THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Beşinci kolon": düşmən dəyirmanına su tökənlərin "tarixi" məsuliyyəti

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2595
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 aprel 2019 – Newtimes.az

Son vaxtlar meydana yeni bir iddia atılıb. Guya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmalı olan əməkdaşlıq sazişində ölkənin ərazi bütövlüyü məsələsi yer almayıb. Səbəbi isə Brüsselin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsidir. Əlbəttə, ciddi düşünən insanlar üçün bu, sadəcə, gülüş mənbəyidir. Hansı dövlət ərazi bütövlüyünü tanımayan qurumla strateji əməkdaşlıq edər? Təbii ki, heç bir dövlət bunu etməz. Lakin bu yalanı yayan Ermənistanın çirkin ideoloji təbliğat maşınıdır və onu Azərbaycanda, çox təəssüf ki, tirajlamağa çalışan isə "beşinci kolon"dur. Faktlar göstərir ki, Aİ sənədlərində Azərbaycanın ərazi bütövlüyünü həm tanıdığını, həm də onun müdafiə olunması zərurətini dəfələrlə vurğulayıb. Bütövlükdə Aİ "Şərq tərəfdaşlığı"na aid sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını xüsusi qeyd edir. Bəs bu yalan haradan qaynaqlanır? Bu yalanı ölkədə yaymağa çalışan "sapı özümüzdən olan baltalar"ın tarix qarşısında məsuliyyəti varmı? Bu kimi suallara cavab üzərində geniş dayanmaq istərdik.

İnformasiya savaşı: müstəqil Azərbaycan və kölə Ermənistan

Hazırkı tarixi mərhələdə informasiya savaşını aparmağın müxtəlif metodları vardır. Onların içərisində rəqibin öz daxilində olanlardan özünə "müxalif cəbhə" yaratmaq daha geniş yayılıb. Bununla həm düşmən öz informasiya məqsədinə çatmağa çalışır, həm də müəyyən mənada "yaxasını qırağa çəkmiş" kimi görünür. Yəni "filan şeyi öz daxillərində olanlar deyirlər" kimi bəhanələr irəli sürmək imkanı yaranır.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra demokratiya, söz azadlığı, insan haqları kimi ibarələr altında milli dövlətçiliyə qarşı çox həmlələr gördü. Bu proses indi də davam edir. Müxtəlif istiqamətlərdən Azərbaycan cəmiyyətinin müstəqil dövlət qura bilməyəcəyi kimi təxribatçı informasiya hücumları baş verdi. Ancaq bütün bunların əbəs olduğu tezliklə anlaşıldı. Niyə?

Azərbaycanın dövlət quruculuğunda, daxili və xarici siyasətdə əldə etdiyi uğurlara görə! Düşmən nə qədər həyasız, yalançı və ədalətsiz oldusa, Azərbaycan bir o qədər möhkəmləndi, mətinləşdi və nailiyyətlər əldə etdi. Onların memarı Ulu öndər Heydər Əliyev idi. Təcrübə onu da hər kəsə sübut etdi ki, Heydər Əliyevdən sonrakı dönəmdə Azərbaycan eyni qərarlılıqla, rasionallıqla və məqsədyönlü sürətlə inkişaf kursunu davam etdirir. Bu prosesi isə artıq 15 ildən çoxdur ki, Prezident İlham Əliyev aparır. Belə bir reallıq qarşısında haqsız olduğu qədər də həyasız olan düşmən nə edə bilərdi?

Təbii ki, Azərbaycana qarşı daha intensiv informasiya savaşı aparmağa cəhd edəcəkdi. Üstəlik, bu prosesə onun xaricdəki havadarları da dəstək verməli idi. Çünki artıq aydın görünürdü ki, Azərbaycan uğurla nəinki müdafiə olunur, hətta hücum edə bilir. Azərbaycanın informasiya hücumu haqqa, ədalətə, reallığa və konstruktivliyə əsaslandığından onun qarşısını almaq mümkün deyil. Bu həqiqəti erməni siyasi rəhbərliyi faktiki olaraq etiraf etməli oldu. Onun əlaməti hansılar idi?

Onun başlıca əlaməti Nikol Paşinyan hakimiyyətə gələndən qısa vaxt sonra özünü göstərdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycan informasiya-təbliğat sahəsində hücumdadır və ermənilər müdafiə olunmağa məhkumdurlar. Onlar sanki "müdafiə səngərində sıxışdırılıblar" və təşəbbüs əldən gedib. Bu səbəbdən də Ermənistan informasiya hücumuna keçməlidir və Azərbaycanı sıxışdırmalıdır. Əgər son 1 ilin erməni KİV-lərini izləsəniz, bu hay-küyü aydın görə bilərsiniz. Ancaq demək asandır, haqsız ola-ola necə hücuma keçmək məsələsi xeyli çətindir. Və bu çətinlik yenə də Ermənistanın sınıq-salxaq təbliğat maşınının cırıltılarında özünü göstərir.

Onların "ekspert" adlandırdıqları adamların yazılarının məntiqinə diqqətlə baxdıqda, gülməkdən başqa reaksiya yaranmır. Çünki real arqument yoxdur və buna görə də qondarma iddialar aydın duyulur. Bu, daha çox Dağlıq Qarabağla bağlı yazılarda görünür. Eyni zamanda, Azərbaycanın xarici siyasətinin "təhlili"ndə və regional geosiyasətin "analizi"ndə özünü göstərir. Geosiyasət aspekti ayrı mövzudur. Burada biz ancaq Azərbaycanın xarici siyasətinin bir aspekti ilə bağlı erməni cızmaqarası üzərində dayanacağıq.

Ermənistanın xarici siyasətinin ən zəif və məntiqsiz aspekti Avropa istiqamətində qurulan "siyasət"dir. Əslində, indi belə bir real siyasət yoxdur. Rusiyanın vassalı kimi, Ermənistan hərdən-bir başını Kremlin arxasından çıxarıb, nəsə mızıldanır, lakin dərhal da yenə orada gizlənir. Çünki onun müstəqil olmaq ixtiyarı yoxdur. Lakin bu "de-gizlən" oyununa "Ermənistanın xarici siyasətində Avropa ilə Rusiya istiqamətlərinin tarazlaşdırılması" kimi gurultulu bir ad da qoyublar. Onun heç bir real faktla təsdiqi yoxdur.

Açıq yalan: "de-gizlən" taktikasının yerli züy tutanları

Ermənistan rəhbərliyi keçirdiyi görüşlərin böyük hissəsini "qədim erməni xalqı"na həsr edir, bir qismində demokratiyadan dəm vurur və Azərbaycanı qaralamağa çalışır. Onu dinləyirlər və hansı addımları atacaqlarını soruşurlar. Ermənilər isə konkret heç bir layihə təklif edə bilmirlər ki, nəticəsi ümumi bəyanatlar olur. Çünki avropalılara da ermənilər maşa statusunda lazımdır. Hətta ənənəvi havadar Fransa belə "soyqırımı" nağılından istifadə edir, ancaq Ermənistana böyük sərmayə qoymur. Sual olunur: nəyə görə? Çünki Ermənistan həm xalq, həm də dövlət kimi Parisə müəyyən məqsədlər üçün lazımdır. Sonra, kənara atacaq.

Avropalılar müəyyən dərəcədə haqlıdırlar. Çünki ermənilər onları əməlli-başlı aldatdı. Avropa İttifaqına assosiativ üzvlük ərəfəsində Serj Sarkisyan Kremlə qaçdı və Rusiyanın layihəsində olduğunu açıq dedi. İndi də Nikol Paşinyan Avropa İttifaqı ölkələrinin paytaxtlarında ora-bura vurnuxur, nəsə demək istəyir, ancaq real nəticə yoxdur. Söz və vəd var. Bunun fonunda Azərbaycan-Aİ əlaqələrində möhtəşəm hadisələr baş verir.

Azərbaycan yeganə müstəqil dövlətdir ki, Aİ-nin təklif etdiyi və assosiativ üzvlüyü nəzərdə tutan layihəni qəbul etmədi. Əvəzində, özünün hazırladığı strateji tərəfdaşlıq sənədini ortaya qoydu. Brüsseldə əvvəlcə buna isti yanaşmadılar. Lakin sonra əmin oldular ki, Azərbaycan tam müstəqil siyasət yeridir və irəli sürdüyü layihə çox konstruktivdir. Həmin inam əsasında müzakirələr başladı. Nəhayət, 2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" adlı mühüm sənəd paraflandı.

Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olunub. Ondan bir il əvvəl isə "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsində Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı haqqında müddəa yer almışdı. Son olaraq Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi qətnamədə tərəfdaş ölkələrin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyi təsdiqini tapıb. Münaqişələrin isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi vacibliyi vurğulanıb.

Bütün bunları nəzərə alanda, baxın, necə bir mənzərə formalaşır. Bir tərəfdə Aİ ilə müstəqil əməkdaşlıq yolunda olan, özünün hazırladığı şərtlər üzərində Avropa ilə strateji tərəfdaşlıq quran və eyni zamanda, həyata keçirdiyi uğurlu layihələrlə beynəlxalq əməkdaşlıqda xüsusi yer tutan Azərbaycan var, digər tərəfdə isə heç assosiativ üzv ola bilməyən, Rusiyanın layihələri altında gizlənən, beynəlxalq və regional əməkdaşlıqda sıfır olan, Avropadan böyük sərmayə görməyən zavallı Ermənistan var! Bunları müqayisə etmək belə mümkün deyildir.

Ancaq başqa bir yol da var: şər-böhtana davam etmək, haqlını haqsız, yalanı isə doğru kimi qələmə verməyə çalışmaq. Bax, bu məsələdə Qərbin bir sıra təşkilatları, məsələn, "Transparency International", "Amnesty International", "Human Rights Watch", "Beynəlxalq Böhran Qrupu", "Sərhədsiz reportyorlar", OCCRP və digərləri böhtançının yanında olduqlarını hər fürsətdə nümayiş etdirirlər. Haradasa, tarixi təcrübəyə əsaslanaraq onları da anlayırıq – xristian təəssübkeşliyi ilə islamofobiya bir-birinə qarışıb. Bəs, Azərbaycanda doğulub, bu millətin çörəyini yeyib, bu diyarın havasını udan bəzi "jurnalistlərə", "ekspertlərə" nə düşüb? Doğrudanmı, "beşinci kolon" olmağın Vətənə xəyanət olduğunu anlamırlar? Erməni işğalçıları və böhtançıları ilə bir sırada durmağın tarixi məsuliyyətini hiss etmirlərmi?

Onlar hansı vicdanla Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü tanımadığını yazırlar? Yuxarıda sadalanan faktları hamı bilir. Həmin faktlar ola-ola, hansı məntiqlə erməni yalanını həqiqət kimi təqdim etməyə çalışmaq olar?

Belələrini başa düşmək mümkün deyildir. Lakin tarixin öz məntiqi var. Gec və ya tez həmin dairələr ən azından öz vicdanlarının mühakiməsi qarşısında qalacaqlar. Bəlkə də onlardan hansınınsa övladı və ya nəvəsi özü də bilmədən sual edəcək: "dədə, mənə "beşinci kolon"dan danış, deyirlər onlar ermənilərin sözünü deyirlərmiş"! Tarixdə çox belə nümunələr vardır. Hər bir halda, insan özü-özü ilə tək qaldığı anlar olur. Ən ağır dialoq o anda yaşanır. İndi Azərbaycan haqqında yalan yazanlar o ana hazırdırlarmı?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...