THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Siyasət və din: sələfilər

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7303
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 oktyabr – Newtimes.az

Son zamanlar analitiklər sələfizmi siyasi aspektdə tez-tez təhlil edirlər. Müsəlman ölkələrində sosial-siyasi proseslərin intensvləşməsi fonunda bu, maraq doğurur. Siyasət meydanına yeni gücmü atılır? Bu proses hansı nəticələri verə bilər? Bu kimi suallar üzərində düşünməyə ehtiyac yaranıb.

İslam və siyasət

İslamın bir din olaraq geniş yayıldığı həqiqətdir. XX əsrin sonu, XXI əsrin əvvəllərində həmin proses daha geniş vüsət almağa başlayıb. Maraqlıdır ki, İslamın din kimi yüksəlişi müsəlman ölkələrində siyasi proseslərin aktuallaşması ilə müşayiət olunur. Ona görə də son illər "İslamın siyasiləşməsi” ifadəsi analitiklər tərəfindən tez-tez işlədilir. Əslində isə nələr baş verir? İslam doğrudanmı siyasiləşir?

Bu suallara analitiklərin və alimlərin müxtəlif cavabları vardır. Lakin reallıq belədir ki, müsəlman ölkələrinin siyasi səhnəsində İslam faktorunu öz ideoloji konseptində geniş istifadə edən partiyalar daha tez-tez görünürlər. Qərbdə isə həm İslamı qəbul edənlərin sayı artır, həm də siyasi-ideoloji müstəvidə islamofobiya güclənir. Bu paralelləri təsadüf hesab etmək çox çətindir.

Ənənəvi olaraq, İslamın siyasətə qarışması xüsusi məzmun kəsb edib. Dövlət başçıları ondan ictimai asayişi təmin etməkdə, barış yaratmaqda, ədalətli inkişaf modeli qurmaqda istifadə ediblər. Məsələn, Osmanlının idarəedilməsində islami dəyərlər mühüm yer tuturdu. Səfəvilər də bu faktordan geniş yararlanırdılar. Müasir tarixi mərhələdə isə vəziyyət bir qədər fərqlidir.

İndi dünya ictimaiyyətində belə bir təsəvvür formalaşdırılıb ki, İslam siyasətə qarışan kimi qan tökülür, terror baş alıb gedir. Hətta Qərb mediası İslamı daha çox terror kontekstində təqdim edir. Breyvik islamofobiyaya düçar olmuş terrorçudur. O, insanlara sadəcə, müsəlman olduqlarına görə nifrət edir və öldürürdü.

Təbii ki, İslamın terror və zorakılıqla heç bir əlaqəsi yoxdur. Ancaq o da həqiqətdir ki, bəzi radikal qruplar İslamın adından istifadə edərək cinayətlər törədirlər. Onlar fəaliyyətlərini hansısa islami ideologiya ilə izah etməyə çalışırlar. Buradan müasir tarixi şəraitdə İslamla siyasi fəaliyyət arasında sintez yaratmağa çalışan bəzi ideoloji cərəyanların tədqiq edilməsi aktuallığı yaranır. Həmin cərəyanlardan biri də sələfilikdir.

Sələfizmin bəzi ideoloji özəllikləri

İslamda bu cərəyanın əsası bir neçə əsr əvvəldən qoyulub. Onun baniləri sırasında Əhməd bin Hənbəli və Əbdüssəlam İbn Teymiyyəni göstərmək olar. Sələfizm "sələf” sözündəndir ki, "özündən əvvəl olan” mənasını verir. Dini cərəyan kimi sləfizmin mahiyyəti İslamda hər hansı yeniliyin düzgün olmadığını qəbul etməkdən ibarətdir. Yəni Məhəmməd Peyğəmbərin (s.) zamanında İslamda formalaşmış qanun-qaydalardan kənara çıxılmamalıdır.

Sələfilər İslamın təmizlənməsinə ehtiyac olduğuna əmindirlər. "Təmizlənmə” dedikdə onlar İslamda sonradan əlavə edilmiş yeniliklərdən azad olmağı və məzhəbçilikdən qurtulmağı nəzərdə tuturlar. Bu əsasda sələfilər özlərinin möveyinə uyğun gəlməyən hər bir dini müddəaya qarşı barışmaz mövqedədirlər. Uzun müddət bu mövqedə olan sələfilərdə fərqli baxışlara qarşı bir dözümsüzlük formalaşıb. Onlar özlərini tam haqlı sayırlar. Ona görə də İslam haqqında fərqli fikir söyləyənlərə dözümsüzdürlər. Həmin əsasda sələfilər daha çox fanatdırlar.

Fərqli dini baxışlara dözümsüzlük sələfilərin davranışlarını radikallaşdırıb. Onlar kütlə arasında "təmiz İslam” adlandırdıqları ideyaları başqa mövqeləri inkar etmək yolu ilə yaymağa çalışırlar. Hər hansı ortaq mövqe sələfilər üçün qəbuledilməzdir. İslamın yarandığı tarixi mərhələdə qəbul edilən bütün dini həqiqətlərdən başqa hər bir fikri yalan hesab edirlər. Eyni zamanda, dində edilən yeniliklərə qarşı mübarizə aparırlar. Fəlsəfənin təsirini isə qətiyyən qəbul etmirlər.

Bütün bu kimi ideoloji özəlliklər sələfiliyi hazırda ciddi bir faktora çevirib. Bəzi siyasi dairələr də məhz sələfiliyin həmin özəlliklərindən istifadə edərək, ondan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Nəticədə, sələfizmin siyasi müstəvidə təhlükəli bir ideoloji mövqe olduğu haqqında son zamanlar tez-tez fikirlər söylənilir.

Müasir siyasət və sələfilik

Son zamanlara qədər sələfilər siyasi partiya qismində fəaliyyət göstərmək istəmirdilər. Onlar demokratiyanı qəbul etmirdilər. Hər bir situasiyada fərqli siyasi mövqe tuturdular. "Müsəlman qardaşlar”ın siyasi karyerası sələfilərin mövqeyini dəyişməsinə təkan verdi. İndi onlar siyasi idarəetmədə iştirak etmək arzusundadırlar. Dünyanın müxtəlif ölkələrində də fəaliyyətlərini bu məqsədə yönəldirlər.

Söhbət sələfiliyin siyasi müstəvidə varlığından gedəndə bir xüsusiyyəti qeyd etmək lazımdır. Səudiyyə Ərəbistanı sələfiliyin dünyaya siyasi-ideoloji faktor kimi yayılması üçün çoxlu pullar xərcləyir. Daha çox "vəhhabilik” adı altında sələfilər fəaliyyətlərində radikalizmlə siyasəti birləşdirməyə çalışırlar. "Əl-Qaidə” bunun nümunələrindən biridir.

"Əl-Qaidə”nin Misir və Suriyada yeni fəaliyyət üsuluna keçməsi haqqında məlumatlar yayılır. Suriyada onlar tədricən əyalətlərdə öz hakimiyyətlərini qurmağa çalışırlar. Xüsusi adamlarını yerlərdə idarəetməyə cəlb edirlər və orada öz ideoloji mövqelərinə uyğun strukturlar qurmağa çalışırlar. Bəzi yerlərdə buna nail olublar. Bu prosesi müşahidə edənlər belə qənaətə gəliblər ki, vəhhabilər əvvəlki kimi demokratiyaya qarşı çıxmırlar.

Beləliklə, sələfizm tədricən siyasi-ideoloji fəaliyyətə keçir. "Müsəlman qardaşları” kimi hakimiyyətə gələndən sonra isə hansı addımlar atacaqlarını heç kəs bilmir. Sələfiliyin bu ideoloji transformasiyası Qərbi narahat edir. Eyni zamanda, bəzi dairələr bundan müsəlman dövlətlərinin özünə qarşı istifadə etməyə cəhdlər edirlər.

Məsələnin bu tərəfi olduqca ciddi miqyas alıb. Çünki İslam ölkələri inkişaf etdikcə onların beynəlxalq miqyasda söz demək imkanları da genişlənir. Həmin proses bir sıra dairələri narahat edir. Onun qarşısını almağın yollarından biri müsəlman ölkələrində İslama bağlı, lakin fərqli siyasi mövqeləri olan partiyaların sayını çoxaltmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün öz radikal və barışmaz dini baxışları ilə fərqlənən sələfilikdən istifadə etmək daha sərfəlidir. Sələfiliyi siyasi cərəyan olaraq gücləndirməklə müsəlman ölkələrində intriqalar üçün geniş imkanlar yaradılır.

Bu zaman siyasətlə məşğul olan hər bir qrupun demokratik dəyərlərə sadiq olduğu təəssüratı da yaradılır. Məsələn, "Müsəlman qardaşları”nın demokratik obrazını formalaşdırırlar. Ancaq Henri Kissincer bu məsələyə ciddi şübhə ilə yanaşır. Misirdə siyasi islahatların hansı istiqamətdə aparılacağının hələ aydın olmadığı fikrini söyləyir. O əmindir ki, dinə bağlılığı olan qruplarla çox ehtiyatlı hərəkət etmək lazımdır. Bu tezis xristian dini ilə əlaqəli olan siyasi qruplaşmalara da aiddir. Çünki son zamanlar Qərbdə dini fundamentalizmin siyasətə sirayət etməsindən narahatlıq ifadə olunur. Rusiyada da belə bir problem özünü göstərməkdədir.

Sələfilərin nə dərəcədə demokrat olduqları onların ənənəvi ideoloji mövqeyindən aydın görünür. Fərqli dini baxışı sələfizm hələ də qəbul etmir. Deməli, siyasi aspektdə sələfilik risk faktorudur. Sözdə deyilməsinə baxmayaraq, konkret siyasətdə onların sülhpərvər və demokratik kurs yeridəcəklərinə inam yoxdur.

Dini parçalayanlar: dünya üçün böyük təhlükə

Hazırda İslam adından istifadə edib, siyasi fəaliyyət göstərən qrupların sayının artması dinin taleyi baxımından düşündürücüdür. İslam mənəvi-əxlaqi dəyərlər və sosial-mədəni normalar sistemi kimi böyük üstünlüklərə malikdir. İndi dünyada İslamı qəbul edənlərin sayı sürətlə artır. Bu prosesə mane olmaq üçün İslamı siyasətə cəlb etmək fikrində olanlar meydana çıxıblar. İlk baxışdan İslamın yüksəlişi kimi görünən bu proses bir qədər sonra qarşısıalınmaz mənfi tendensiyaya çevrilə bilər.

Məsələ ondan ibarətdir ki, din siyasətlə çulğalaşanda şəxsi və qrup maraqları hər şeydən üstün olur. İnsanlar İslama siyasi hadisə kimi yox, məhz mənəvi-əxlaqi dəyərlər sistemi kimi üstünlük verirlər. Onun bu obrazının dəyişməsinin kimlərə xeyirli olduğu aydındır.

Sələfilik kimi cərəyanların siyasət meydanına demokrat obrazında daxil olması İslam dünyasının parçalanmasına gətirib çıxara bilər. Müsəlmanlar İslam ümməti olaraq fərqli siyasi baxışlara malik ola bilərlər. Lakin bu fərqliliyin kökünə hansısa dini müddəanı qoyanda məsələ inama gedib çıxır. Bu da faktiki olaraq İslamın daxildən parçalanması, onun siyasi ehtirasların məhvedici axınına atılması deməkdir.

"Ərəb baharı” adlanan prosesin fonunda bu məsələ daha aktual görünür. Çünki məhz həmin kontekstdə müxtəlif radikal dini cərəyanlar siyasi status almağa çalışırlar. Onlar "ərəb baharı”nın yaratdığı sosial-psixoloji çətinliklərdən yararlanmağa cəhd edirlər. Hazırda bu tendensiya "ərəb baharı”nın əhatə etdiyi ölkələrdə daha kəskin şəkildə özünü göstərir. H.Kissincerin bu prosesin mahiyyətinin tam aydın olması haqqında söylədiyi fikirlərdə həmin məqamın rolu az deyil.

Təbii ki, bu prosesdən bütün dünya ziyan görə bilər. Çünki müasir tarixi mərhələdə din kimi İslamın üzərinə böyük məsuliyyət düşür. Bu din bəşəriyyətə barış və tərəqqi bəxş edə bilər. Digər dinlərlə yanaşı mövcud olması ümumilikdə dünyanın sülh içində yaşamasına ciddi töhfə olar. Bunun səbəbi məhz İslam dünyasının sivilizasiya olaraq sürətli inkişaf mərhələsini yaşamasındadır.

Bu gün İslamı parçalamaq istəyənlər, əslində öz gələcəklərini məhv edirlər. Yeganə doğru yol dini siyasətə qatmamaqdır. Din həmişə özünə yol tapır. İnsan bundan siyasi məqsəd üçün istifadə etməyə başlayanda isə, inkişaf yolları bağlanır. Belə bir məsəl var: ağıllı adam oturduğu budağı kəsməz. Yəqin ki, bu məsəli cəmiyyətə də aid etmək olar.

Kamal Adıgözəlov

Mənbələr

  1. Kamran Bokhari. Salafism and Arab Democratization // Stratfor, October 2, 2012.
  2. George Friedman. The Egyptian Election and the Arab Spring // Stratfor, May 29, 2012.
  3. Novruz Məmmədov. Geosiyasətə giriş (İki cilddə. I cild). Bakı, "Azərbaycan” nəşriyyatı, 2011, 576 s.
  4. Henry Kissinger. The limits of universalism // "The New Criterion", June 2012.
  5. Жорж Мальбрюно. Салафиты набирают силу после арабской весны // Inosmi.ru, 11 сентября 2012.

 

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...