THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

44 günlük Qarabağ müharibəsinin nəticələri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3253
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2020 – Newtimes.az

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq.

Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi. İkinci Qarabağ müharibəsi aşağıdakı nəticələrlə tamamlanıb:

– Hərbi əməliyyatların deeskalasiyası və işğal altında olan ərazilərin deokkupasiyasının həyata keçirilməsi. İşğal altında olan ərazilərimizin bir hissəsi hərbi yolla, digər hissəsini isə Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən 10 noyabr Bəyanatından irəli gələn öhdəlik əsasında azad edilir. Dekabrın 1-də Azərbaycanın bütün ərazisi üzərində siyasi-hüquqi suverenliyimiz və ərazi bütövlüyümüz bərpa ediləcək. Beləliklə, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü təmin ediləcək.

– 10 noyabr Bəyannaməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq, dövlətlərarası xarakterini bir daha təsdiqləmiş oldu. Ermənilərin onu 1988-1991-ci illərdə SSRİ-nin tərkibində olduğu kimi daxili münaqişə formasında saxlamaq cəhdləri birdəfəlik aradan qalxdı. Dağlıq Qarabağın statusu məsələsi danışıqların predmetindən çıxmış oldu, orada yaşayan ermənilərə öz müqəddəratını təyinetmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar adi Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalı olacaqlar.

– Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazası yenilənməlidir. Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq fərdi qaydada həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu. BMT TŞ-də 10 noyabr Bəyanatının müddəalarına uyğun yeni qətnamə qəbul edilməli və onun bazasında ATƏT-in Minsk qrupu yeni sülh müqaviləsi hazırlamalıdır. Bundan əlavə, Azərbaycanın öz daxili qanunvericiliyində bir sıra dəyişikliklər olmalıdır. Bu, xüsusən də konseptual sənədlərimizlə (Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina və s.) daha sıx bağlıdır.

– İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 km-lik hissəsi işğaldan azad edilib və orada sərhəd zastavaları qurulub. Uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın bəzi təzahürləri geniş inkişaf etmiş və kriminal işbirliyi formasında həyata keçirilmişdir. Artıq həmin ərazilər öz həqiqi sahibinin nəzarətindədir.

– Dəhlizlərin mübadiləsi ideyası gerçəkləşəcək. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, Ermənistanla Xankəndi arasında birbaşa quru yolunun olması deməkdir. Ermənistana yalnız Laçın dəhlizi vasitəsilə və qarşıdan gələn 3 il ərzində o istiqamət üzrə inşası nəzərdə tutulan yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana isə həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz, Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiya və Çin Xalq Respublikasına kimi nəhəng türk zolağı uzanacaq. Bu ideyanın müəllifi Pol Qobl 1992-ci ilin iyununda hazırladığı sülh planına belə bir müddəa daxil etmişdir. Strateji əhəmiyyətə malik olan bu plana 1992-ci ilin yayında (o zaman Azərbaycan Şuşanı və Laçını itirmişdi) Azərbaycan, Ermənistan, İran, hətta Rusiya mənfi münasibət bildirmişdir. Qeyd edilən plan ABŞ və Türkiyənin maraqlarına cavab verirdi. P.Qoblun bu planına əsasən, o vaxt "Penzoyl'' neft şirkətinə yaxın olan ABŞ prezidenti ata-Buş Azərbaycan neftini məhz həmin dəhlizlə keçirməklə İranın Ermənistana çıxışını əngəlləməyə, Ermənistanı bu layihəyə qoşmağa və Rusiyanın təsirindən xilas etməyə çalışıb. Türkiyəyə isə bayaq dediyimiz üstünlük veriləcəkdi.

– İşğaldan azad edilmiş ərazilər qeyri-qanuni iqtisadi fəaliyyətlərdən, cinayətkar qruplaşmalardan (terrorçulara orda təlim düşərgələrinin salınması, narkotiklərin becərilməsi və trafiki, Rusiyadan 1992-1996-cı illərdə qanunsuz yolla gətirilmiş 1 milyard dollar dəyərində silahların işğal altında olan ərazilərdə gizlədilməsi və s.) və məskunlaşmalardan (Suriya, Livan və s. Yaxın Şərq ölkələrindən erməni və kürd ailələrini burada yerləşdirməklə həmin əraziləri erməniləşdirmək və kürdləşdirmək) azad edilərək Azərbaycana qaytarılır. Həmin ərazilərin təbii ehtiyatlarının istismarından, yaxın gələcəkdə isə azad edilmiş ərazilərimizin rekreasiya potensialından ölkəmizin və xalqımızın rifahı üçün istifadə ediləcək və Ermənistan son 27 il ərzində ölkəmizə vurduğu ziyanı ödəməli olacaq. Bu günlərdə Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan deyib ki, "biz bu razılaşma ilə təkcə əraziləri vermədik, eyni zamanda, Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq''. Hazırda bu istiqamətdə Azərbaycanda ciddi işlər görülür. Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında'' Sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb. Təzminatın məbləğinin artacağı istisna edilmir.

– Düşüncə psixologiyasının dəyişməsi (məğlub ölkədən qalib millətə çevrilmək). 44 günlük müharibə Azərbaycan xalqının qürurunu, mənliyini və şərəfini özünə qaytardı. Xalqımızın və ordumuzun milli vətənpərvərlik ruhu və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Müasir döyüş sirlərinə dərindən bələd olan, döyüş meydanında intizamlı savaş aparan, beynəlxalq qaydaları əldə rəhbər tutan qalib bir Azərbaycan Ordusu haqqında stereotip formalaşmaqdadır. Apardığı peşəkar əməliyyatlarla dünya qərargahlarını şoka salan müzəffər Azərbaycan Ordusunun beynəlxalq reytinqdə irəliləyəcəyi heç şübhə doğurmur. Bu uğur beynəlxalq miqyasda bundan sonra aparılacaq sülhə məcburetmə əməliyyatlarında Azərbaycan Ordusunun potensialından və təcrübəsindən geniş yararlanmağa imkan verəcək. VƏ BÜTÜN DÜNYA YENİ AZƏRBAYCANLA HESABLAŞMAQ MƏCBURİYYƏTİNDƏ QALACAQ. Artıq Ermənistanın bir dövlət kimi gələcək mövcudluğu diasporaya deyil, məhz Azərbaycana göstərəcəyi hörmət və səmimiyyətdən asılı olacaq.

44 günlük müharibənin erməni milli şüurunda radikal dəyişikliyə yol açacağı inkar edilmir. Onlar üçün qonşulara ərazi iddiaları irəli sürüb kimlərinsə çirkin geosiyasi planlarının alətinə çevrilməkdənsə, normal və müstəqil dövlət kimi öz maraqlarını təmin etmək məqsədilə ətraf ölkələrlə etibarlı və qarşılıqlı mənfəətə söykənən əməkdaşlıq yolu seçmək daha perspektivlidir. Nə Soros, nə də hansısa tarixi müttəfiq balaca Ermənistanı qalib ölkəyə çevirmək iqtidarında deyil. ''MİATSUM'', ''BÖYÜK ERMƏNİSTAN'', ''TSEXAKRON'', ''ARMENİZM'' kimi millətçi-faşist ideologiyalar Ermənistana yol göstərmək iqtidarında deyil. Artıq onun GÜCLÜ AZƏRBAYCANA və QÜDRƏTLİ TÜRKİYƏYƏ qarşı oynamaq halı qalmayıb. Bu iki nəhəng məngənə arasında köhnə düşüncə tərziylə yaşamaq qeyri-mümkün və potensial özünəqəsd siyasətidir. ƏRKÖYÜN, TƏXRİBATÇI və FORPOST ERMƏNİSTANDAN, MÜSTƏQİL, SAĞLAM, ETİBARLI və TƏRƏFDAŞ ÖLKƏYƏ çevrilmək zamanıdır. Ermənistanın qurtuluşu özünütəcriddən birgəyaşayışa və inteqrasiyaya, özünümüstəsnalıqdan tolerantlığa keçiddən asılı olacaq.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...