THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7761
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 aprel 2020 – Newtimes.az

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransını hələ də sensasiya kimi təqdim etməyə çalışır. Orada N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların "real" vəziyyəti haqqında dedikləri xüsusilə qabardılır. Əlbəttə, münaqişənin həlli çox aktualdır. Lakin N.Paşinyan həmişə olduğu kimi, yenə də problemin həqiqi həlli naminə danışmayıb. O, Ermənistanın daxili vəziyyəti və xarici siyasətinin bataqlıqda olduğunu ört-basdır etmək üçün yeni yalanlar uydurub. Həm də bu zaman özü də bilmədən məntiqsizlik sahəsinə düşüb. Burada Ermənistanın geosiyasi, iqtisadi, hərbi və təhlükəsizlik aspektlərində qarşılaşdığı problemlərin daha da çoxalması ilə yanaşı, rəsmi İrəvanın konkret çıxış yolu ortaya qoymamasının da rol oynadığı aydın görünür. Həmin kontekstdə biz N.Paşinyanın dediklərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük. Biz silsilə yazılarda bunu reallaşdırmağa çalışacağıq.

"Böyük mətbuat konfransı": "yalan makinası"nın növbəti tezisləri

Elə siyasətçilər var ki, öz xalqlarına reallığı deyil, özlərinin xəyallarındakı "ayna"da təhrif edilmiş mənzərəni sırıyırlar. N.Paşinyan hakimiyyətə yiyələnmək uğrunda "mübarizə"yə başlayandan məhz özünün "sehrli güzgü"sündən ayrılmayıb. Bütün mərhələlərdə ermənilərə həqiqəti gizlədərək, öz "ayna"sında yaratdığı xəyali mənzərədən danışıb. İndi Ermənistan KİV-lərinin "böyük mətbuat konfransı" kimi təqdim etməyə çalışdığı, lakin həqiqətdə sadəcə "Paşinyanın növbəti böyük yalanları" olan hadisədən təkrar-təkrar bəhs edir. Amma bu halda N.Paşinyanın bir "orijinallığı" özünü göstərib – paytaxtda deyil, əyalət şəhəri Qafanda mətbuat konfransı keçirib. Qafan qədim Azərbaycan şəhəri kimi çox dəyərlidir, şanlı tarixi var. Ancaq N.Paşinyan orada yalanlarla dolu mətbuat konfransının məkanı kimi çox miskin və zəif görünürdü.

Ermənistanın baş nazirinin hansı səbəblərdən belə bir addım atdığını da anlamaq olar. Onun vəziyyəti və bütövlükdə Ermənistan dövlətçiliyinin durumu olduqca ağırdır. Müxtəlif səviyyələrdə olan ziddiyyətlər getdikcə daha da kəskinləşir. Bunun fonunda Ermənistan dövlət olaraq heç bir konstruktiv addım ata bilmir, inkişaf müşahidə edilmir. Ekspertlər N.Paşinyanın idarəetmə üslubunu kəskin tənqid edirlər. Onun fəaliyyəti Ermənistanı nə dövlət, nə də cəmiyyət kimi yeni səviyyəyə yüksəldə bilməyib və belə bir perspektiv də görünmür. Əvəzində, Ermənistan dövləti qarşısında daha çətin vəzifələr meydana gəlir. Bunu N.Paşinyanın danışdıqlarının məzmunundan da aydın hiss etmək olur.

Məsələ ondan ibarətdir ki, Qafanda söylədiyi fikirlərin hamısı ancaq özünə haqq qazandırmaq üçün idi. Onların heç birində həqiqət, reallıq ifadə edilməyib. Baş nazirin məntiqinin nüvəsini "mən haqlıyam" tezisini sübut etmək cəhdi təşkil edir. Ölkəyə rəhbərlik edən birisi üçün bu, normal hal deyil. Çünki əgər fəaliyyət doğrudan da uğurlu olubsa, əsas diqqət onun təhlilinə yönəldilməlidir. Əgər uğur əldə edildiyinə çoxlu şübhələr varsa, onda kimsə özünə haqq qazandırmaqla məşğul olmalıdır. N.Paşinyan da Qafanda məhz bu cür zavallı statusda idi.

Konkret faktlara keçək. Adəti üzrə N.Paşinyan kimlərisə ittiham etməyə cəhd göstərib. Əlbəttə, o sırada Azərbaycan və Türkiyə vardır. Ancaq bu dəfə Gürcüstan da əlavə olunub. Təəccüblü deyil. Çünki N.Paşinyan "öz məşhur və yeni metodologiyaya əsaslanan" rəqəmlərini sadalayanda, Ermənistanın Gürcüstanı adambaşına düşən gəlirlər sahəsində qabaqladığını da deyib. Gürcüstanın baş naziri isə N.Paşinyanın yalanını açaraq göstərib ki, real vəziyyət belə deyil.

Erməni baş nazir sadəcə "yeni metodologiya" nağılı ilə erməniləri qandırıb. Təsəvvür edin ki, əgər əsas dayaq metodologiyadırsa və insanların real həyat şəraiti nəzərə alınmırsa, onda Ermənistan üçün elə "metodologiya" uydurarlar ki, ABŞ onun yanında cırtdan olar. Bunun başqa forması artıq N.Paşinyanın "əyri güzgüsündə" əks olunub. Belə ki, o, Qafanda deyib ki, "yeni metodologiyaya" görə, Ermənistan inkişaf tempində bütün Avropa ölkələrini qabaqlayır! Bu da "islahatçı" erməni hökumət başçısının "faktı". Ermənistanda əziyyət çəkən milyonlarla insan isə onu dinləyib, sonra da yəqin ki, söyür. Çünki həyat şəraitinə görə Ermənistan Avropanın ən zəif ölkəsi ilə belə müqayisə oluna bilməz. Belə deyilsə, hansı səbəbdən hər il 100 minlərlə erməni Ermənistanı tərk edir? Nə üçün erməni gənclər iş üçün Rusiyaya, Türkiyəyə və Avropaya axışırlar? Hansı səbəblərdən artıq "düşmən və soyqırımçı" Türkiyədə 100 mindən çox Ermənistan vətəndaşı iş axtarır?

Xəyali inkişafın "faktları": məntiqsizlik sahəsindəki çapalamalar

Bütün bunlar bir yana. Əsas məqam odur ki, Ermənistan hökuməti hansı proqramları yerinə yetirib ki, inkişaf tempi yüksəlib? Heç bir sərmayə ala bilməyən, iqtisadiyyatı xarici dövlətin nəzarətində olan, özü də blokada şəraitində inildəyən bir ölkədə inkişaf tempi necə yüksək ola bilər? N.Paşinyan çox rəqəmlərdən danışa bilər, lakin real mənzərə göstərir ki, Ermənistan MDB-də əksər göstəricilərə görə axırıncı yerdədir.

Onun büdcəsi Azərbaycanın büdcəsindən dəfələrlə azdır. Gürcüstandan da azdır. Bir kiçik müqayisə. 2018-ci ildə Ermənistana 800 milyon dollar sərmayə qoyulmuşdusa, Gürcüstana 2 milyarda yaxın, Azərbaycana isə onlardan dəfələrlə çox miqdarda sərmayə qoyulub. İndi nə dəyişib ki? Hansı böyük şirkət Ermənistandakı hansı layihənin reallaşmasına milyardlarını xərcləyir? Fakt yoxdur. Bəs onda Ermənistanın iqtisadiyyatı hansı potensial hesabına inkişaf edə bilər?

Burada ilk yada düşən, əlbəttə, xarici yardımlardır. Lakin bu üsulla iqtisadiyyat inkişaf etməz. Müəyyən çatışmazlıqlara pul xərclənər, ancaq onlar da davamlı inkişaf yarada bilməz. Keçici və böyük nəticəsi olmayan dəyişikliklər edə bilər. İnfrastruktur özünü inkişaf etdirmək səviyyəsinə çatmayınca, hansısa dayanıqlı inkişafdan danışmaq uşaq başı qatmaqdır. N.Paşinyan indi bu işlə məşğul olur – o, erməniləri uşaq kimi aldadır.

Əslində, bu aspektdə onun söylədiklərindəki daxili ziddiyyət aydın görünür. Məsələn, "Amulsar" məsələsindən danışarkən N.Paşinyan deyir ki, yolu bağlayanların davranışları "qeyri-məntiqidir, hörmətsizlikdir və Ermənistanın maraqlarına cavab vermir". Bundan bir qədər öncə, elə həmin mətbuat konfransında bu məsələ ilə bağlı dediklərinə diqqət edək.

N.Paşinyana sual veriblər ki, "Amulsar" qızıl mədənindən istifadə olunmasında marağı vardırmı? Cavabı belə olub: "Bəli, ona görə ki, mən bu haqda əvvəllər də demişəm, istismar ("Amulsar" mədəninin istifadəsindən söhbət gedir – red.) təhlükəsizlik atmosferi ilə bağlıdır. Əgər mədən işləsə idi, iqtisadi artım 7,5 faiz deyil, çox olardı, minlərlə iş yeri açılardı. Digər tərəfdən isə mən heç zaman mədənin Ermənistanın, Cermuxun, ətraf kəndlərin əhalisinin sağlamlığına zərərinin, ölkənin və ekologiyanın geridönməz ziyanının hesabına işləməsinə razı ola bimərəm". Bu zaman o, yenə də spekulyasiya edərək deyib ki, zərər kimi yollara və maşınlara ola biləcək ziyanı nəzərdə tutur. Eyni zamanda, işarə verib ki, bu hadisələri təşkil edənlər var və onların əsas məqsədi mədəni işlədən şirkətlərin aksiyalarını bazarda ucuzlaşdırıb, onlara sahib durmaqdır. Əgər bu, təsdiqini tapsa, həmin dairələri ciddi cəza gözləyir. N.Paşinyan cəzadan danışarkən rəqib dairələrin Ermənistanın daxilində olduğunu ifadə etmək istəyib. Onların da kim olduqlarını hamı bilir. Yəni söhbət respublikaçılara yaxın olan iş adamlarından gedir.

Buradan isə əsas spekulyativ tezisə çıxış edir: nə qədər ki, mədənə gedən yolları əhali bağlayıb, bütün bu zərərləri hesablamaq mümkün deyildir. Siyasi məntiq bir tərəfə qalsın, bu adamın adi danışıq məntiqindən qətiyyən xəbəri yoxdur. Elə hesab edir ki, cümlələri malalamaq elə məntiqdir və bu üsulla həqiqəti demək olar. Bir az diqqətlə baxdıqda, kiçik bir fraqmentdə bir neçə məntiqsizliyi görmək olar.

İlk növbədə, N.Paşinyan məsələ ilə bağlı tərəddüdlü vəziyyətdə olduğunu deyir. Yəni aydın olmur ki, o, "Amulsar" qızıl mədəninin Qərb şirkətləri tərəfindən istifadəsinə razıdır, yoxsa razı deyil. Sadə formada desək, primitiv bir mövqe sərgiləyir: "belə baxanda razıyam, elə baxanda razı deyiləm". Bu isə o deməkdir ki, özünün ikili yanaşdığı məsələdə tutduğu mövqeyə görə kimsəni "məntiqsiz və ya hörmətsiz" adlandırmaq məntiqsizlikdir və söhbət dövlətin marağından gedirsə, qeyri-ciddilikdir.

Lakin adam bu çərçivədə qalmır, sonrakı fikirlərində digər tərəfi ittiham edir. Bu ittiham da saxtadır. Çünki bir tərəfdən deyir ki, "Amulsar"dakı işlərin ekologiyaya ziyan verə biləcəyi ehtimalını qəbul edir. Ancaq sonra məhz həmin faktora görə etiraz edən və yolları bağlayan insanları "hörmətsiz, dövlət maraqlarını gözləməyənlər" deyə qınayır. Yəni N.Paşinyan özü ekologiyadan danışanda, məntiqsiz olmur, dövlət marağını deyir, Cermuxun və ətraf kəndlərin əhalisi isə öz sağlamlıqlarından narahatlıqlarını aksiya formasında bildirəndə, məntiqsiz olurlar! "Milli baş nazir" belə olar!

Maraqlıdır, N.Paşinyan bu çərçivəyə də "sığmırmış". O, daha irəli gedərək deyir ki, məsələni siyasi rəqibləri qızışdırırlar ki, onlar da öz şəxsi maraqlarını güdürlər. Lakin bunu da dəqiq bilmir. Deyir ki, siz yolu açın, mədən işləsin, Ermənistanın iqtisadiyyatı daha da inkişaf etsin və biz bu prosesdə kimlərin aranı qatdığını da, ekoloji ziyanı da müəyyənləşdirəcəyik. Deməli, siyasi mübarizə faktorundan yenə də spekulyativ formada öz marağı naminə istifadə edir. Bir vaxtlar maraqlarını müdafiə etdiyi vətəndaşları aldadır və hətta onları "məntiqsiz, hörmət bilməyənlər və dövlət marağını tanımayanlar" adlandırır. Bu da erməni "demokratiyası"nın mənəvi və hüquqi çərçivəsi!

(davamı növbəti sayımızda)

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...