THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın sabitlik və təhlükəsizlik modeli

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6398
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 may 2022 – Newtimes.az

Özümüzə güvənirik, öz gücümüzlə təmin edirik!

Bu gün siyasətçilərin, siyasətşünasların diqqət yetirdikləri və müzakirə etdikləri problemlərdən biri milli təhlükəsizlik məsələləridir. Bu, əslində, bir ölkənin və ya regionun problemi deyil. Hər bir dövlətin strateji kursunun - daxili və xarici siyasətinin hədəfləri sırasında milli təhlükəsizliyin təmin olunması müstəsna yer tutur.

XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici müdaxilələr və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir. Səbəblər müxtəlifdir. Siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də "rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə, "milli” adətə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.

Çox uzağa getməyək. Regionumuzda da iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə ziddiyyətlər və digər problemlər ölkələri öz ağuşuna alıb. Cənubi Qafqazın 3 ölkəsindən ikisi - Gürcüstan və Ermənistanda zaman-zaman (və tez-tez) siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları müşahidə edilir. Azərbaycanın digər bir sıra qonşuları da milli təhlükəsizliyə təhdid yaradan hallardan (iqtisadi geriləmə, ictimai münasibətlərdə etimadsızlıq, beynəlxalq müstəvidə problemlər və s.) əziyyət çəkirlər. Bu, əslində, daxili və xarici siyasətin düzgün prinsiplər, hədəflər əsasında qurulmamasından qaynaqlanır.

Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır.

Ölkəmizdə bərqərar olmuş təhlükəsizlikdən bəhs edərkən bir sıra "ekspert”lər, "siyasətçilər”, hətta bəzi ölkələrin rəsmiləri qərəzli yanaşmalara və subyektiv mülahizələrə yol verirlər.  Amma əslində, yaxşı bilirlər ki, Azərbaycanın öz təhlükəsizlik modeli var. Ölkəmiz heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən, hansısa təşkilat və qurumdan asılı deyil, öz təhlükəsizliyini təmin edir, yaxın və ya uzaq ölkələrin təsirinə məruz qalmır: Liderin uğurlu daxili və xarici siyasəti hesabına. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına hədəflənib.

Təhlükəsizlik məsələsində ölkələr üç qrupda təsnif edilir:

- öz təhlükəsizliklərini təmin edənlər;

- sabitlik mühiti bağlı olduğu geosiyasi mərkəzlərdən asılı olanlar;

- qeyri-sabitlikdən, xaosdan mütəmadi olaraq əziyyət çəkənlər.

Bəzi qonşu ölkələrdən və region dövlətlərindən fərqli olaraq Azərbaycan birinci qrupda yer alanlar sırasındadır. Bəs ölkəmizin təhlükəsizlik modelinin əsasında nə dayanır?

Bir əsas səbəb və bir neçə xüsusi amil var. Əsas səbəb, qeyd etdiyimiz kimi, uğurlu strateji kursun həyata keçirilməsidir. Xüsusi amillər isə çoxdur.

Daxili siyasət faktorlarından bəhs etsək, qeyd edə bilərik ki:

- Əvvəla, Azərbaycan siyasi təkamül yolu tutub. Siyasi təkamülə nail olmaq üçün yenilənən islahat kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan istifadə etmək lazımdır. Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür. Elə sabitlik, təhlükəsizlik amilidir;

- İlham Əliyev "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə bildirir. Vətəndaş fərdi, cəmiyyət isə ictimai anlam daşıyır. Dolayısıyla, siyasətin mərkəzində dayanan vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Dövlət başçısı güclü dövlət konsepsiyasının tərkib hissəsi olan bu siyasətin reallaşdırılmasında ictimai amillərə xüsusi önəm verir. Yəni vətəndaş fəallığının, təşəbbüskarlığının və iştirakçılığının təmin olunması. Bu, bürokratiyanı və stereotipləri istisna edir, dövlət-vətəndaş ahəngdarlığını yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir. Beləliklə, insanların rifahının yüksəldilməsi, vətəndaşla dövlət arasında qarşılıqlı inam və etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın sabitlik adası kimi inkişafına təkan verir, ölkədə təhlükəsizlik mühiti möhkəmlənir;

- Üçüncüsü, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bir sözlə, tolerant Azərbaycan yol və nümunə göstərir - islamofoblara, irqçi və mürtəce qüvvələrə. Daha yaxşı dünya - sağlam bəşəriyyət naminə;

- Dördüncüsü, ictimai-siyasi həmrəylik, xüsusilə də xalq-iqtidar birliyi milli təhlükəsizliyin əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyev "Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”,- deyə qeyd edib. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir, bu siyasətə alternativ görmür.

İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası isə milli təhlükəsizliyin fundamenti - möhkəm sütunlarından biridir. Başqa sözlə, Azərbaycan Liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir.

Reallıqlar bəllidir:

- Dövlət başçısı prinsipial, ardıcıl, milli maraqlara yönəlik siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Müstəqil strateji kurs Azərbaycanın öz inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı inamla və qətiyyətlə deyir: "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”;

- Regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturası məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olur: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Prezidentimiz müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir;

- İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən strateji kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri tərəfindən perspektivli tərəfdaş kimi qəbul edilir, Bakının mövqeyinə üstünlük, İlham Əliyevin rəyinə önəm verilir. Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Üstəlik, Şərqi Avropada III Dünya müharibəsi və "yeni dünya düzəninə keçid” kimi dəyərləndirilən Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə geosiyasi diqqət yenə də Cənubi Qafqazın diplomatiya paytaxtı olan Bakıya yönəlib. Bütün bunlar Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir;

- Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr iki məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir; Azərbaycandakı təhlükəsizlik mühiti yüksək dəyərləndirilir;

- Reallıqlar həm də onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları (dövlətimizin başçısına göndərilən məktublarda əksini tapan məqamlar xüsusi qeyd edilməlidir) da bu səpkidə xüsusi əhəmiyyət daşıyır.

- Azərbaycan nəinki öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq formatları yaradılır. 44 günlük müharibədə qalib gələn ölkəmiz 100 ilik geostrateji arxitekturanı dəyişdirir;

- Regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapması isə diqqəti cəlb edir. Xüsusi vurğulamaq gərəkdir ki, iki dost, qardaş və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, bölgədə yeni təhlükəsizlik amilinə çevrilib. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan 28 may - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib ki, "bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”.

- Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması isə regional təhlükəsizlik faktoru olmaqla yanaşı, mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. İndi ölkəmizin təşəbbüsü ilə yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır.

Şübhəsiz ki, Azərbaycanın yüksəlişi - siyasi üstünlüyünü möhkəmləndirməsi, iqtisadi imkanlarını artırması, beynəlxalq mövqeyini gücləndirməsi və digər amillər müəyyən geosiyasi planlara malik olan mərkəzləri, hətta bəzi region dövlətlərini  narahat edir.  Sirr deyil ki, bundan öncə "rəngli inqilab” ssenarilərini, xaos planlarını ölkəmizə qarşı tətbiq etmək cəhdləri olub. 2005-ci və 2012-ci illərdə daxili marionetlərdən istifadə etməklə Azərbaycanda hərc-mərclik və anarxiya yaratmaq cəhdləri iflasa uğrayıb. Din amilindən istifadə edərək ölkəmizdə həmrəylik, birlik mühitinə zərbə vurmaq niyyəti də fiasko ilə nəticələnib. Və bu günə qədər Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı və inkişaf diyarı kimi səciyyələndirilir. Xaossevərlər İlham Əliyevin milli birlik siyasətinə, Liderlik fenomeninə, Azərbaycan xalqının qətiyyətinə - iradəsinə məğlub olublar. Dövlət başçısı bu məqamlara toxunaraq deyib: "Hədəf Azərbaycandır, Azərbaycan rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar axtarılır...”.

Bu gün müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılsa da, ölkəni xaos meydanına çevirmək mümkün deyil. Azərbaycan 4 sütun üzərində öz sarsılmazlığını təmin edib: İlham Əliyevin siyasəti; xalqın iradəsi; xalq-Lider birliyi və ya milli həmrəylik; tarixi Qələbə - möhtəşəm Zəfər! Nəhayət, Azərbaycanın sabitlik və təhlükəsizlik modeli "Özümüzə güvənirik, öz gücümüzlə təmin edirik” formulu və prinsipi üzərində qurulub. Bunun fərqində olan bəziləri qəbul etmək istəməsələr də... reallıq budur!

Nurlan Qələndərli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...