THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Separatçının Fransaya səfəri: vasitəçinin beynəlxalq hüquqa zidd davranışı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2179
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 dekabr 2018 – Newtimes.az

Təcavüzkar Ermənistana havadarlıq edib, ona müxtəlif üsullarla yardım edənlər sakit dayanmırlar. Onlar əvvəlki fəaliyyətlərini bir qədər də gücləndirməyə çalışırlar. Bunun son nümunələrindən biri Bako Saakyan adlı əli günahsız insanların qanına bulaşmış terrorçu-separatçının Fransaya getməsi oldu. Məsələ onunla bağlıdır ki, bir tərəfdən Fransa Prezidenti Azərbaycanla əməkdaşlıqdan danışır, digər tərəfdən isə Ermənistanda Frankofoniya təşkilatının sammitində iştirak edir, ancaq Bakıya gəlməyi özünə rəva görmür. Emmanuel Makron İrəvanda deyir ki, ermənilər onların həmvətənləridirlər. Sonra da bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli, dinc yolla həll edilməlidir. Ancaq bu cür manevrlər ətrafında qurulan "sabun köpüyü" şousu erməni terrorçunun Fransaya səfəri ilə darmadağın oldu. Göründü ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Dağlıq Qarabağda cinayətlər törətmiş insanlara yardım edir. İstər-istəməz fikir yaranır: Nikol Paşinyana ""DQR" nümayəndələri də danışıqlarda iştirak etsin" təlimatı xaricdən verilməyib ki? Bununla bir sıra dairələrin münaqişənin həllinin uzanmasında maraqlı olduğu üzə çıxmırmı? Bu suallara cavab üzərində geniş dayanmağa ehtiyac görürük.

Avropanın səhvi: erməni separatizminə dəstək böyük bəlalar yarada bilər

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qeyri-legitim qurumun "rəhbəri" Bako Saakyanın Fransaya səfər etməsinə reaksiya, təbii ki, sərt olmalı idi. Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələri, havadarları və yerli erməni separatçılar eyni dərəcədə bu cinayətdə məsuliyyət daşıyırlar. Tarixin hökmü ilə onlar məhkəmə qarşısında da duracaqlar. Onların sırasında B.Saakyanın öz yeri var.

Belə bir şəxsin Parisə səfər etməsi və orada erməni separatizminə dəstək ifadə edən görüşlər keçirməsi Fransanın dövlət imici və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olması baxımından həm çox təəssüfedici, həm də düşündürücüdür. Necə olur ki, Avropanın böyük dövlətlərindən olan, dünyada humanizmdən və demokratiyadan danışan, üstəlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etmək məsuliyyətini öz üzərinə götürən üç həmsədr dövlətdən biri olan Fransa bu dərəcədə haqsız mövqe tutur? Ona bu səlahiyyəti demokratiyanın hansı prinsipi verir? Və belə bir ölkə niyə vasitəçi olmalıdır?

Əslində, artıq bir neçə dəfədir ki, belə bir vəziyyət yaranır. Dağlıq Qarabağdakı qanunsuz rejimi təmsil edən adamlar gah Avropada, gah da Amerikada peyda olurlar. Həmin ölkələrin siyasi dairələri yaxalarını qırağa çəkib, "onlar rəsmi səfər etmirlər" deyirlər. Lakin separatçıların bu kimi səfərlərindən sonra nədənsə erməni terrorçularına yardımlar artır və hətta əlavə dəstək də ifadə edilir. İndi eyni ssenarini Suriyada PYD ilə bağlı aparırlar. B.Saakyan ABŞ-a da səfər edib. Fransada olduğu kimi, onu Amerikada da gizli dəstəkləyiblər. Deməli, məsələni hansısa təsadüfə və ya "qeyri-rəsmidir" deyib, fikir çaşdırmağa bağlamaq olmaz. Söhbət artıq Azərbaycanın torpaqlarını işğal altında saxlayan separatçı-terrorçu qrupuna Qərbin ciddi yardımlarından və havadarlığından gedir.

Təbii ki, irad tutula bilər ki, eyni dəstək Rusiyadan da olur. Doğrudur, ancaq Moskva son zamanlar obyektiv mövqe tutmağa başlayıb. Üstəlik, Rusiya daim balansı gözləyir, Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bununla belə, təəssüf ki B.Saakyanı Rusiyada da qəbul ediblər. Lakin bu, separatçının Amerika və Fransaya səfərlərindən sonra baş tutub. Görünür, Moskva separatçıdan müəyyən məsələlərlə bağlı izahat tələb edur. Hər bir halda, Minsk qrupunun həmsədr ölkələrinin errməni separatçısını qəbul etnəsi və onunla danışıqlar aparması arzuolunan hal deyil. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlum bəyanatı tam yerindədir.

Əlavə olaraq deyə bilərik ki, B.Saakyanın və qondarma rejimin digər nümayəndələrinin bir sıra ölkələrdə, xüsusilə də Minsk qrupunun həmsədri olan ölkələrdə qarşılanması, onlarla danışıqların aparılması xüsusi məqsəd daşıyır. Bununla bağlı bir prinsipial məqamı vurğulamaq istərdik.

Qərb dövlətləri separatizmə görə Abxaziya, Cənubi Osetiya və Krımdan olan adamları öz ərazilərində qəbul etmirlər. Onların gedişinə qadağa qoyulub. Bundan başqa, ABŞ-ın sanksiya tətbiq etdiyi adamların Avropa ölkələrinə girişində də problemlər olur. Məsələn, Rusiya kimi böyük dövlətin nazirlərindən birinin təyyarəsini Rumıniya öz hava məkanına buraxmamışdı. Separatçı bölgələr kimi tanıdıqları yerlərdən hansısa siyasətçinin Qərb dövlətlərinə girişindən isə söhbət gedə bilməz. Bəs onda Dağlıq Qarabağdakı separatçılar hansı statusdadırlar ki, onlara "yaşıl işıq" yandırılır?

Burada, əslində, məntiq çox aydındır. Şübhə yoxdur ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyənlər əməldə tamamilə fərqli mövqe tuturlar. Onlar, əvvəla, erməni terroruna haqq qazandırırlar və ona maliyyə, silah, logistik dəstək verir; ikincisi, rəsmi İrəvanın təcavüzkar siyasətinə gizli yardım edirlər. Sözdə müəyyən həqiqətləri desələr də, konkret olaraq Ermənistanın qarşısını kəsəcək addımlar atmırlar. Əksinə, müxtəlif gəlişigözəl sözlər altında bu təcavüzkar ölkəyə böyük yardımlar göstərirlər.

Risklər və təhlükələr: terrora zəncirvari dəstəyə təhrik edənlər

Məsələn, sözdə deyirlər ki, ölkələrin ərazi bütövlüyü toxunulmazdır, ancaq reallıqda Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanı işğal altındakı ərazilərdən çıxmağa məcbur edə biləcək heç bir iş görülmür. Bundan başqa, ümumi sözlərlə münaqişənin yalnız danışıqlar yolu ilə həllindən dəm vururlar. Bununla da əslində, təcavüzkarın işğal etdiyi torpaqlarda qalmasına imkan yaradılır. Onlar bilirlər ki, hərbi əməliyyatlarda ermənilər məğlub olacaqlar, buna görə də "sülh"dən və "dinc nizamasalma üsulları"ndan bəhs edirlər. Nədənsə, ermənilər bu torpaqları işğal etdiyi müddətdə Amerika və Fransa heç belə "humanist" deyildilər.

Üçüncüsü, belə bir ikili standartla işləməklə vasitəçilər reallıqda münaqişənin ədalətli həllinin qarşısını alırlar. Onlar səmimi olsaydılar, artıq problem çoxdan həllini tapmışdı. Buradan aydındır ki, B.Saakyan kimilərə qapısını açan Fransa, əslində, münaqişənin həllinin qapısını bağlamış olur. Bu cür mövqedə olan ölkənin ATƏT-in Minsk qrupunda həmsədr olmağa haqqı varmı? Qəti əminik – yox!

Problemin digər aspekti başqa müstəvidə təhlükələrin meydana çıxa bilməsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, geosiyasi baxımdan çox həssas olan Cənubi Qafqazda erməni separatizminə dəstək vermək və onu dünyaya nümayiş etdirmək zəncirvari olaraq başqa separatçı dalğanın baş qaldırmasına rəvac verəcək. İndi ekspertlər Yaxın Şərqdəki geosiyasi dinamikanın yaxın məkanlara yayılmasından bəhs edirlər. Əslində, biz bu barədə uzun müddətdir ki, yazır və meydana çıxa biləcək təhlükələri analiz edirik.

Digər ölkələrin mütəxəssisləri də artıq bu barədə danışırlarsa, deməli, qarşıya çıxa biləcək vəziyyət getdikcə hətta Stanislav Tarasov kimi "ekspert"lərə də aydın olur. Çünki bu vəziyyəti onun xislətində olan siyasilər və ekspertlər yaradıblar. Həqiqəti gizlədərək, erməni separatizminə müxtəlif ibarələrlə dəstək verərək, Cənubi Qafqazı da geosiyasi olaraq partlama nöqtəsinə gətirib çıxarıblar.

Onlar bu barədə ədaləti bərpa etmək üçün danışmırlar. Başqasını risk mənbəyi kimi göstərib, özlərinə tərəf çəkmək üçün söz açırlar. Avropalılar rusları, ruslar da onları günahkar göstərirlər. Biz isə ədalətə söykənir, proseslərin real məntiqini açıb göstəririk. Azərbaycan rəhbərliyi daim obyektiv və ədalətli siyasi kursu ilə bütövlükdə regionun rifahı üçün addımlar atıb. Buna qarşılıq isə Azərbaycana dost deyənlər lazımi səviyyədə səmimi olmayıblar. Təəssüf ki, bu, artıq etiraf edilməli olan bir reallıqdır.

Erməni separatçısının Fransaya girişinə icazə verən siyasilər də eyni dərəcədə ikiüzlü mövqedədirlər. Onlar abxaz və ya osetin separatçısı ilə erməni separatçısı arasında süni fərq qoyurlar. Çünki erməni separatçısı onların öz uşaqlarıdır. Bir neçə il bundan öncə bu kimi məqamları elə də qabartmırdılar, çünki ümid edilirdi ki, vəziyyət ədalətə doğru dəyişəcək. Özünü demokratiyanın və humanizmin beşiyi sayan Qərb gec və ya tez usanıb düz yola gələr. Lakin sən demə belə deyilmiş...

Şübhəsiz ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyətini davam etdirəcək. Rəsmi Bakı istənilən şəraitdə beynəlxalq hüquqa, üzvü olduğu beynəlxalq təşkilatların nizamnamələrinə uyğun hərəkət edib və edəcək. Çünki Azərbaycan həqiqi mənada hüquqi dövlətdir. Burada müstəqil, demokratik və qanunların aliliyinə dərin hörmət göstərilən, multikultural dəyərləri dövlət səviyyəsində mühafizə edən bir cəmiyyət yaradılır. Bu səbəbdən Azərbaycan rəsmi dairələri B.Saakyan kimi separatçıların Avropa ölkələrində və Amerikada təntənəli qarşılanmalarına təmkinlə reaksiya verir. Ancaq məsələ həm də ümumən regionun gələcək taleyi ilə bağlıdır. Bu baxımdan separatizmə dəstək verənlər yalnız Azərbaycana pislik etmirlər. Onlar regiondakı müttəfiqlərini və özlərini də yeni ziddiyyətlər burulğanına atırlar.

Bu gün B.Saakyanı Fransa qəbul edirsə, sabah Korsika separatçısını hansısa müsəlman ölkəsi qəbul edə bilər. Və bu anormal tendensiya genişlənib, trend halını ala bilər. Onda meydana çıxa biləcək risklərə görə kimlər məsuliyyət daşıyacaq? Separatizm Avropanın dərinliklərinə qədər irəliləyəndə, yenə də "İslam terroru"ndan bəhs edəcəklər? Bizcə, Qərb siyasətçiləri heç rasional düşünmürlər – onlar əvvəlki kimi oturduqları budağı kəsirlər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...