THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1498
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 oktyabr 2018 – Newtimes.az

Giriş

Bəşər tarixi yarandığı andan müharibələrlə üz-izə gəlmişdir. Tarixi inkişafın elə bir mərhələsi yoxdur ki, orada qəbilələr, şəhərlər, dövlətlər və siyasi ittifaqlar arasında münaqişə və müharibələr olmasın. Müharibələr ərazi və resurslar uğrunda aparılmış, dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlərdən doğmuşdur. Alman hərb tarixçisi və nəzəriyyəçisi Karl fon Klauzeviç (1780-1831) qeyd etmişdir ki, bəşər tarixi müharibələr tarixindən ibarətdir.

Tarixi inkişafın gedişində münaqişənin əsasında dayanan bu və ya digər dövr üçün səciyyəvi ziddiyyətlərin geosiyasi məzmunu bir neçə dəfə dəyişikliyə məruz qalsa da, ziddiyyətlərin özü və onların doğurduğu münaqişələr qalmaqdadır. XVI-XVII əsrin başlanğıcında dünyada əsas ziddiyyətlərin başlıca mənbəyini dini sferada yaranmış (əksər münaqişələr dini xarakterə malik idi), XVII əsrin sonu və XVIII əsrdə daha nəzərəçarpan ziddiyyətlər sülalə hakimiyyətlərində, XIX əsrdə dövlətlərin milli mənafelərinin toqquşmasında, XX əsrdə isə "soyuq müharibə" adı almış Şərqlə Qərbin ideoloji ziddiyyətlərində özünü büruzə verib.

"Soyuq müharibə"nin süqutu planetimizdə münaqişəsiz dövrün başlanmasına, əgər belə demək mümkündürsə, "tarixin sonu" haqqında optimist fikirlərin səslənməsinə rəvac vermişdi. Elə təsəvvür edilirdi ki, iki supergüc SSRİ ilə ABŞ arasında qarşıdurmanın iflası regional münaqişələrin tezliklə nizamlanmasına yol açacaq. Lakin fərziyyələr özünü doğrultmadı. İkiqütblü dünya strukturunun dağılması davakar millətçiliyin və separatizmin növbəti dalğasını törətdi. Bəzi silahlı münaqişələr və müharibələr (Hindistan, Həbəşistan, Şri-Lanka, Sudan, Ruanda, Yaxın Şərq) "soyuq müharibə"dən sonra davam etməyə başladı. Qərb ölkələrindəki münaqişələr (Böyük Britaniyada – Olster, İspaniyada basklar, Fransada – bretonlar və korsikalılar, Kanadada – Kvebek) öz yekun həllini tapmadı. [1.5-7] Köhnə münaqişələrlə yanaşı, dünyanın müxtəlif regionlarında yeni münaqişə ocaqları (Yuqoslaviya, MDB münaqişələri) alovlanmağa başladı.

Klauzeviç paradiqmasının iflası və etnik münaqişələrin triumfu

ABŞ-ın keçmiş dövlət katibi K.Rays çıxışlarının birində bəyan etmişdir ki, "XXI əsrdə öldürücü təhdidlər kiçik müharibələrdən və etnik münaqişələrdən irəli gəlir". [2.19] Tarixi təcrübə göstərir ki, etnik münaqişələr daima hakimiyyətin böhranı kontekstində baş verir. Milli-dövlət sferasında dezinteqrasiyanın, həmçinin polietnik cəmiyyətlərin yekun parçalanmasının ən mühüm səbəblərindən biri olan milli hisslərin qabarması "etnikliyə qayıdış" simptomu kimi xarakterizə edilir. Bu prosesdə etnik amilin əhəmiyyətli dərəcədə güclənməsi onun iqtisadi, siyasi və sosial həyatda baş vermiş ciddi dəyişikliklərlə bir araya düşməsindən irəli gəlir. [3.8-25]

Etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir. [4.412] Belə münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri, sosial qruplar, habelə, iki və ya daha çox etnosun qarşıdurması kimi özünü büruzə verir. Bu tip münaqişələrin "soyuq müharibə"nin bitməsindən sonra vüsət alması polietnik sosialist federasiyaların süqutu və həmin ərazidə meydana gələn gənc müstəqil dövlətlərdə yeni milli azlıq probleminin üzə çıxması ilə bağlıdır. Digər tərəfdən, əksər müasir siyasi sistemlərin polietnik olması etnik münaqişə riskini artırır. Məhz bu səbəbdən bir rusiyalı professor XXI əsrin etnodemoqrafik ekspansiya əsri olacağını dilə gətirmişdir.

Əksər tədqiqatçılar etnik zəmində münaqişələri "identikliklərin qarşıdurması" kimi xarakterizə edir. Onların sözlərinə görə, etnik münaqişədə bir-birinə qarşı müxtəlif dünyagörüşünə, adət-ənənəyə, tarixi keçmişə, qan yaddaşına, psixologiya və özünüdərkə malik iki etnik qrup dayanır. Bununla yanaşı, onlar etiraf edirlər ki, təmiz etnik, dini, ərazi münaqişələrinə müasir dövrdə rast gəlinmir. İstənilən etnik münaqişələrin gedişində etnik ziddiyyətlər siyasi, ərazi, dini problemlər və mübahisələrlə vəhdət təşkil edir. [5.36-37]

Müasir dövrümüzdə etnik münaqişələrin əksəriyyəti yaşadığı dövlətin tərkibindən çıxmaq və həmin ərazidə öz dövlətini yaratmaq məqsədini qarşısına qoyan separatçı qüvvələr tərəfındən baş verir. Təcrübə göstərir ki, son illər dünyada yekun olaraq, "antiseparatist konsensus" formalaşıb. Ölkələrin əksər çoxluğu öz razılıqları olmadan, milli azlıqların tərkibində olduğu dövlətdən ayrılması hüququnu tanımır. Bu isə о deməkdir ki, separatizm daxili silahlı toqquşmaların törədilməsi məqsədi kimi getdikcə öz cazibədarlığını itirir. [6.140]

Ümumi qloballaşma dövründə müasir silahlı münaqişələrin cizgilərinin bütün sistemlərə təsiri daha çox narahatlıq doğuran məsələ hesab edilir. [7.16] Əksər daxili münaqişələr bu və ya digər formada qonşu dövlətə təsir göstərir, bu təsirlə əlaqədar qonşu dövləti müvafıq addımlara sövq edir, praktiki olaraq, daim regional sabitliyi təhdid edir. Paralel olaraq, kommunikasiyanın inkişafı, kütləvi informasiya vasitələrinin qloballaşması etnosların qapalılığını dağıdır, onların qarşılıqlı təsir və qarşılıqlı asılılıq sferasını genişləndirir, nəticədə, etnik amilin hakimiyyət uğrunda mübarizədə real vasitəyə çevrilməsinə zəmin yaradır. Məhz bu səbəbdən etnik münaqişələri yalnız daxili şəraitlə bağlamaq, onu daxili münaqişələr kateqoriyasına aid etmək yanlışlıqdır.

XXI əsrin əvvəllərində etnosiyasi münaqişələr bəzi coğrafi regionlarda daha çox diqqəti cəlb etməkdədir. Çoxsaylı silahlı qarşıdurmalar Mərkəzi Afrikada özünə yer eləyib. Ümumi aclıq, yoxsulluq, dağılmış infrastruktur, texnika çatışmazlığı, sənayeləşmənin olmaması və zəif hökumət administrasiyası bu ölkələrdə silahlı münaqişələri kifayət qədər effektli idarə etməyə və nizamlamağa imkan vermir, öz növbəsində humanitar böhranların yaranması imkanlarını artırır. [7.14-15]

Silahlı münaqişələrin cəm olduğu regionlardan biri də Cənubi Asiya hesab edilir. Əfqanıstanda, Şri-Lankada, Nepalda, Sakit okean hövzəsində, İndoneziya və Filippində davam edən daxili münaqişələr, Hindistan-Pakistan qarşıdurması bu bölgüyə daxildir. Asiyada silahlı münaqişələrin nizamlanması perspektivlərinə dərindən parçalanmış cəmiyyətlər, iqtisadiyyatın dağılmış vəziyyəti, resursların tükənməsi və şüuru zədələnmiş əhali mane olur. Eyni zamanda, vətəndaş müharibəsindən şikəst olmuş ölkələr beynəlxalq xarakter alan mütəşəkkil cinayətkarlıq kartelləri və "qara bazar" ilə rəqabət aparır.

Geosiyasətin bugünkü vəzifəsi – XXI əsr münaqişələrinin təbiətini və xarakterini dərk etməkdir. [8.341] "Soyuq müharibə"nin süqutu münaqişələrin xarakterində ciddi dəyişikliyə səbəb olmuşdur. Uzun illər ərzində strateji düşüncədə üstünlük təşkil edən Klauzeviç paradiqması – aparıcı dövlətlər arasında irimiqyaslı müharibələrin mümkünlüyü ideyası sürətlə öz aktuallığını itirməkdədir. [9.15] Keçən əsrin 90-cı illərində az sayda dövlətlərarası münaqişələr baş vermiş, lakin onların miqyası və davamı məhdud olmuşdur. Bu fıkirləri rəsmi statistika da təsdiq edir. Belə ki, amerikalı konfliktoloqlar P.Vallensteyn və M.Sollenberqin araşdırmalarına görə, 1989-1994-cü illər ərzində qeydə alınmış 54 münaqişədən yalnız 4-ü ənənəvi dövlətlərarası münaqişə olmuş, bununla yanaşı, ikinci dərəcəli və orta səviyyəli münaqişələr əhəmiyyətli dərəcədə artmışdır. Digər bir mənbəyə əsasən, 1990-1999-cu illər ərzində dünyanın 80 ölkəsində qeydə alınmış 118 münaqişədən yalnız 10-u dövlətlərarası müharibə olmuş, qalanı isə daxili siyasi müharibələrin bu və ya digər formalarında təzahür etmişdir. [10.31]

Bəzi tədqiqatçılar dövlətlərarası müharibələrinin tədricən bəşər səhnəsindən silinməsini qloballaşmanın nailiyyəti kimi xarakterizə edir. Bu məqsədlə onlar iqtisadiyyatın hərbi əməliyyatları əvəz etməsi tendensiyasını önə çəkirlər. Hazırda istənilən dövlət başçısını və əhalisini münaqişədən daha çox ölkənin çiçəklənməsi düşündürür. İqtisadiyyatın qloballaşması nəticəsində elə six əlaqələr yaranıb ki, dünyanın bir regionunda silahlı zorakılıq digər regionunda qiymətlərin qalxmasına və ya inflyasiyaya səbəb olan "dalğa effekti" yaradır. Bu, qarşıduran tərəfləri müharibədən yayınmağa vadar edir. İnkişaf etmiş sənaye ölkələri bir-birinə güc tətbiq etməmək öhdəliyi götürür, gücün tətbiqinə humanitar müdafiəni təmin etmək, sülhə vadar etmək, həmçinin zəif ölkələrdə beynəlxalq təhlükəsizliyi təhdid edən anarxiyaya qarşı çıxmaq məqsədilə əl atılır. [11.329]

Dövlətlərarası zorakılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması fonunda daxili müharibələr, xüsusən də etnik münaqişələr daha çox narahatlıq yaratmağa başlamışdır. XX əsrin ikinci yarısından təkcə Avropada deyil, bütün dünyada zorakı etnosiyasi münaqişələrin sayında artım qeydə alınmışdır. Yuxarıda istinad etdiyimiz statistik rəqəmlərdən məlum olur ki, 1990-1999-cu illər ərzində dünyanın müxtəlif nöqtələrində 108 daxili silahlı qarşıdurma (etnik münaqişə) qeydə alınmışdır.

Şübhəsiz ki, son yarım əsrdə münaqişəyaradıcı etnosiyasi amillər, dünyəvi proseslərin – qloballaşma, modernləşmə, əhalinin kütləvi miqrasiyası və təbii ehtiyatların getdikcə tükənməsi nəticəsində qlobal sabitliyə təhdidlər və ekoloji problemlərin kəskinləşməsi və s. təsirlər durmadan artır. [10.30]

Dünya həmrəyliyinə aparan qloballaşma gələcək çiçəklənmənin, sivil birgəyaşayışın, siyasi və sosial sabitliyin səbəbkarı olsa da, destruktiv hadisələrin hərəkətə gəlməsinə mane ola bilmir. Dövlətin milli bütövlüyünün pozulmasında, siyasi suverenliyinin zəifləməsində, lokal, regional və beynəlxalq sabitliyin laxlamasında etnik dözümsüzlük, dini radikalizm, etnoregional separatizm, mafioz strukturların fəaliyyəti nəzərdən yayınmır. Mərkəzi hakimiyyətin zəifləməsi ucbatından anarxiyanın yeni formaları baş qaldırır, transmilli münasibətlər sürətlənir, millətlərarası sədlərin əhəmiyyəti azalır və dövlət sərhədlərini çevik aşan hər bir şey möhkəmlənir. Dünyanın bu cür yenidən qurulması regionlarda muxtariyyatlaşma və dövlət səviyyəsində deyil, etnik, din və dil əsasında identikliklərin formalaşması ilə müşahidə edilir. Məhz identiklik siyasəti XXI əsrdə qlobal siyasətin başlıca imperativi hesab edilir. [12.31] Dövlətə mənsubluq hisslərinin eroziyası "siyasətin etnikləşməsini" stimullaşdırır.

Modernləşmə sənayenin və xidmət sahələrinin inkişafına, bazarların genişlənməsinə, dünyəviləşməyə, əhalinin savadının artmasına və sürətli urbanizasiyaya yol açır və sadalanan hər bir hadisə müxtəlif xalqlar arasında əlaqələrin genişlənməsinə səbəb olur. Modernləşmə bazar imkanlarından istifadə və müəyyən fəaliyyət sahələrinə çıxış uğrunda rəqabəti kəskinləşdirir ki, bu da adətən etniklərarası və regional düşmənçilik doğurur. Bundan əlavə, paralel gedən urbanizasiya və əhalinin savad səviyyəsinin artması etnikliyin "siyasiləşməsinə" zəmin yaradır. Bu da öz növbəsində milli elitanın və sadə xalqın dövlət hakimiyyətinə meydan oxumasını labüdləşdirir.

Qlobal siyasi proseslər fonunda miqrasiyanın milli təhlükəsizliyə təsirinin durmadan artdığı müşahidə olunur. Əhalinin miqrasiyasının əsas səbəbləri aclıq, siyasi repressiya və etnik toqquşmalarla müşahidə olunan ciddi iqtisadi və siyasi böhranlardır. Belə ki, Afrikada sərt etnik toqquşmalar kənd əhalisini şəhərə üz tutmağa vadar edir. Qeyri-sənaye ölkələrində meqapolislərin artımı inkişaf etməkdə olan dünyada əsas münaqişəyaradıcı elementlərdən biri hesab edilir. Müharibə və etnik toqquşmalar nəticəsində meydana çıxan qaçqınların axını həlli vacib problemlər yaradır. Asiyada nəhəng məskunlaşma, Afrikada ekoloji və neft böhranları, Balkanlarda müharibə və etnik toqquşmalar, SSRİ-nin süqutu, Şimali Qafqazda silahlı qarşıdurmalar və digər fövqəladə hadisələr beynəlxalq və regional miqyasda miqrasiya proseslərinin intensivliyinə stimul vermişdir. [13.13]

Ölkəyə "yadların gəlişi" nəticəsində onların tədricən yerli əhalinin torpaqlarında məskunlaşması, mövcud etnik tarazlığın pozulması, təxribatçılıq fəaliyyətinin, terrorizmin və s. cinayətlərin artması bütövlükdə milli suverenliyə ciddi zərbə vurur. Bundan savayı, miqrasiyanın doğurduğu cinayətkarlıq, nizamsızlıq, yoluxucu xəstəliklər və s. hallar ölkədə sosial gərginliyə yol açır, nəticədə, daxili təhlükəsizliyi sarsıdır.

Milli təhlükəsizlik haqqında düşünərkən demoqrafiyaya da xüsusi diqqət yetirmək və planlaşdırma zamanında demoqrafik tendensiyaların nəticələrini nəzərə almaq lazım gəlir. Yer kürəsində əhalinin artması və zəruri qida məhsullarının azalması fonunda demoqrafik gərginliyin potensial münaqişələri alovlandıracağı və ya onları daha da şiddətləndirəcəyi istisna edilmir.

Etnik münasibətlərdə gərginlik yarada bilən amillərdən biri də dindir. Əgər milli azlıq dövlətin titul xalqının mənsub olduğu dinə mənsubdursa, münaqişə ehtimalı olduqca aşağıdır. Əks-təqdirdə, mədəniyyətin bazisi kimi dini ziddiyyətlər daha kəskin ola bilər. Belə vəziyyət daha çox pravoslavla islam arasında kontakt zonası (Kipr, Balkan, Qafqaz) üçün xarakterikdir. [14.49] Bu barədə S.Hantinqton "Sivilizasiyaların toqquşması" əsərində bizi xəbərdar etmişdir. Onun sözlərinə görə, gələcəyin münaqişələri müxtəlif dinlər əsasında qurulmuş mədəni sistemlər arasında olacaq. Bundan əlavə, ABŞ-da 2001-ci ilin məlum sentyabr hadisəsi, amerikalı keşişin "Quran"ı yandırmağa cəhd etməsi, Danimarkada Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsi və 2005-ci ildə Fransada müsəlmanların etiraz aksiyaları və s. ictimai-siyasi proseslərə dini amilin təsirinin artmasına əyani sübutdur.

Ötən yüz illər ərzində müharibənin təbiəti dəyişməsə də, onun xarakteri və aparılması üsulları mütəmadi dəyişikliyə məruz qalır. Qədim zamanlardan texniki tərəqqi, cəmiyyətin və siyasi sistemin inkişafı müharibənin aparılmasına ciddi təsir göstərmişdir. Müharibənin xarakterində dəyişiklik inqilabi inkişafla deyil, təkamüllə xarakterizə olunur. Məhz bu təkamülün nəticəsidir ki, yaşadığımız dövrün münaqişələri klassik müharibələrdən bir sıra əlamətlərinə görə köklü şəkildə fərqlənir. Əgər keçən əsrin 80-ci illərinin sonlarınadək daha geniş yayılmış zorakı münaqişələrin forması olan simmetrik münaqişələr dövlətlərarası müharibələr və ya regional münaqişələr formasında təzahür etmiş və onların arxasında iki superdövlətin qarşıdurması gizlənmişdirsə, XXI əsrin münaqişələri sərhəd, ərazi, düşmən rejim və resurs uğrunda baş vermiş klassik dövlətlərarası qarşıdurmaya bənzəmir. Müasir silahlı münaqişələr yalnız cəlb olunmuş iştirakçılara (iki suveren dövlət deyil, dövlətlə əhalinin siyasiləşmiş identik qrupunun üsyankar hissəsi) görə deyil, həmçinin digər keyfıyyət xarakteristikasına (qərarların qəbulunun mərkəzsizləşdirilmiş xarakteri, hərbi zorakılığın nizamlı ordu deyil, yarıhərbi silahlı birliklər tərəfindən həyata keçirilməsi, terror metodunun və partizan müharibələrinin geniş yayılması və s.) görə asimmetrik sayılır. Bu cür keyfıyyət dəyişikliyi nəticəsində müasir silahlı münaqişələrin qurbanları hökumət qoşunlarının hərbi qulluqçuları və ya üsyançıların silahlı yaraqlıları deyil, dinc əhali olur. 1990-1999-cu illərdə silahlı münaqişə qurbanlarının sayı 6 mln. nəfər təşkil etmişdir. BMT-nin faktlarına əsasən, 1978-1997-ci illər ərzində dünyada qaçqınların sayı orta hesabla 4 dəfə (1978-ci ildə 3,8 mln. nəfər, 1997-ci ildə 13 mln. olmuşdur) artmışdır. [10. 32]

Nəhayət, daha bir fərqləndirici nüans ondan ibarətdir ki, keçmiş beynəlxalq müharibələrin davamı qısamüddətli olmuşdur. Yeni münaqişələr isə uzunmüddətli və tarixi köklərə malik olduğuna görə onları nizamlamaq son dərəcə çətindir.

Afrikada etnik zəmində davam edən daxili silahlı münaqişələri cinayətkar müharibə adlandırırlar. Həmin müharibələr faktiki olaraq, kriminal elementlərin, cinayətkar qrupların iştirak etdiyi genişmiqyaslı quldurluq və ya soyğunçuluq hərəkətindən savayı bir şey deyil. Bu qruplar ya zəif dövlətlər tərəfindən muzdlu kimi gətirilir, ya zorla cəlb edilir, ya da zəif və süqut etməkdə olan dövlətlərin ərazisində yaranan silahlı dəstələrin üzvü kimi cəzb olunur. Müharibə dövlətin nəzarətindən çıxır, canilərin və anarxistlərin fəaliyyət obyektinə çevrilir. Afrikada etnik münaqişələr mütəşəkkil cinayətkarlığın növlərindən biri sayılır. Keçmiş Yuqoslaviya müharibələrində bütün tərəflər qeyri-nizami xüsusi hissə və bölmələrə arxalanmalı olmuşlar. [15.507]

ABŞ-ın Hərbi Dəniz Akademiyasında "Təhlükəsizlik, Strategiya və Qüvvə" kursunda mühazirə oxuyan alimlərin fikrincə, müasir silahlı zorakılıqlar ənənəvi və qeyri-ənənəvi toqquşmaların bütün cizgilərini özündə əks etdirdiyinə görə, onları müxtəlif adlarla – yeni müharibələr, uzun müharibələr, hibrid müharibələr, asimmetrik müharibələr və ya 4-cü nəslə aid müharibələr adlandırmaq daha düzgün olardı.

Müasir münaqişələrin yeni geosiyasi keyfiyyətlərini Hans Maqnus Entinsberqer "Vətəndaş müharibəsini duymaq" essesində belə dəyərləndirir: "Vətəndaş müharibəsi qayıdır... Məhz vətəndaş müharibəsi bütün kollektiv münaqişələrin ilkin forması hesab edilir. Dövlətlər arasında müharibə bəşər tarixinin nisbətən gecikmiş məhsuludur. Fakt ondan ibarətdir ki, yeni dövrün müharibələri dünya siyasətində iki mühüm dəyişikliyə şahidlik edən daxili münaqişələrə çevrilir. Birincisi, bəşər tarixinin zəngin olduğu ənənəvi beynəlxalq münaqişələr tədricən keçmişdə qalır; İkincisi isə ondan ibarətdir ki, müasirliyin əsas siyasi, sosial və digər ziddiyyətlərinin ayırıcı xətləri artıq dövlətlərarası sərhədlərlə üst-üstə düşmür, sadəcə cəmiyyətin daxili pərdəsindən keçir". [16. 85-86]

Geosiyasətin renessansı və klassik müharibələrə qayıdışın labüdlüyü

Milli sərhədlərin aradan qalxdığı və milli suverenliyin ovulduğu bir dövrdə coğrafi amil əvvəlki cazibəsini itirməmişdir. Qlobal düşüncə tərzinin və beynəlxalq münasibətlərin təbiətinin dəyişməsinə baxmayaraq, strateji ərazilərə nəzarəti ələ keçirmək beynəlxalq siyasi həyatın dəyişməz qanunu kimi qalmaqdadır. Bu yerdə "geosiyasət" anlayışını elmə gətirən R.Çellenin belə bir fikri yada düşür: "Bütün bəşər tarixi həyat məkanı uğrunda gedən mübarizədir. Məhz bu səbəbdən, qonşu dövlətlər arasında sərhəd xətti uğrunda gedən mübarizə beynəlxalq həyatın əsas qanunu hesab edilir. Bütövlükdə, beynəlxalq münasibətlərdə müharibə və silahla təmin edilmiş sülhdən, yaxud üçüncü dövlətə qarşı birgə hərəkət etmək məqsədilə yaradılmış ittifaqdan savayı digər əlaqələr mövcud deyil. Qapanmış dünyada bir dövlət digərindən ərazini yalnız güc yolu ilə ala bilər".

Hər bir insan cəmiyyətinin ərazi təşkilatının inkişafı, о cümlədən ərazi-dövlət quruluşu praktiki olaraq bütün qitələrdə çox vaxt müharibələrə çevrilmiş kiçik və ya iri ərazi mübahisələri yolu ilə təmin edilmişdir. Siyasətin iqtisadi, dini, əxlaqi, ideoloji, sosial və s. determinantları müxtəlif dövrlərdə dəyişikliyə məruz qaldığı halda, ərazinin konturları, düzənliklər, sıldırım qayalar, dənizlər və çaylar, onların sahillərində məskunlaşan insanlar və yaranmış dövlətlər dəyişilməzliyi ilə diqqəti cəlb edir. [8. 335] Məhz bunun nəticəsidir ki, ərazi uğrunda baş vermiş hərbi qarşıdurmalar amansızlığı, uzunömürlülüyü və yekun həllinin mümkünsüzlüyü ilə yaddaşlarda qalmışdır.

Etiraf etmək lazımdır ki, tarixin və müasirliyin nəhəng müharibələri Yer kürəsində münbitliyin və strateji imkanların qeyri-bərabər paylanmasının nəticəsidir. Geosiyasi nöqteyi-nəzərdən Yer kürəsində elə unikal zonalar mövcuddur ki, siyasətdə dövlətin üstün rolunu təmin edir. H.Makkinderin "Heartland" adlandırdığı Avrasiya strateji baxımdan bütün dünyaya nəzarət üçün ən əlverişli ərazi hesab edilir. Müəllif məşhur geosiyasi layihəsində qeyd edirdi ki, "Şərqdən Tibet və Monqolustanın, qərbdən isə Şərqi və Mərkəzi Avropanın daxil olduğu "Heartland"ı idarə edən Dünya adasına (Avropa, Asiya və Afrika) nəzarət etmək imkanı qazanır. Bu gün "Heartland"in qanlı etnik münaqişələrinin və qlobal antiterror əməliyyatlarının obyektinə çevrilməsi onun dünya siyasətində əvvəlki cəlbedici rolunu qoruyub saxlamasından irəli gəlir. Amerikalı professor F.Velinq Avrasiyaya ("Heartland"a – müəllif) nəzarət uğrunda gedən böyük geosiyasi oyunların səbəblərini neft, əsassız iddia edilən sərhədlər, etnik münaqişələr, panetnik hərəkatlar, İslam radikalizmi, zəif rejimlər və xarici dövlətlərin rəqabəti ilə əlaqələndirir.

Tarixən nəhəng geosiyasi münaqişələr mübahisəli ərazilər və təsir dairəsinin genişlənməsi uğrunda baş vermişdir. Hazırda isə geosiyasi və regional problemlərin həlli zamanı "lokal müharibələrdən" istifadə edilir. [17.17] Bəzən bu tip münaqişələri "böyük geosiyasi oyunların" tərkib hissəsi adlandırırlar. Belə münaqişələrə adətən əlverişli coğrafi vəziyyətə və zəngin təbii ehtiyatlara, о cümlədən enerji daşıyıcılarına malik olan və iri dövlətlərin maraq dairəsində qalan regionlarda rast gəlinir. 1994-cü ildə "Əsrin müqaviləsinin" imzalanmasından sonra Çeçenistanda alovlanan müharıbə, Gürcüstanda hərbi çevriliş və sui-qəsd cəhdləri, Türkiyədə PKK-nın fəallaşması və s. hadisələr maraqlı dövlətlərin lokal xarakterli toqquşmalardan istifadə etmək yolu ilə regionun təbii sərvətlərinə nəzarəti ələ keçirmək cəhdindən savayı bir şey deyildir.

Etnik ziddiyyətlər ərazi iddiaları və mübahisələri ilə üst-üstə düşəndə daha təhlükəli vəziyyət doğurur. Məhz bu iki amilin sinxron hərəkəti münaqişələrin daha sürəkli və qanlı müharibələrə çevrilməsinə zəmin yaradır. Ərazi iddialarının qanuniliyini aydınlaşdırmaq nəinki çətin, həm də praktiki olaraq, qeyri-mümkündür. Münaqişə iştirakçıları adətən ərazi iddialarını bir-birinin ziddinə təfsir edirlər. Rəsmi statistika "soyuq müharibə"nin süqutundan sonra Aviasiyada etnoərazi münaqişələrin vüsət alması faktını təsdiqləyir. Belə ki, 1990-cı ildən başlayaraq, Avropada baş vermiş bütün nəhəng silahlı qarşıdurmalar ərazi problemləri ilə bağlı olmuşdur. 1994-cü ildə Yer kürəsində baş vermiş 31 iri münaqişədən 17-si ərazi münaqişəsindən yaranmışdır. Təkcə Sovet İttifaqının süqutu ərəfəsində SSRİ daxilində 76, bir ildən sonra isə 180 etnoərazi mübahisələri qeydə alınmış, 1996-cı ilədək onlardan 140-sı aktuallığını saxlamışdır. MDB-də etnoərazi ziddiyyətlərinin kökü Sovet hökumətinin sərhədləri qayçılaması siyasətinə gedib çıxır. Respublikalar arasında sərhədlər 40 dəfədən artıq, muxtar respublikalar və vilayətlər arasında isə daha çox dəyişdirilmişdir. [18. 57] Sərhədlərin tez-tez dəyişdirilməsi və əhalinin köçürülməsi siyasəti ucbatından SSRİ-nin süqutu ərəfəsində etnik, tarixi və hüquqi nöqteyi-nəzərdən imperiyadaxili sərhədlər sabit deyildir. Məhz bu səbəbdən multietnik sovet imperiyasının süqutu zamanı həmin sərhədlər qanlı ayırıcı xətlərə çevrilmişdir. Zbiqnev Bjezinskinin fikrincə, bu regionlarda Sovet hökumətinin inzibati-ərazi bölgü modeli daxili hərc-mərcliyi saxlamalı və cənub regionlarının Rusiya imperiyasından aslılığını möhkəmləndirməli idi.

XXI əsrdə resurs (xüsusən də enerji daşıyıcılarının) böhranının kəskinləşməsi və qloballaşması, əhali artımı, məhsuldar torpaq sahələrinin qüvvədən düşməsi və ixtisar edilməsi, ekoloji gərginlik ərazi ekspansiyasının daha sərt variantda dünya siyasətinə qayıdışını qaçılmaz edir. [19.420]

Üçüncü minilliyin başlanğıcında milli suverenliyə etnik münaqişələrdən savayı, asimmetrik təhdidlər daha ciddi şəkildə təsir göstərməyə başlamışdır. "Yeni təhdidlərlə" beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması və onun tədarük vasitələri, mütəşəkkil cinayətkarlıq, korrupsiya, qeyri-qanuni miqrasiya, təbii ehtiyatların tükənməsi aid edilir. Son zamanlar daxili silahlı münaqişələr digər aparıcı təhdidlərə – separatçı hərəkatlar, beynəlxalq terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qeyri-leqal silah alveri və beynəlxalq mütəşəkkil cinayətkarlıqla six qarşılıqlı təsirdə inkişaf edir. [20.43]

Çox nadir hallarda münaqişənin korrupsiyaya qurşanmış, cinayətkar elementlər tərəfindən törədilməsinə rast gəlinir. Adətən münaqişələr digər səbəbdən baş qaldırır və yalnız bundan sonra cinayətkar elementlər və ya ekstremistlər yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Cinayətkarlığın, korrupsiyanın və etnik ekstremizmin sıx əlaqəsi əksər etnik münaqişələrin nizamlanmamasının səbəbi hesab edilir. [20 44] Keçmiş Yuqoslaviyada ictimai-siyasi durumun tam sabit olmasını əminliklə söyləmək tezdir. Yaxın keçmişdə baş vermiş münaqişələrdən Bosniya və Herseqovina, Kosovo və Serbiyanın cənub rayonları ciddi xəsarət almışdır. Əfqanıstanda gedən proseslər Mərkəzi Asiyada vəziyyətin sabitsizləşməsinə stimul verir. Azərbaycanda, Gürcüstanda və Moldovada "dondurulmuş münaqişələr" nizamlanmamış qalır və günlərin birində onların yenidən baş qaldırması heç cür istisna olunmur. İspaniyaya və Korsikaya terror hücumları real təhdid olaraq qalır və dini zəmində iğtişaşlar Birləşmiş Krallığın bəzi rayonlarında həyatı iflic edir.

Belə qənaətə gəlmək olur ki, bəzi insanlar sabitsizliyin saxlanılmasında olduqca maraqlıdır. Bu cür şərait həmin insanlara resursları istismar etmək və hakimiyyəti əldə saxlamaq üçün gərəkli olan sərvət və nəzarəti əldə cəm etməyə imkan verir, sülh dövründə mümkün olmayan cinayətkar fəaliyyətin legitimliyini təmin edə bilir. [20.45] Onlar üçün əsas məqsəd müharibədə qalib gəlmək deyil, onu mümkün qədər çox uzatmaqdır. Cinayətkarlıq (soyğunçuluq) adətən münaqişənin əsasında dayanan əsas səbəb deyil, lakin о münaqişənin saxlanılmasında və dalana dirənməsində həlledici rol oynayır.

Nəticə

Araşdırmanın sonunda əldə etdiyimiz nəticələr yaxın gələcəkdə münaqişələrin inkişafı ilə bağlı bəzi proqnozlar səsləndirməyə imkan verir:

1. XXI əsrdə müharibəni siyasətin aləti kimi aradan qaldırmaq perspektivi sıfıra bərabərdir. Əksinə, militarizmin coğrafiyası genişlənməkdədir. Ötən əsrin ortalarında 50 oldu var idisə, hazırda onların sayı 200-dən artıqdır. İkinci Dünya müharibəsi başlamazdan əvvəl 14-16 milyon insan əlinə silah götürmüşdürsə, hazırda bu rəqəm 27-28 milyon arasında dəyişir. Yeni ərazilər də silahlanmaqdadır. Sakit okean regionunda, Yaxın və Orta Şərqdə 50-60 il əvvəl müasir Silahlı Qüvvələr yox idisə, hazırda elə bir region yoxdur ki, orada müasir silah növlərinin tətbiqi ilə müharibə baş verməsin. Əksər dövlətlər öz ordusunun hərbi qüdrətini artırmaqla məşğuldur. [4, 74]

2. Güman edilir ki, müasir müharibələr zəif və ya zəifləməkdə olan dövlətlərin ərazisində baş verəcək, lakin onlar dövlətlərarası deyil, vətəndaş müharibəsi xarakteri daşıyacaq. Zəif rəhbərliyə, korrupsiya və yoxsulluğa, etnik və dini ziddiyyətlərə, habelə sürətlə artmaqda olan əhaliyə malik ölkələr müharibənin törədilməsinə zəmin yaradacaq.

3. Yaxın gələcəkdə müharibələrin daha çox separatçı xarakterə malik olacağı istisna edilmir. Belə ki, etnik qruplar böyük siyasi müstəqillik və ya öz dövlətlərini yaratmaq məqsədilə beynəlxalq sərhədlərin və insan hüquqlarının pozulması istiqamətində addımlar atmaqdan çəkinməyəcəklər. Zəif və qeyri-sabit dövlətlər bu cür parçalanma prosesləri üçün maqnitə çevriləcək.

4. Müxtəlif mədəni dəyərlərə və fərqli dinlərə malik qruplar arasında ziddiyyətlər dünyanın müəyyən regionlarında amansız və üzücü müharibələrə çevriləcək. Siyasi-dini fundamentalizmin belə münaqişələri digər ölkələrə ixrac edəcəyi şübhə doğurmur.

5. Həyati mühüm resursların – su və xam neftin çatışmazlığının artması müəyyən ərazilər uğrunda zahirən köhnəlmiş dövlətlərarası müharibə modelini yenidən həyata qaytaracaq.

6. Təbii fəlakətlər nəticəsində bütöv bir cəmiyyətin aclıq və yoxsulluğu, əhalinin sürətlə çoxalması və ya dövlət hakimiyyətinin məsuliyyətsiz siyasəti müəyyən regionlarda nizamsızlığa gətirə bilər və o da öz növbəsində asanlıqla yayıla bilər. Bundan doğan miqrasiya dalğası qonşu dövləti iqtisadi çətinliyə sala biləcək. Belə demək mümkündürsə, sabitsizliyin ixracı baş verəcək.

7. Kütləvi qırğın silahının istehsalı üçün zəruri olan texniki bilikləri və komponentləri qlobal "qara bazarda" heç bir çətinlik olmadan əldə etmək mümkündür. Məsuliyyətsiz dövlət rəhbərlərinin, terrorçuların və ya cinayətkarların ixtiyarında olan bu silahı ciddi təhlükə doğurur.

8. Dünyada qismən leqal, qismən də qeyri-leqal surətdə qızğın adi silah alveri gedir. Harada ki, münaqişənin zorakı metodlarla aparılma təhlükəsi var, həmin silahların münaqişə zonasında alveri döyüşən tərəflərin əlinə keçir.

9. Beynəlxalq mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizm dövlətin daxili təhlükəsizliyinə ciddi təhdid təsiri bağışlayır. Bu təhdidlərin transsərhəd xarakterinə malik olması onlara qarşı mübarizədə hökumətin fəaliyyətini çətinləşdirir, daxili və xarici təhlükəsizlik arasında dəqiq sərhədlərin müəyyənləşdirilməsini mümkünsüz edir.

Zəfər Nəcəfov,

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının baş müəllimi

Ədəbiyyat

1) Лебедева M.M. Политическое урегулирование конфликтов: Подходы, решения, технологии. М.: Аспект Пресс, 1997

2) Barkawi, Tarak. "On the pedagogy of Small Wars". International Affairs, Vol. 80, No. 1, Jan 04, pp. 19-37

3) Этничность. Национальное движения. Социальная практика: Сборник статей. - Санкт-Петербург: ТОО ТК "Петрополис", 1995

4) Анцупов А.Я., Шипилов А.И Конфликтология: Учебник для вузов. 2-е изд., перераб. и доп. М.: ЮНИТИ-ДАНА, 2004

5) Малышева Д. Конфликты на юге СНГ и на Ближнем и Среднем Востоке, (срав­нительный анализ) Мировая экономика и международные отношения, 1995. №10

6) Кулагин В.М. Международная безопасность. Учеб.пособие для вузов. Мос­ква. Аспект Пресс 2006

7) Gurr, Ted Robert, Marshall, Monty G. Peace and Conflict 2003 A Global Survey of Armed Conflicts, Self-Determination Movements, and Democracy. Center for inter­national Development and Conflict Management, University of Maryland, pp 12-16, 47-50

8) Бабурин C.H. Территория государства: провавые и геополитические проблемы. - М.: Издательство Московского Университета. 1997

9) Clarke, John L. Ethnic Conflict and Peace Operations. Garmish Partenkirchen, Germany: George Ñ Marshall European Center for Security Studies. 2000; (article on­line);

10) Аклаев A.P. Этнополитическая конфликтология: Анализ и менеджмент: Учеб. Пособие. М.: Дело, 2005

11) Hirst, Paul Q. "Another Century of Conflict? War and the International System in the 21st Century."Internatinal Relations, Vol.16, No.3, 2002

12) Лебедева M. "Мэжэтнические конфликты на рубеже веков" (методологический аспект). Мировая экономика и международные отношения, 2000. №5

13) Дмитриев А.В. Миграция: конфликтное измерение. Научное издание. Моног­рафия. Альфа М.

14) Колосов В.А, Трейвиш А.И. Этнические ареалы современной России: сравни­тельный анализ риска национальных конфликтов. ПОЛИС, 1997. № 7

15) Mueller, John. "Policing the Remnants of War". Journal of Peace Research 2004. Vol. 40, No.5, pp. 507-518

16) Грачев Андрей, Ломейко Владимир. Встреча цивилизаций: конфликт или ди­алог? Размышления в связи с Тбилисским Международным форумом "За солидар­ность против нетерпимости, за диалог культур". Тбилиси, Грузия 13-15 июля 1995 г. ЮНЕСКО.

17) Нартов Н.А. Геополитика. Москва.: ЮНИТИ, 1999

18) Сикевич З.В. Социология и психология национальных отношений: Учебное пособие. Издательство Михайлова В.А. 1999

19) Платонов Ю. Этнический фактор: психология и геополитика. Москва.: Аспект Пресс, 2002

20) Kemp, Walter A. "The Business of Ethnic Conflict." Security Dialogue, Vol.35, №1, March 2004, pp. 43-59;

21) Будущее войны. Власть, 8-9' 98

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...