THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Uğursuz Almaniya səfəri: Kremlin Paşinyana sualları artır

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2145
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 fevral 2019 – Newtimes.az

Ermənistan baş nazirinin Almaniyaya səfərindən şou düzəltmək istəyən erməni mediası üçün arzuolunmaz vəziyyət yaranıb. Berlində "ciddi" danışıqlar apardığını iddia edən N.Paşinyan oradan faktiki olaraq əliboş dönüb. Tərəflər arasında səmərə verə biləcək heç bir sənəd imzalanmayıb. N.Paşinyanın çantasında A.Merkelin bir cümləsindən başqa heç nə yoxdur. Almaniya kansleri diplomatik protokol xatirinə ümumi sözlərlə N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "cəsarətli" addım atdığını bəyan edib. Bununla bəlkə də siyasi karyerasının ən böyük səhvini edib. Əslində, məsələyə bir qədər konkret məntiqi çərçivədə baxdıqda, Almaniyanın da öz oyununu apardığını görürük. O, Cənubi Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsinin bir parçasıdır. Rəqibləri də az deyil. Bu səbəbdən geosiyasi manevr üçün nələrsə uydura bilər. Bu kontekstdə N.Paşinyanın Ermənistanı hansı geosiyasi ziddiyyətlər burulğanına sürüklədiyinin təhlili üzərində geniş dayanmaq istərdik.

Adi səfər: imzasız "əməkdaşlıq" və Merkelin ucuz tərifi

Angela Merkel erməniləri həyəcana gətirib. Nikol Paşinyanla söhbəti zamanı deyib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "cəsarətli" addımlar atıb. Ancaq bu addımın nədən ibarət olduğu haqqında konkret fikir söyləməyib. İndi erməni siyasi və ekspert dairələri A.Merkelin əvəzinə izahlar verməklə məşğuldurlar. N.Paşinyanın özü də bu prosesə qoşulub. O, orda-burda dediyini "cəsarətli addım" kimi qiymətləndirir və A.Merkelin əvəzinə nəticə çıxarır. Ermənistan siyasi rəhbərliyini başa düşmək olar. O, münaqişənin həlli məsələsində qərəzli mövqe tutuğunu bilir və imkan daxilində müxtəlif manevrlərlə vəziyyəti mürəkkəbləşdirməyə çalışır. Özünü gah qəhrəman kimi göstərir, gah da "qədim sülhsevər" olaraq, "cəsarətli təkliflər" müəllifi kimi atılıb-düşür. Əslində isə ən səthi analiz belə Ermənistan baş nazirinin saxtalığını üzə çıxarır.

Öncə vurğulayaq ki, bir sıra ermənipərəst ekspertlər N.Paşinyanın Almaniyaya "uğurlu səfəri" haqqında "dərin analizlər" aparır və "proqnozlar" verirlər. Guya Ermənistanın baş naziri Berlində səmərəli danışıqlar aparıb və razılıqlar əldə edib. Reallıqda isə mənzərə başqa cürdür. Məsələ ondan ibarətdir ki, "N.Paşinyan Almaniyada konkret əməkdaşlığı nəzərdə tutan hansı sənədləri, müqavilələri imzalayıb?" sualına heç kim dəqiq cavab verə bilmir. Çünki belə bir şey olmayıb.

Bəli, erməni hökumətinin başcısı iş adamları ilə görüşüb və onları Ermənistana sərmayə qoymağa dəvət edib. Ağızdolusu "erməni demokratiyası"ndan (bunun nə olduğunu heç özü də bilmir, yəni demokratiya demokratiyadır, onun ingilisi, almanı, fransızı və ya bir başqa növü yoxdur) danışıb, "məxməri inqilab"dan bəhs edib. Və "siyasi qələbəni iqtisadi inkişafa çevirməyin vaxtı gəldiyini" deyib. Ancaq bu gəlişigözəl sözlərə necə əməl etməyin konkret mexanizmini və planlı dinamikasını təqdim edə bilməyib. N.Paşinyan hələ də küçə natiqi ampluasında qalmaqdadır. O, bəlağətli sözlər deyə, demokratiyadan dəm vura bilər, lakin bununla reallığı dəyişə bilməz.

Müqayisə üçün başqa bir təcrübəyə baxaq. Gürcüstan bir neçə ildir ki, Ermənistandan fərqli olaraq Qərb demokratiyasını idarəetmədə, xarici siyasətdə həyata keçirməyə çalışan ölkədir. Mixeil Saakaşvilinin dövründə bu ölkə həmin istiqamətdə müəyyən uğurlar əldə etdi. Üstəlik, Tbilisi Moskvanın təsirindən çıxmağa can atdı. Bütün dünya bunun şahididir. Bu konkret işlərin fonunda Almaniya da daxil olmaqla Avropa hansı iri iqtisadi layihəni Gürcüstanda həyata keçirib? Onlar Azərbaycanın həyata keçirdiyi layihələrlə müqayisə oluna biləcək hansı proqramları reallaşdırıblar? Gürcüstan iqtisadiyyatına neçə milyard ABŞ dolları həcmində sərmayə qoyublar? Bu sualları müsbət cavablandıran bir nümunə belə yoxdur! Əvəzində bol sözlər, vədlər və bir neçə aspektə demokratik islahatlar proqramı vardır.

İndi düşünək: Rusiyanın yaratdığı regional təşkilatlara üzv olan, təhlükəsizliyi tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistana hansı iş adamı böyük həcmdə sərmayə yatırar? Hansı alman şirkəti və ya iş adamı ağılsızdır ki, milyonlarını gətirib Rusiyanın at oynatdığı Ermənistana xərcləsin və sonra da onları geri almağın cənginə keçsin? Doğrudur, N.Paşinyan S.Sarkisyan kimi Berlində bəyan etdi ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqına üzv ola bilir, həm də Avropa İttifaqı ilə sıx əməkdaşlığa gedir. Bu, "iki stulda oturmaq" deyil və tərəfləri qane edir. Bu da sadəlövh insanlar üçün nağıldır. Çünki Ermənistan Aİİ-nin ən zəif üzvü kimi müstəqil qərarlar qəbul edə və heç kəsin Ermənistandakı fəaliyyətinin təhlükəsizliyini təmin edə bilməz. Bu ixtiyar Moskvanın əlindədir. Deməli, belə bir vəziyyətdə xarici şirkətlərin Ermənistanda iri layihələr reallaşdırması şansı çox azdır, bəlkə də heç yoxdur. Deməli, N.Paşinyanın siyasi "inqilabi dəyişikliyi" kimi, "iqtisadi inqilabı" da küçə bəlağətindən başqa bir şey deyildir.

Baş nazirin məntiqsiz izahı: Berlin şousunun iflası

Məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqamlarına gəldikdə isə, burada bir qədər geniş mövqedən yanaşmağa ehtiyac vardır. Nəzərə almaq lazımdır ki, son zamanlar Cənubi Qafqazda demək olar ki, bütün böyük güclər fəallaşıblar. ABŞ, Aİ, Rusiya, Türkiyə, İran öz maraqlarını reallaşdırmaq üçün addımlar atırlar. Onların içərisində Fransa ilə Almaniyanın da region uğrunda rəqabətini unutmaq olmaz. Xatırladaq ki, Frankofoniya təşkilatının sammiti İrəvanda keçirildi və orada Emmanuel Makron ermənilərə çoxlu vədlər verdi.

Bunun fonunda N.Paşinyanın məhz Almaniyaya səfər etməsinin pərdəarxası səbəbini anlamaq çətin deyil. Ermənistan Parislə Berlin arasında "balans" yaratmağa çalışır. Hesab edir ki, Aİ-nin bu iki böyük dövlətindən hər hansı birinə üstünlük vermək ziyanlı olar. Digər tərəfdən, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, Almaniya isə deyil. Ancaq Almaniya da ola bilər. Olmasa belə, Berlindən dəstək almaq pis olmazdı. A.Merkelin də öz oyunu var. O, siyasətdən getmək qərarına gəlib. Deməli, bu gün onun dediyini sabah yenisi inkar edə bilər. Bu səbəbdən A.Merkel İrəvana "şirin qoğal" təklif edə bilər. Bunun belə olduğunu N.Paşinyanın özünün saxta və nizamsız məntiqli cümlələri sübut edir.

O, A.Merkelin dediklərini faktlarla təsdiqləmək istəyib, lakin ciddi siyasi yanlışlığa yol verib. Ermənistanın baş naziri deyir ki, bir neçə ay əvvəl bəyan edib ki, "nizamlamanın istənilən variantı Azərbaycan, Qarabağ və Ermənistan xalqları üçün qəbuledilən olmalıdır" (bax: Ангела Меркель подчеркнула смелый шаг Никола Пашиняна в вопросе Нагорного Карабаха и направила призыв азербайджанской стороне / Lragir.am, 1 fevral 2019).

Birincisi, "Qarabağ xalqı" ifadəsi qeyri-müəyyən və boş məzmunludur. Çünki orada azərbaycanlılar və ermənilər Azərbaycan vətəndaşları qismində yaşayıblar. Ona görə də ancaq "Qarabağda yaşayan Azərbaycan vətəndaşları və ya əhalisi" ifadəsi reallığı əks etdirir.

İkincisi, N.Paşinyan "Qarabağ xalqı" deyəndə, buraya azərbaycanlıları daxil etmirsə, hazırda oradakı qanunsuz rejimi yaradanlar nəzərdə tutulursa, bu, Ermənistanın işğalçı olmasını etiraf etmək deməkdir. Çünki əgər siyasətçi səmimi və obyektivdirsə, deyərdi ki, "öncə Dağlıq Qarabağdan və ətrafdakı yeddi rayondan deportasiya olunmuş, zorla qovulmuş insanlardan üzr istəyirəm və onları öz evlərinə qayıtmağa dəvət edirəm". Sonra həmin insanların təhlükəsizliyinin təmini üçün Azərbaycan tərəfindən xahiş edərdi. Daha sonra işğal ərazisindən erməni silahlılarını çıxarıb, real seçki yolu ilə Azərbaycanın həmin regionunda idarəetmə orqanlarının təşkil edilməsinə heç bir maneə törətməyəcəklərini öz öhdələrinə götürərdi və s.

Bütün bunlardan bəhs etmədən "Qarabağ xalqı"ndan danışmaq absurd bir işdir. Nəticəsi olmayacaq və baş aldadan addımdır. A.Merkelin bunu necə qiymətləndirməsinin isə elə bir əhəmiyyəti yoxdur. Çünki o torpaqlardan qovulanlar almanlar deyil və Qarabağ da Almaniya ərazisi deyil. Bu ərazinin tarixi və hüquqi sahibi Azərbaycan və azərbaycanlılardır. Bunlar onu göstərir ki, Berlində N.Paşinyan və A.Merkel sadəcə bir-birinə xoş sözlər deyib, özlərinə ürək-dirək verməklə məşğul olublar. Rəsmi Berlinin həqiqi mövqeyi ifadə olunub və o, belədir: Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan silahlı birləşmələri buranı tərk etməlidir!

Beləliklə, N.Paşinyanın Berlin şousu da alınmadı. Alınması da mümkün deyildi. Çünki yalan, iftira, baş aldatmaq üzərində qurulan heç bir siyasət uğur gətirmir. Həqiqəti hamı bilir və kimsəni aldatmaq mümkün deyildir. Onun səfər haqqında yaratmaq istədiyi obraz sabun köpüyü kimi tezliklə dağılacaq. Əvəzində, Berlində dediyi sözlərin hesabını Kremlə verməli olacaq.

Artıq Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin N.Paşinyan Almaniyada olarkən İrəvana gəlib və deyib ki, Ermənistan-Rusiya münasibətləri proqnozlaşdırılan, dayanıqlı və bir-birinin niyyətlərini qarşılıqlı qəbul edən olmalıdır (bax: Беспрецедентная ситуация / Lragir.am, 1 fevral 2019).

Diplomatik çərçivədə deyilən bu sözlərin arxasında real hansı məqamların dayandığı məlumdur. Görünür, Moskvanın İrəvana sualları getdikcə daha da artır. Bu baxımdan N.Paşinyan Berlin səfərinin altını çox çəkə bilər. Onun havadarı sərt olmağı bacarır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...
Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...