THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan: xarici siyasətin yeni üfüqləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9350
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 oktyabr – Newtimes.az

Prezident İlham Əliyev ölkənin diplomatik korpusu qarşısında yeni vəzifələr qoyub. Azərbaycanın xarici siyasətdə qazandığı uğurların tam əsaslandırılmış strateji kursun fəal olaraq həyata keçirilməsinin nəticəsi olduğunu vurğulayıb. Bu istiqamətdə atılan addımların gücləndirilməsi xarici siyasət qarşısında yeni üfüqlər açır.

Beynəlxalq aləmin yeni çağırışları və xarici siyasət

Sentyabrın 21-də Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni korpusunun açılışına həsr edilmiş tədbirdə geniş nitq söylədi. Nitqdə dövlət başçısı Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələrin geniş təhlilini verərək, olduqca vacib məqamlara diqqət çəkdi. Həmin nitq xarici siyasətin aparılması və strateji məqsədlərə nail olunması aspektində tam mənada tarixi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının qazandığı uğurları qeyd etdi. Ölkənin xarici dövlətlərdə 55 səfirliyi vardır. 53 ölkənin də Azərbaycanda səfirlikləri fəaliyyət göstərir. Bu, əhəmiyyətli nailiyyətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun uğurla həyata keçirilməsinin birbaşa nəticəsidir.

Bu prosesdə peşəkar kadr hazırlığı böyük rol oynayır. Azərbaycan Diplomatik Akademiyası bu sahədə səmərəli fəaliyyət göstərir. Bu kontekstdə ölkə Prezidentinin səfirlərlə ənənəvi görüşünü yeni tədris korpusunda keçirməsi xüsusi məna daşıyır.

Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı: "Səfirlərin qarşısında duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq münasibətlər dəyişir və beynəlxalq aləmdə yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Bu gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir”.

Bu fikirlərdə dövlətçiliyin inkişafı üçün prinsipial əhəmiyyət daşıyan bir neçə məqam ifadə olunub. Birincisi, beynəlxalq münasibətlər sürətlə dəyişir. Bununla beynəlxalq aləmdə yeni məsələlər yaranır. Hər bir müstəqil dövlət üçün bütün bunlar yeni çağırışların ortaya çıxması deməkdir. Azərbaycan dövlət olaraq bu çevik dəyişikliyə hazır olmalıdır. Dinamik xarici siyasət yeritmək zamanın tələbidir. Buna isə peşəkar kadrlar və xarici siyasət kursunu uğurla həyata keçirməklə nail olmaq mümkündür.

İkincisi, yeni çağırışlara cavab verən xarici siyasət kursunun davamlılığı üçün o, yeniliklərə açıq olmalıdır. Yəni xarici siyasətə mütəmadi qaydada yeni düzəlişlər edilməlidir. "Çevik alyanslar” modelinin geniş yayıldığı bir dövrdə yalnız bu cür siyasət strategiyası dövlətin maraqlarına uyğun olan nəticələr əldə etməyə imkan verir.

Üçüncüsü, xarici siyasətin strategiyası daim digər sahələrdə həyata keçirilən strateji xətlə uzlaşdırılmalıdır. Bütün sahələri əhatə edən strateji fəaliyyətlər bir-birini tamamlamalıdır. Müasir dövrdə geosiyasi mühitin mahiyyəti bunu tələb edir. Dövlətlər arasında əlaqələr dərinləşdikcə, bu əsasda qarşılıqlı asılılıq artdıqca, siyasi-diplomatik fəaliyyətin bütün aspektləri arasında sıx bağlılıq təmin edilməlidir. Bundan başqa, onun sosial-mədəni, iqtisadi, hərbi və s. sahələrlə qarşılıqlı əlaqəsinə nail olunmalıdır.

Xarici siyasətin əsas vəzifəsi

Prezident İlham Əliyevin nitqində siyasi nəzəriyyənin çox incə bir məqamı ustalıqla ifadə olunmuşdur. Məsələ ondan ibarətdir ki, siyasətə ümumnəzəri yanaşma ilə yanaşı, onun hər bir tarixi mərhələdə konkretliyə malik olması vacib şərtdir. Xarici siyasət həmişə dövlətçilik üçün bu tarixi mərhələdə strateji əhəmiyyət kəsb edən problemə fokuslaşmalıdır. Bu cür konkretlik olmadığı halda istənilən dövlətin xarici siyasəti məqsəd baxımından yayğınlaşır, fəaliyyəti koordinasiya etmək çətinləşir və zaman keçdikcə səmərəlilik aşağı düşür. İlham Əliyev nitqində Azərbaycanın xarici siyasəti üçün əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu qeyd etdi.

Prezident məsələyə iki aspektə yanaşmağın vacibliyini vurğuladı. Birinci aspekt həmin problemin ümumiyyətlə, Azərbaycan dövləti üçün əhəmiyyət daşımasından ibarətdir. Burada dövlətçiliyin inkişafı ilə ölkənin ərazi bütövlüyünün təmini arasında sıx əlaqəni görürük. Ərazi bütövlüyü təmin edilməyən dövlət tam suveren deyil. Başqa sözlə, suverenliyini qoruya bilməyən ölkə müstəqil siyasət yeridə bilməz. Deməli, Dağlıq Qarabağ münaqişəsinin həlli bütövlükdə, dövlətçiliyin təmini strategiyası ilə birbaşa bağlıdır.

Bu mövqe müasir geosiyasi nəzəriyyələrin əsas prinsiplərinə uyğundur. Çünki güclü dövlət qurmaq üçün milli suverenlik təmin edilməlidir. Milli suverenlik isə ölkənin daxili potensialı ilə beynəlxalq sistemin tələblərini optimal qaydada uyğunlaşdırmaqla əlaqəlidir. Bunlardan hər hansı birinin əhəmiyyətini azaltmaq olmaz. Bu məqam Vestfal müqaviləsində (1648) əks olunmuş suverenlik prinsipinin dəyişməsi kimi qəbul edilir.

Suverenliyin yeni məzmunu hər bir dövlət üçün özünün bütün ərazisində hakimiyyətini təmin etməsi şərtinin ödənilməsini tələb edir. Buna görə, Dağlıq Qarabağ məsələsinin bizim üçün dövlətçiliyin təmini baxımından strateji əhəmiyyəti vardır.

Prezident İlham Əliyevin vurğuladığı ikinci aspekt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq birliyin yanaşma tərzi ilə bağlıdır. Neçə illərdir ki, bu münaqişənin həllində vasitəçilik edənlər uğur əldə etməyiblər. Prezident bununla əlaqədar qeyd etdi: "Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir”.

Belə bir vəziyyətdə Azərbaycan diplomatiyasının üzərinə çox böyük məsuliyyət düşür. Faktiki olaraq, iki geniş istiqamətdə güclü iş aparmaq lazım gəlir. Onlardan biri bilavasitə işğalçının özü ilə mübarizədən ibarədir. İkincisi isə, beynəlxalq aləmdə haqlı olduğunu israrla sübut etmək və bunu təsdiq edən sənədlərin qəbuluna nail olmaqdır. Hər iki istiqamətdə Azərbaycanın xarici siyasəti əhəmiyyətli nailiyyətlər qazanmışdır.

Prezident nitqində vurğuladı ki, "Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır”. Bunların konkret sübutu BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının, NATO-nun qətnamə və qərarlarıdır.

Bu işlərin həyata keçirilməsində Azərbaycan diplomatiyasının əməyi böyükdür. Nəticədə, münaqişənin ədalətli həlli üçün hüquqi baza formalaşmışdır. Hazırda Ermənistanın mövqeyi həmin aspektdə çox zəifləmişdir. O cümlədən, erməni lobbisinin bir neçə il dünyanı aldatdığı Dağlıq Qarabağın qədim erməni torpağı olması mövzusu hüquqi və tarixi əsaslarını tam itirmişdir. Bunun əksinə olaraq isə, Azərbaycanın mövqeləri çox güclənmişdir.

Azərbaycanın dünyadakı nüfuzu

Prezident dövlətin inkişafının bütün aspektlərini təhlil edərək, dünyadakı nüfuzunun durmadan artdığını ayrıca vurğuladı. Azərbaycan regional səviyyədə liderdir. Onun iştirakı olmadan bölgədə heç bir beynəlxalq enerji layihəsi həyata keçirilmir. Bütövlükdə, Azərbaycan iqtisadi cəhətdən Ermənistanı çox qabaqlayıb. Aradakı fərq durmadan artır.

Azərbaycanın iqtisadi infrastrukturu sürətlə təkmilləşir, onun rəqabətə davamlılıq reytinqi yüksəlir. Beynəlxalq təşkilatlar Azərbaycanın kredit reytinqini artırır. Prezident həmin kontekstdə qeyd etdi ki, "böhran zamanı bütün Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri aşağı salınır, bizim kredit reytinqimiz isə artır. "Standard & Poor's", "Fitch", "Moody's" – bunlardan yuxarı kredit agentlikləri yoxdur. Üçü də bizim reytinqimizi qaldırıbdır”.

Başqa bir əhəmiyyətli faktor demoqrafiyadır. Əvvəllər bu məqama elə də əhəmiyyət verilmirdi. Təcrübə göstərir ki, demoqrafik göstəriciləri zəif olan dövlətin gələcəyi təhlükə qarşısındadır. Azərbaycanda əhali artımı qaneedici səviyyədədir. Ermənistanda isə bu göstərici çox aşağıdır. Aparılan tədqiqatlar müəyyən edib ki, Ermənistan əhalisi getdikcə azalır. Buna təsir edən amillərdən biri də ermənilərin ölkəni kütləvi surətdə tərk etmələridir.

Azərbaycanın dünyada nüfuzunun artdığını sübut edən başqa bir hadisə ölkənin BMT TŞ-yə müvəqqəti üzv seçilməsidir. Üzvlük uğrunda Ermənistan da mübarizə aparırdı. Lakin Azərbaycanla müqayisədə şansının çox az olduğunu anlayıb, yarışdan çəkildi. Bu hadisə beynəlxalq miqyasda Azərbaycanla Ermənistanın siyasi nüfuzunun ən yaxşı sübutlarından biridir. Azərbaycana BMT-yə üzv olan 155 ölkə səs verdi.

Prezident həmin aspektdə ayrıca qeyd etdi ki, Azərbaycan həmin 155 ölkə ilə ikitərəfli formatda əlaqələri genişləndirməlidir. Bu da diplomatların qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Ümumiyyətlə, Azərbaycan dövləti əməkdaşlıqda ikitərəfli formata üstünlük verir. Bunu siyasi sahə ilə yanaşı iqtisadi aspektdə də aid etmək olar. Hər iki istiqamətdə atılan addımların səmərəsi göz qabağındadır. Azərbaycan siyasi sahədə ikitərəfli əməkdaşlıq formatına xüsusi əhəmiyyət verməklə BMT TŞ-yə üzv ola bildi, iqtisadi sahədə isə TANAP kimi nəhəng bir layihəni ortaya qoydu.

Bütün bunların nəticəsi olaraq İlham Əliyev vurğuladı ki, "biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir”. Ölkənin buna nail olacağına şübhə yoxdur. Çünki o, müstəqil siyasət yeridir.

Ən çətin anlarda belə, xarici təzyiqlərə sinə gərərək Azərbaycan müstəqil xarici siyasət yeritdi. Prezident həmin məqamı qeyd edərək, dövlətin bundan sonra da müstəqil siyasət yeridəcəyini təsdiqlədi. Bütövlükdə, dünyada geosiyasi situasiya elə dəyişir ki, hər bir dövlət təkbaşına öz maraqlarını qorumalıdır. Ermənistan bu səviyyədən çox aşağıdadır – o, hələ də havadarlarının əmrlərini yerinə yetirir.

Gələcəyə nikbin baxış

Prezident dövlətin bütün sahələrdəki fəaliyyətini təhlil edərək, ölkənin gələcəyinə inandığını vurğuladı. Xarici siyasətin əsas istiqamətləri üzrə qazanılan uğurlar daha da inkişaf etdiriləcək. Beynəlxalq təşkilatlardakı fəaliyyət yeni səviyyəyə qaldırılacaq. O cümlədən, diaspor təşkilatlarının daha da gücləndirilməsi nəzərdə tutulur. Bu sahədə xeyli işlər görülmüşdür. Azərbaycanın diplomatik korpusu həmin prosesdə yaxından iştirak edir. Həmin istiqamətdə daha çox uğur qazanmaq üçün İlham Əliyev deyib ki, "...səfirliklər də diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar. Əksər hallarda bu, belədir, istərdim ki, hər bir yerdə belə olsun. Çünki bu, bizim gücümüzü daha da artırır, xaricdə yaşayan azərbaycanlıları öz Vətəninə daha da bağlayır”.

Təbii ki, diasporun gücləndirilməsində peşəkar kadrlar böyük rol oynayırlar. Diaspor təşkilatlarının güclənməsi erməni yalanlarının ifşa olunması prosesində mühüm yer tutur. Burada səfirliklərin dövlət orqanları ilə sıx əlaqədə işləməsi məsələsinə daha çox diqqət yetirilməlidir. Prezident bu məqamı vurğulayaraq, qeyri-hökumət təşkilatları faktoruna ayrıca diqqət yetirməyin zəruriliyini irəli sürdü. Diplomatik korpus, dövlət orqanları, QHT-lər, KİV tam bir sistem kimi fəaliyyət göstərməklə Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirə biləcək.

Azərbaycanın xarici siyasətinin tam açıq olduğunu qeyd edən ölkə Prezidenti çox maraqlı bir faktı diqqətə çatdırdı. Məsələ ondan ibarətdir ki, ölkənin sürətli inkişafı bir çoxlarını heyrətə salıb. Hətta inkişaf sürətini bir az azaltmağı təklif edənlər də var. Onlar bəzi ölkələri qıcıqlandırmamağın daha doğru olduğunu hesab edirlər. Lakin həqiqət ondan ibarətdir ki, Azərbaycan dövlət kimi regionda ən çox potensialı olduğunu sübut etməkdədir.

Belə isə nəyə görə ölkənin inkişaf tempi yavaşımalıdır. Bunun əvəzində bütün dövlətlərin Azərbaycanın regionun lideri olduğunu nəinki sözdə qəbul etməsi, əsas olaraq praktiki fəaliyyətində bu faktı nəzərə alması lazımdır. Prezident İlham Əliyev bütün bunlara görə ölkənin inkişafının daha da sürətləndiriləcəyini və dövlətçiliyin möhkəmlənməsinin qarşısını heç bir faktorun ala bilməyəcəyini qeyd etdi. Diplomatların da bu prosesdə təbii ki, həmişə ayrıca zəhməti vardır.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...