THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Enerji siyasəti: mürəkkəb geosiyasət və rəqabət şəraitində

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
37144
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 yanvar 2015 – Newtimes.az

Hazırda qlobal səviyyədə enerji daşıyıcıları uğrunda gedən mübarizənin nə dərəcədə gərgin olduğu hər kəsə məlumdur. Bu prosesdə dünyanın böyük dövlətləri iştirak edirlər. Təsadüfi deyil ki, enerji faktoru ixtilaflara, silahlı toqquşmalara səbəb olmaqla indi beynəlxalq siyasətdə çox ciddi önəm daşıyır. İnformasiya kanalları hətta İŞİD kimi terror təşkilatlarının neft və qaz yataqlarını ələ keçirməyə çalışdığı barədə məlumatlar yayırlar. Belə bir şəraitdə dövlət səviyyəsində səmərəli enerji siyasəti yeritmək böyük ustalıq tələb edir. Müqayisələr göstərir ki, Azərbaycan rəhbərliyinin həmin istiqamətdə həyata keçirdiyi layihələr ona geniş manevr imkanları yaradır.

Çətinliklər: səmərəli əməkdaşlıq formulu axtarışı

Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar etiraf edilir. Bu sırada enerji sferasında həyata keçirilən proqramlar diqqəti daha çox çəkir. Çünki müasir dünyada bu faktor dövlətlərarası münasibətlərdə aparıcı yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz enerji daşıyıcıları uğrunda dünyada güclü rəqabət mövcuddur. Böyük dövlətlər strateji məqsədlərinə çatmaq üçün bu məsələdən geniş istifadə edirlər.

İndi Rusiya-Çin əlaqələri də əsasən həmin aspektdə nəzərdən keçirilir. Harvard Universitetinin professoru C.Nay iki ölkə arasında ittifaqın yaranma perspektivini onların enerji sahəsində nail olduqları razılaşmalar kontekstində təhlil edir (bax: Joseph S. Nye. A New Sino-Russian Alliance? / Project Syndicate, 12 yanvar 2015). Onun gətirdiyi rəqəmlər böyükdür.

Rusiya ilə Çin arasında qaz ticarətini əhatə edən layihənin dəyəri 400 milyard ABŞ dolları həcmindədir. Moskva 30 il müddətində Çinə hər il 68 milyard kubmetr qaz verməlidir. Xatırladaq ki, hazırda Almaniyaya Rusiya ildə 40 milyard kubmetr qaz satır. Deməli, Çinlə olan sövdələşmə daha böyük məqsədlərə xidmət edir.

Bu qədər iri enerji layihəsi iki ölkəni səmimi müttəfiq edə biləcəkmi? Bu, artıq məsələnin başqa tərəfidir. Enerji sahəsində əməkdaşlıq buna imkan yaradır. Çünki ortada kifayət qədər geniş əlaqələr qurmaq planları mövcuddur. Çinin enerji daşıyıcılarına olan tələbatının ilbəil artdığını nəzərə aldıqda, əməkdaşlıq perspektivinə şübhə yeri qalmır. Lakin digər faktorları da unutmaq olmaz.

C.Nay həmin kontekstdə demoqrafik və hərbi faktorları misal kimi göstərir. Hesab edir ki, onlara görə Rusiya-Çin əlaqələri səmimi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməyə də bilər. Belə çıxır ki, enerji siyasətində də hansısa əlavə faktorlar nəzərə alınmalıdır ki, yekunda gözlənilən nəticə alınsın. Məhz bu aspektdə mütəxəssislər enerji siyasətinin əhəmiyyətini və eyni zamanda, mürəkkəbliyini vurğulayırlar.

Problemə bu müstəvidə yanaşdıqda, Azərbaycanın enerji siyasətinin səmərəliliyini aydın görmək mümkündür. Onun əsasını, məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev böyük uğurla həmin kursu davam etdirir. Bunun ən son nümunələri üzərində dayanmağa ehtiyac duyuruq. Bir sıra ekspertlər Rusiyanın ''Cənub axını''ndan imtina etməsindən sonra Azərbaycanın enerji siyasətində çətinliklərin yarana biləcəyini ehtimal edirlər. Onlar hesab edirlər ki, Rusiya qazının ''Türk axını'' layihəsi üzrə Yunanıstan sərhədinə çatdırılması TANAP-ın işləmə şansını azalda bilər. Əsas arqument kimi Moskvanın iri həcmdə qaz istehsal etməsini və onu Türkiyə vasitəsi ilə Avropaya satmaq niyyətində olmasını göstərirlər. Bundan başqa, Kremlin bu layihəni 2019-cu ilə qədər başa çatdırmaq arzusunda olduğu vurğulanır. TANAP isə ən tezi 2020-ci ildən fəaliyyətə başlaya bilər.

İlk baxışdan bu müqayisələr məntiqli görünür. Lakin məsələyə daha geniş prizmadan nəzər yetirdikdə, Azərbaycanın enerji siyasəti, o cümlədən TANAP üçün heç bir təhlükənin olmadığına əmin oluruq. Biz yuxarıda Rusiya-Çin əlaqələrinin inkişafı aspektində vurğuladığımız geosiyasi faktorları xatırlatmaq istərdik. Baxmayaraq ki, Moskva Uzaq Şərq istiqamətində böyük həcmdə enerji sata bilər, reallıqlar bunu həyata keçirməyə mane olur. Onların nələrdən ibarət olduğunu C.Nay nümunə gətirdiyimiz məqaləsində göstərib. Azərbaycan isə ustalıqla bütün geosiyasi faktorları bir-biri ilə uyğunlaşdıra bilir. O, enerji məsələsinə ayrıca faktor kimi yanaşmayıb, bütöv mənzərəni görərək, onunla həmahəng məzmunda hərəkət edir.

''Türk axını'': rəqabət yaranır?

''Cənub qaz dəhlizi'' layihəsi bunun əyani sübutudur. Buraya yalnız Azərbaycanda istehsal olunan qaz daxil deyil. Mərkəzi Asiya və İran da ona qoşula bilər. Digər tərəfdən, həmin layihədə Türkiyə ərazisinə qazın çatdırılmasının nəzərdə tutulması o demək deyil ki, satış yalnız həmin ölkədə həyata keçirilə bilər. Burada Avropanın müxtəlif ölkələrini, Yaxın Şərq, Şimali Afrika və sair imkanları da unutmaq olmaz. Eyni zamanda, geosiyasət üçün ciddi əhəmiyyət kəsb edən bir məqamı da nəzərə almaq gərəkdir.

Məsələ bundan ibarətdir ki, Qərbin Rusiya ilə enerji sahəsində əməkdaşlıq istəyinin nə kimi vəziyyətdə olduğu məlumdur. Moskva Yunanıstan sərhədinə qazı çatdırıb, orada hab (enerji daşıyıcısının saxlandığı məkan) tikə bilər. Lakin bu o demək deyil ki, avropalılar məhz ondan yararlanacaqlar. Təcrübə sübut edir ki, Avropa bir sıra hallarda başqa istiqamətdə hərəkət edə bilir. Bu baxımdan Azərbaycan daha şanslı görünür.

Biz Türkiyə faktorunu da unutmamalıyıq. Ankara Azərbaycan məsələsinə çox böyük önəm verir. Dünyada gedən proseslərə görə enerji daşıyıcılarının qiymətinin dəyişə bilməsi başqa məsələdir. Bütün hallarda Azərbaycan qazının Türkiyə vasitəsi ilə satışında heç bir çətinliyin olmayacağını qəbul etmək gərəkdir.

Əsas faktor isə rəsmi Bakının həyata keçirdiyi enerji siyasətinin dövlətin strateji maraqlarına tam uyğunluğu ilə əlaqəlidir. Çoxvektorlu xarici siyasət kursunun bütün tərəfləri arasında sıx bağlılıq vardır ki, bu da istənilən dəyişiklikdə çevik manevrlər etməyə imkan verir. Bu baxımdan Azərbaycanın enerji daşıyıcılarını ixrac etməsi həm də dövlətin geosiyasi maraqlarının təmin edilməsi üçün imkan yaradır. Görünür, bu məqama əsasən ermənipərəst qüvvələr Azərbaycanı müxtəlif geosiyasi konfiqurasiyalara daxil edirlər. Hər dəfə də onun mənfi rol oynayacağı haqqında məsuliyyətsiz fikirlər irəli sürürlər. Xüsusilə enerji məsələsində bunu çox qabartmağa çalışırlar.

İndi dünya miqyasında ziddiyyətli proseslərin sayı xeyli artıb. Ən kiçik hadisə belə geniş məkanda əks-səda verə bilir. Bu şəraitdə rəsmi Bakı nəinki Cənubi Qafqaz, hətta Avropanın enerji təhlükəsizliyinin təminində prinsipial rol oynaya bilirsə, bu, böyük nailiyyətdir. Avropa İttifaqı ilə Rusiyanın enerji sahəsində münasibətlərin taleyi ilə bağlı müzakirələr apardığı bir şəraitdə Azərbaycan üçün əlavə imkanların yarandığını demək mümkündür.

Bu günlərdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Moskvada ''Qazprom''un sədri A.Millerlə görüşərək qaz sferasında əməkdaşlıq imkanlarını müzakirə ediblər. Avropa İttifaqının rəsmisi Rusiya tərəfinin mövqeyini sona qədər dərk etmədiyini deyib. Çünki Moskva Avropanın cənub ölkələrinin qazla hansı şərtlər daxilində təmin ediləcəyi barədə qəti mövqe bildirmir. Rusiyanın bu addımları fonunda Azərbaycanın dəqiq təkliflərlə çıxış etməsi mütəxəssislərin diqqətini çəkir. Onların fikirlərinə görə, bu sahədə rəqabət yaranarsa, onda Bakının qalib gəlmək şansı daha da artacaqdır.

Belə çıxır ki, ''Türk axını'' layihəsinin Azərbaycan üçün müəyyən çətinliklər yaradacağı haqqında fikirləşənlər yanılırlar. Burada söhbət sağlam rəqabətdən gedə bilər ki, burada da Bakının uğur qazanma şansları yüksəkdir. Moskvanın Türkiyə ərazisindən keçməklə qaz satmaq planlarının geosiyasi məqsədlərə xidmət etdiyini ayrıca vurğulamaq lazımdır. Əks halda, Aleksey Miller Aİ təmsilçisi ilə Avropanın cənubunda yerləşən ölkələrə qaz satışı haqqında konkret danışıq aparardı. Onu demək gərəkdir ki, Türkiyənin bu prosesdə əlverişli geosiyasi üfüqlərə doğru irəliləmək imkanları yüksəkdir. O, Rusiya və Azərbaycan istiqamətindən gələn enerji marşrutu üzərindədir. Bundan istifadə etməklə Türkiyə müxtəlif aspektlərdə manevrlər həyata keçirə bilər.

Azərbaycan isə səmərəli enerji siyasətini daha da inkişaf etdirəcək. Yuxarıda aparılan təhlil göstərir ki, ən mürəkkəb vəziyyətdə belə ölkəmiz düzgün çıxış yolu tapmaq iqtidarındadır. Müstəqil dövlətçiliyin əsasını qoyan Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini bir daha dərk etmiş oluruq. Doğrudan da, ''Azərbaycan dünyaya Günəş kimi doğacaq'' (Heydər Əliyev).

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...