THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dörd konqresmenin dörd böyük xətası, yaxud ermənipərəst konqresmenlərin niyyətinin arxasında nə durur?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5643
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 sentyabr 2020 – Newtimes.az

Bu günlərdə ABŞ konqresmenləri – Frank Palon, Ceki Sper, Qus Bilirakis və Adam Şif Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimə "müstəqilliyinin ildönümü'' münasibətilə təbrik ünvanlayıb, siyasi dəyərlərə, beynəlxalq hüquq normalarına zidd fikirlər ifadə ediblər. Əlbəttə, bu, ilk baxışdan ermənipərəst mövqeyin, yaxud erməni lobbisinin məkrli missiyasının davamı olan bir davranış kimi səciyyələndirilə bilər. Amma məsələ bu qədər sadə və birmənalı deyil. Çünki bu addım həm də işğal faktını və ya işğalçı siyasəti dəstəkləmək, dövlət terroruna və insan hüquqlarının kobud pozuntusuna haqq qazandırmaq, eyni zamanda, separatizmi təşviq etməkdir.

Əslində, fəaliyyəti qanun yaradıcılığı vəzifəsi və missiyası üzərində qurulmuş konqresmen kimliyini daşıyan bu şəxslərin insan hüquqlarına və bütövlükdə, beynəlxalq hüquq normalarının təməl prinsiplərinə bu cür sayğısız münasibətləri, hüquqazidd davranışları bir çox mətləblərdən xəbər verir. Xüsusilə də, bəhs olunan konqresmenlərin siyasi keçmişi və bu zamana qədərki "performans''ları onların bu cür qəbuledilməz addımlarının arxasında duran niyyətlər və məqsədləri aşkara çıxarmağa imkan verir.

Ermənipərəst konqresmenlərin siyasi kimliyi və keçmişi barədə bəzi vacib xatırlatmalar

Yuxarıda adı çəkilən konqresmen – Frank Pallon 1995-ci ildə ABŞ Konqresində "Erməni qrupu'' (Armenian Caucus) adlı erməni məsələləri üzrə qrupu yaradan iki şəxsdən biridir. Elə bu qrupda təmsil olunanlar erməni lobbisinin ən fəal üzvləri kimi hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907-ci düzəlişin qəbul olunmasına nail olan konqresmenlərdir.

Almaniyadan qaçaraq ABŞ-a sığınan bir mühacirin nəvəsi olan Ceki Sper isə Birləşmiş Ştatlar Nümayəndələr Palatasında San Fransisko şəhəri üzrə Kaliforniya əyalətini təmsil edir. O, erməni kimliyi ilə tanınır və faktiki olaraq Ermənistan vətəndaşıdır. C.Sper, eyni zamanda, erməni yalanlarının və Ermənistanın maraqlarının qatı müdafiəçisi kimi tanınır.

Digər iki konqresmen – Qus Bilirakis və Adam Şifin adını isə hər il mütəmadi olaraq qondarma "erməni soyqırımı'' layihəsinin təşəbbüskarı və müdafiəçisi qismində duyuruq. Onlar Azərbaycana və Türkiyəyə qarşı "qara piar'' kampaniyasında fəal iştirak edirlər.

Bütövlükdə, nəzər yetirilən faktların fonunda sözügedən konqresmenlərin erməni lobbisinin fəal üzvü olmaları və Ermənistanın maraqlarına xidmət etmələri reallığı öz təsdiqini tapır.

Ermənistanın işğalçı siyasətinin müdafiəsi, separatizmin dəstəklənməsi və beynəlxalq hüquq normalarına zidd yanaşma

Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, bu cür qərəzli, qeyri-obyektiv, tarixin saxtalaşdırılmasına, işğalçılığın, terrorizmin və separatizmin təşviqinə xidmət edən mövqe beynəlxalq hüquq normalarına ziddir. Xüsusilə də, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma və separatçı rejimin münaqişənin həlli ilə əlaqədar aparılan sülh danışıqlarında iştirak etməsi ideya və təklifinin irəli sürülməsi birmənalı olaraq qəbuledilməzdir. Bu, birincisi, sülh danışıqlarının sabotaj edilməsi, yaxud "danışıqların formatının dəyişdirilməsi'' kimi absurd iddianın dəstəklənməsinin ifadəsidir. Digər tərəfdən, birbaşa dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, eləcə də milli dövlətlərin suverenliyini hədəfə almaqdır. Bütövlükdə, konqresmenlərin qərəzli yanaşmaları, hər şeydən əvvəl, Birləşmiş Millətlər Təşkilatının (BMT) 822, 853, 874 və 884 saylı qətnamələrinə, bir çox regional və beynəlxalq təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar qərar və qətnamələrinə etinasız münasibətin – məhəl qoyulmamasının nümunəsidir. Eyni zamanda, ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, insan hüquqlarına və əsas azadlıqlara hörmət, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi kimi prinsiplərinə tamamilə ziddir.

Nəticə etibarilə, ermənipərəst konqresmenlər Ermənistanın işğalçı mövqeyini müdafiə etmək məqsədilə illeqal fəaliyyəti dəstəkləyirlər ki, bu da ən yaxşı halda beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır.

Süni şəkildə "qanunpərəst'' imici formalaşdırmış konqresmenlərin subyektiv "insan hüquqları'' anlayışı

Digər mühüm məqam ondan ibarətdir ki, ABŞ-ın qanunvericilik orqanında etdiyi çıxışlar və irəli sürdüyü təşəbbüslərlə özlərini "insan hüquqlarının müdafiəçisi”, "demokratiya carçıları'' kimi təqdim edən bu şəxslər nədənsə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulduğunu dilə gətirmirlər. Əgər bu konqresmenlər insan hüquqlarını və beynəlxalq hüquq normalarını əsas tuturlarsa, nə üçün təcavüzkar Ermənistanın hərbi təxribatlar vasitəsilə Azərbaycanın mülki əhalisini hədəfə almasını hüquq pozuntusu kimi səciyyələndirmirlər? Mütəmadi olaraq qondarma "erməni soyqırımı''nı parlament tribunasından gündəmə gətirərək, eyni zamanda, beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoyan bu şəxslər nə üçün ermənilərin xalqımıza qarşı törətdikləri faciələrdən, Xocalı soyqırımından bəhs etmir, günahkarların ədalət mühakiməsinə cəlb olunmasının zəruriliyini diqqətə çatdırmırlar?! Yaxud Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma apararaq beynəlxalq humanitar hüququn tələblərini pozması nə üçün konqresmenlərin gündəmində deyil? Məgər bütün bunların insan hüquqları və beynəlxalq hüquq normaları ilə əlaqəsi yoxdurmu?! Təbii ki, bütün bu faktlar və reallıqlar süni şəkildə "qanunpərəst'' imici formalaşdırmış ermənipərəst konqresmenlərin insan hüquqlarının qorunması məsələsinə subyektiv və selektiv yanaşmalarının bariz nümunəsidir. Onlar üçün "insan hüquqlarının qorunması'' erməni maraqlarının və Ermənistanın işğalçı siyasətinin müdafiəsi deməkdir.

Ermənipərəst konqresmenlərin yanaşması ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın rəsmi mövqeyinə tamamilə ziddir

Digər nüansa nəzər salaq. Məlumdur ki, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu ölkə tərəfindən münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli tənzimlənməsi ilə əlaqədar konkret və birmənalı mövqe ortaya qoyulub. Bu isə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması deməkdir. Lakin Birləşmiş Ştatların qanunvericilik orqanında təmsil olunan həmin konqresmenlər ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına, qurumun təsbit və təsdiq etdiyi prinsiplərə tam zidd mövqe ortaya qoyaraq separatizmin müdafiəçisi rolunda çıxış edirlər. Dolayısıyla, ABŞ-ın rəsmi mövqeyi ilə bu ölkənin sözügedən konqresmenlərinin yanaşması daban-dabana ziddir. Belə olan halda, ciddi anlaşılmazlıq, yaxud paradoksal hal ortaya çıxır.

Digər tərəfdən, Azərbaycanla əməkdaşlıq ABŞ xarici siyasət kursunun mühüm prioritetlərindəndir. Elə bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısına ünvanlandığı məktubda əksini tapan məsələlər Birləşmiş Ştatların iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirdiyini ifadə edir. Məktubda qeyd edildiyi kimi, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Bununla yanaşı, Birləşmiş Ştatlar və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdikləri də diqqətə çatdırılıb. Bu sahədə Azərbaycanın mühüm töhfələrinin dəyərləndirildiyi vurğulanıb. Ən əsası, məktubda "Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik'', – deyə vurğulanıb. ABŞ-ın rəsmi mövqeyinin bu cür olmasına baxmayaraq, bəhs olunan dörd konqresmen sülh danışıqlarına Dağlıq Qarabağda yaradılmış – işğal məhsulu olan qondarma-seperataçı rejimin cəlb olunması tərəfdarı olduqlarını bildirirlər. Təbii ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Amerika Birləşmiş Ştatlarının imicinə ciddi zərbədir.

Bunlarla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, antiterror fəaliyyətində ABŞ Azərbaycanla əməkdaşlığa üstünlük verir. Konqresmenlərin işğalçı siyasəti və separatizmi müdafiə edən mövqeyi isə bilavasitə qlobal təhlükəsizliyə təhdid ünsürlərini özündə ehtiva edən ziddiyyətli yanaşmadır.

Hikmət Babaoğlu,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, "Yeni Azərbaycan'' qəzetinin baş redaktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...