THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ukrayna və demokratiya oyunu: Qərbdən fərqli baxış

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
404099
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 oktyabr 2014 – Newtimes.az

Ukrayna böhranının səbəbləri ilə əlaqədar mütəxəssislər fikir bildirirlər. Adətən, bu məsələdə Rusiyanın "aqressiv davranışları" əsas səbəb kimi göstərilir. Son zamanlar isə bir qədər fərqli mövqenin meydana gəldiyi hiss olunmaqdadır. Amerikalı ekspertlər Qərbin yanlış xarici siyasət yeritdiyinə diqqət çəkirlər. Onlardan C.Mirşaymer hesab edir ki, Ukraynada vəziyyət əsas olaraq ABŞ və onun Avropadakı həmfikirlərinin reallıqdan uzaq olan siyasəti ucbatından gərginləşdi. Bu tezisə Amerikada reaksiya verilib. Maralıdır ki, bu, bütövlükdə ABŞ-ın daxili siyasi mühitində gedən proseslərlə əlaqələndirilir. Əslində, yaranmış vəziyyətə daha geniş müstəvidə baxmaq daha doğru olardı.

Liberalizm və geosiyasət: Ukrayna sınağının uğursuzluğu

Ukrayna böhranının qlobal təsirləri ciddi müzakirə olunur. Analitiklər bu prosesin proqnozlaşdırılmasında müəyyən çətinlik çəkirlər. Çünki onun real mahiyyəti haqqında yekdil fikirdə deyillər. Burada iki başlanğıc tezis gözə çarpır. Birincisi, Ukrayna böhranının əsas səbəbi Rusiyanın postsovet məkanında aqressiv siyasət yeritməsidir. Müharibə məhz buna görə yarandı ki, bu da ciddi geosiyasi böhrana səbəb oldu. İkincisi, Ukrayna problemi ABŞ və Avropanın reallıqdan uzaq olan siyasətinin nəticəsidir. Moskvanı qıcıqlandıran və aqressiv addımlar atmağa məcbur edən də elə məhz Vaşinqton və Brüsselin səhvləridir.

Hər iki yanaşmanı əsaslandırmağa cəhd edilir. Lakin bunlar arasında geosiyasi aspektdə fərqlər o dərəcədə böyükdür ki, onları daha geniş təhlil etməyə ehtiyac var. Təəssüf ki, real siyasi müstəvidə Ukrayna ilə bağlı cərəyan edən hadisələrlə nəzəri yanaşmalar arasında fərq hələlik çoxdur. Bu səbəbdən hansı yanaşmanın doğru olduğunu demək çətindir. Yalnız onu vurğulamaq olar ki, Qərbdə Rusiyanı ittiham edən baxışlar daha populyardır. İkinci mövqe elə də geniş yayılmayıb, lakin ona da diqqət yetirənlərin sayı artır.

Bu kontekstdə Çikaqo Universitetinin professoru, "aqressiv realizm" tərəfdarı Con Mirşaymerin "Foreign Affairs" jurnalında dərc edilən bir məqaləsi maraq doğurub (bax: John J. Mearsheimer. Why the Ukraine Crisis Is the West’s Fault: The Liberal Delusions That Provoked Putin / "Foreign Affairs", №5, 2014). Yazıda müəllif Ukrayna böhranının əsas səbəbkarı kimi Qərbi göstərir. Bunun üçün o, çoxlu sayda arqumentlər gətirir. Ukraynada müharibənin alovlanmasının arxasında bir sıra gizli məqamların durduğu hiss olunur.

Həmin məqalə diqqəti həm də ona görə çəkir ki, demokratiya, insan haqları, əməkdaşlıq barədə danışanlar reallıqda tamamilə başqa maraqları güdürlər. Onlar üçün insan həyatı, xalqların taleyi haradasa "uzaq yaşıl ada" kimi görünür. Bu prizmadan yanaşdıqda, müasir qlobal geosiyasətin çox qarışıq və ziddiyyətli məqamlarla dolu olduğu gözə çarpır.

C.Mirşaymer Ukrayna böhranının aşağıdakı üç əsas səbəbini sadalayır: "NATO-nun genişlənməsi, Avropa İttifaqının genişlənməsi və Ukraynada demokratiyanın hər vəchlə dəstəklənməsi" (bax: əvvəlki mənbəyə). Ancaq bu müddəalar uzun illərdir ki, bütövlükdə Qərbin geosiyasi kursunun başlıca prinsiplərini təşkil edir.

NATO-nun genişlənməsinin yeni müstəqil dövlətlərin təhlükəsizliyi naminə aparıldığı qeyd olunur. Əslində isə, Ukrayna timsalında bu, həmin ölkəni Rusiyanın təsiri altından çıxararaq, Avropaya inteqrasiya etdirmək üçün edilirmiş. Aİ-nin Şərqə doğru genişlənməsinin də sosial, siyasi, mədəni inkişaf, iqtisadi çiçəklənmə və insanların azadlığı üçün həyata keçirildiyindən bəhs olunurdu. Reallıqda isə əsas kimi Qərbin geosiyasi marağı götürülmüşdür. Məqsəd isə Rusiyanın təsir dairəsini məhdudlaşdırmaqdan ibarətdir.

Nəhayət, Qərb Ukraynada demokratiya adı altında milyardlarla dollar bahasına sosial mühəndisliklə məşğul olub, yəni süni surətdə qərbpərəst kütlə yetişdirməyə çalışıb. Eyni zamanda, onlardan Rusiyaya qarşı aksiyaların təşkil edilməsində də istifadə edilib. Bu, daha təhlükəli bir prosesi ortaya qoyur – Qərb demokratiya və insan haqları adı altında insanların şüuru ilə manipulyasiya edir, onlarda reallıq hissini zəiflətməklə öz standartları çərçivəsində düşünməyə məcbur edir (bax: əvvəlki mənbəyə).

Sosial mühəndislik: xərclənən pulların geosiyasi "çəkisi"

Həmin siyasət Ukraynada qərbmeylli siyasətçi və təşkilatlara maliyyə yardımı formasında həyata keçirilib. Bunun nəticəsidir ki, 1991-ci ildən 2013-cü ilə qədər ABŞ Ukraynada 5 milyard dollar xərcləyib. Pullar Amerikanın Demokratiyaya Milli Dəstək Fondu (NED) vasitəsi ilə Kiyevə çatdırılıb. Şübhəsiz, bu, böyük siyasi-texnoloji əməliyyatdır. Onun nəticəsi göz qabağındadır – Ukraynada müharibə yüzlərlə insanın həyatına son qoyub! Proses hələ də davam edir (bax: əvvəlki mənbəyə).

C.Mirşaymer açıq yazır ki, bütün bunlara Rusiya sakit yanaşa bilməzdi. O, özünü müdafiə etmək üçün cavab tədbirləri görməyə məcbur idi. Doğrudur, Vladimir Putin sərt yol seçdi. Lakin Qərb Moskvaya hələ keçən əsrin 90-cı illərində verdiyi vədlərə əməl etmədi. Bu kontekstdə Kremlə ən pis təsir edən NATO-nun genişlənməsi oldu. Bir-birinin ardınca Şərqi Avropa və Baltikyanı ölkələr Şimali Atlantika Alyansına üzv oldu. Sonra NATO Gürcüstan və Ukraynanı da sıralarına qatacağını bəyan etdi.

Moskva aydın görürdü ki, Qərb hərbi strukturunu onun sərhədlərinə yeridir. Bu kontekstdə Ukrayna prinsipial faktor hesab edilir. Həmin səbəbdən V.Putin Corc Buşa deyib ki, "əgər Ukraynanı NATO-ya daxil etsəniz, bu ölkə ümumiyyətlə, mövcud olmayacaq" (bax: əvvəlki mənbəyə). Müəllifin fikrinə görə, V.Putin haqlı idi.

Rusiya qəfil Krımı ələ keçirməklə Qərbi çaşdırdı. Bununla bağlı Vaşinqton və Brüsselin V.Putinin keçmiş SSRİ-ni bərpa etmək barədə saldığı hay-küyün heç bir əsası yoxdur. Çünki Rusiya Ukraynaya özünümüdafiə üçün müdaxilə etdi. Qərb sadəcə, ona başqa seçim variantı qoymadı. Bu səbəbdən Kremlin Ukraynanın şərqində hərbi fəallığını artırması gözlənilən haldır.

Belə çıxır ki, Ukraynada vəziyyətin mürəkkəbləşməsi Qərbin ciddi geosiyasi səhvlərindən qaynaqlanır. C.Mirşaymer hesab edir ki, əsas yanlışlıq ABŞ və Avropanın liberal dəyərləri başqalarına nəyin bahasına olursa-olsun sırımağa çalışmasındadır. Qanunun aliliyi, iqtisadi qarşılıqlı asılılıq və demokratiya kimi amilləri dünyaya yaymaq bütövlükdə müsbət hal sayıla bilər. Lakin bu zaman geosiyasi reallıqlar da nəzərə alınmalıdır. Belə ki, öz maraqlarını qorumaq Rusiyanın hüququdur. Moskva bu baxımdan real geosiyasət yeridir və göründüyü kimi, müəyyən uğurlar da əldə edir. Bu mənada Qərb liberalizmi mütləqləşdirməkdə böyük xətaya yol verir.

Maraqlıdır ki, Amerikanın bir sıra tanınmış fikir adamları, intellektuallar C.Mirşaymerin mövqeyinə diqqət yetirməyə çağırır. O, Barak Obama administrasiyasının xarici siyasətinin tənqidçisi kimi qəbul edilir. Bütün bunların arxasında isə Vaşinqtonun siyasi dairələrindəki qrupların dayandığını deyirlər (bax: Томас Фридман о статье Миршаймера / www.foreignpolicy.ru, 15 sentyabr 2014).

T.Fridman vurğulayır ki, son vaxtlar B.Obamanın xarici siyasəti tez-tez tənqid edilir. Bu, təsadüfi deyil. Həmin səbəbdən C.Mirşaymerin məqaləsini eyni zamanda "Obama administrasiyasına xəbərdarlıq kimi qəbul etmək olar" (bax: əvvəlki mənbəyə).

Görünür, Qərbin siyasi dairələrində fikir ayrılıqları dərinləşməkdədir. Ukrayna hadisələri müəyyən mənada bir dərs oldu. Təhlillər göstərir ki, ABŞ-da liberalizmlə realizm arasında sintez yaratmağa çalışırlar. Bu haqda H.Kissincerin də məqalələri var. Lakin C.Mirşaymerin fikirləri göstərir ki, artıq Qərb siyasi dairələrində bir sıra məqamları gizlətmək istəməyən qüvvələr meydana gəlib. Onlar NATO və Aİ-nin kor-koranə genişlənməsini doğru hesab etmir, bütün dünyaya Qərbin ağalıq etmək iddiasının perspektivsiz olduğunu sübut etmək istəyirlər.

Başqa tərəfdən, aydın olur ki, illərdir demokratiya, azadlıq, insan haqları kimi təqdim edilən addımlar konkret geosiyasi məqsədə xidmət edirmiş. Bu müstəvidən bütövlükdə postsovet məkanına baxdıqda, qorxunc mənzərə yaranır. Həmin ərazidə yaşayan xalqlar hansısa dairələrin istəklərinə qurban verilmirmi? Bu sualın işığında Azərbaycanın yeritdiyi müstəqil xarici siyasətin böyüklüyünü və dövlətçilik üçün fövqəladə əhəmiyyətli olduğunu duyuruq. Hərçənd, bu, daha geniş təhlil tələb edən ayrıca bir mövzudur.

Şübhə yoxdur ki, bir neçə məqalə ilə Vaşinqton xarici siyasətini dəyişən deyil. Lakin artıq açıq görünür ki, Qərb ictimai şüurunda xarici siyasətlə bağlı fərqli mövqelər meydana gəlir. Ukrayna məsələsi bu reallıq işığında son dərəcə düşündürücü təsir bağışlayır. Kiyevi demokratiya oyunu ilə aldatmadılar ki?

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...