SSRİ-nin süqutundan sonra Çin Xalq Respublikasının potensial fövqəldövlət statusu uğrunda mübarizəsi ardıcıl və davamlı xarakter almağa başladı. Bunun üçün onun bütün əsasları vardı: ölkə əhalisinin sayına görə liderdir, iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, qlobal səviyyədə beynəlxalq ticarətdə iştirak edir, daimi artan qızıl ehtiyatlarına malikdir. Dünyanın, o cümlədən ABŞ-ın maliyyə sisteminin stabilliyi bir çox mənada bunlardan asılıdır. Çin özünün sayca dünyada birinci ən böyük ordusu, nəhəng və daimi modernləşən raket-nüvə potensialı, kosmik texnologiyalar sahəsində əldə etdiyi nailiyyətləri ilə fəxr edə bilər.

XXI əsrin ilk onilliyində Çinin ənənəvi olaraq ABŞ-ın "arxa həyəti" hesab olunan Latın Amerikasında ekspansiyası qarşısıalınmaz və çoxplanlı xarakter aldı. Çin Meksikadan tutmuş Pataqoniyaya qədər geniş bir ərazini "kəşf" etməyə başladı.

Latın Amerikası qitəsində "dayaq ölkə" kimi Pekin Venesuelanı seçdi. Venesuela ilə yaxınlaşmada ÇXR ilk mərhələlərdə neft və qazın tədarükü ilə bağlı uzunmüddətli sazişlər imzalamağa üstünlük verirdi. Eyni zamanda, Çin nümayəndələri regionun bütün ölkələri ilə, hətta Karib dənizinin xırda ada dövlətləri ilə belə qarşılıqlı faydalı əməkdaşlıq körpülərini çəkir. Müasir mərhələdə Çin ilk dəfə olaraq Latın Amerikası ölkələri ilə münasibətlərdə ikitərəfli formatdan çoxtərəfli formata keçid edir. Afrikada o, artıq bu formata keçmişdir.

Özü də Çinin geosiyasi və maliyyə ekspansiyası Çin əhalisinin Latın Amerikası və Karib hövzəsi ölkələrinə miqrasiya axını ilə müşayiət olunur. Çin icmaları Latın Amerikasının şəhər və kəndlərində artıq adi hadisədir.

ÇXR-in keçmiş sədri Hu Szintao fürsət düşdükcə "inkişaf səviyyəsindən asılı olmayaraq Çin heç vaxt, nə bu gün, nə də gələcəkdə hegemonluğa, hərbi ekspansiyaya, silahlanmaya can atmayacaq, hansısa ölkəni təhdid etməyəcəkdir" deyirdi. Eyni zamanda, regionun ölkələri ilə dinamik hərbi-texniki əməkdaşlığı qurmaq üçün Pekin əlindən gələni edir. Tərəfdaş seçərkən Çin ideoloji məqamları deyil, ödəmə qabiliyyətini əsas götürür. Qeyd etmək lazımdır ki, Çin əvvəllər də, yəni Latın Amerikasına "yürüş" etməzdən öncə də silah alveri ilə məşğul olurdu.

Hal-hazırda Çin və Latın Amerikasının bir sıra ölkələri energetika, infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, sənaye istehsalı və texnoloji innovasiyalar sahələrində əməkdaşlıq edirlər. Dünyanın ikinci iqtisadiyyatı olan Çin Venesueladan neft, Peru və Çilidən mis, Argentina və Braziliyadan soya satın alır.

ÇXR Latın Amerikasında investisiyalarının səviyyəsini xeyli qaldırmağı da planlaşdırır. Yaxın 10 ildə Çin Latın Amerikası ölkələrinə 250 mlrd. dollar həcmində investisiya qoymaq niyyətindədir. 2025-ci ildə bu rəqəm artaraq 500 mlrd. dollara çatacaqdır. 2014-cü ilin iyulun axırı-avqustun əvvəllərində Mərkəzi və Cənubi Amerika ölkələrinə – Braziliyaya, Argentinaya, Venesuela və Kubaya səfəri zamanı ÇXR-in sədri Si Tsinpin Çin və Latın Amerikası və Karib dövlətləri Birliyi (SELAK) liderlərinin ilk sammitində iştirak etdi. Burada eyni adlı forumun yaradılması, habelə 35 mlrd. dollar həcmində regional fondun təsis edildiyi elan olundu. Bundan başqa, Çinin lideri Peru ilə Braziliyanı birləşdirəcək transamazon dəmir yolu magistralını salmağı da təklif etdi, onlarla digər ticarət və investisiya layihələri barədə bəyanat verdi.

Çin də, Rusiya da hal-hazırda Latın Amerikası ilə yaxınlaşmaq istiqamətində böyük işlər görürlər ki, bu da, ABŞ-ın "The Trumpet" nəşrinin qeyd etdiyi kimi, gələcəkdə ABŞ-ın sərhədində "geosiyasi transformasiyaya" gətirib çıxara bilər. Nəşr yazır: "Son illər Rusiya ilə Çin Latın Amerikası diplomatiyası və ticarəti ritmində rəqs etməkdədirlər. Şərqin iki nəhəngi onların Amerikanın hegemonluğuna son qoymaq istəyini bölüşdürən biznes üzrə tərəfdaşlar, ehtiyat və dost qazanmağa çalışırlar".

Öz növbəsində Rusiya şərq qonşusundan geri qalmaq istəmir. Son illər Rusiya Latın Amerikasında SSRİ-nin "soyuq müharibə" illərində yaratdığı bünövrəni bərpa etməyə çalışır. ABŞ və Avropanın ona qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiyanın bu istiqamətdə səyləri daha da artdı. Sanksiyalar Moskvanı Latın Amerikasının bazarlarına daha çox diqqət yetirməyə təhrik etdi. 2014-cü ilin yayında Rusiya prezidenti Vladimir Putin Latın Amerikası ölkələrində 6 günlük səfərdə oldu. O, Kuba, Argentina, Braziliya və Nikaraquaya baş çəkdi. Burada o, QLONASS sisteminin tikintisi və investisiya layihələri barədə təkliflə çıxış etdi. Bütün bunlar ondan xəbər verir ki, Latın Amerikasında Rusiyanın nüfuzu "soyuq müharibə" dövründə olduğundan da böyükdür.

Ümumilikdə XXI əsrin ilk onilliklərində Latın Amerikasında Çin və Rusiyanın iştirakı bir çox istiqamətlərdə kifayət qədər dinamik inkişaf edir. Özü də regionda Çin və Rusiya bir-biri ilə hələ ki, rəqabət aparmır, onların Latın Amerikasında iştirakının güclənməsi isə perspektivdə ABŞ-ı ikinci plana ata bilər.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Mənbələr

1) Экспансия Китая в Латинской Америке / Фонд Стратегической Культуры, 20 aprel 2010.

2) Китай планирует инвестировать в Латинскую Америку $250 млрд. / Корреспондент.net, 8 yanvar 2015.

3) СМИ: Россия и Китай отодвигают США на второй план в Латинской Америке / РИА Новости, 6 fevral 2015.

4) Китай укрепляет позиции в Латинской Америке / La Nacion Argentina, 22 iyul 2014.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...