THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranın nüvə proqramı: gələcək nə vəd edir?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16889
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 aprel 2015 – Newtimes.az

İranın nüvə proqramına dair "altılıq" ölkələri ilə əldə etdiyi razılaşma dünya mətbuatında geniş rezonans doğurdu. Razılaşmanın yaratdığı böyük ruh yüksəkliyi "neftin qiymətinin düşəcəyi", "İranın dünya siyasətinə inteqrasiya olunacağı", ''Yaxın Şərqdə sabitliyin yaranacağı'' kimi fikirlərin dövriyyəyə buraxılmasına rəvac verdi. Şübhəsiz ki, 10 ildən artıqdır davam edən bir problemə dair razılaşmanın əldə olunması özlüyündə ciddi hadisədir. Lakin razılaşmanın əldə olunmasından sonra baş verən proseslər onu göstərir ki, həddən artıq optimistlik nümayiş etdirənlər problemin əsl mahiyyətini və hadisələrin gələcəkdə mümkün inkişaf ssenarilərini nəzərdən qaçırırlar.

Kim uddu, kim uduzdu?

Razılaşmanın detallarını nəzərdən keçirən ekspertlər kimin daha qazanclı çıxdığını müzakirə edirlər. Bu razılaşma ilk növbədə İranın qələbəsi sayıla bilər, çünki bu ölkə nüvə enerjisindən istifadə hüququnu Qərbə qəbul etdirə bildi. Eyni zamanda, nüvə silahı əldə etməyə çalışmadığını da sübut etdi. Bununla yanaşı, Qərbin ağır sanksiyalarının ləğvi İranın öz təbii resurslarından istifadə etməklə iqtisadi cəhətdən dirçəlməsinə imkan verəcək. Bu prosesin İranın Yaxın Şərqdəki təsir imkanlarını artıracağını düşünənlər də az deyil.

Məlumdur ki, ABŞ ilkin olaraq, ümumiyyətlə İranın nüvə proqramının ləğvinə səy göstərirdi. Hətta danışıqların son mərhələsində ABŞ Prezidenti Obama İranın nüvə proqramına dair fəaliyyətini 10 il müddətinə təxirə salmağı da təklif etmişdi. Lakin ABŞ bu razılaşma ilə başqa çıxış yolunun qalmadığını etiraf etməyə məcbur oldu. ABŞ daxilində gedən müzakirələr də göstərir ki, ''razılaşmanın yeganə alternativi İrana hərbi hücumdur'' (''What's the Alternative to Obama's Iran Deal?'', The Atlantic, 6 aprel).

İranla razılaşma niyə məhz indi mümkün oldu? Bunu ABŞ Prezidenti Obamanın tarixə ''İranın nüvə problemini həll etmiş uğurlu siyasətçi'' kimi düşmək niyyəti ilə izah etmək olar. Kuba ilə münasibətlərin bərpası da bunun bir nümunəsi hesab oluna bilər. Obama prezidentliyinin ilk ilində sülh üzrə Nobel mükafatına layiq görülsə də, onun hakimiyyət dövrü əsasən dünyada qaynar nöqtələrin və münaqişələrin sayının artması ilə yadda qaldı. Digər tərəfdən, müşahidələr göstərir ki, ABŞ-da aralıq seçkilər zamanı Konqresdə çoxluğu itirən və ölkə daxilində ciddi iqtisadi-sosial islahatlar aparmaq imkanından məhrum olan prezidentlər öz reytinqini artırmaq üçün daha çox xarici siyasət sahəsində fəallığı artırırlar. İndi İran ilə əldə olunan razılaşmanı ''tarixi anlaşma'' kimi qələmə verən Obama da bu şansdan istifadə edir.

ABŞ-da xüsusən respublikaçılar İranla əldə olunan razılaşmanı tənqid edirlər. Keçmiş dövlət katiblərindən Henri Kissincerin və Corc Şultsun ''The Wall Street Journal''da dərc olunmuş məqaləsində əldə olunan razılaşma ilə problemin 10 il müddətinə təxirə salındığı, İranın nüvə silahı əldə etmək imkanının aradan qalxmadığı, onun faktiki danışıqlarda qələbə qazandığı və bunun da regionda sabitliyə zərbə vuracağı hesab olunur (''The Iran Deal and Its Consequences'', The Wall Street Journal, 7 aprel). Qeyd etmək lazımdır ki, bu cür düşüncə tərzi ABŞ-da məsələyə dair gedən müzakirələrdə üstünlük təşkil edir.

Proseslərin mümkün inkişafı

Hazırda diqqət mərkəzində olan əsas məsələ iyun ayının sonunda yekun sazişin imzalanıb-imzalanmayacağıdır. ABŞ və İran tərəfindən verilən bəyanatlar hələ də arada ciddi fərqlərin olduğunu göstərir. ABŞ sanksiyaların mərhələli şəkildə ləğv olunacağını bildirir. Konqresin mövqeyi də hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Senator Robert Korkerin hazırladığı və artıq Senatın Xarici əlaqələr komitəsinin yekdilliklə qəbul etdiyi qanun layihəsi prezidentdən imzalanacaq sazişi 5 gün ərzində Konqresə təqdim etməsini tələb edir. Senat bu sazişi 30 gün ərzində nəzərdən keçirmək, onu təsdiq etməmək və sanksiyaları ləğv etməmək hüququnu özündə saxlayır. Konqreslə münaqişəyə girmək istəməyən Obama qanunu imzalayacağını bildirib. Danışıqların əsas predmetlərindən biri olan sanksiyaların ləğvi məsələsinin yekunda necə həll olunacağı maraq doğurur.

İran isə sanksiyaların dərhal aradan qaldırılmasını tələb edir və ümumiyyətlə, yekun sazişin imzalanmasına heç bir təminatın olmadığını bəyan edir. Sanksiyalar məsələsi İran daxilində də qüvvələr nisbətinə ciddi təsir göstərə bilər. Martın 10-da İranın Ekspertlər Şurasının sədri vəzifəsinə keçirilmiş seçkilərdə Məhəmməd Yəzdinin qələbəsi mühafizəkarların prezident seçkilərindəki məğlubiyyətdən sonra yenidən toparlandığını deməyə əsas verir. Nəticə etibarilə, onların müdaxiləsi ilə İranın yekun sazişin öz maraqlarına cavab vermədiyini əsas gətirərək danışıqları tərk etməsi ehtimalı zəif də olsa, istisna olunmamalıdır. Bu faktor gələcək prezident və ya ali dini lider seçkilərində də əsas rol oynaya bilər.

Əldə olunmuş razılaşma haqda həddən artıq nikbin fikirlər səsləndirənlər məsələnin mahiyyətini diqqətdən qaçırırlar. İranın nüvə proqramı ətrafında yaranmış problem səbəb yox nəticədir. Bu, ABŞ-la İran arasında 1979-cu ildən yaranmış ziddiyyətin nəticəsidir. İyun ayında yekun saziş imzalana bilər. Lakin bu, daha da artmaqda olan ziddiyyəti aradan qaldırmayacaq və ABŞ-İran yaxınlaşmasına təkan verməyəcək. Obama ''The New York Times'' qəzetinə verdiyi müsahibəsində İranı ''fəaliyyəti nəticəsində Amerika vətəndaşlarının öldüyü böyük və təhlükəli ölkə'' adlandırıb (''Iran and the Obama Doctrine'', The New York Times, 5 aprel). ABŞ İranı Yaxın Şərqdəki maraqlarına ən böyük təhlükə kimi görür. ''Ərəb baharı'' nəticəsində regionda yaranmış vəziyyət isə bu maraqların nədən ibarət olduğunu göstərir. ABŞ-dakı növbəti prezident seçkilərində qələbəyə əsas namizəd sayılan Hillari Klintonun da İranla bağlı mövqeyi fərqli deyil: ''Əgər hətta nüvə məsələsi sazişin imzalanması ilə həll olunsa belə, İranın terrorizmə dəstəyi və regiondakı aqressiv davranışı ABŞ-ın və onun müttəfiqlərinin milli təhlükəsizliyinə təhdid olaraq qalacaqdır'' (Hillary Rodham Clinton, ''Hard Choices'', Simon and Schuster, New York, 2014, səh.446).

Cənub Qafqaza təsiri nədən ibarətdir?

Artıq bir çoxları nüvə proqramı üzrə əldə olunacaq yekun razılaşmanın mümkün təsirlərini hesablayırlar ki, bu hesablamalarda Cənub Qafqaz regionuna da yer verilir.

Proseslərin Azərbaycanın maraqlarına mənfi təsir göstərəcəyi hesab olunur. Bu iddianı ilk səsləndirənlərdən biri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdir. O iddia edir ki, İranın sanksiyalardan yaxa qurtarması Azərbaycanın geostrateji əhəmiyyətini azaldacaq.

Bu iddianın üstündən xətt çəkən əsas arqument bundan ibarətdir ki, Azərbaycan İranla münasibətlərini heç bir vaxt üçüncü tərəflərdən asılı vəziyyətə salmayıb. İkitərəfli münasibətlərdə İranla ziddiyyətdə olan dövlətlərin maraqları deyil, Azərbaycanın milli maraqları diqqətə alınıb. Ölkə rəhbərliyi dəfələrlə Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı istifadə olunmayacağını bəyan edib. Digər tərəfdən, məlumdur ki, müəyyən dairələr müxtəlif vaxtlarda Azərbaycan-İran münasibətlərinə müdaxilə etməyə çalışıblar. ABŞ-la İran arasındakı ziddiyyətlərin azalmayacağı nəzərə alınarsa, bu müdaxilə cəhdlərinin davam edəcəyi ehtimal oluna bilər. Bu baxımdan, Azərbaycanın geostrateji əhəmiyyətinin azalması və bunun İranla əlaqələndirilməsi haqda fikirlər müəyyən məqsədlərə xidmət edən populist bəyanatlardan başqa bir şey deyil.

Əksinə qeyd edilməlidir ki, nüvə probleminə dair yekun sazişin imzalanması Azərbaycanın maraqların yalnız müsbət təsir göstərəcəkdir. Siyasi əlaqələr yüksək səviyyədədir. Sanksiyaların ləğvindən sonra isə iqtisadi əməkdaşlıq daha da artacaqdır. Bu, xüsusən enerji sahəsi üçün aktual ola bilər. Məlumdur ki, Avropa dövlətləri İran qazının potensial müştəriləri kimi yekun sazişin imzalanmasını səbrsizliklə gözləyirlər. Şübhəsiz ki, onlar bu qazı Rusiyaya alternativ kimi nəzərdən keçirirlər. Belədə isə TANAP layihəsi çərçivəsində Azərbaycanın İranla əməkdaşlığı üçün geniş imkanlar yaranır.

İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi perspektivi Ermənistanı olduqca sevindirir. Burada iqtisadi və enerji sahəsində əməkdaşlığa xüsusi vurğu edilir. Keçmiş prezident Robert Köçəryan da ''İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin çözülməsinin Ermənistan iqtisadiyyatı qarşısında yeni perspektivlər açacağını və regionun geosiyasi vəziyyətini tarazlayacağını'' hesab edir.

İqtisadi baxımdan ağır vəziyyətdə olan, Rusiyadan və xaricdəki erməni diasporasından aldığı ianələr hesabına mövcudluğunu qoruyan Ermənistanın hansı perspektivlərə ümid etdiyi məlum deyil. İqtisadiyyatın bütün strateji sahələri Rusiya şirkətləri tərəfindən özəlləşdirilib. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü isə İttifaqdan kənarda olan ölkələrlə iqtisadi əməkdaşlıq imkanlarını azaldır. Digər tərəfdən, indiki vəziyyətdə Ermənistan bu əməkdaşlıq imkanlarını artıra biləcək təbii, maliyyə və infrastruktur resurslarına malik deyil.

Ermənistanın İran qazının Avropaya nəqli üçün tranzit ölkə kimi çıxış etmək şansları da yüksək qiymətləndirilir. Lakin bu qiymətləndirmədə bir sıra mühüm məqamlar nəzərdən qaçırılır. Birincisi, Ermənistanın dənizə çıxışı yoxdur. Qazın Avropaya nəqli üçün ən qısa marşrut da deyil. İkincisi, Ermənistanın bütün qazpaylayıcı şəbəkəsi Rusiyanın "Qazprom'' şirkətinə məxsusdur. Rusiya isə İranın Ermənistan vasitəsilə özünə rəqib olmasına icazə verməz. Məhz bu səbəbdən İran-Ermənistan qaz kəməri tikilərkən, Rusiyanın təkidi ilə onun diametri 140 santimetrdən 70 santimetrə qədər azaldılmışdır. Bütün bu obyektiv reallıqlar Ermənistanın İranın nüvə probleminin həllindən böyük qazanca götürəcəyini deməyə əsas vermir.

Nəticə etibarilə, qeyd etmək lazımdır ki, İranın nüvə probleminə dair yekun sazişin imzalanması və sanksiyaların ləğvi İrana bir sıra siyasi və iqtisadi dividentlər gətirəcək. Lakin Qərblə münasibətlərdə davam edəcək geosiyasi ziddiyyətlər qlobal və regional kontekstdə təsirini qoruyub saxlayacaq.

Elmar Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...