THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kissincerin yeni kitabı: qlobal geosiyasətin cavabsız sualları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
436904
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 oktyabr 2014 – Newtimes.az

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin "Dünya nizamı" adlı yeni əsəri çapdan çıxıb. Artıq orada ifadə edilən fikirlərin təhlili verilir. Müəllif müasir dövrdə qlobal geosiyasətin əsas problemlərinə diqqəti yönəldir. Onun gəldiyi nəticə geosiyasətdə əsas prinsiplərin yeniləşməsidir. Bunun üçün böyük dövlətlər qüvvələrin balanslaşdırılması siyasətinə qayıtmalıdırlar. Ancaq onlar bunu yeni şərtləri nəzərə almaqla etməlidirlər. H.Kissincer bu zaman Amerikanın liderliyini saxlamasını əsas məqamlardan biri hesab edir və bunu müxtəlif kontekstlərdə vurğulayır. Eyni zamanda, müəllif hazırda qlobal geosiyasətdə müşahidə edilən ziddiyyətləri də təhlil edir və dünyanın yeni nizamlama qaydalarını tapmalı olduğunu qeyd edir. Böhran var və bunu inkar etmək mümkün deyil. Sonrakı mərhələdə nələr ola bilər?

Dünya nizamının böhranı: səbəbi nədir?

Dünyanın geosiyasi nizamının yeniləşməsi zərurəti haqqında mütəxəssislər xeyli vaxtdır ki, müzakirələr aparırlar. Demək olar ki, "mövcud beynəlxalq münasibətlər sistemi böhran keçirir" tezisi hamılıqla qəbul olunur. Bu səbəbdən qlobal miqyasda ciddi geosiyasi ziddiyyətlər özünü göstərməkdədir. Digər aktual məsələ böyük dövlətlərdən hər birinin yaranmış vəziyyətdən çıxış yoluna öz yanaşmasının olmasıdır. Məsələn, ABŞ, Avropa, Rusiya və Çinin yanaşmaları bir-birindən fərqlənir. Bir çox hallarda onların mövqeləri toqquşur. Söhbət dünyanın yeni nizamının formalaşmasının təməl prinsiplərinin uzlaşdırılmasından gedir.

Maraqlıdır ki, ABŞ-ın özündə problemə fərqli yanaşmalar vardır. Burada realistlərlə idealistlər arasında mübahisələr getməkdədir. Onları fərqləndirən əsas məsələ təməl prinsipin müəyyənləşdirilməsidir – realistlər Amerikanın xarici siyasətdə konkret vəziyyətə uyğun olaraq qüvvələr balansına nail olmasına, idealistlər isə amerikan dəyərlərinin, sərt güc tətbiq etmək bahasına olsa belə, dünya boyu yayılmasına üstünlük verirlər. Obrazlı şəkildə deyilsə, realistlər tarazlığa, idealistlər isə transformasiyalara (dəyişikliklərə) can atırlar.

"Realpolitik" tərəfdarları qüvvələrin nisbətinin dəqiq hesablanmasına və milli maraqlar konsepsiyalarına əsaslanırlar. Onların mövqeyinə görə, beynəlxalq münasibətlər sisteminin əsas iştirakçıları bir-birinə öz maraqlarını qəbul etdirməyə deyil, azad seçim əsasında, dəyişən vəziyyəti nəzərə alaraq qüvvələr balansının yaradılması strategiyasına üstünlük verməlidirlər.

Henri Kissincer son illər realizmlə idealizmin sintezindən bəhs edir. Məsələn, ABŞ-ın Yaxın Şərq siyasətini təhlil edərkən o, qüvvələr balansını yaratmaqla Amerikanın maraqları və dəyərlərini birlikdə nəzərə almağı tövsiyə edir. Bu mənada amerikalı analitik və diplomat yazır: "Bunun naminə indi bir-birini qarşılıqlı şəkildə inkar edən realizmlə idealizmi barışdırmaq lazımdır" (bax: Henry Kissinger: Meshing realism and idealism in Syria, Middle East / "The Washington Post", 3 avqust 2012).

Məşhur diplomatın son kitabı olan "Dünya nizamı"nda (Henry Kissinger. World Order. Penguin Press HC, 432 səh.) yuxarıda toxunulan problemlər daha geniş şəkildə təhlil edilir (bax: Jacob Heilbrunn. Kissinger's Counsel / "The National Interest", 26 avqust 2014). Qeyd edək ki, H.Kissincerin əsəri sentyabrın 9-da çapdan çıxmalı olduğu halda, onun haqqında rəylər bundan əvvəl dərc olunub.

Kitabda müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ziddiyyətlərə geniş yer verilib. Müəllifin bununla bağlı gəldiyi qənaət aşağıdakı kimidir: "Müasir dünyanın əsasında duran nizamlılıq konsepsiyası böhran vəziyyətindədir" (bax: Henry Kissinger on the Assembly of a New World Order / "The Wall Street Journal", 29 avqust 2014). Bunun səbəbi isə dünyanın böyük dövlətlərinin balans yaratmağa deyil, maksimum dərəcədə öz maraqlarını təmin etməyə can atmasıdır. Nəticədə ABŞ, Rusiya, Çin və digər supergüclər arasında ixtilaflar dərinləşir. Mənasız yerə silahlanma yarışı gedir.

Çıxış yolu: gözəl nəzəriyyə və acı reallıq

Bunlarla yanaşı, müxtəlif regionlarda münaqişələr şiddətlənməkdədir. Demokratiyaya üstünlük verən dövlətlər ağır vəziyyətə düşürlər. H.Kissincer bu kontekstdə Əfqanıstanı misal gətirir, Liviya, Suriya və İraqda baş verənlərə diqqət çəkir. Lakin sadalanan problemlərin meydana gəlməsi regional və lokal amillərdən qaynaqlanmır. Burada dünya nizamının əsas prinsiplərinin qlobal miqyasda böhran keçirməsindən danışmaq lazım gəlir. Onların sırasında böyük dövlətlərin müasir dünyanın ən aktual problemləri üzrə məsləhətləşmələr aparmaq və mümkün əməkdaşlığa nail olmaq üçün səmərəli mexanizmlərə malik olmamalarını xüsusi vurğulamaq gərəkdir (bax: əvvəlki mənbəyə). Bunun üçün xarici siyasətin strategiyası dəyişməli, burada qüvvələr balansının yaradılması əsas məqsəd kimi qəbul edilməlidir.

H.Kissincer dünya nizamını böhran vəziyyətinə salan başqa amili də göstərir. Ancaq bütün bu mülahizələrin arxasında ABŞ-ın dünya liderliyini təmin etməyin yeni üsullarını axtarması durur. H.Kiccincerin apardığı təhlillərdə bu, ana xətt təşkil edir. O cümlədən, Rusiya və Çinlə qüvvələrin tarazlaşdırılması Vaşinqtonun uzun illərdir həyata keçirdiyi liderliyinə daha dinamik məzmun verilməsinə xidmət edir.

Şübhəsiz ki, istənilən bir dövlətin öz dəyərlərini başqalarına zorla yeritmək cəhdləri təqdirəlayiq deyil. ABŞ və Avropa bir neçə əsrdir ki, Vestfal sazişində ifadə olunan prinsiplərə beynəlxalq münasibətlərdə universal qaydalar kimi əməl edirlər. Digər ölkələr də bunu qəbul ediblər. Məsələ bundan ibarətdir ki, indi həmin prinsiplərin müşahidə edilən böhranını da məhz dünya ağalığı iddiasında olan Qərb yaradıb.

Nədənsə, məsələnin bu tərəfinə H.Kissincer ciddi yanaşmır. Dünyanı indiki hala gətirib çıxaran ABŞ-ın İraqda etdiyi haqsızlıq, Əfqanıstanda neçə illərdir ki, həyata keçirdiyi siyasət, dünyanın müxtəlif regionlarında baş qaldıran münaqişələrin həllinə ikili standartlar əsasında yanaşması, siyasi ədalətsizliyidir.

Belə çıxır ki, əslində, prinsiplər deyil, onların yanlış mənalandırılması və real siyasətdə nəzərə alınmaması dünya nizamına daha çox ziyan vurur. Belə olan halda qlobal miqyasda qüvvələr balansını necə yaratmaq olar? Təcrübə göstərir ki, hazırda heç bir böyük dövlət bu barədə düşünmür. ABŞ Yaxın Şərqdə öz marağını həyata keçirməyə çalışmaqda, Rusiya Ukraynada eyni funksiyanı yerinə yetirməkdə, Çin də Cənubi-Çin dənizində öz mənafeyi uğrunda mübarizə aparmaqdadır.

Bunlar müasir geosiyasətin gerçəklikləridir. Bəs həmin vəziyyətdən qarşılıqlı maraqları gözləyən tarazlaşdırma siyasətinə keçmək üçün şanslar nə dərəcədə yüksəkdir? Bunu heç kəs bilmir və H.Kissincer də bu barədə danışmır. Həmin səbəbdən hətta ən mükəmməl nəzəri konsepsiya belə, kiçik geosiyasi problemi həll etmək üçün yetərli deyil.

Belə təəssürat yaranır ki, müasir dövrdə dünyanın yeni nizama transformasiyası məsələsinin real həllini tapması çətin məsələlərdəndir. Çünki bəzi hallarda Qərbin aparıcı mütəxəssisləri belə konkret faktları, böyük dövlətlərin əsl məqsədlərini gizlədirlər. Onlar təmsil etdikləri dövlətlərin geosiyasi maraqlarını elmi təhlil prinsiplərindən üstün tuturlar.

Haqqında bəhs etdiyimiz kitabında H.Kissincer bu cür fəndlərdən Qərbdə XVII əsrdən etibarən istifadə olunduğunu etiraf edir. O dövrdə Avropa dövlətləri zahirən "xristian torpaqlarında sülh" uğrunda mübarizə apardıqlarını təntənəli şəkildə vurğulayırdılar. Əslində, onların həqiqi məqsədi balanslaşdırılmış rəqabət yolu ilə sabitliyi təmin etmək olub (bax: Jacob Heilbrunn. Kissinger's Counsel / "The National Interest", 26 avqust 2014).

Bəs indi yüksək tonla "dünyada sülh və barışı təmin edirik", "demokratiyanı yayırıq", "regionlara sabitlik gətirmək istəyirik" və s. kimi səslənən şüarlar arxasında hansı məqsədlər durur? Özü də maraqlıdır ki, eyni şeyləri demək olar ki, dünyanın bütün böyük dövlətləri deyirlər. Çox güman ki, onlar bu dəfə də blef edirlər. Söylənən şüarlar başqa məqsədləri ört-basdır etmək üçündür. Bax, dünya nizamının böhranı bu kimi hərəkətlərdən yaranır.

Hər bir halda Henri Kissincerə minnətdarlıq düşür. "Realpolitik" nəzəriyyəsinin atası qlobal geosiyasətin ağrılı məsələlərini növbəti dəfə oxuculara çatdırıb. O, verdiyi suallarla ABŞ başda olmaqla liderliyə can atan ölkələrin əsl məqsədlərini ifadə edir. Həmin suallardan biri "Biz (yəni ABŞ – L.M.) təkbaşına dünyaya nə verə bilərik? Hansı dəyərləri yaya bilərik?" kimidir. Bizcə, cavab aydındır.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...