THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Əsrin müqaviləsi": əbədi müstəqillik, rifah və suverenlik bəxş edən tarixi hadisə

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2672
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 sentyabr 2019 – Newtimes.az

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft ehtiyatları ilə zəngin "Azəri", "Çıraq", "Günəşli" yataqlarının xarici şirkətlərlə birgə işlənməsinə dair müqavilənin imzalanmasının 25 ili tamam olur. Ulu öndər Heydər Əliyevin böyük siyasi ustalığı, qətiyyətli iradəsi və uzaqgörənliyi sayəsində imzalanan həmin sənəd, faktiki olaraq, ölkənin uzunmüddətli inkişafının əsas qollarından birini təşkil edir. 25 illik təcrübə göstərdi ki, "Əsrin müqaviləsi" strateji aspektdə müstəqillik, suverenlik və sosial rifahı təmin edə bilən potensiala malik layihədir. Artıq onun, obrazlı desək, ikinci mərhələsi başlayıb. 2017-ci ildə Azərbaycan "XXI əsrin müqaviləsi" adlandırılan sənədi imzalayıb. Həmin sənəddə 2050-ci ilə qədər Azərbaycanın neft-qaz ehtiyatlarının istehsalı ilə bağlı beynəlxalq əməkdaşlıq əks olunub. Bunlardan başqa, "Əsrin müqaviləsi"nin geosiyasi dividendləri də göz qabağındadır. Bütün bu məqamların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac duyduq.

25 il əvvəl: strateji əhəmiyyətli sənədin imzalanması

1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı transmilli neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı "Əsrin müqaviləsi" adlanan mühüm bir sənədin imzalanmasından 25 il ötür. Sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 müqavilə imzalandı. Bu hadisələrin geosiyasi-iqtisadi və təhlükəsizlik təsirləri ancaq Azərbaycan sərhədləri ilə məhdudlaşmadı – onlar Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən faktorlar sırasına daxil oldu. Bu keyfiyyətdə "Əsrin müqaviləsi" indi də həm məzmununa, təyinatına, həm də regionda əməkdaşlıq prosesinə verdiyi yeni nəfəsə görə regional və qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini saxlayır.

Bəli, şübhəsiz, Ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətli iradəsinin birbaşa nəticəsi olan həmin mühüm sənəd müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmaqdadır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Cənubi Qafqazda ziddiyyətlər, risklər və qeyri-müəyyənliklərlə dolu bir vəziyyət hökm sürürdü. Regionun taleyi, burada hansı qüvvələrin dominantlıq təşkil edəcəyi sual altında idi. Azərbaycanın dahi rəhbəri isə yaranmış vəziyyətə tamamilə fərqli meyarlarla yanaşdı və təcrübə Heydər Əliyevin tam haqlı olduğunu göstərdi. Konkret desək, Ulu öndər kimin regionda hansı gücə sahib olmasından asılı olmayaraq Azərbaycanın müstəqil dövlətçilik kursuna uyğun addımlar atdı. Yəni böyük güclərin geosiyasi mübarizəsi bir növ ikincidərəcəli faktor olaraq götürüldü. Buna, obrazlı olaraq, "risklərdən milli dövlətçiliyin xeyrinə istifadə etmək" də deyilə bilər. Rəsmi Bakı milli maraqlar çərçivəsində regionda mübarizə aparan böyük güclər arasında uğurlu balans yarada bildi. "Əsrin müqaviləsi" bu prosesdə ciddi rol oynadı.

Bu hadisənin digər mühüm məqamı regionda yaranmış qeyri-müəyyənlikdən və havadarlarının ciddi dəstəyindən istifadə edərək Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistanın qarşısının alınması ilə bağlıdır. Çünki dünyanın ən böyük enerji şirkətlərinin daxil olduğu perspektivli müqavilənin mövcudluğu şəraitində erməni təcavüzünün arxa plana atılması təbii idi. Xarici siyasətdə atılan digər uğurlu addımlarla birlikdə "Əsrin müqaviləsi" cəbhədə atəşkəsin davamlı olmasını təmin etdi.

"Əsrin müqaviləsi"nin başqa vacib və böyük əhəmiyyəti olan təsiri regional əməkdaşlıq potensialını əyani sübut etməklə bağlı idi. Belə ki, Azərbaycan göstərdi ki, çox sayda dövlətlərlə səmərəli əməkdaşlıq etməyə qadirdir. Konkret əldə edilən iqtisadi nəticələr isə həyata keçirilən proqramların faydalı olduğunun nümayişi idi. Faktlara nəzər salaq.

"Azəri", "Çıraq", "Günəşli" yataqlarının çıxarıla bilən neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. Bu, kifayət qədər böyük rəqəmdir. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənməsinə təxminən 33 milyard dollar investisiya qoyulub. Həmin yataqlardan artıq 3,2 milyard barrel neft hasil olunub. Həmin yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilib.

2001-ci ildən bu yana neft və qaz sazişləri çərçivəsində Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148,3 milyard ABŞ dolları həcmində olub. Onun 95,61 milyard dolları dövlət büdcəsinə transfer edilib. 9,3 milyard dolları isə strateji, infrastruktur və sosial layihələrə yönəldilib. Son məlumatlara görə, Neft Fondunun aktivləri 42,5 milyard dollar təşkil edir.

Bütün bunların Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında, sosial təminatın yüksəldilməsində, iqtisadi inkişafın sürətli olmasında təsiri çox böyük olub. Belə ki, təkcə son 15 ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 dəfə artıb. Konkret olaraq, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə çoxalıb. Sənaye məhsulu istehsalı isə 2,6 dəfə artıb. O cümlədən qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalında isə 2 dəfəyə yaxın çoxalma olub. Dövlət büdcəsində gəlirlər 13,5 dəfə artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarından çox olub. Mühüm faktdır ki, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

Yeni mərhələ: "XXI əsrin müqaviləsi"nin perspektivləri

"Əsrin müqaviləsi" Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Regionların inkişafına dair dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb. Regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilib.

Etiraf edək ki, qeyd edilənlər kifayət qədər ciddi uğurlardır. Cənubi Qafqazda ikinci belə göstəricilərə nail olan ölkə yoxdur. Ermənistan isə hətta biabırçı surətdə geridə qalmaqdadır. "Əsrin müqaviləsi" Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək şansını verib. Və məsələ yalnız sosial-iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu müqavilə Azərbaycanın dünyada geosiyasi faktor kimi layiqli yerini tutmasına böyük xidmət göstərdi. Məsələnin bu aspekti son dərəcə aktualdır. Çünki söhbət bütövlükdə "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji siyasətinin böyük uğurla milli təhlükəsizliyin təmini kontekstində reallaşdırılmasından gedir.

Azərbaycan 1994-cü ildən başlayaraq gərgin mübarizə şəraitində özünün geosiyasi statusunu təsdiq etməkdədir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xarici siyasətinin prioritetlərini konkret tezislərlə bəyan edib. Həmin dövrdə Azərbaycan rəhbərliyinə və milli dövlətçiliyə qarşı ciddi təxribatların olmasına baxmayaraq, Heydər Əliyev bütün maneələri dəf edərək öz siyasi kursunu qətiyyətlə reallaşdırmaq əzmində olduğunu hamıya sübut etdi. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra baş verən hadisələr bu tezisin nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir.

Artıq 2000-ci illərin əvvəllərindən Azərbaycanın regional və qlobal geosiyasətdə rolunu inkar edə bilmirdilər. Bunun nəticəsidir ki, tarixi baxımdan qısa bir müddətdən sonra Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyünə qəbul edildi. Ölkə rəhbərliyinin müdrik, təmkinli fəaliyyəti sayəsində BMT TŞ-dəki işlər çox uğurlu alındı. Eyni zamanda, Azərbaycan yeni beynəlxalq enerji layihələrində daha aktiv iştirak qabiliyyətinə malik olduğunu göstərdi. Konkret olaraq, "Cənub Qaz Dəhlizi", "Bir kəmər, bir yol" layihəsi, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri və digər böyük proqramların həyata keçməsi vurğulanan tezisin həqiqiliyini sübut etməkdədir.

"Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı birgə bəyannamə 2011-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu tərəfindən imzalanıb. 2012-ci ilin iyununda isə Azərbaycanla Türkiyə arasında "Trans-Anadolu" (TANAP) qaz kəməri layihəsinə dair sazişə qol çəkilib. Bundan yeddi ay sonra "Trans-Adriatik" (TAP) layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında dövlətlərarası saziş imzalanıb. Bunlardan sonra "Əsrin müqaviləsi"nin ən böyük töhfələrindən biri hesab olunan və "XXI əsrin müqaviləsi" kimi tarixə düşən "Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalanıb. Bu hadisə 2013-cü ilin dekabrında Bakıda baş tutub. Nəhayət, 2017-ci il sentyabrın 14-də Bakı daha bir tarixi hadisəyə evsahibliyi etdi. Həmin gün Azərbaycan altı ölkənin on bir şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənmiş sazişi imzaladı.

Bununla "Əsrin müqaviləsi" yeni mərhələdə "XXI əsrin müqaviləsi"nə çevrildi. Bu o deməkdir ki, 1994-cü ildə imzalanan müqavilənin potensial imkanları hələ əsrlərə çatacaq gücə malikdir. XXI əsrin ortalarına qədər Azərbaycanın uğurlu və davamlı inkişafını təmin edən bu müqavilə sonrakı nəsillərin firavan və azad həyatını təmin edəcək. Bütün bunlar "Əsrin müqaviləsi" olmadan mümkün idimi? Bizcə, mümkün deyildi. Çünki Azərbaycan həmin müqaviləni imzalamaqla həm siyasi iradəsini, həm faydalı əməkdaşlıq qabiliyyətini, həm də suveren dövlət ola bilmək imkanını dünyaya nümayiş etdirdi. "Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyini və suverenliyini əbədi edən vacib faktorlardan biridir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...