THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Azərenerji"nin növbəti uğuru: enerji siyasətinin reallaşmasına verilən töhfə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7116
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 fevral 2020 – Newtimes.az

"Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) 2018-ci ilin iyul ayında baş verən qəza ölkənin enerji sisteminin çökməsinə gətirib çıxardı. Dövlət başçısı dərhal lazım olan addımları atdı. Gözlənilirdi ki, qısa müddətdə bu sferadakı nöqsanlar aradan qalxacaq. Ekspertlərin bu proqnozu özünü tam doğrultdu. Artıq Azərbaycanda enerji sisteminin dayanıqlılığı yüksək səviyyədədir. Bununla yanaşı, alternativ enerji mənbələri ilə bağlı da maraqlı layihələr həyata keçirilir. Prezident İlham Əliyev cari il fevralın 10-da "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əsaslı şəkildə yenidən qurulan "Dübəndi" yarımstansiyasının açılışına həsr olunmuş mərasimdə bu bağlılıqda olduqca maraqlı fikirlər ifadə edib. O cümlədən "Azərenerji" ASC-nin üzərinə düşən işlərin öhdəsindən yüksək səviyyədə gəldiyini vurğulayıb. Bu proses bütövlükdə ciddi geosiyasi əhəmiyyətə malikdir. Burada ölkənin milli təhlükəsizliyinin təmin edilməsində enerji siyasətinin xüsusi rolunu qeyd etmək gərəkdir. Bu kontekstdə biz, "Azərenerji"nin fəaliyyəti prizmasından Azərbaycanda enerji siyasətinin həyata keçməsinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

Qəzadan sonra: düşünülmüş siyasətin bəhrələri

Enerjidaşıyıcıları indi bütün dünya dövlətləri üçün çox əhəmiyyətli faktora çevrilib. Müstəqil dövlət quruculuğu prosesində onun rolu əvəzedilməzdir. Siyasi liderlər enerji təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirirlər. 1993-cü ildə yenidən xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev enerji siyasətinə böyük diqqət yetirirdi. Məhz onun müəyyən etdiyi kurs əsasında Azərbaycan uzun illərdir enerji siyasətini səmərəli şəkildə həyata keçirir. Bu istiqamətdə atılan addımlar dövlətin təhlükəsizliyinin təminində, xalqın rifah halının yüksəldilməsində, insanların sosial təminatının artırılmasında əhəmiyyətli rol oynayır.

Enerjidaşıyıcılarının, xüsusilə neft və qazın Azərbaycana gətirdiyi faydalar haqqında çox yazılıb. Əlbəttə, bu proses davam edəcək. Bunlarla yanaşı, elektrik enerjisinin istehsalı və istismarı məsələsi də strateji məzmunludur. Bu məqam bizim üçün "Azərbaycan" İES-də 2018-ci ilin iyul ayında baş vermiş qəza bağlılığında xüsusi əhəmiyyət kəsb edir. Məsələ ondan ibarətdir ki, həmin hadisə, faktiki olaraq, ölkənin enerji sistemini çökdürdü. Mütəxəssislər bunun əsas səbəbi kimi kadrların məsuliyyətsizliyi üzündən, enerji sistemində qoyuluş gücünün kifayət qədər olmasına baxmayaraq, bu sahədə dayanıqlığın təmin edilməməsini qeyd edirlər. Bu isə qoyuluş gücündən istifadə əmsalının kiçik olması ilə şərtlənmişdi.

Prezident İlham Əliyevin göstərişi əsasında həmin sahədə ciddi yeniləşmələrə start verildi. Qısa müddətdə "Azərenerji" ASC köklü islahatlar həyata keçirdi. Bunun bütövlükdə ölkənin energetika sektoruna ciddi müsbət təsiri olmaqla yanaşı, siyasi və geosiyasi əhəmiyyətli pozitiv tendensiyaların da meydana gəlməsində əhəmiyyətli rolu danılmazdır. Onu vurğulayaq ki, "Azərbaycan" İES hazırda Cənubi Qafqazda ən böyük qoyuluş gücünə malikdir. Onun, hər birinin ayrılıqda elektrik stansiyası statusunda olan səkkiz enerji bloku vardır. Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES-də bütün istiqamətlər üzrə tikinti, yenidənqurma, bərpa və abadlaşdırma işləri aparılır. Artıq müsbət nəticələr əldə edilməkdədir. Və stansiyanın dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, bu prosesdə ölkə rəhbərinin "Azərenerji" sistemində apardığı səmərəli kadr islahatının ciddi təsiri olub.

Təsadüfi deyildir ki, fevralın 10-da Bakının Pirallahı rayonunda "Azərenerji" ASC-nin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq "Dübəndi" yarımstansiyasının açılışında tamam başqa bir ab-hava hökm sürürdü. Prezident İlham Əliyev açılış mərasimində ifadə etdiyi fikirlərlə energetika sahəsində görülən işlərin adekvat mənzərəsini yaratdı.

Dövlət başçısı çıxışında vurğuladı: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində, Xəzər və Pirallahı rayonlarında yeni tikilən sosial və sahibkarlıq obyektlərinin, inkişaf edən sənaye, kənd təsərrüfatı, turizm müəssisələrinin, əhalinin artan tələbatını təmin etmək, qısaqapanmaları və sistem qəzalarını aradan qaldırmaq üçün yenidən qurulan "Dübəndi" yarımstansiyasının transformatorları daha güclü və yeniləri ilə əvəz edilib, mikro SCADA sistemi yaradılıb. Nəticədə, güc defisiti aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib".

Ölkə rəhbəri "Dübəndi" yarımstansiyasının tikintisini "Azərenerji"nin yüksək səviyyədə təşkil etdiyini vurğulayıb, bunu Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım kimi qiymətləndirib.

Etiraf etmək lazımdır ki, qısa müddətdə bu cür uğurlar əldə etmək üçün "Azərenerji" fəal çalışıb. Həm mövcud sistemi yeniləmək, həm də dayanıqlılıq və etibarlılığı artırmaq böyük səy, məsuliyyət və peşəkarlıq tələb edir. Dövlət başçısı ayrıca vurğulayıb ki, "son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir". İndi deyə bilərik ki, məhz aparılan enerji siyasəti nəticəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər həll edilib.

Məsuliyyət və peşəkarlıq yüksək olanda: "Azərenerji"nin səmərəli fəaliyyəti

Burada ölkə rəhbərinin xüsusi qeyd etdiyi bir məqamı deməliyik. Belə ki, həyata keçirilən proqramlar sayəsində Azərbaycan artıq enerji təminatçısına çevrilib. Konkret olaraq, ölkəmiz nəinki daxili tələbatını tam ödəyir, hətta elektrik enerjisini ixrac da edir. Bu irəliləyiş Azərbaycanın enerji siyasətinin səmərəliliyinin birbaşa nəticəsidir. Eyni zamanda, "Azərenerji" sistemində çalışanların gərgin zəhmətinin bəhrəsidir.

Əlbəttə, bu inkişaf prosesi davam edir. Prezident İlham Əliyev həmin məqamı xüsusi qeyd edib. Dövlət başçısı deyib: "Hesab edirəm ki, 2020-ci il "Azərenerji" üçün, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başlayıb. İlin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və Günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq".

Göründüyü kimi, "Azərenerji"nin fəaliyyəti daha da şaxələnir. Su elektrik stansiyaları ilə yanaşı, Günəş və külək enerjisindən də istifadə məsələsi aktuallaşır. Ümumiyyətlə, bütün dünya dövlətləri üçün alternativ enerji mənbələri vacib bir məsələyə çevrilib. Azərbaycanın iki iri layihə həyata keçirməyə başlaması olduqca ümidverici bir haldır.

Ayrıca nəzərə almaq lazımdır ki, bu proseslərin geosiyasi əhəmiyyəti də böyükdür. Dövlət başçısı bu barədə dəfələrlə yüksək səviyyədə öz fikrini ifadə edib. "Dübəndi" yarımstansiyasının açılışında da məsələni xüsusi olaraq vurğulayıb. İlham Əliyev ifadə edib: "Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir, xüsusilə, Azərbaycan kimi sürətlə inkişaf edən ölkələr üçün. Təkcə keçən il qeyri-neft sektorunda 14 faizlik artım olub. Bütün bu işlər, yeni müəssisələr, fabriklər, zavodlar, artan əhali yeni enerji gücləri tələb edir. Biz də bunu yaradırıq. Azərbaycan dövləti bundan sonra da bu sahəyə diqqətini əsirgəməyəcək. Energetiklər isə öz vəzifə borclarını ləyaqətlə icra edərək ölkəmizin ümumi inkişafına bundan sonra da töhfə verəcəklər".

Belə çıxır ki, öncədən ölkə rəhbərliyi Azərbaycanın enerji təminatına geosiyasi və təhlükəsizlik prosesləri ilə sıx əlaqədə baxıb. Azərbaycanda elə bir enerji sistemini qurulmalıdır ki, şok təsirlərə qarşı kifayət qədər dayanıqlı olsun, ölkənin enerji ilə təminatında heç bir problem yaranmasın. Bu baxımdan "Azərenerji"nin fəaliyyəti strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu qurumun fəaliyyətinə yüksək qiymət verərək, dövlətçiliyin inkişafındakı rolunu vurğulayıb.

Əlbəttə, burada bütün məsələlərin həll olunduğunu demək olmaz. Prezident də qarşıda duran vəzifələrdən bəhs edib. Əsas məsələ ondan ibarətdir ki, kadr islahatlarından sonra "Azərenerji" ASC yüksək səviyyədə Prezidentin tapşırıqlarını yerinə yetirir. Bu, həmin təşkilatın daim inkişafda olacağından xəbər verir. Şübhə yoxdur ki, "Azərenerji" bundan sonra da üzərinə düşən işlərin öhdəsindən əzmlə gələcəkdir.

Beləliklə, Azərbaycan energetika sahəsində növbəti uğurlara imza atır. Qeyri-neft sektorunun səmərəli inkişafı üçün lazım olan bütün addımlar sistemli və ardıcıl olaraq atılır. "Azərenerji"nin bu istiqamətdə oynadığı rol milli dövlətçilik üçün ciddi əhəmiyyət daşıyır. Bundan sonra da yeni layihələrin uğurla həyata keçiriləcəyinə şübhə yoxdur. Günəş və külək enerjisindən istifadənin genişlənməsi Azərbaycanın sürətli inkişafına ayrıca təkan verəcək. Bu baxımdan deyə bilərik ki, "Azərenerji" ASC yeni proqramların reallaşması prosesini növbəti mərhələyə yüksəldəcək. Dövlət başçısının energetika sahəsində müəyyən etdiyi xətti yeni dinamika ilə həyata keçirməkdə bütün potensialından istifadə edəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...