THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Keşikçidağ abidəsi ətrafındakı mübahisələr dost münasibətlərini pozmamalıdır

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1336
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 aprel 2019 – Newtimes.az

Keşikçidağ məbədi (gürcülər isə onu David Qareci məbədi adlandırırlar) – Azərbaycan Respublikasının Gürcüstanla sərhədində yerləşən qədim alban məbədidir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü tarixçiləri arasında mübahisə indi də davam etməkdədir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü siyasətçiləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Azərbaycan tədqiqatçıları bu kilsələrin alban abidəsi olduğunusübüt edirlər.

Albanşünas-alim Tofiq Məmmədov bu abidələrin Girdmanda tikildiyini qeyd edir. Mübahisəli fikirlər iki dost xalq arasında uçurum yaratmaq ideyasına xidmət etməməlidir. Bizim fikrimizcə, qəti olaraq demək olar ki, bu alban abidəsidir. Bunu abidənin yerləşdiyi ərazinin Albaniyaya məxsus olması da sübüt edir. Qədim dövrün tarixçi – tədqiqatçıları İberiya və Albaniyanın sərhədlərinin Delisa – Tiflisdən keçdiyini göstərirdilərsə, deməli bu abidələrin tikildiyi yer Albaniyaya məx­sus olur. Albaniyanın İberiya ilə qərb sərhədi müasir Tiflis şəhəri rayonundan keçmişdir. Bunu antik müəlliflər Strabon, Ptolomey də təsdiq edirlər. Strabon Kür barəsində danışarkən göstərmişdir ki, Araqa (Araqvi) çayına töküldükdən sonra Kür İberidən dar dərə ilə Albaniyaya axır. Kür ancaq Tbilisi rayonunda Araqvi ilə Alazanın töküldüyü dar dərə ilə Albaniyadan keçir. Ptolomeyə görə, Albaniya ilə sərhəddə İberiyada Kür sahilində Zalissa şəhəri yerləşmişdir. Hələ 20-ci illərdə məhşur gürcü tarixçi S.N. Kaxabadze də müasir Tbilisinin yerində belə bir şəhər olduğunu göstərir. Beləliklə, Zalissa – Delasi –Tbilisi sırasını alırıq ki, həmin şəhər Ptolomeyin vaxtında Albaniyanın qərb sərhədini təşkil etmişdir. [i]

Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Tarixçi-alimlər göstərirlər ki, "David Qareci” həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan Qurucu David və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir. Monastır XI əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleni Qarabağdakı alban kilsəsi də yaşayır. Rus işğalına qədər alban kilsəsi müstəqil idi. Çünki albanlar pravoslav, ermənilər isə monofizit təriqətinə mənsub idilər. Bu isə faktiki olaraq onların birləşməsini əngəlləyirdi. Amma rus işğalından sonra çar hakimiyyəti alban kilsəsinin ermənilərə qarışmasını tələb etdi. O zaman buna qarşı müqavimət də vardı. Qarabağ xristianları çara məktubda özlərinin erməni yox, albanlar, utilər olduqlarını bildirirdilər. Amma XIX əsrdə İran və Türkiyədən gəlmə ermənilərin sayının ərazidə artması nəticəsində xristian albanlar erməniləşdirildi.

"David Qareci” də XI-XII əsrlərə qədər alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lordkipanidze də etiraf edir ki, alban monastırı olan "David Qareci” Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi. Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Bundan sonra, yəni monqol işğalı dövründəbaşqa xristian məbədləri kimi "David Qareci” monastırı da xalq müqavimət hərəkatının mərkəzinə çevrildi. Məhz bu amilə görə "David Qareci” gürcülər üçün müqəddəs abidə hesab olunur. Hətta Şah Abbasın hakimiyyəti dönəmində monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olmuşdur. Monastır kompleksinin sərhəd əraziyə düşməsi Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir. Rusiya işğalından sonra monastır kompleksi Gəncə və Tiflis quberniyasının arasındakı sərhəd əraziyə düşüb. Sovet dövründə bu bölgü qüvvədə olmuşdur, yəni kompleks Azərbaycan sərhədləri daxilində idi. Müstəqillik əldə olunduqdan sonra sərhədlər dəqiqləşdirilir. Bu da mübahisə obyektinə çevrilmişdir. Əslində söhbət ərazidən çox, abidənin taleyindən gedir. Bu, Azərbaycan üçün prinsipial məsələdir. Çünki gürcülər abidəyə iddia etməklə ərazimizədə sahib olmaq fikrindədirlər. Digər təhlükəli məqam odur ki, biz alban irsindən imtina etməklə ermənilərin əlinə fürsət verə bilərik. Sonradan ermənilər digər alban abidələrinə də iddia edə bilərlər. Bu daha ağrılı məsələdir.

Gürcü mənbələrində 1870-ci ildə İoan Krestitel və David Qareci monastırlarının Tiflisdən 42 km aralıda Qarayazı çöllərində yerləşdiyi və 20-yə qədər monaxın yaşadığı göstərilmişdir. XVIII əsrdə Vaxuşti «Gürcüstan coğrafiyası»” əsərində David Qareci monastırlarının yerləşdiyi ərazi, iqlim xüsusiyyətləri və s. haqqında ətraflı məlumat vermişdir: "Naqebinin şərq və cənub tərəfləri böyük çöllük-Karaia (Qarayazı) çölləridir. Qareci dağlarında (Qaradüzdə – Ö.V.) monastırlar vardır. Qayalar içində yerləşir.

Natlismsemelidə arximandrit (baş monax), Çiçxutiridə baş keşiş oturur. Mteari - sxaliyedək çoxlu monastırlar vardır. Bu monastırlarda sxima (rahiblər) çoxdur. Lakin indi (XVIII əsrdə) onların beşdən biri yaşayır. Burada içməli su yoxdur. Yağış sularını qaya sularına toplayır və içirlər. Meşəlik, ağaclıq da yoxdur. Yalnız tikanlıqlar var. Şəkillərlə bəzədilmiş və əla tərtib edilmiş kilsələr çoxdur” [ii] .

1896-cı ildə çapdan çıxmış "Tiflis və onun ətrafı (civarı)” kitabında David Qarecinin kompleksi haqqında gürcülərin mövqeyini ifadə edən məlumat verilmişdir: "Tiflisdən cənub-şərqə doğru 40 verst aralıda Qarayazı çöllərində "Qarayazı” dəmiryol stansiyasından o qədər də uzaq olmayan bir yerdə çöllü-biyabanda İoan-Xristian (Krestitel) – gürcülərin Natlissemeli adlandırdıqları və əsası VI əsrdə qoyulmuş David Qareci monastırları yerləşir. David Qareci monastırı İoan Xristiyan monastırından 7 verst aralıda, həmçinin, Qarayazı çöllərində yerləşir. Bir vaxtlar burada çoxlu rahiblər yaşamış və 12-yə qədər monastır olmuşdur. Bu monastırın xarabalıqları XIX əsrədək qalmaqda idi” [iii] .

Onu da qeyd edək ki, monastır Sovet dövründə fəaliyyət göstərməmişdir. Hazırda gürcülərin bu məsələdə daha çox canfəşanlıq göstərməsinin arxasında siyasi maraqlar dayanır. Gürcülər milliyyətçilik amilini qabardır, bu məsələdən bilə-bilə problem yaradırlar. Onlar başa düşməlidirlər ki,Azərbaycan üçün bu abidə ulu babalarmızın daş yadigarı olub xalqımızın tarixi müqqədəs və əziz bir yeridir. Məhz buna görə də 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olmuşdur. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır.

Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olmuşdur. Hətta Sovet dövründə bu ərazilərin də daxil olduğu "Qarayazı” poliqonu SSRİ-də ən böyük hərbi təlim meydancası hesab olunurdu. Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmamışdır. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur. [iv]

Gürcü tədqiqatçıları O.Caparidze, Q.Avalişvili, M.Pirsxalava, M.Menabde, T.Kiğuridze, K.Qosadze, S.Davlianidze, M.Sinauridze bu bölgələrdəki maddi mədəniyyət abidələrini türkdilli tayfaların sakların (iskitlərin, işquzların, skiflərin) bu yer­lərdə məskunlaşması ilə əlaqələndiriblər.

Sovet dövründə 1921-ci il iyul ayının 5-də Tiflisdə iki respublika arasında sərhədlərin ümumi qaydada müəyyənləşdirilməsi məqsədi ilə F.Maxaradze-N.Nərimanov sazişi imzalanmışdır. Bu sazişə uygun olaraq Ə.Abbasov (Azərbaycan) və V.Kandelakinin (Gürcüstan) sədrliyi altında xüsusi qarışıq komissiya yaradıldı. Bu komissiya əsasən Qarayazı, Eldar və Çatma düzlərində Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası ilə məşğul oldu. [v] Abbasov-Kandelaki komissiyasının 1921-ci il noyabrın 8-də keçirilən iclasında Qazax qəzası ilə Gürcüstanın müvafiq həmsərhəd qəzaları arasında sərhəd xətti məsələsinə baxıldı. [vi] Əldə olunmuş razılığa əsasən, Azərbaycanın Qarayazı bölgəsi iki hissəyə ayrılırdı: Yuxarı Qarayazı Gürcüstana, Aşağı Qarayazı isə Azərbaycana aid edilirdi. David-Qareci monastır kompleksi rayonunda sərhəd Quzey-Keşiş dağına uzanaraq, oradan sıra dağlar ilə cənub-şərqə istiqamətlənərək, monastırın şimalında ucaldılmış qüllədən keçirdi. Deməli, monastır kompleksi bütünlükdə Azərbaycan tərkibində təsbit olunurdu.

Komissiyanın gəldiyi qənaətlər noyabrın 15-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev və Gürcüstan İnqilab Komitəsinin sədri Budu Mdivani arasında imzalanmış yeni sazişdə ifadəsini tapdı. [vii] Əgər Nərimanov-Maxaradze razılaşması ilə, sadəcə, Qarayazıda Qazax kəndlilərinin torpaqlarının müəyyənləşdirilməsindən bəhs edilirdisə, bu saziş Qarayazını iki respublika arasında bölürdü. Orada sərhədlər aşağdakı qaydada göstərilirdi: "Sərhəd Qırmızı körpüdən başlanır, şimala Torpaq-təpəyə yönəlir, düz xətt üzrə gedərək, Kür çayını kəsir, Qozluq meşəsindən keçməklə Qarayazı suvarma sisteminin 17-ci arxının cənub qurtaracağına çatır, oradan həmin 17-ci arxın qərb tərəfi üzrə şimal istiqamətində uzanmaqla, Şıxlı kəndinin sakinlərinin şumladıqları bütün torpaqları əhatə edir. Daha sonra sərhəd şimala yönələrək, şıxlılara məxsus Böyük Kəsik mülkünü əhatə etməklə və Candar gölünü ikiyə bölməklə, onun şərq hissəsini Azərbaycanın, qərb hissəsini isə Gürcüstanın mülkiyyətində saxlayır, şimala Kirişli dağına yönələrək, Keşiş-quzey dağına çatır. Daha sonra cənub-şərqə enərək və Şıxlı-karvan yolu aşırımından keçərək, böyük yolu kəsir, şimala doğru dönür, Dibsizin dağına qalxaraq, Aram-dərə yarğanını kəsir və Qutanı ötüb keçərək, Qalagir dağına çatır. Oradan İori çayına yönələrək, onun boyunca Kəsəmən məntəqəsinədək uzanır, daha sonra isə dövlət sərhədi üzrə istiqamətlənir”. Gətirilən fraqmentdən göründüyü kimi, bu sənəddə iki respublika arasında sərhəd kifayət qədər ətraflı surətdə verilirdi, hərçənd sərhədin keçdiyi ərazilərin dəqiq koordinantları göstərilmirdi ki, bu da onun çatışmayan cəhəti idi.

Gürcüstanın görkəmli tarixçisi Quram Marxulia Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) saytına eksklüziv açıqlamasında bildirdir. "Mən öncə başa düşmədim ki, Okruaşvili nə deyir? Mən ilk dəfə eşitdim ki, Okruaşvili belə sözlər deyə bilər. Əvvəlcə onun kim olduğunu düşünmək lazımdır. O, hansı millətə məxsusdur ki, başqaları haqqında söz desin? Mən xahiş edirəm ki, onun soyadının Oskanyan olduğunu yazın. Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır. O, vaxtilə müdafiə naziri olanda ondan belə sözlər eşitməmişdim. İndi eşitdiyim sözlər mənim üçün gülməlidir. Bu sözlər bu gün kimə lazımdır? Bu gün baş verənlərin başlıca məqsədi odur ki, Gürcüstan-Azərbaycan münasibətləri pozulsun. Q. Marxulia bildirib ki, bütün bu hadisələr Pankisi dərəsindən başlayıb: "Burada cəhd etdilər ki, HES tiksinlər və xalq bu addıma etiraz etməyə başladı. Mən həmişə xalqlarımızın dostluğunun inkişafına çalışıram, lakin elə təxribatçılar var ki, bunun əleyhinə addımlar atır və illərlə yaranan bu dostluğu pozmaq istəyirlər. Bütün məsələlərə müdrikcəsinə yanaşmaq lazımdır. Gürcüstan və Azərbaycan dövlətləri arasında olan problemləri mütəxəssislər oturub birdəfəlik həll etməlidirlər. Bu, ən başlıca addımdır. Bu gün küçədə XXI əsrdir. Təxribatlarla məşğul olmaq nə gürcü xalqına, nə də Azərbaycan xalqına yaraşır. Fikirləşirəm ki, hər şey öz yoluna düşəcək və hamı bir-birini başa düşəcək. Bu geoisiyasəti, təxribatı törədən bizim düşmənlərimiz olan ermənilərdir. Onlar cəhd edirlər ki, Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri pozulsun. [viii]

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlamasında deyib: "Biz ümid edirik ki, bu proses çox qısa müddətdə yekunlaşacaq. Azərbaycan öz tərəfindən buna hazırdır. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədi beynəlxalq təcrübədə mövcud olan qaydalara əsaslanaraq, eləcə də qarşılıqlı əlaqələndirmə çərçivəsində ikitərəfli formatda həll olunur. Dövlət komissiyasının iclasları keçirilir. Bu günə kimi 11 iclas olub. Ümumiyyətlə, iki ölkə arasında 480 km sərhədin 314 km hissəsi dövlət komissiyaları çərçivəsində razılaşdırılıb. 166 km ərazi isə ekspertlər səviyyəsində araşdırılır", - deyə o bildirib.

Gürcüstanla Azərbaycan arasında sərhədə dair 1938-ci il sənədi ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin açıqlamasını şərh edən XİN rəsmisi deyib ki, istinad olunan sənədlərdən biri 1938-ci ilə aid olan 1:500000 miqyasda olan, daha çox sxematik xarakterli xəritədir: "Bu xəritə Azərbaycan və Gürcüstan SSR tərəfindən qəbul olunmuş sənəddir. Daha sonra SSRİ 1942-cu ildə daha aydın görüntülü 1:100000 miqyaslı xəritələrin işlənib hazırlanması qərarını verib. Bundan başqa, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin də təsdiq etdiyi xəritə mövcuddur. İşçi qrupu səviyyəsində delimitasiya məsələsinə baxdılıqda bu xəritələrə istinad olunur. İndiyə kimi də bununla bağlı hansısa problem yaşanmayıb". [ix]

Yekun olaraq belə qənaətə gəlmək olar ki, gürcü millətçilərinin iddiaları əssasızdır. Tarixi faktlar bu kompleksin alban abidəsi olduğunu sübüt edir. Bir də onu qeyd etmək olar ki, bu abidənin yerləşdiyi yer həm də hərbi-strateji əhəmiyyət kəsb edir.

Vahid Ömərov,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


[i] S.Vəliyev. Qədimdən qədim Azərbaycanım, Azərnəşr, 1995, s.105

[ii] Вахушти, Географии Грузии, Тифлис, 1904 г, c.55.

[iii] Тифлис и его окружение. Тифлис 1896, c. 7.

[iv] Keşikçidağ monastırı https://az.wikipedia.org/wiki/Ke%C5%9Fik%C3%A7ida%C4%9F_monast%C4%B1r%C4%B1

[v] Rəhmanzadə Ş. Azərbaycan-Gercestan münasibətlərində ərazi məsələləri. Bakı: Aspoliqraf, 2008, s. 196

[vi] Azərbaycan Respublikası Dövlət Arxivi, f.2502, s.2, iş 3, v.92-92(arxa)

[vii] Yenə orada, f.28, s.1, iş 84, v. 7-7(arxa)

[viii] Gürcü tarixçi: "Təxribatlarla məşğul olmaq nə gürcü xalqına, nə də Azərbaycan xalqına yaraşır" https://gaxa.ge/n/2059

[ix] Azərbaycan XİN sözçüsü Gürcüstan prezidentinin dövlət sərhədinə dair açıqlamasını şərh edib https://ona.az/az/siyaset/azerbaycan-xin-sozcusu-gurcustan-prezidentinin-dovlet-serhedinde-dair-aciqlamasini-serh-edib-9554

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...