THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Prezident İlham Əliyev dinamik dəyişən qlobal geosiyasi mühitdə Azərbaycanın çevik xarici siyasət yeritməsi zərurətini əsaslandırdı"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8494
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 oktyabr – Newtimes.az

Sentyabr ayı Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər və siyasi görüşlərlə zəngin oldu. Dövlət başçısının apardığı danışıqlarda ölkə üçün həyati əhəmiyyəti olan məsələlər müzakirə edildi. Prezident İlham Əliyevin Fransaya səfəri də dünya siyasi dairələrinin diqqət mərkəzində oldu. Bu kontekstdə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova bir neçə sualla müraciət etdik.

– Novruz müəllim, NATO-nun Baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinə böyük maraq göstərildi. Səfər zamanı hansı məsələlərə diqqət yetirilib?

– Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir. NATO ilə əməkdaşlığın əsasını Ulu öndər Heydər Əliyev qoyub. İkitərəfli əməkdaşlığın əhatə etdiyi məsələlər çoxdur. Bura hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq və s. kimi sahələr aiddir. Cənab A.F.Rasmussenin budəfəki səfəri zamanı da əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Danışıqlarda regional təhlükəsizliyin təminində qarşılıqlı əməkdaşlıq imkanları bir daha gözdən keçirildi. Prezident İlham Əliyev NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında Azərbaycanın yaxından iştirak etdiyini vurğuladı.

Bundan əlavə, Azərbaycan tranzit ölkə kimi Əfqanıstana yüklərin daşınmasında Şimali Atlantika alyansı ilə səmərəli əməkdaşlıq edir. O cümlədən, bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Prezident 2014-cü ildən sonra da bu proseslərdə iştirak etməyə ölkəmizin hazır olduğunu ifadə etdi.

Təbii ki, danışıqlarda əsas diqqət ikitərəfli əməkdaşlığı bundan sonra da inkişaf etdirmək məsələsinə yönəldilmişdi. Onu deyim ki, hər iki tərəf bununla bağlı nikbin fikirlər ifadə etdilər.

– Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul etdi. Bu hadisə ilə bağlı Sizin fikirlərinizi bilmək ictimaiyyət üçün maraqlıdır.

– Əvvəlcə onu deyim ki, cənab Prezident İlham Əliyev fəaliyyətində həmişə yeniliyə can atır. Fikir verirsinizsə, son zamanlar dövlət başçısı mühüm rəsmi və işgüzar görüşlərin bir qismini Qəbələdə keçirdi. Bu, dünyaya xoş bir mesajdır ki, Azərbaycanın bütün bölgələri inkişaf edir və onların hər birində yüksək səviyyəli görüşlər keçirmək mümkündür.

Ölkə başçısı ATƏT-ə üzv olan ölkələrin səfirlərini də təsadüfən Qəbələdə qəbul etmədi. Bununla onlara bir daha Azərbaycanın ölkə kimi hərtərəfli inkişaf edərək demokratik cəmiyyət qurduğu nümayiş etdirildi. Axı ermənilər və onların havadarları Azərbaycanı tamam başqa obrazda dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. İndi səfirlər real vəziyyəti öz gözləri ilə bir daha gördülər.

Cənab Prezident də müstəqillik illərində ölkənin həm beynəlxalq aləmdə, həm də daxili sosial-iqtisadi və demokratik inkişafda əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verdi. Azərbaycanın BMT TŞ-nin üzvü kimi fəaliyyətini geniş təhlil etdi. 155 ölkənin BMT-də bizə verdiyi dəstəyin görülən işlərin nəticəsi olduğunu aydın məntiqlə bir daha səfirlərə başa saldı. Azərbaycanda siyasi təsisatlar, demokratik azadlıqlar, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığının mövcud olduğunu konkret faktlarla qonaqlara anlatdı. Ölkənin bu il iqtisadiyyatda, o cümlədən enerji sahəsində əldə etdiyi uğurlardan geniş danışdı.

Ümumiyyətlə, sizə bir vacib məqamı deyim. Prezident hər bir görüşündə Azərbaycandakı real vəziyyəti o dərəcədə dəqiq və dolğun təsvir edir ki, insanların ölkə haqqında obyektiv fikri formalaşır. Qəbələdəki görüşdə iştirak edən səfirlərin bir çoxu söhbətlərində Azərbaycanın nailiyyətlərindən heyrətləndiklərini gizlətmirdilər. Təbii ki, bu kimi hadisələr bizi daha məsuliyyətli işləməyə həvəsləndirir, qürur verir.

– Novruz müəllim, keçən ay Qəbələdə daha bir mühüm rəsmi görüş keçirildi. Biz, orada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsini nəzərdə tuturuq. Bu hadisə ilə bağlı Sizin fikirlərinizi bilmək istərdik.

– Azərbaycanla Türkiyə bir-birinə hər bir sahədə çox yaxın iki dövlətdir. Ulu öndər Heydər Əliyev iki qardaş ölkə arasında əməkdaşlığı real inkişaf çərçivəsinə gətirdi. O vaxtdan bəri əlaqələr sürətlə inkişaf edir. Təsadüfi deyil ki, bu ölkələrin əməkdaşlığını ən yüksək səviyyəli tərəfdaşlıq nümunəsi sayırlar. Prezident İlham Əliyev Türkiyə Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Qəbələdə keçirilməsi də təsadüfi deyil. Bu, iki ölkə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu nümayiş etdirən hadisələrdən biridir.

Yəqin, mətbuatdan bilirsiniz ki, həmin görüşdə vacib sənədlər imzalandı. Qərara alındı ki, bütün sahələr üzrə əməkdaşlıq daha da inkişaf etdirilsin. Prezident İlham Əliyevlə Baş nazir Ərdoğan həmişə olduğu kimi səmimi müzakirələr apardılar.

Onu nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyənin əməkdaşlığı regionda sülh bə təhlükəsizliyin təminatıdır. Bəzi qüvvələr bundan çəkinirlər. Ona görə də hər iki ölkə əlaqələri daha da genişləndirməkdə və dərinləşdirməkdə maraqlıdır. Şübhə etmirik ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da qarşılıqlı faydalı əsasda inkişaf edəcəkdir.

– Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropadır. Bu baxımdan, Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri haqqında nə deyə bilərsiniz?

– Doğrudan da, Fransa Avropanın ən böyük və nüfuzlu ölkələrindən biridir. Ulu öndər Heydər Əliyev həmin dövlətlə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri isə göstərdi ki, Fransa dövləti Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində çox maraqlıdır. Yəni əlaqələrin inkişafına hər iki tərəf ehtiyac duyur.

Azərbaycan Prezidenti Fransada çox yüksək səviyyədə qarşılandı. Prezidentlərin Yelisey sarayında keçirilən görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Fransa Prezidenti Fransua Olland strateji əhəmiyyətli bütün sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu gizlətmədi.

Aydın görünür ki, Avropanın nüfuzlu ölkələrindən biri olan Fransa Azərbaycanın nəinki Cənubi Qafqaz regionunda, həm də bütövlükdə Avrasiya məkanında geosiyasi əhəmiyyətini qəbul edir. O cümlədən, Paris Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirir.

Səfər zamanı tarixi əhəmiyyəti olan bir hadisənin də şahidi olduq. Bilirsiniz ki, müasir dünyada humanitar əlaqələrə ciddi fikir verilir. Prezident İlham Əliyev Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimində iştirak etdi. Həmin muzeydə İslam incəsənət departamenti yaradılıb. Bunun böyük əhəmiyyət var. Çünki belə bir departamentin yaradılması sivilizasiyalar arasında dialoqun uğurlu olmasına töhfədir. Muzeyə gələnlər Şərqi daha yaxşı və obyektiv tanımaq imkanı qazanırlar. Fəxr edilməlidir ki, muzeydə Azərbaycana aid eksponatlar geniş təmsil olunub. Fransa Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə həmin layihənin həyata keçirilməsində göstərdiyi köməyə görə dərin təşəkkürünü bildirməsini eşitmək bizə qürur verdi.

Bu, mənim üçün doğrudan da tarixi bir hadisə idi. Tutduğum vəzifə ilə yanaşı, mənim Fransa mədəniyyəti ilə peşə sahəsində ayrıca tanışlığım var. Ona görə də Fransa Prezidentinin Azərbaycan dövlət başçısı və mədəniyyəti haqqında xoş sözlər söyləməsi məni təsirləndirdi.

Eyni qürur hissini Parisdə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılışı mərasimində də keçirdim. Mehriban xanım Əliyevanın xidmətlərinə Avropa mədəniyyətinin beşiyində verilən yüksək qiymət, əlbəttə, böyük sevinc yaradır. Həm də şübhəsiz ki, Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin təbliğ olunması istiqamətində çox böyük işlər görəcək.

– Novruz müəllim, hesab edirik ki, sentyabr ayının mühüm siyasi hadisələrindən biri də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsinin keçirilməsi oldu. Diplomatiya sahəsində zəngin təcrübəsi və dərin biliyi olan bir xadim kimi həmin müşavirə haqqında fikirlərinizi oxucularla bölüşməyinizi xahiş edirik.

– Həmin tədbir Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində keçirildi. Yeni tədris kompleksinin istifadəyə verilməsi Prezident İlham Əliyevin Azərbaycan diplomatik korpusuna olan böyük diqqət və qayğısının birbaşa nəticəsidir.

Prezident müşavirədəki nitqində diplomatlar qarşısında duran yeni vəzifələri tam olaraq ifadə etdi. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin strateji məqsədləri və onlara çatmağın yolları haqqında tarixi fikirlər söylədi. Mən cənab Prezidenti diqqətlə dinlədim və onun məsələlərə nə qədər dərindən və qlobal kontekstdə yanaşdığının bir daha şahidi oldum.

Prezident İlham Əliyev ölkənin xarici siyasət kursuna dünya geosiyasətində gedən köklü dəyişikliklərin işığında nəzər saldı. Dinamik dəyişən qlobal geosiyasi mühitdə Azərbaycanın çevik xarici siyasət yeritməsi zərurətini əsaslandırdı və belə bir şəraitdə diplomatik korpusun üzərinə düşən məsuliyyəti tam açdı. Dövlətin maraqlarının beynəlxalq təşkilatlarda müdafiə olunması, xaricdə yaşayan soydaşlarımızın haqlarının qorunması, bütün dünya üzrə diplomatik fəallığın artırılması diqqət mərkəzinə gətirildi.

Ölkə Prezidenti birmənalı vurğuladı ki, xarici siyasətin əsas hədəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ibarətdir. Hesab edirəm ki, bu fikrin tarixi əhəmiyyəti vardır. Çünki dövlətin müstəqilliyi onun bütün ərazisində suverenliyini təmin etməsinə birbaşa bağlıdır. Bu, müasir müstəqil dövlətçiliyin təməl şərtlərindəndir. Yəni Azərbaycan Prezidenti bir daha bütün dünyaya bəyan etdi ki, o, müstəqil xarici siyasət yeridəcək. Bu siyasətin də əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə ən mürəkkəb zamanlarda belə Azərbaycanın müstəqil xarici siyasət yeritdiyini ayrıca vurğuladı. Dünyanın böyük dövlətləri ölkəmizi bu yoldan döndərə bilmədi. Bununla dövlət başçısı Azərbaycan diplomatlarını əldə edilən uğurlara əsaslanaraq, daha güclü və geniş miqyasda fəaliyyət göstərməyə səslədi.

– Novruz müəllim, axırıncı sualımız keçən ayın son günlərində Bakıda keçirilən maraqlı bir tədbirlə bağlıdır. "Körpülərin salınması” adlı beynəlxalq konfransı nəzərdə tuturuq. Bu ad nəyi ifadə edir və tədbirin əsas məqsədi nədən ibarət idi?

– Adını çəkdiyiniz tədbir sentyabrın 27 və 28-də keçirildi. Onu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitut (İNEA) təşkil etmişdi. Həmin konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak etdi. Onların sırasında Avropa və Türkiyənin tanınmış siyasətçiləri, keçmişdə yüksək dövləti vəzifələr tutmuş adamlar vardı. "Körpülərin salınması” deyəndə əsasən mədəniyyət, təhsil, idman kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi, dinlərarası münasibətlərin qurulması, geosiyasi regionlar arasında müxtəlif xarakterli əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bilirsiniz ki, burada həmin ruhda bir neçə beynəlxalq tədbirlər keçirilib. Məsələn, bu ilin iyununda Krans Montana beynəlxalq təşkilatının Bakıda böyük Forumu keçirildi. Dünyada böyük nüfuza malik bu təşkilat da sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun formalaşması istiqamətində fəaliyyət göstərir. Ona dünyanın tanınmış siyasətçiləri və diplomatları daxildir.

Onu deyim ki, Krans Montana Forumu çərçivəsində "Bakı prosesi” adlanan tədbir də həyata keçirilir. Bu ideyanı Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə irəli sürüb. "Bakı prosesi” müxtəlif dinlər və mədəniyyətlər arasında körpü salmağa xidmət edir. Ona görə də "Körpülərin salınması” adlı beynəlxalq konfransın Bakıda keçirilməsi tam məntiqidir.

Azərbaycan Prezidenti konfransda iştirak edən tanınmış siyasət adamlarını qəbul etdi və orada maraqlı fikirlər ifadə etdi. Ölkənin mədəniyyət, elm, təhsil, enerji, iqtisadi, geosiyasi sahələrdə sözün həqiqi mənasında qitələrarası körpü rolunu oynadığını söylədi. Əslində, Azərbaycanın bütün sahələrdəki fəaliyyəti bunun əyani sübutudur. "Körpülərin salınması” konfransının iştirakçıları müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə etdilər. Maraqlıdır ki, konfransda Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərdən geniş danışıldı. Təbii ki, bu kimi tədbirlər bütövlükdə ölkənin dünyadakı mövqeyini daha da möhkəmləndirir.

Newtimes.az

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...