THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni tərkibli Rada: Ukraynada siyasi mühit necə dəyişir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1968
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2019 – Newtimes.az

Şərqi Avropanın böyük dövlətlərindən olan Ukraynada növbədənkənar parlament seçkiləri mürəkkəb ictimai-siyasi şəraitdə keçib. MSK-nın rəsmi məlumatına görə, Prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası böyük üstünlük əldə edib. Ondan sonra isə Rusiya meyilli partiya gəlir. Milliyyətçi partiyaların son sıraları tutması da ekspertlərin marağına səbəb olub. Onlar hesab edirlər ki, Ukrayna cəmiyyətində ümumilikdə ictimai rəy dəyişir. Ancaq bunun dayanıqlı proses olub-olmadığı hələ məlum deyil. Bundan başqa, böyük geosiyasi güclərin Ukrayna siyasətində hansı yeni məqamların meydana gələ biləcəyi də əhəmiyyətlidir. Bu faktor bütövlükdə siyasi dinamikaya ciddi təsir göstərə bilər. Bütün bunlar Ukrayna daxilində siyasi mühitin dəyişməsi məsələsini aktuallaşdırır. Həmin kontekstdə Ali Radaya keçirilən seçkilərin geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac gördük.

Qələbə: Zelenskinin qalib gəlməsi Ukraynada siyasi riski azaldırmı?

Ukraynada parlament seçkisinin nəticələrini səbirsizliklə gözləyən ekspertlər xeyli təəccübləndilər. Çünki Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi partiyanın böyük üstünlüklə qalib gələcəyini gözləmirdilər. Nəticələr Qərb və Rusiyada eyni maraqla qarşılandı. Ekspertlər öz rəylərini ifadə edərkən bu vəziyyəti müxtəlif aspektlərdən qiymətləndirirlər. Onların gəldikləri qənaətlər də maraqlıdır. Ukraynanın dövlət kimi bundan sonrakı təkamülünü proqnozlaşdırmaq doğrudan da asan deyil.

Ən çox səsi "Xalqın xidmətçisi" (43,16 faiz) partiyası toplayıb, ikinci yerdə Viktor Medvedçukun "Həyat uğrunda – müxalifət platforması" (13,05 faiz) partiyasıdır, sonrakı yerləri Yuliya Timoşenkonun "Batkivşina" (8,18 faiz), Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun "Avropa həmrəyliyi" (8,10 faiz) və ukraynalı müğənni Svyatoslav Vakarçukun "Səs" partiyaları (5,82 faiz) bölüşüblər. Onu vurğulayaq ki, "Müxalifət platforması" rusiyayönlü siyasi qüvvə sayılır. Seçki öncəsi V.Medvedçuk Donbasdan 4 ukraynalı əsgəri əsirlikdən azad etdi, V.Zelenski isə ukraynalı dənizçiləri ala bilmədi.

Bundan başqa, V.Medvedçuk Donbas münaqişəsi ilə bağlı konkret təklif irəli sürüb və Kreml ona loyal yanaşır. "Müxalifət platforması" Donbası muxtar ərazi kimi tanımağı, orada azad ticarət zonası yaratmağı və özünün parlamentini formalaşdırmağı təklif edib. Məsələnin bu cür qoyuluşu Kremli qane edir, çünki Donbasın özəl ərazi olduğu etiraf edilir.

Bütün bunlara görə də, V.Medvedçukun partiyasının ikinci yerdə olması ekspertlər qarşısında yeni suallar yaradır. Belə çıxır ki, Ukrayna Radasında Rusiyaya meyilli qrup sayca digərlərindən çoxdur. Təbii ki, V.Zelenskinin partiyasını çıxmaq şərti ilə. Lakin "Xalqın xidmətçisi" daha çox yer qazandığından hökuməti formalaşdırmaq üçün koalisiyaya ehtiyac yoxdur. V.Zelenski müstəqil hökumət qura bilər.

Belə çıxır ki, V.Medvedçuk V.Zelenski ilə hakimiyyəti bölüşdürə bilməsə də, Radada aktiv müxalifətçilik edə bilər. P.Poroşenko və Y.Timoşenkonun V.Zelenskiyə dəstək verəcəyi ehtimalı azdır. Çünki korrupsiya və münaqişələrin həlli ilə bağlı yeni iqtidarın sualları çoxdur. P.Poroşenko oliqarxları hansı səbəblərdən müdafiə etdiyini izah etməlidir. Məhz bu kontekstdə V.Zelenskinin böyük səs çoxluğu ilə qalib gəlməsinin iki tərəfi vardır.

Biri ondan ibarətdir ki, V.Zelenski islahatları aparmaq üçün xeyli imkana malikdir. İndi o, prezident administrasiyasını, parlamenti və hökuməti nəzarətdə saxlaya bilir. Faktiki olaraq, parlamentdə ona müxalif qüvvə yoxdur. Bu səbəbdən hakim partiyanın qərarlarını asanlıqla Radadan keçirmək mümkün olacaq.

İkincisi, belə bir vəziyyət bütün məsuliyyəti V.Zelenskinin üzərinə qoyur. Yəni sonuc qənaətbəxş olsa, V.Zelenski xal qazanır, pis olsa, itirir. Parlamentdə olan heç bir qrup məsuliyyəti üzərinə götürməz. Deməli, əgər V.Zelenski verdiyi vədlərə əməl etməsə, onun reytinqi kəskin düşə bilər. Bu da qlobal güclərə V.Zelenski ilə oynamaq imkanı verir. Onlar öz maraqları naminə müxtəlif təsirlər edə bilərlər.

Bütün bunların fonunda ekspertlər hesab edirlər ki, Ukraynada daxili siyasi mübarizə daha da güclənəcək. Belə ki, V.Zelenski əlində olan imkanlardan istifadə edərək korrupsiya sisteminin və oliqarxların üzərinə gedəcək. Postsovet məkanının təcrübəsi göstərir ki, bu proses çox ağrılı gedir. Məsələn, Ermənistanda Nikol Paşinyan ölkədəki korrupsiyanın miqyasından dəhşətə gəlmişdi. Nəticə ondan ibarət oldu ki, Ermənistanda korrupsiya sistemi köklü dəyişikliyə uğramadı. Gürcüstanda oliqarxlar Mixeil Saakaşvilidən güclü zərbələr aldılar. Lakin bir müddət keçəndən sonra məhz onlar M.Saakaşvilini hakimiyyətdən uzaqlaşdırdılar. Hətta keçmiş prezidentə qarşı cinayət işi belə açdılar. Bu prosesin necə sonuclanacağı məlum deyil.

İslahatlar: ziddiyyətlər və qeyri-müəyyənlik şəraitində

Ukraynadakı vəziyyətə bu faktların prizmasından nəzər salsaq, arada elə də fərqin olmadığı qənaətini alarıq. Orada da korrupsiya sistemi güclüdür və ekspertlərin fikrinə görə, müqavimət güclü olacaq. Daxili siyasi mühitin bu cür gərginləşməsi hansı nəticələri verə bilər? Burada müxtəlif ssenarilər üzərində dayanılır. Mümkündür ki, bir neçə keçmiş məmur həbs edilsin. Lakin bu dairə geniş olmaya, müəyyən addımlardan sonra proses dayandırıla bilər. Yəni eynilə Ermənistan ssenarisi təkrarlana bilər.

Digər ssenari oliqarxların əməlli-başlı savaşa başlaması ola bilər. Bu halda ölkədə sabitliyin təmini çətinləşmiş olar. Kənar qüvvələr bu vəziyyətdən istifadə edib, öz maraqları naminə siyasi böhran yarada bilərlər. Üçüncü ssenariyə görə isə V.Zelenski xarici yardımlar hesabına real islahatlar apara bilər və nəticədə yeni siyasi mühit formalaşar. Bunun fonunda isə Donbasda vəziyyətin necə olacağını proqnozlaşdırmaq çox çətin olar. Çünki Ukraynada dövlətçiliyin güclənməsini arzulamayanlar az deyil.

Bu ssenarilər onu göstərir ki, V.Zelenski Radada və hökumətdə üstünlüyü ələ alsa da, çətinliklər azalmayıb. Obrazlı deyilsə, yeni hökumət köhnə problemlərlə məşğul olmalı olacaq. Bunun nə ilə nəticələnəcəyini əvvəlcədən demək isə asan deyil. Həm də ona görə ki, böyük geosiyasi güclərin Ukrayna uğrunda mübarizəsi səngiməyib. Əksinə, bu kontekstdə vəziyyət daha da mürəkkəbləşib.

Avropa İttifaqı Ukrayna hadisələrini diqqətlə izləyir. Brüssel bütövlükdə xarici siyasətində yeni strategiya hazırlayıb. Bu strategiyada postsovet məkanı ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu da "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində aparılır. Belə çıxır ki, Brüssel Ukraynada islahatların genişlənməsinə daha çox maraq göstərməyə başlayır.

Şübhə yoxdur ki, Moskvanın da öz planları mövcuddur. Parlamentdə Rusiyaya meyilli partiyanın təmsil olunması adi hadisə deyil. Rusiya varlığını hiss etdirir. Bunun fonunda Ukraynanın şərqində siyasi proseslərin necə inkişaf edəcəyi maraqla gözlənilir. Rusiya istənilən vaxt mövcud vəziyyətə ciddi təsir edə bilər. Burada rusiyalı ekspertlərin vurğuladıqları bir məqamı da xatırlatmaq yerinə düşərdi.

Onların fikirlərinə görə, indiki parlament seçkisi göstərdi ki, Ukrayna millətçiləri böyük nüfuz sahibi deyillər. Onların hamısı rusiyayönlü partiyadan geridə qalıblar. Belə bir vəziyyət Moskvanı tam qane edir. Ancaq bu dayanıqlı haldırmı? Yəni Ukraynada seçici rəyi qəti surətdə millətçilikdən uzaqlaşırmı? Bu sualın cavabı hələ aydın deyil.

Ukrayna cəmiyyətinin Rusiyaya loyal münasibətini təsdiq edən tutarlı fakt yoxdur. Ukraynada millətçilərin məğlubiyyəti isə müvəqqəti ola bilər. Və ya onlar yenidən qruplaşa bilərlər. Lakin bütün hallarda seçkidə milliyyətçi siyasi kəsimin zəif nəticə göstərməsi maraqlı haldır. Avropanın bir sıra ölkələrində radikal millətçiliyin getdikcə daha çox nüfuz qazandığı bir şəraitdə bu, olduqca maraqlı görünür.

Lakin ekspertlər əmindirlər ki, V.Zelenski Rusiyanın adamı deyil. Onun ətrafında da Kremlə simpatiyası olanlar yoxdur. Deməli, bütövlükdə Kiyev-Moskva xəttində abı-havanın dəyişəcəyini gözləmək doğru olmazdı. Onda belə çıxır ki, V.Zelenskinin parlamentdə qələbəsi milliyyətçilərin məğlubiyyəti olsa da, ümumi baxımdan siyasi kursda ciddi dəyişikliyin əlaməti hesab edilə bilməz. Bu variantda Ukraynada parlament seçkisinin geosiyasi dinamikaya təsiri haqqında nə demək olar?

Hər şeydən öncə, hiss olunur ki, Qərb postsovet məkanında oliqarxiya sisteminə qarşı daha kəskin mübarizə mərhələsinə qədəm qoyur. Gürcüstan və Ermənistandan sonra Moldova və Ukraynada bu prosesin işartıları özünü göstərir. Hələlik Moldovada daha çox addım atılıb. Orada kadr dəyişiklikləri edilib və idarəetmədə islahatlar aparmağa çalışırlar. Ukraynada da V.Zelenski korrupsiya və oliqarxiya sistemi ilə mübarizəyə əhəmiyyət verir. Deməli, geosiyasi olaraq Ukraynada V.Zelenskinin qələbəsi ilə Qərbin maraqları daxilində korrupsiya ilə mübarizə dalğasının genişlənməsi müşahidə edilir. Bu prosesin kimlərə fayda verəcəyini demək çətindir. Çünki mübarizənin özlüyündə məhz korrupsiyaya qarşı aparıldığına inam azdır. Bu isə Ukraynada siyasi qeyri-müəyyənliyin hələ də qaldığı deməkdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...