THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin konseptual yanaşması: müstəqil Azərbaycanın dünyaya yeni mesajları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3689
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 sentyabr 2021 – Newtimes.az

Təxribatların fonunda: təmkinli, müstəqil, ədalətli və obyektiv mövqe

Ermənistanın Azərbaycanla sərhədin bir sıra yerlərində təxribatları artırması və rəsmi İrəvanın sərsəm bəyanatlar verməyə başlaması dünya ictimaiyyətində müəyyən narahatlıq doğurub. Ekspertlər regionda nələrin baş verdiyini anlamağa çalışırlar. O cümlədən media nümayəndələri Cənubi Qafqazın bugünkü vəziyyəti və gələcək geosiyasi taleyi ilə bağlı konkret təsəvvürlər əldə etməkdə maraqlıdırlar.

Onlar anlayırlar ki, hazırda regionda söz sahibi Azərbaycandır, həmin səbəbdən də daha çox Azərbaycan Prezidentinin meydana gələn situasiya ilə əlaqəli fikirlərinə böyük maraq göstərirlər. Ekspertlər və KİV nümayəndələri həm də, faktiki olaraq, İlham Əliyevin konseptual, ədalətli və həqiqəti ifadə edən məntiqi fikirlər irəli sürdüyünü başa düşürlər. Dövlət başçısının "CNN Türk" televiziya kanalına müsahibəsi bu tezisi bir daha təsdiq etdi.

İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də prosesləri ardıcıllıqla, siyasi, tarixi, geosiyasi və təhlükəsizlik kontekstində aydın izah edib. İlk öncə, dövlət başçısı 44 günlük savaşın tarixi, mənəvi və siyasi əhəmiyyətini bir daha diqqətə çatdırıb. İlham Əliyev həmin aspektdə ifadə edib: "…bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi".

Burada konkret şəkildə göstərilir ki, 44 günlük savaş Azərbaycan və bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir. Çünki o, faktiki olaraq, tarixi ədaləti bərpa etdi. Bunu Azərbaycan öz əzəli və tarixi torpaqlarını işğaldan azad etməklə reallaşdırdı. Əlbəttə, hadisənin tarixiliyi yalnız Azərbaycanla məhdudlaşmır. Burada həm də region və dünya üçün ciddi əhəmiyyəti olan proseslər cərəyan etdi. Yəni, Azərbaycan qətiyyətli davranışı ilə regionda ədaləti bərpa etməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Eyni zamanda, qlobal miqyaslı geosiyasi addımlar atıldı.

Bunun geosiyasi mənası, bir tərəfdən, beynəlxalq hüquq normalarının işlədiyini göstərməklə bağlıdırsa, digər tərəfdən, qlobal geosiyasi nizamın dayanıqlılığına və davamlılığına bir töhfədir. İlham Əliyevin Azərbaycan xalqının öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı 44 günlük müharibəni bu kontekstdə təqdim etməsi, şübhəsiz ki, bütün dünya üçün geosiyasi əhəmiyyətli hadisədir. Həm də Azərbaycan rəhbərliyinin baş verənləri hər bir istiqamətdə kifayət qədər dərindən və əhatəli qiymətləndirdiyinin təsdiqidir.

Söylənən fikirlərin prizmasından Ermənistanın daim aqressiv mövqe tutmasına baxmayaraq, Azərbaycanın səbir, təmkin və yüksək siyasi mədəniyyət nümayiş etdirərək, beynəlxalq hüquq normalarına uyğun mövqe tutmasının səbəbi də maraqlıdır. Jurnalistin bununla bağlı verdiyi suala Prezidentin cavabından aydın olur ki, Azərbaycan istənilən situasiyada, o cümlədən böhranlı vəziyyətlərdə ədalətli, beynəlxalq hüquq normalarına uyğun addım atan müstəqil dövlət kimi çıxış edir.

İlham Əliyev müsahibədə vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən də öncə, hətta danışıqlar getdiyi vaxtlarda erməni hərbi qüvvələri Azərbaycana qarşı təxribatlar törədirdilər. 44 günlük müharibə zamanı da onlar mülki əhalinin kütləvi həlak olmasına səbəb olan təxribatlara əl atdılar. Lakin Azərbaycan ləyaqətli dövlət kimi müharibənin qaydalarına əməl edərək öz torpaqlarını işğalçılardan azad etmək mücadiləsini verdi. İlham Əliyev bu bağlılıqda müsahibədə ifadə edib: "Qarabağ bölgəsində – ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik".

Azərbaycan rəhbərliyinin bu cür qətiyyətli və tarixi qələbəyə istiqamətlənmiş fəaliyyəti Qarabağ bölgəsinin insanlarını da ruhlandırdı. İndi onlar sevinclə öz doğma torpaqlarına qayıtmağa can atırlar. Ancaq ermənilərin 30 il boyunca dağıtdıqlarını bərpa etmək gərəkdir. Bu isə böyük işdir və müəyyən zaman tələb edir. Buna baxmayaraq, həm Azərbaycan dövləti, həm onun əsl dostları, həm də bölgənin insanları vurğulanan məqsədə çatmaq üçün yorulmadan fəaliyyət göstərirlər. Həmin məqam da müsahibədə aydın və yığcam şəkildə öz ifadəsini tapıb.

Lakin Azərbaycan tərəfinin sülhsevər və hər cəhətdən konstruktiv mövqeyinə Ermənistan eyni əhval-ruhiyyə ilə cavab vermir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh sazişindən qaçır, sərhədlərin delimitasiyası və demarkasiyasını ləngidir. Azərbaycan yenə də səbir nümayiş etdirir. Prezident deyir ki, Azərbaycanın sülh təklifi masa üzərindədir. Ancaq onun da bir vaxtı var. Sonsuza qədər davam edə bilməz. Ermənistan rəhbərliyi konkret mövqeyini ifadə etsə, rəsmi Bakı da buna uyğun siyasi xətt seçəcək. Ermənistanın sülh yolunu qəbul etməsi yalnız Azərbaycana deyil, Ermənistana və ümumən regiona da faydalar verəcək.

Azərbaycan Prezidentinin təşəbbüsləri: əməkdaşlıq, sülh və təhlükəsizlik naminə

Vurğulanan aspektdə İlham Əliyevin jurnalistə söylədiyi fikirlər dəqiq və tam aydın idi. Dövlət başçısı ifadə edib: "Əgər Ermənistan... Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq".

Hesab edirik ki, əslində, burada İlham Əliyev ədalətli və ardıcıl mövqe tutaraq yalnız Ermənistana deyil, bütün dünyaya geosiyasi əhəmiyyətli mesaj verib: məğlub olan Ermənistan 10 noyabr bəyannaməsində yer almış müddəanı – ərazi bütövlüyünün tanınmasını qəbul edərsə, onunla əməkdaşlıq yaranar. Həm regionda uzunmüddətli sülh olar, həm də Zəngəzur dəhlizi vasitəsilə Ermənistan dünyaya çıxış əldə edər. Bütün ticarət əlaqələri bərpa olunar.

İlham Əliyev tərəfindən məsələnin qoyuluşunda dünyaya bəyan edilən incə mesaj bundan ibarətdir ki, Azərbaycanın Ermənistanı yer üzündən silmək kimi bir məqsədi yoxdur, halbuki müharibənin gedişində hərbi əməliyyatları davam etdirib, bu forpost ölkəni tamamilə darmadağın edə bilərdi. Bunu həm Azərbaycanın, ümumiyyətlə, "dövlət" və "xalq" anlayışlarına hörməti, həm də beynəlxalq hüquqa istənilən situasiyada əməl etmək iradəsi olaraq qəbul etməlidirlər. Üstəlik, Azərbaycan nümayiş etdirir ki, Zəngəzur dəhlizi, faktiki olaraq, bütün tərəflərə, o cümlədən dünyaya faydalı olacaq. Zəngəzur etnik emosiyanın deyil, real və rasional hesablanmış proqnozların nəticəsi olaraq geosiyasi gündəmə gəlib. Bizcə, Azərbaycan rəhbərinin incə mesajındakı vacib tarixi və ədalətli məqamı ermənilərlə yanaşı, onların havadarları da dərk etməli, reallığı qəbul etməli və erməni dövlətçiliyinə son qoya biləcək addımlardan çəkinməlidirlər. Bu mənada İlham Əliyev açıq deyir – seçim sizindir, biz bütün variantlara hazırıq!

Bu bağlılıqda Azərbaycan rəhbərinin Türkiyə ilə münasibətlərə Zəngəzur dəhlizinin təsiri haqqında fikir bildirməsi maraqlı olduğu qədər də, müstəqil dövlət siyasəti və əməkdaşlığın perspektivləri baxımından da əhəmiyyətlidir. İlham Əliyev müsahibəsində ifadə edib: "Əlbəttə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır".

Bu baza tezisindən çıxış edərək Zəngəzur dəhlizinin bir çox ölkə üçün faydalı olacağı haqqında fikir söyləmək olar. Həmin sırada dövlət başçısının dəmir yolu ilə yanaşı, avtomobil yolunun da açılması haqqında qətiyyətlə danışması Ermənistana, havadarlarına və dünyaya olan növbəti mesajdır.

Prezident burada yeni bir aktual konteksti qabardır. Azərbaycan dövlət kimi ilk növbədə qlobal düşünür və ölkə rəhbərliyi də hər şeydən öncə milli maraqlara üstünlük verir. Müsahibədə Prezidentin Şuşa haqqında söylədiyi fikirlər bunun sübutudur. Jurnalistin sualına cavab olaraq dövlət başçısının Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı kimi gördüyünü deməsi ilə yanaşı, ölkənin hər bir məkanının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulaması böyük mesajdır: "Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır..."

Azərbaycanın bütün region üçün müsbət rol oynayacaq bu kimi layihələri fonunda Ermənistanın Laçın dəhlizindən hərbi texnika və əsgəri qüvvələri keçirməyə çalışması geosiyasi təzadı göstərir. Həm də faktdır ki, ermənilər hazırda Qarabağı tərk edirlər. Azərbaycanın əldə etdiyi dəqiq məlumata görə, artıq 5 mindən çox erməni Qarabağdan gedib. Ermənistan bu cür davranmaqda davam etsə, onlar üçün daha acınacaqlı vəziyyət yarana bilər. Lakin rəsmi İrəvan və havadarları hələ də ədalətsiz və beynəlxalq hüquqa zidd olan mövqe tutmaqdadırlar. Bu isə bütövlükdə regiona qeyri-müəyyənlik gətirir, riskləri və təhdidləri artırır.

Buradan mövzu baxımından bir neçə maraqlı məsələyə çıxış mövcuddur. Dövlət başçısı məharətlə həmin mövzuları bir daha gündəmə gətirir. Məsələn, müsahibədə regional əməkdaşlıq formatı, Rusiya, İran və digər böyük dövlətlərin postmünaqişə mərhələsində imzalanan saziş çərçivəsində üzərlərinə düşənləri yerinə yetirmələri kimi məsələlərə toxunulur.

İlham Əliyev Ermənistanın qeyri-konstruktiv davranışına baxmayaraq, Azərbaycanın regional əməkdaşlığa nail olmaqda qətiyyətli olduğunu da ifadə edib. "3+3" formatının perspektivinə toxunub. Prezident "Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar" inamını ifadə edib. Bu, Azərbaycanın mövcud çətinliklərə rəğmən, əməkdaşlıq xəttindən dönmədiyini dünyaya bir daha göstərir.

Bundan əlavə olaraq, İlham Əliyev "3+3" əməkdaşlıq platformasına qlobal miqyasda cərəyan edən geosiyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik prosesləri kontekstində baxır. Həmin aspektdə İlham Əliyev konkret ifadə edir: "...və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi".

Bu, kifayət qədər aydın və dəqiq mövqe olmaqla, Azərbaycanın 44 günlük müharibə ilə regionda geosiyasi dinamikanı hansı yöndə dəyişdiyinin bariz təsdiqidir. Görünür ki, Azərbaycan Prezidenti postmünaqişə mərhələsinin siyasi, geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərini dərinliklərinə qədər analiz edib, mühüm nəticələr çıxarıb. Bu tezis, faktiki olaraq, müsahibənin sonrakı bölümlərində ifadə edilən fikirlərdə öz təsdiqini tapır. Konkret olaraq, Rusiya və İranın hazırkı mərhələdə üzərinə düşən məsələlərin regional təhlükəsizlik və əməkdaşlıq bağlılığında qiymətləndirilməsi konteksti maraqlıdır.

İlk növbədə, Azərbaycan Prezidenti Rusiyanı "Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi" xarakterizə edir. Geosiyasi aspektdə dövlət başçısının verdiyi qiymət tam dəqiqdir. Rusiya böyük dövlət kimi Azərbaycanla qonşudur və dostdur, lakin Ermənistanın yaxın müttəfiqidir. Həmin səbəbdən də "Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir".

Fikirlərinə davam edərək, ölkə rəhbəri konkret deyib ki, "Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur".

Müsahibənin bu hissəsində Azərbaycan Prezidenti incə diplomatik dildə müxtəlif dairələrə mühüm bir özəlliyi çatdırır. İlham Əliyev mövcud faktların prizmasından Moskvanın Ermənistan istiqamətində atdığı addımların obyektiv təhlilini verir. Yəni, birincisi, Ermənistan real olaraq məğlub olub və bunu hakimiyyət 10 noyabr bəyanatına atdığı imzası ilə, erməni xalqı isə seçkidə məğlub olan siyasi qüvvəyə səs verməklə etiraf ediblər. Belə bir durum varsa, Rusiya hansı məqsəd və səbəblə Ermənistanı yenidən silahlandırır?

Digər tərəfdən, Rusiya savaşın dayandırılmasında və Ermənistan rəhbərliyinin sənədə imza atmasında həlledici rol oynayıb. Azərbaycan rəhbərliyi bunu lazımınca yüksək qiymətləndirib. Bu faktın fonunda Ermənistan ordusunun silahlandırılacağı ilə bağlı rəsmi Moskvanın bəyanatla çıxış etməsi siyasi və geosiyasi absurd deyilmi?

Nəhayət, bütün bunlara Azərbaycanın reaksiyası dəqiq və aydındır. İlham Əliyev həmin mövqeni belə ifadə edib: "...Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, – onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, – buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar".

İranla bağlı məsələyə də dövlət başçısı uzaqgörənlik və müdrikliklə münasibət bildirib. İlham Əliyev İrandan müsbət addımlar gözlədiklərini və bunun ilk siqnallarının verildiyini ifadə edib. Lakin İranda hakimiyyət tam formalaşandan və konkret mövqe bildirildikdən sonra mənzərə aydın olacaq.

İlham Əliyev müsahibəsinin yekununda Azərbaycanın etibarlı tərəfdaş, dosta sədaqətli və düşmənə qarşı barışmaz olduğunu ifadə edib. Nümunə kimi dövlət başçısı Türkiyəyə 44 günük savaşda etdiyi yardımlara görə dərin təşəkkürünü və qardaş razılığını bildirəndən sonra, Azərbaycanın məlum meşə yanğınlarında Türkiyəyə eyni cəsarət, inam, həyəcan və qardaşlıqla yardım etdiyini deyib. Azərbaycan yanğınsöndürənləri ürəkdən bu prosesdə iştirak edib bir sıra qəhrəmanlıqlara imza atdılar. Onları Azərbaycan Prezidenti mükafatlandırdı. Bu, onu ifadə edir ki, artıq Azərbaycan müstəqil və güclü dövlətdir, heç kəsdən asılı olmayan siyasət yeridir və yaxşı mənada borclu qalmır. Bizcə, bu reallıq da müasir Azərbaycan dövlətçiliyi tarixində çox mühüm məqamdır.

Ekspertlər bütün bunların fonunda Prezidentin Laçın və Kəlbəcər rayonlarına səfərini və oradan dünyaya əhəmiyyətli mesajlar verməsini yüksək qiymətləndirirlər. O cümlədən İlham Əliyevin Qarabağı yenidən qurma planlarını reallaşdırdığı, şəxsən həmin ərazilərə səfər etməsini və ciddi bəyanatlar verməsini analiz etməkdədirlər. Ömər aşırımından Prezident dünyaya yenə bəyan etdi: biz dövlətimizi, torpaqlarımızı qorumaqda əzmliyik, qərarlıyıq və sərhədçilərimiz lazım olan yerdə durublar. Azərbaycan dövləti lazım gəldikdə bir az da öz qədim torpaqlarının içərilərinə irəliləyə bilər. Qaragöl də Azərbaycanındır!

Beləliklə, Prezident İlham Əliyevin növbəti konseptual xarakterli müsahibəsi çoxlu sayda əhəmiyyətli mesajlarla zənginliyi ilə seçilir. Aydın görünür ki, Azərbaycan dövlət kimi daim inkişafdadır. Onun qətiyyəti artır. Prezident uğurlu siyasi kursu ilə müstəqil dövlətimizi yeni-yeni zirvələrə doğru yüksəldir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...