THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"NABUCCO"-nun bərpası – reallıq, yoxsa mif?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6493
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 aprel 2015 – Newtimes.az

Şərq-Qərb enerji dəhlizi "NABUCCO" layihəsi ilə başlamasa da, "NABUCCO" Cənub Qaz Dəhlizinin "tacın ən qiymətli daşı'' hesab edilirdi. 2009-cu ildə Ankara müqaviləsinin imzalanması ilə "NABUCCO Konsorsiumu'' təsis edildi və Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın iştirakı ilə Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən keçməklə, Avstriyaya qədər uzanacaq, 31 milyard kubmetr gücündə təbii qaz boru kəmərinin inşası qərarı verildi. "NABUCCO'' Türkiyənin Ərzurum şəhərində "Cənub Qafqaz'' və ''Trans-Xəzər'' boru kəmərləri ilə birləşməli və Avropanın Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistan qazını Avropaya nəql etməli idi.

Lakin "Trans-Xəzər'' boru kəməri ilə bağlı qeyri-müəyyənlik, kifayət qədər qaz həcminin olmaması, Macarıstanın "MOL'' və Almaniyanın "RWE'' şirkətlərinin "NABUCCO''-dan çıxması, siyasi dəstəyin olmaması, habelə sərmayə və koordinasiya problemləri layihəni iflic etdi. Əslində, "NABUCCO''-nun süqutu iki dəfə baş verib. Birincisi, 2012-ci ildə Azərbaycan və Türkiyə tərəfindən "Trans-Anadolu'' boru kəməri (TANAP) layihəsi irəli sürüləndə baş verdi; o zaman "NABUCCO'' layihəsi "NABUCCO-WEST''-ə çevrildi. Layihənin tamamilə "dəfn olunması'' isə 2013-cü ildə baş verdi. "Şah Dəniz Konsorsiumu'' 2020-ci ilə qədər 10 milyard kubmetr Azərbaycan qazını Türkiyə sərhədindən Yunanıstan və Albaniya üzərindən İtaliyaya nəql edəcək "Trans-Adriatik'' boru kəməri (TAP) layihəsinin xeyrinə seçim etdi.

"NABUCCO"-nun bərpası nə dərəcədə realdır?

4 mart 2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı Bolqarıstanın baş naziri Boyko Borisov ölkəsinin artıq uzun müddət "ölü'' hesab edilən "NABUCCO'' layihəsinin dirçəldilməsinə dair niyyətini bəyan etdi. "Biz NABUCCO layihəsini, daha dəqiq desək, Bolqarıstandan keçən hissəsinin yenidən həyata qaytarılması arzusundayıq''. Bolqarıstanın qaz tələbatının 80%-nin Rusiya tərəfindən təmin edildiyini və "NABUCCO'' və "Cənub Axını'' layihələrinin onun ölkəsini əhatə etdiyini, yəni hər iki layihənin Bolqarıstanın ərazisindən keçdiyini nəzərə alsaq, Bolqarıstanın mövqeyi başa düşüləndir.

Bu səbəbdən, Bolqarıstan manevr edərək, boru kəmərlərinin öz ərazisindən keçməklə tranzit dövlət rolu oynamağa, bununla da alternativ qaz təchizatı və tranzit ödəmələrindən mənfəət eldə etməyə çalışır. Prezident Əliyev Borisovun fikirlərinə birbaşa münasibət bildirməsə də, mətbuat konfransı zamanı "NABUCCO"-nun bərpası TAP layihəsindən çıxmaq anlamına gəlirmi'' sualına belə cavab vermişdi: "TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, "NABUCCO" layihəsi artıq tarixdə qaldı... Biz gördük ki, "NABUCCO"-nun üzvü olan Bolqarıstan artıq "Cənub Qaz Dəhlizi"nin üzvüdür. ...Bolqarıstan-Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir. Yəni, TAP layihəsinə biz "Cənub qaz dəhlizi"nin tərkib hissəsi kimi baxmalıyıq. Xəzərin Azərbaycan sektorunda "Abşeron'' yatağı istifadəyə veriləcək. "Ümid'' yatağında çox böyük qaz ehtiyatları vardır. Yəni, bütün bunları nəzərə alaraq, bu gün biz TAP layihəsini "NABUCCO'' layihəsi ilə bir növ birləşdirmək əzmindəyik''.

Beləliklə, Bolqarıstan Yunanıstan-Bolqarıstan birləşdirici kəmərinin inşası nəticəsində Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsilə Azərbaycan qazını alacaqsa, "NABUCCO-WEST'' layihəsinin bərpasına lüzum varmı? Regionda birləşdirici kəmərlərin inşa ediləcəyi təqdirində onlar necə maliyyələşəcək? "Şah Dəniz''-in ehtiyatları nəhəng olsa da, Azərbaycan həm "NABUCCO WEST'' həm də "TAP''-ı qazla təmin etmək iqtidarında deyil. Çünki "NABUCCO WEST”-in ötürmə qabiliyyəti "TAP''-dan böyükdür və mövcud həcmlər yalnız "TAP'' və onun "qolları''nın qazla təmin edilməsinə kifayət edəcək.

Eyni zamanda, "TAP''-ın dizaynı onun gələcəkdə genişləndirilməsini nəzərdə tutur və bu səbəbdən "NABUCCO WEST'' kimi irimiqyaslı kəmərin inşasına ehtiyac qalmır. Bundan başqa, "NABUCCO WEST'' ölkələri qonşuları ilə bir sıra birləşdirici kəmərlər vasitəsilə əlaqəlidir: Avstriya-Sloveniya, Macarıstan-Slovakiya (tikintisi nəzərdə tutulur), Rumıniya-Ukrayna, Bolqarıstan-Serbiya və Bolqarıstan-Makedoniya. Yəni, məsələ "NABUCCO WEST”-ın bərpası deyil, "Abşeron'' və "Ümid'' kimi yataqlardan Azərbaycan qazının "NABUCCO WEST'' layihəsinin iştirakçı dövlətlərinə nəqlidir (konkret olaraq Bolqarıstan, Rumınıya və Macarıstan). Bunun üçün Komotini (Yünanıstan) - Stara Zagora (Bolqarıstan), Sofiya (Bolqarıstan) – Nis (Serbiya), Kardam (Bolqarıstan) – Negru Voda (Rumıniya) və əks rejimdə çalışan Sidirokastro (Yunanıstan) – Kulata (Bolqarıstan) kimi mövcud birləşdirici kəmərlərin istifadəsi nəzərdə tutulur.

''NABUCCO'' yox, Cənub-Şərqi Avropa Kəməri?

Azərbaycanın enerji naziri Natiq Əliyevin "EurActiv'' portalına verdiyi müsahibəsində 2011-ci ildə "BP'' tərəfindən təklif edilmiş, Cənub-Şərqi Avropa Kəmərinin (SEEP) Azərbaycan qazının nəqli üçün "NABUCCO WEST''-ə alternativ ola biləcəyini qeyd edib. 10 milyard kubmetr gücündə olan "SEEP”-in əsas mahiyyəti "NABUCCO'' kəmərinə alternativ olaraq, mövcud kəmərlərdən istifadə edilməsi idi (Yunanıstan, Bolqarıstan, Rumıniya, Serbiya və Macarıstan). 2020-ci ilə qədər Azərbaycanın yeni yataqlarından əlavə qaz həcmlərinin əldə edildiyi təqdirdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetrə qədər artırıla bilərdi. Bu səbəbdən "BP” tərəfindən irəli sürülmüş "SEEP''-in yenidən gündəmə gətirilməsi "NABUCCO''-dan daha realdır. Çünki  "Şah Dəniz Konsorsiumu''-nda 28.8%, "Cənub Qafqaz Boru Kəməri”-ndə 28.8%, "Trans-Anadolu Boru Kəməri''-ndə 12% və "Trans-Adriatik Boru Kəməri''-ndə 20% səhmlərə sahib olan "BP'', "Cənub Qaz Dəhlizi”-ndə "ARDNŞ'' ilə bərabər dominant mövqeyə malikdir və bu "BP''-yə yenidən "SEEP''-nin xeyrinə lobbiçilik etmək imkanı verir.

Yenə də ''TAP'' Azərbaycan üçün ən məqbul variantdır

''NABUCCO WEST'' ilə müqayisədə "TAP'' boru kəməri səkkiz meyardan yeddisinə cavab verdiyi üçün seçilmişdi. Əsas meyar təbii ki kommersiya baxımından əlverişliyi idi ki, bunun sayəsində "TAP'' "Cənub Qaz Dəhlizi''-nin əsas qaz ixracı marşrutu seçildi. Birincisi, "ARDNŞ'' tərəfindən "TAP'' iştirakçı dövlətlərinə təklif edilən qiymət "NABUCCO WEST'' ölkələrinin təklif etdiyi qiymətdən daha cəlbedici idi. İkincisi, "TAP''-ın son coğrafi məntəqəsi İtaliyadır, bu ölkənin isə enerji şəbəkəsi Mərkəzi və Qərbi Avropa bazarları ilə sıx birləşir. Nəticədə, Xəzər qazı "Trans-Avstriya Qaz Kəməri'' vasitəsilə Avstriya və Mərkəzi Avropaya, "TransitGas-TENP'' kəmərinin əks rejimdə çalışması, habelə "Snam Rete gas'' və "Fluxys'' şirkətlərinin şəbəkə və birləşdirici kəmər sistemlərinin birləşdirilməsi sayəsində İsveçrə ərazisindən Almaniya və Fransaya nəql oluna bilər. Üçüncüsü, "TAP'' Bolqarıstan və Albaniyanı (Yunanıstan-Bolqarıstan Birləşdirici Kəmər), habelə Makedoniya və Bosniya-Herseqovinanı (İonik Adriatik Boru Kəməri) birləşdirəcək ki, "NABUCCO'' belə bir əlavə bazar əldə etmək perspektivini özündə ehtiva etmirdi. Adıçəkilən Balkan dövlətləri kiçik olsalar da, bir yerdə onlar Azərbaycan qazı üçün böyük bazar olacaq. Eyni zamanda Albaniya, Monteneqro və Kosovonun qaz infrastrukturundan məhrum olduğunu nəzərə alsaq, "ARDNŞ'' orada təbii qaz infrastrukturuna və emal bazarına sərmayə yatırmaq imkanı əldə edəcək.

Rusiya ''NABUCCO''-nu dirçəldə bilərmi?

''NABUCCO WEST'' Türkiyə-Bolqarıstan sərhədindən başlayıb Rusiya tərəfindən bu yaxınlarda təklif edilmiş "Türk Axını'' layihəsinin davamı ola bilər. Lakin, 2019-cu ildə Ukrayna ərazisindən Rusiya qazının tranziti ilə bağlı müqavilənin başa çatması ilə "Trans-Balkan'' boru kəmərinin (TBP) istifadəsinin dayandırılacağını nəzərə alsaq, "TBP'' əks rejimdə çalışaraq Rusiya qazını "Türk Axını'' vasitəsilə Bolqarıstan və Rumıniya üzərindən Yunanıstana nəql edə bilər. Bununla yanaşı, V. Putin "Cənub Axını''-nın qurudan keçən hissəsini yenidən gündəmə gətirməyi planlaşdırır. Burada "Türk Axını”-nı Bolqarıstandan Serbiyaya, daha sonra isə Macarıstandan Avstriya uzadılması nəzərdə tutulur.

Eyni zamanda, Yunanıstan da "Türk Axını''-nın "Türkiyə-Yunanıstan-İtaliya'' birləşdirici kəməri vasitəsilə Yunanıstana uzadılması və Rusiya qazının daşınmasının lehinə çıxış edir."Qazprom''-dan böyük endirim və Rusiya ilə yeni müqavilədə "al və ya pulunu ödə'' prinsipinin ləğv edilməsinə nail olan Macarıstanın Baş naziri Viktor Orban öz növbəsində bəyan etdi ki, onun ölkəsi Rusiyanın "Türk Axını'' vasitəsilə nəql etdiyi qazın Yunanıstandan sonra bu ölkədən Makedoniyaya, Serbiyaya və Macarıstana qədər uzanacaq yeni boru kəməri vasitəsilə ("Balkan Axını'' da adlanır) daşınmasına dair Yunanıstanla danışıqlar aparır. Beləliklə, "Trans-Balkan'' kəmərinin əks rejimdə çalışması imkanını, "Balkan Axını''nı, "Türkiyə-Yunanıstan-İtaliya'' birləşdirici kəmərini və "Cənub Axını''-nın qurudan keçən seqmentini nəzərə alsaq, Rusiya üçün də "NABUCCO WEST''-ın bərpasına ehtiyac duyulmur.

Yaxın gələcəkdə Mərkəzi Avropa üçün yeni layihə Slovakiyanın qaz boru kəmərinin operatoru "Eustream” tərəfindən təklif olunan və Qərbi Avropa qazının müvafiq istiqamətdə nəqli üçün Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Balkan ölkələrinin qaz infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan "Eastring'' (Şərq halqası) layihəsidir. 20 milyard kubmetr gücündə olacaq (40 milyarda qədər artırıla bilər) bu kəmərin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur və bu layihə "Qazprom''-un "Türk Axını''-nın uzadılması və keçmiş "Cənub Axını''-nın qurudakı seqmentinin inşası ilə bağlı planlarına rəqib ola bilər. Ancaq nəzərə almaq gərəkdir ki, "Eastring'' üçün qaz mənbəyi Azərbaycan (birləşdirici kəmərlər vasitəsilə) və Rusiyadır ("Türk Axını''-nın uzadılması).

Əlavə qaz həcmləri ''NABUCCO'' layihəsini bərpa edə bilərmi?

İlkin olaraq Azərbaycan qazı ilə yanaşı İran, İraq və Türkmənistan qazı da "NABUCCO'' üçün mənbə hesab edilirdi. Azərbaycan qazı Avropaya yalnız 2020-ci ildə nəql olunacağı halda, İran qazı həmin bazara mövcud olan "İran-Türkiyə'' qaz boru kəməri ilə daha erkən çatdırıla bilər. Bununla yanaşı, Cənub Qaz Dəhlizini Türkmənistan qazı ilə təmin edəcəyi nəzərdə tutulan "Trans-Xəzər'' boru kəmərinin reallaşdırılması Azərbaycan və Türkmənistan arasında Xəzərdə sərhədlərin delimitasiyası problemi, habelə İran və Rusiyanın etirazı səbəbindən sual altındadır.

Faktiki olaraq, "NABUCCO'' kəmərinin ehtiyaclarının qarşılanması üçün İran Türkmənistan qazını öz ərazisi üzərindən Türkiyəyə nəql edə bilər. Lakin, 2005-ci ildən etibarən İranın nüvə proqramı ilə bağlı ABŞ və Avropa İttifaqı tərəfindən bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən Avropanın enerji şirkətləri İranı tərk etməli, "NABUCCO''-nun tərəfdaşlarını isə nəinki İran qazını istifadə etmək, hətta Türkmənistan qazını İran üzərindən nəql etmək fikrindən daşınmağa məcbur olmuşlar.

İran və Türkmənistan "NABUCCO'' layihəsindən istisna edilməsə, Brüssel isə "Trans-Xəzər'' boru kəməri layihəsinin dəstəklənməsində canfəşanlıq edərək "bütün yumurtaları'' Trans-Xəzər "səbətinə toplamasa'' idi, o zaman İran və Türkmənistan qazı layihənin reallaşdırılmasına xidmət edə bilərdi. Eyni zamanda, ABŞ-ın etirazı nəticəsində "Şah Dəniz Konsorsiumu''-nun üzvləri İran qazını xaric etdilər, halbuki İranın "NİCO'' şirkəti "Şah Dəniz''-in iştirakçısı idi (10%). Bundan əlavə, İŞİD-in yaranması nəticəsində hökm sürən qeyri-sabitlik və Kürdistan Muxtar Regionunun qaz ehtiyatlarının hasilatı və ixracı ilə bağlı region rəhbərliyi və rəsmi Bağdad arasında olan fikir ayrılığı səbəbindən İraqın bu layihədə iştirakı ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir.

Nəticə

"NABUCCO"-nun bərpası yalnız qonşu dövlətlər arasında mövcud birləşdirici kəmərlərin istifadəsi nəticəsində mümkün ola bilər ki, burada ən real variant "Cənub-Şərqi Avropa" boru kəməri ideyasıdır. Ancaq birləşdirici kəmərlər mövcud olsa belə, onların qazla təmin edilməsi üçün müvafiq qaz həcmləri tələb olunur. Bu kontekstə, Azərbaycanın yeni qaz yataqlarının istifadəsi yerinə düşsə də, onlar uzunmüddətli perspektivdə kifayət etməyə bilər. ''NABUCCO''-nun bərpası ideyası yalnız Azərbaycanın qaz ixracı imkanlarının artırılması deyil, eyni zamanda, Türkmənistan və İran qazının cəlb edilməsi anlamına gəlir.

Hazırda isə ABŞ-ın sanksiyaları fonunda İranın Cənub Qaz Dəhlizinə töhfəsi qeyri-real görünür. Bununla da, təkcə İran qazının nəqli deyil, İran ərazisindən Türkmənistan qazının daşınması da mümkünsüz olur. İŞİD-in yaratdığı qeyri-sabitlik və Ərbil və Bağdad arasındakı münasibətlərin qeyri-müəyyənliyi İraq qazının istifadəsini şübhə altına qoyur. Hazırda boş qalan birləşdirici kəmərlər üçün alternativ mənbə ənənəvi təminatçı – Rusiyanın ''Qazprom'' şirkəti ola bilər. Lakin Trans-Balkan boru kəmərinin əks rejimdə istifadəsi imkanı, "Cənub Axını'' layihəsinin quru üzərindəki seqmentinin reallaşdırılması ideyası və "Balkan Axını'' layihəsinin gündəmdə olması ''NABUCCO-WEST'' layihəsini Rusiya üçün də maraqsız edir.

İlqar Qurbanov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...