THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənilərin Gürcüstanda "kriptomiatsum siyasəti"

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1821
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 dekabr 2018 – Newtimes.az

Gürcüstanda keçirilən prezident seçkiləri ərəfəsində maraqlı məqamlardan biri prezidentliyə əsas namizədlərdən olan S.Zurabişvilinin ermənipərəst mövqeyi və Gürcüstanın müxtəlif regionlarında yaşayan ermənilərin onu canfəşanlıqla dəstəkləməsi oldu. Ölkənin titul xalqı olan gürcülərin dilinə ikrahla yanaşdığı çıxışlarından da bəlli olan "Fransa gürcüsü'' S.Zurabişvilinin ermənilərdən dəstək almağa çalışmasının səbəbi nədir? Fikrimizcə, bütün digər gizli və açıq, obyektiv və subyektiv səbəblərlə yanaşı, S.Zurabişvilini ermənilərin Gürcüstanın müstəqilliyini əldə etməsindən bu günə bu ölkədə addım-addım reallaşdırdıqları "kriptomiatsum siyasəti'' də təsiri altına almışdır.

Bəli, Gürcüstanın 1991-ci ildə müstəqilliyini əldə etməsindən ötən dövrdə ölkə ərazisində inzibati islahatlar yolu ilə aparılan dəyişikliklər və separatçı qüvvələr tərəfindən reallaşdırılan faktiki dəyişikliklərlə bağlı prosesləri təhlil edərkən gizli bir prosesin konturlarını müəyyənləşdirmək mümkündür. Hələlik, bununla bağlı elmi ədəbiyyatda konkret müəyyənləşdirilmiş bir terminologiya olmadığı üçün, fikrimizcə, bu prosesi "kriptomiatsum siyasəti'' adlandırmaq daha düzgündür. Məlumdur ki, XIX əsrdən etibarən Cənubi Qafqazda, xüsusən Azərbaycanın tarixi və hüquqi torpaqlarında məskunlaşan ermənilərin Azərbaycan torpaqları hesabına "birləşmiş'' erməni dövlətinin yaradılması ideyası "miatsum'' adlanır.Təbii ki, "miatsum'' ideyası qısa müddətdə meydana çıxan bir düşüncənin məhsulu deyildi. İki əsrə yaxın müddətdə gizli və açıq formada məqsədli şəkildə Azərbaycanın strateji əhəmiyyətə malik ərazilərində məskunlaşmış və məskunlaşdırılmış ermənilər bu ideyanı əsrlər boyu mənfur şəkildə addım-addım reallaşdırmışlar. Həm də bu ideya təkcə Azərbaycana qarşı deyil, Qafqaz regionunda və bu regionun qonşuluğunda yerləşən ölkələrə qarşı da planlı şəkildə həyata keçirilir və bu proses bu gün də davam etməkdədir. Məlum olduğu kimi, erməni-daşnaq ideoloqlarının nəzərdə tutduqları xəyali "Böyük Ermənistan'' Qara dənizlə Xəzər dənizi arasındakı əraziləri əhatə edir. Bu səbəbdən XX əsrin 90-cı illərində Azərbaycanın torpaqlarının 20 faizini açıq hərbi müdaxilə yolu ilə işğal edən Ermənistan paralel olaraq Gürcüstan ərazisində də bu istiqamətdə iş aparmış, Gürcüstanın parçalanmasında maraqlı olan qüvvələrə ermənilər tərəfindən dəstək verilmişdir. Təbii ki, Abxaziyada abxazlara, Tsxinvali regionunda osetinlərə bu və ya digər formalarda, açıq və gizli yollarla dəstək verən ermənilərin məqsədi heç də "xalqların milli müqəddəratını təyinetmə hüququnun'' müdafiəsi yox, Gürcüstanın kiçik hissələrə bölünməsini, anarxiya vəziyyətini yaratmaqla ərazilərin erməniləşməsini daha rahat şəkildə həyata keçirmək olmuşdur. Proses təkcə muxtar qurumlarda və separatçı regionlarda deyil, həm də ayrı-ayrı diyarlarda aparılmışdır.

Müasir Gürcüstanın inzibati-ərazi quruluşuna diqqət yetirdiyimiz zaman görürük ki, mxare adlanan diyarlara aşağıdakılar daxildir: Quriya, İmereti, Samtsxe-Cavaxeti, Kaxeti, Aşağı Kartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Aşağı Svaneti, Sameqrelo-Yuxarı Svaneti və Şida Kartli. Paytaxt Tbilsinin özü isə gürcülər tərəfindən "raioni'' adlandırılan 10 rayona bölünür. Acarıstan və Abxaziya rəsmi olaraq Gürcüstanın muxtar vahidləri hesab edilir. Acarıstanla rəsmi Gürcüstan idarəçiliyi arasındakı münasibətlər mərkəz-subyekt prinsiplərinə əsaslansa da, Abxaziyadakı separatçı qruplar Cənubi Qafqazda daim qonşularına qarşı ərazi iddiaları irəli sürən ermənilərin gizli dəstəyi ilə "müstəqilliyi''ni elan etmişdir. Təbii ki, əsrlər boyu qonşuluqda sülh şəraitində yaşamış, Gürcüstanın taleyi üçün birlikdə mübarizə aparmış abxazların və osetinlərin bu gün Gürcüstana qarşı çıxmasının subyektiv səbəbləri mövcuddur. Ermənistan tərəfi isə rəsmi olaraq tez tez gürcülərlə saxta qardaşlıq bəyanatları versələr də, faktiki olaraq Gürcüstanda separatizm əhval-ruhiyyəsini gücləndirməklə, bir tərəfdən Cavaxetiyada daha rahat hərəkət imkanı qazanır, digər tərəfdən isə xəyali "böyük Ermənistan''ın qurulması üçün Cənubi Qafqazı daha kiçik hissələrə bölməyə çalışırlar. Abxaziyada və Tsxinvali regionlarında separatçı oyuncaq hökumətlərin qurulmasından sonra bu ərazilərdə ermənilərin sayının sürətlə artması bu mənfur niyyətləri bir daha təsdiq edən faktdır. Ayrı-ayrı diyarlar üzrə əhalinin tərkibində ermənilərin hərəkəti prosesinə diqqət yetirdiyimiz zaman da "kriptomiatsum prosesi''nin konturlarını izləmək mümkündür.

Məsələn, Gürcüstanın Qara dəniz sahili regionlarından biri olan Quriya diyarı cənubdan Acarıstan Muxtar Respublikası, cənub-şərqdən Samtsxe-Çavaxetiya, şərqdən və şimal-şərqdən İmereti, şimaldan isə Sameqrelo-Savneti diyarları ilə həmsərhəddir. Quriyalılar etnik olaraq gürcülərin subetnik qruplarından biridir və gürcü dilinin quriya ləhcəsində danışırlar. Quriya diyarının özü də inzibati baxımından 3 rayona (munisipalitetə) bölünür: Ozurgeti, Lançhuti, Cohaturi. Ozurgeti və Lançxutinin Qara dənizə birbaşa çıxışı var. Bu isə o deməkdir ki, bu rayonların hər ikisi də ermənilər üçün "yağlı tikə'' hesab edilə bilər. Elə diyar mərkəzi Ozurgeti də ermənilərin müstəqillik dövründə məqsədli məskunlaşma nəticəsində gürcülərdən sonra əhalinin say tərkibində 2,4 faizlik göstərici ilə (2002-ci ildə aparılmış statistik hesablamalara görə, rayonun 78 min 760 nəfər əhalisinin 1944 nəfəri ermənidir.) ikinci yerdə olmaları da bu rayonun strateji əhəmiyyətindən irəli gəlir. Ermənilərin bu bölgədəki əsas təbliğatı Batumidəki Sur-Prkiç kilsəsi vasitəsi ilə dini təbliğat adı altında aparılır. Məsələn Gürcüstandakı Erməni Apostol Yeparxiyasının rəsmi internet səhifəsində yerləşdirilmiş "Quriya. Ozurgeti şəhərinə pastor ziyarəti” adlı xəbərdə belə deyilir: "Acarıstan, Quriya, İmereti ermənilərinin və Batumi şəhərindəki Sur Prkiç kilsəsinin ruhani pastoru rahib Ararat Qumbalyan'' ("Духовный пастырь армян Аджарии, Гурии, Имерети и церкви Сур Пркич г. Батуми, священник Арарат Гумбалян), kilsənin bazar günü məktəbləri üzrə səlahiyyətli nümayəndəsi Sona Ovanisyan, pedaqoq Qayana Vardanyan və Diana Akopyan, "Axbyur'' xorunun rəhbəri Ruzanna Ovanistan və gənclər hərəkatının nümyəndələri yüzlərlə erməni ailələrinin yaşadığı Quriyanın Ozurgeti şəhərinə pastor səfərində iştirak ediblər. Ozurqeti dövlət teatrının qarşısında Batumidən gələn çoxdan gözlənilən qonağı erməni xalqının iki yüzə yaxın oğlu və qızı qarşılayıb''.

Məqsəd artıq aydındır, tarix boyunca dövləti olmayan ermənilərin birliyini təmin etmiş kilsə Quriyada da erməni gənclərini təşkilatlandırır və özünün ənənəvi təxribatçı funksiyasını həyata keçirir. Gürcüstanın ayrı-ayrı bölgələrinə təşkil olunan bu cür səfərləri həm də mərkəzi Gürcüstan hökumətinə qarşı bir növ yumuşaq güc nümayişi hesab etmək olar. Erməni kilsəsi yüzlərlə erməni gəncini ətrafında birləşdirmək gücünü nümayiş etdirir. Məqalədən daha sonra aydın olur ki, səfərin məqsədi Ozurgeti şəhərində erməni cəmiyyəti yaratmaq, erməni gənclərinin erməni dilini öyrənə biləcəyi bazar günü məktəbləri açmaq, onları erməni mədəniyyəti, tarixi və xalqı ilə daha yaxından tanış etmək, rəqs qrupları təşkil etmək, yerli mədəni proqramlar təşkil etməkdir. İlk baxışdan hər şey qaydasındadır, lakin bir çox suallar açıq qalır. O suallardan ən mühümü budur: Əgər ermənilərin iddia etdiyi kimi, onlar burada çoxdan yaşayırlarsa niyə bu dövrə qədər onların hər hansı cəmiyyəti mövcud olmayıb? Deməli, söhbət məqsədli məskunlaşmadan sonra əhalini təşkilatlandırmaqdan gedir. Hansı ki, bu cür təşkilatlar Azərbaycanda Sumqayıt hadisələri zamanı olduğu kimi erməniləri milli və qeyri-milli olmaqla iki yerə ayırır, lazımi məqamda isə "milli'' ermənilər yerli əhalinin adından "qeyri-milli” ermənilərə qarşı qanlı qırğınlar törədir, beləliklə də iki məqsəd birdən yerinə yetirilir. İlk növbədə təşkilatın sadə erməni əhalisi üzərində qorxuya əsaslanan nüfuzu daha da artırılır, digər tərəfdən isə ermənilərin hüquqlarının müdafiəsi adı altında dünyaya səs-küy salmaq üçün bəhanə əldə edilir.

Quriyadan şərqdə yerləşən diyar – İmereti diyarının əhalisi əsasən gürcülərin subetnik qrupu olan imeretililərdən ibarətdir, bundan başqa, bəzi yerlərdə ruslar, osetinlər, ermənilər, ukraynalılar, yezidilər, abxazlar, yunanlar və ahısqa türkləri məskunlaşmışdır. Gürcülərin yetərincə çoxluq təşkil etdiyi bu regionda 2002-ci ildə ermənilər əhalinin sadəcə olaraq 0,27 faizini, yəni 699 min 666 nəfərdən 1890 nəfərini təşkil edirdilər. Lakin buradakı əhalinin say statistikasında ermənilərin azlığı məsələsinə aldanmaq olmaz. Unutmamaq lazımdır ki, hələ XIX əsrdə çar Rusiyasının da yaxından dəstəyi ilə bu regionda 1500-ə yaxın erməninin yaşaması ilə bağlı məlumatlar var. Erməni milliyyətçiliyi Gürcüstanın müstəqillik qazanmasından sonra burada fərqli bir taktika tətbiq etmişdir. Bu taktika ermənilərin mərkəzi gürcü hökumətində daha çox yer alması məqsədi ilə həyata keçirilən ermənilərin gürcü soyadlarını qəbul etməsi ilə bağlıdır. Belə ki, məqsədli şəkildə gürcü soyadı qəbul edən ermənilər Gürcüstanın idarəçilik orqanlarına yerləşməklə gələcəkdə istifadə olunacaq böyük bir toru formalaşdırırlar və bu tora hər ötən gün Gürcüstanı daha sıx şəkildə ağuşuna alır.

Ermənilərin real təhlükəyə çevrildikləri və artıq ərazi iddialarını hələ XX əsrin 90-cı illərindən etibarən gizlətmədikləri Samtsxe-Cavaxetiyadakı vəziyyət aydındır. Gürcüstanın Cavaxetiya regionunda yaşayan ermənilər artıq 27 ildən çoxdur ki, Tiflisin himayəsindən çıxmağa çalışır, Ermənistanla bir olmağa hazırlıq prosedurunu həyata keçirmək üçün muxtariyyət tələbləri ilə çıxış edirlər.

Ümumilikdə, Qafqazda potensial münaqişə ocağı olan Samtsxe-Cavaxetiya problemi təkcə Gürcüstan üçün deyil, bütövlükdə Qafqazda sülhün və sabitliyin davamlılığı, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur ki, bu təhdidlərdən əsasən üçünü aşağıdakı kimi fərqləndirmək mümkündür:

1) Şimaldan xarici dəstək hesabına demək olar ki, Gürcüstandan qopmuş Cənubi Osetiya ilə cənubdan potensial separatizm ocağı olan Samtsxe-Cavaxetiyanın Gürcüstandan qopmasından sonra Gürcüstan ərazisi faktiki olaraq iki hissəyə bölünmüş olur.

2) Münaqişənin silahlı həddə keçəcəyi təqdirdə Avropanın enerji təhlükəsizliyində fövqəladə dərəcədə əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri münaqişə zonasında qalmış olur ki, bu, yenidən Qərb ölkələrini əvvəlki aslılıq vəziyyətinə qaytara bilər. Doğrudur, faktiki olaraq bu enerji xətləri Samtsxe-Cavaxetiya regionunun Cavaxetiya hissəsindən deyil, Mesxetiya hissəsindən keçir lakin, Ermənistanın Qarabağdakı işğal siyasətinə baxsaq görərik ki, onlar da ilk dövlərdə sadəcə olaraq regionun dağlıq hissəsinə iddialar irəli sürmüş, faktiki olaraq isə Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etmişlər.

3) Samtsxe-Cavaxetiya regionunda münaqişə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də fəaliyyətini təhlükə altında qoya bilər ki, bu isə Orta Asiyadan və İrandan gələn tranzit daşımalarının xərclərini daha da artırmış olar.

Kaxeti müasir dövrdə özünün polietnik tərkibi ilə seçilən diyarlardan biridir. Gürcüstanda 2002-ci ildə keçirilən siyahıyaalma nəticəsində müəyyən edilmişdir ki, əhalisinin sayı o zaman 407 min nəfərdən artıq olan Kaxeti diyarında yaşayanların 83,9 faizi gürcülər, 9,8 faizi azərbaycanlılar, 1,7 faizi kistinlər (çeçenlər), 1,5 faizi osetinlər, 0,9 faizi ruslar, 0,1 faizi ermənilər, 0,1 faizi yezidi kürdlərdir. Bunlardan əlavə, bölgədə yunanlar, ukraynalılar və abxazlar da yaşayırlar. Regionda azərbaycanlıların və gürcülərin sayının çoxluğu ermənilərin təxribat imkanlarını xeyli məhdudlaşdırır. 2002-ci il statistikasına görə, diyarda sayları 3789 nəfər göstərilən ermənilər bu bölgədə də məqsədli şəkildə "gürcüləşməkdədirlər”. Bunu 2014-cü ildə aparılmış statistika da sübut edir. Belə ki, həmin dövrdə Kaxetiyada erməni dilini öz doğma dili hesab edənlərin sayı rəsmi rəqəmlərdə 1483 nəfər göstərilmişdi.

Mərkəzi Rustavi olan Aşağı Kartli (Kvemo-Kartli) diyarında ermənilər əhalinin tərkibində 2002-ci ildə 31 min 707 nəfər olublar. Əsasən diyarın Xocorni, Çanaxçı, Ağkörpü, Damiya, Brdadzor kəndlərində məskunlaşmış erməni əhalisi Cavaxetiye regionunda olduğu kimi separatizmi aktiv şəkildə təbliğ edir, Gürcüstanın ərazi bütrövlüyünü sual altında qoyurlar. Məsələn, 2009-cu ilin avqustunda adıçəkilən kəndlərin əhalisi guya bölgədə ermənilərin assimliyasiyaya uğradılması ilə bağlı hay-küy salmış, hətta bununla bağlı Ermənistanın o zamankı baş naziri və xarici işlər nazirinə məktub ünvanlanmışdı. Məktub faktiki olaraq gələcəkdəki növbəti miatsum prosesinin xəbərçisidir. Məktubda deyilirdi ki, Gürcüstanın Kvemo-Kartli rayonunun Dmanisi, Bolnisi, Tetritskaro və Marneuli rayonları guya ermənilərin tarixi Quqark rayonunun hissələridir. Zaman keçdikcə bu ərazilər Lori padşahlığına daxil olmuş və eyni adlı bölgəni təşkil etmişlər. "Yaxın vaxtlara qədər bölgə coğrafi olaraq Erməni Lorisinin şimal hissəsi və əsl Ermənistanın tarixi ərazisi hesab edilmişdir''. Məktubda bölücü tələbləri bir neçə bənddə əks etdirən ermənilər, Ermənistan hökumətindən "tələb edirdilər'' (Əslində isə planı Ermənistanın işğalçı rejim rəhbərlərinin özləri cızmışdılar.) ki, Samtsxe-Cavaxetiya-Tsalka məsələləri ilə yanaşı, Şimali Lori məsələsinə də diqqət yetirsinlər. Maraqlıdır ki, əvvəllər tələbləri əsasən Samtsxe-Cavaxetiya ilə bağlı olan ermənilər Şimali Lori ilə yanaşı daha bir əzəli gürcü torpağını – Tsalkanı da əlavə etməyi unutmurlar.

Msxeta-Mtianeti diyarı inzibati baxımdan 5 hissəyə ayrılır: Duşeti, Kazbegi, Mtsxeta, Tianeti, Axalqori. Gürcüstanın müstəqilliyini əldə etməsindən sonrakı dövrdə Tsxinvali regionunda osetinlərin separatçı fəaliyyətləri və Cənubi Osetiya Respublikasının elan edilməsindən sonra bu diyarın hissələrindən biri olan Axalqori də separatçıların əlinə keçmişdir və hal-hazırda da separatçı qurumun nəzarətindədir. Diyarın əhalisinin 92 faizdən artığı gürcülərdən və gürcülərin subetnik qrupları sayılan pşavlar, moxevlər və xevsurlardan ibarətdir. Ermənilər ümumilikdə diyar əhalisinin 0,42 faizini təşkil edirlər. Ermənilərin bu regionda saylarının nəzərəçarpacaq qədər az olmasına və regionun erməni millətinin formalaşdığı arealla heç bir əlaqəsinin olmamasına baxmayaraq, ermənilərin regionun bir sıra tarixi abidələri ilə bağlı iddiaları gülünc olsa da maraq doğurur. Qeyd edək ki, ermənilərin bu diyarın ərazisindəki bir sıra tarixi abidələr, o cümlədən Cvari məbədi ilə bağlı iddiaları hələ XX əsrin 60-cı illərinin sonundan etibarən açıq müstəviyə çıxmışdır.

Raça-Leçxumi və Aşağı Svaneti diyarı əhalisinin 99 faizi gürcülər və gürcülərin subetnik qruplarından ibarətdir. Bu region ermənilərin maraq dairəsində deyil. Ermənilərin bu bölgədə məskunlaşmamasının səbəblərindən biri də regionun əhalisinin, xüsusən svanların daha mühəfizəkar yanaşmaları və regionda mövcud olan gürcü etno-psixoloji durumudur.

Ərazisi 7441 kvadratkilometr, inzibati mərkəzi Zuqdidi şəhəri olan Sameqrelo-Yuxarı Svaneti diyarında ermənilərin bu diyarda say tərkibi elə də çox olmasa da (2002-ci il statistikasında onların sayı ümumilikdə diyarda 476 nəfər olmuşdur.) onlar əsasən Qara dəniz sahilində yerləşən strateji baxımdan əhəmiyyətli Zuqdidi rayonunda məskunlaşmışlar.

Şida-Kartli və yaxud Daxili Kartli diyarının ərazisinin 20 faizi Tsxinvalidəki separatçı qurumun ("Cənubi Osetiya'') nəzarəti altındadır. 2014-cü ilin rəsmi məlumatlarına görə, diyarın əhalisinin sayı 313 min 800 nəfər, 2016-cı ilin məlumatlarına görə isə 263 min 800 nəfərdir. Ermənilər isə diyar əhalisinin 1,12 faizini və yaxud 314 min 39 nəfərdən 3521 nəfərini təşkil edirlər (2002).

Yuxarıda da qeyd etdiyimiz kimi, Gürcüstanın tərkibində hazırda rəsmi olaraq iki muxtar respublika mövcuddur. Bunlardan birincisi Acarıstan Muxtar Respublikası, ikincisi isə hazırda "müstəqilliyini” elan etmiş, lakin dünya birliyi tərəfində tanınmamış və Gürcüstanın tərkib hissəsi olan Abxaziyadır.

Acarıstan Gürcüstanın cənub-qərbində yerləşən muxtar respublikadır. Muxtar respublikanın ərazisinin böyük hissəsi Qara dənizin sahilində yerləşir. Əhalisinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir. Paytaxtı Batumi şəhəridir. Erməni əhali 2002-ci ildə ümumilikdə Acarıstan Muxtar Respublikasının əhalisinin 2,35 faizini təşkil etmişdir. Lakin ərazinin strateji mövqeyindən asılı olaraq ermənilərin məskunlaşdıqları ərazilərdə faiz nisbəti dəyişməkdədir. Məsələn, paytaxt Batumidə ermənilər əhalinin 6,17 faizini təşkil edirlər. Ermənilərin ikinci Qarabağ olaraq gördükləri Samtsxe-Cavaxetiyanın Qara dənizə açılan qapısı olan Acarıstanda son illərdə cərəyan edən proseslər gələcəkdə Gürcüstan üçün daha ciddi təhdidlər doğura bilər.

1992-1994-cü illərdə baş verən və Abxaziyanın "müstəqilliyini elan etməsi'' ilə nəticələnən abxaz-gürcü münaqişəsinin gerçək mahiyyətinə nəzər saldığımız zaman əslində məsələnin abxazlardan daha çox xarici qüvvələrin, xüsusən ermənilərin maraqlarına xidmət etdiyini görürük. Gürcü-abxaz münaqişəsi zamanı Abxaziyanın "müstəqilliyi'' uğrunda canfəşanlıq edən "Baqramyan batalyonu''nun cəhdləri heç də əbəs deyildi. SSRİ marşalı İvan Baqramyan adına yaradılmış batalyonun üzvləri əsasən ermənilərdən və hemşinlilərdən ibarət idi. Müasir Abxaziyada etnodemoqrafik proseslər də sübut edir ki, abxazlara dəstək verən ermənilərin məqsədi sonrakı mərhələdə abxazların özlərini Abxaziyada azlıq vəziyyətinə salmaq olmuşdur.

Müasir dövrdə Abxaziya Muxtar Respublikasının ərazisi 8432 kvadratkilometrdir. Formal olaraq Abxaziya Muxtar Respublikası hazırda 6 rayona bölünür: Qaqra, Qudauta, Suxumi, Qulripşi, Oçamçira, Tkvarçveli, Qali.

Qaqra Abxaziya Muxtar Respublikasının şimal-qərb hissəsində, Qara dənizin sahilində yerləşir. Rusiyanın Krasnodar vilayəti ilə Qaqra rayonunu Psou çayı ayırır. Ərazisi 772 kvadratkilometrdir. Rayonun əsas yaşayış məntəqələri Qaqra, Pitsunda, Leselidze, Trandipş, Bzibdir.

XX əsrin 80-ci illərinin sonlarında Qaqra rayonunun əhalisinin sayı 77 min nəfərdən artıq idi. 1992-1993-cü illərdə Abxaziyada Gürcüstandan ayrılmaq uğrunda ermənilərin gizli dəstəyi ilə separatçı hərəkatın başlanması regionun gürcü əhalisinin buranı tərk etməsi ilə nəticəndi. Bunun əvəzində isə Gürcüstanın müxtəlif yerlərindən olan ermənilər müxtəlif bəhanələrlə rayona yerləşməyə başladılar. 2003-cü il statistikasında regionun əhalisi 37 min nəfər olaraq göstərilirdi. 2003-cü il statistikası göstərir ki, ermənilər Qaqra rayonunun əhalisinin artıq 44,1 faizini (16 min 322 nəfər) təşkil etdikləri halda, abxazlar əhalinin 27,7 faizini (10 min 235 nəfər) təşkil etmişlər. Bu isə o deməkdir ki, mənfur və planlı iş nəticəsində ermənilər nəinki gürcüləri, hətta abxazların özlərini belə Abxaziya ərazisində milli azlığa çevirməyə çalışırlar. Təəssüf ki, abxazların Gürcüstana qarşı başlatdıqları separatizm hərəkatı və iki xalq arasında yaranmış münaqişə daha böyük erməni təhlükəsini ya görməyə, ya da onun qarşısını almağa imkan vermir.

Abxaziyanın Qudauta və ya Qudauti rayonunun əhalisi 2003-cü ildə 34 min 896, 2011-ci ildə isə 36 min 775 nəfər olmuşdur. 2003-cü il statistikasına görə, əhalisinin 81,9 faizini (27 min 512 nəfər) abxazlar təşkil edir. Rayonda yaşayan ermənilər ümumi əhalinin 10 faizini (4141 nəfər), ruslar 5 faizini (2073 nəfər) təşkil edirlər.

2011-ci il statistikasına görə, Abxaziyanın paytaxtı Suxumi şəhərinin əhalisi 60 min, suxumi rayonunun əhalisi isə 11 min 531 nəfər olmuşdur. Suxumi rayonu da Abxaziyada ermənilərin məqsədli məskunlaşdıqları rayonlardan biridir. Abxaziyanın paytaxtı və strateji nöqtəsi sayılan Suxumi ətrafındakı ərazilərdən ermənilərin bu şəkildə məskunlaşması və sürətlə artmaları həm Abxaziyanın, həm də Gürcüstanın təhlükəsizliyinə ciddi təhdidlərdən biri kimi qiymətləndirilə bilər. 2011-ci ilin statistikasına görə, ermənilər Suxumi rayonunun əhalisinin 56,1 faizini (6467 nəfər) təşkil edirlər. Bunun müqabilində isə abxazlar əhalinin 30 faizini təşkil edirlər.

Bu yerdə bir haşiyə çıxaraq qeyd edək ki, paytaxt Suxumi və ətrafı tarix boyunca ermənilərin deyil, daha çox abxazların, gürcülərin və türklərin məskunlaşma arealına daxil olmuşdur. Hələ ilk orta əsrlərdə bu ərazi sak, kimmer, hun türklərinin, X-XI əsrdən etibarən isə qıpçaq türklərinin yayılma arealına daxil olmuşdur. Maraqlıdır ki, hələ XX əsrin əvvəllərinə qədər də paytaxt Suxumi rəsmi olaraq türklərin qala şəhərlərini adlandırdıqları kimi "Suxum-qala'' adlandırılırdı.

Qulripşi rayonu həm tarixi, həm də strateji infrastruktur baxımından separatçıların nəzarətində olan ən əhəmiyyətli rayonlardan biri sayılır. Belə ki, bu rayonun ərazisində orta əsrlərdə Dal-Tsabal knyazlığı fəaliyyət göstərmişdir. Abxaziyanın ən böyük aeroportunun da bu rayonun ərazisində yerləşməsi onun strateji əhəmiyyətini artıran amillərdəndir. 2011-ci ilin statistikasına görə, əhalisinin sayı 18 min 32 nəfər olmuşdur. Rayonun həm tarixi, həm də strateji əhəmiyyətini yaxşı anlayan ermənilər burada da abxazları milli azlığa çevirmək niyyəti ilə hərəkət edirlər. Belə ki, bu rayonda əhalinin 46,8 faizini ermənilər təşkil edirlər. Əhalinin 33,6 faizini abxazlar, 11,4 faizini ruslar, 4,6 faizini gürcülər təşkil edirlər.

Beləliklə, aparılan tədqiqatlar göstərir ki, Gürcüstanın müstəqilliyini əldə etməsindən sonrakı dövrdə ölkədə separatizm hərəkatının güclənməsində ermənilərin birbaşa və dolayı yolla "mühüm xidmətləri'' olmuşdur. Bu isə apardığımız ayır-ayrı təhlillər zamanı da qeyd etdiyimiz kimi yalnız və yalnız ermənilərin "Böyük Ermənistan'' xülyasının gerçəkləşməsinə yönəlmiş addımlardır. Deməli, ermənilərin bu cür iddialarının təkcə Azərbaycana və Türkiyəyə qarşı yönəlmədiyi, Gürcüstanın da hədəfdə olduğu açıq-aşkardır.

Elnur Kəlbizadə,

AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...