THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BP öz vədlərinə əməl edəcəkmi?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4095
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 oktyabr – Newtimes.az

Beynəlxalq münasibətlərin müxtəlif aktorları arasında əlaqələrin genişləndiyi müasir dövrdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilən dəyərlərdir. Məlum olduğu kimi, Azərbaycan dünyada etibarlı tərəfdaş imicinə malik olan bir ölkədir. Bu, hər bir sahədə, o cümlədən çoxşaxəli iqtisadi əməkdaşlıq əlaqələrində də özünün təsdiqini tapıb.

Təbii olaraq, Azərbaycan da tərəfdaşlarından özünə qarşı ədalətli münasibət, əməkdaşlığın hüquqi tələblərinə hörmət gözləyir. Bu baş vermədikdə isə haqlı narazılıqların yaranması qaçılmaz olur.

Bu günlərdə Azərbaycan ilə dünyanın nəhəng enerji şirkəti olan bp arasında yaranan gərginlik məhz belə bir zəmində meydana gəldi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bp şirkətinin son bir neçə ildə hasilat vədlərinə əməl etmədiyini, şirkətin verdiyi proqnozlarla müqayisədə daha az neft hasil etdiyini və bunun qəbuledilməz olduğunu bildirdi.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də dünyanın 11 ən iri neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı zəngin "Azəri", "Çıraq", “Günəşli” neft yataqlarının birgə işlənməsi və əldə olunan neftin pay şəklində bölüşdürülməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanla bp arasında fəal əməkdaşlığın əsası qoyulub. Bu əməkdaşlıq hər iki tərəf üçün xeyli faydalı olub. İlk dövrlərdə müqavilənin şərtlərinə uyğun olaraq bp də daxil olmaqla xarici investorlar 75 faizlik paya sahib idilər. Bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium “Azəri”, “Çıraq” neft yataqlarına yatırdığı 28,7 milyard dollar investisiyanın qarşılığında 73 milyard dollar həcmində gəlir götürüb.

İllər keçdikcə xarici investorların öz xərclərini çıxarmasından sonra şərtlərə uyğun olaraq, 2008-ci ildən etibarən hasil olunan neftin 75 faizinə məhz Azərbaycan tərəfi sahiblik edir. Dövlət başçısının sözlərindən məlum olur ki, neft hasilatında azalma da məhz həmin dövrdən müşahidə edilməyə başlanıb. Belə ki, 2009-cu ildə şirkət hasilatın 46,8 milyon ton olacağını proqnozlaşdırsa da, faktiki olaraq 40,3 milyon ton, 2010-cu ildə 42,1 milyon ton əvəzinə 40,6 milyon ton, ötən il isə 40,2 milyon ton əvəzinə 36 milyon ton neft hasil edib. 2012-ci ildə proqnozlaşdırılan hasilatın həcmi bir qədər də azaldılaraq 35,6 milyon ton müəyyənləşdirilib, lakin bu gedişlə real hasilatın 33 milyon tondan artıq olmayacağı gözlənilir.

Görünür, investorlar qoyduqları xərci tam çıxardıqlarına görə, hasilat tempini əvvəlki kimi yüksək saxlamaqda o qədər də maraqlı deyillər. Eyni zamanda, yalan proqnozlar bir neçə ildir ki, davam edərək ənənəvi hal alıb və hasilatın azalması Azərbaycanı milyardlarla dollar həcmində gəlirdən məhrum edib. Bu səbəbdən, ölkə rəhbərinin məsələyə mövqeyini qəti şəkildə bildirməsi tamamilə başadüşüləndir.

Lakin vəziyyəti başa düşmək istəməyən bəzi xarici media orqanlarının yazarlarının bunun ardınca ortaya çıxan məqalələrində hasilatın azalmasının səbəbi kimi geoloji amillərin göstərilməsi, üstəlik, Azərbaycanın özünə qarşı əsassız ittihamların irəli sürülməsi “qara piar” kampaniyası xarakteri daşıyır. Prezident İlham Əliyev isə hasilatın azalmasının məhz yol verilən səhvlərin nəticəsi olduğunu və şirkətin də bunu etiraf edərək vəziyyəti düzəldəcəyinə söz verdiyini aydın şəkildə bildirmişdi: “Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir”.

Bu tənqiddən sonra bp-dən gələn cavab da şirkətin öz səhvini dolayı yolla da olsa etiraf etdiyini göstərdi: “Biz Azərbaycana tam sadiqik və “Azəri-Çıraq-Günəşli” hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik”.

Bundan qısa müddət sonra "bp-Azərbaycan" şirkətində quyular üzrə vitse-prezident vəzifəsinə yeni şəxsin təyin edilməsi şirkətin durumu düzəltmək üçün müəyyən islahatlara başlaması təsəvvürü yaradır. Lakin iradlardan həqiqətən də nəticə çıxarıldığı özünü gələn ilin neft hasilatının həcmindəki artımla göstərməlidir.

Doğrudur, bp kifayət qədər nüfuzlu, hətta bir sıra ölkələrdə siyasi təsirə malik olan şirkətdir. Lakin unutmaq lazım deyil ki, Azərbaycan müstəqil dövlətdir və xarici şirkətlərlə əməkdaşlığını hüquqi əsaslarla, qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənərək qurur. Geniş biznes əlaqələrinə və təcrübəsinə malik olan bp yəqin ki, bu prinsiplərin əhəmiyyətini yaxşı başa düşür.

Hülya Məmmədli

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...