THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan Rusiyaya qarşı ikiüzlü siyasət yeridir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1073
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 oktyabr 2018 – Newtimes.az

Son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Azərbaycanın daha da güclənməsi, Gürcüstanın Avropaya inteqrasiyası və Türkiyənin regional güc olma yolundakı həmlələri, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi rəsmi Yerevanı Rusiya ilə münasibətlərini sorğulamağa vadar edir. Ermənistan regionda öz mövcudluğunu qorumaq, iqtisadiyyatını dirçəltmək və siyasi tərəqqiyə nail olmaq üçün siyasi danışıqlar masasında ikili oynayır. 2013-cü ildə Ermənistan Rusiya Federasiyası tərəfindən yaradılan Gömrük İttifaqına qoşulduğunu bəyan etmişdi. Bu, Avropa İttifaqı üçün tam gözlənilməz oldu. 2013-cü ildə Litvada keçirilən "Şərq tərəfdaşlığı'' sammitində Moldova, Gürcüstan və Ermənistan ilə assosiativ sazişlərin imzalanması və həmin ölkələrin Aİ ilə azad ticarət aparması üçün zəmin yaradılması nəzərdə tutulmuşdu. Ermənistan Moskva ilə münasibətləri möhkəmləndirmək üçün Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyində, Gömrük İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak edirdi. Çünki Ermənistanın bölgədə təhlükəsizliyi və siyasi-iqtisadi inkişafı Rusiyanın Ermənistana dəstək verməsi halında mümkün idi. Ermənistanla Rusiya arasında imzalanan bir sıra sazişlər də bu baxımdan mühüm rol oynayırdı və bu sazişlərlə Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrildi.

Amma bu təşkilatların üzvləri ilə əməkdaşlıq Ermənistana böyük iqtisadi gəlirlər gətirmirdi, əksinə, Ermənistan böyük itkilərlə üzləşirdi. Məsələn, Abxaziyadan keçməklə tikilməsi planlaşdırılan Rusiya-Ermənistan dəmir yolu xətti, rus investisiyaları ilə reallaşması nəzərdə tutulan bəzi iri layihə və proyektlər təxirə salındı. Ona görə də Ermənistan iqtisadi məsələlərdə Avrasiya İqtisadi Şurasının təsisçilərindən biri olmaqla, Amerika Birləşmiş Ştatlarından iqtisadi islahatlar üçün maliyyə və təşkilati yardım almağa və özünü Rusiyanın dövlət təhlükəsizlik sisteminin mühüm hərbi komponenti hesab edərək, bu ölkədən hərbi yardım gözləməklə yanaşı, ABŞ və NATO-nun hərbi strukturları ilə əməkdaşlığa can atır.

Ermənistanın mövcud iqtisadi vəziyyətinə görə Rusiyadan böyük ölçüdə siyasi və iqtisadi asılı olması zaman-zaman siyasi elitada, müxalifətdə və hakimiyyətdə narazılıqlara səbəb olurdu. Bunun nəticəsi olaraq Serj Sarkisyan dönəmində Ermənistan Rusiyadan iqtisadi asılılığını əhəmiyyətli dərəcədə azaltmaq üçün Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycanla bir sıra layihələrdə iştirak edən Avropa İttifaqı ilə daha da yaxınlaşmağa başladı. 2017-ci ildə Ermənistan Avropa İttifaqı ilə "Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Müqaviləsi'' imzaladı. Eyni zamanda, bəyan etdi ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri bütün sahələrdə genişləndirmək və iqtisadi əməkdaşlıq qurmaq niyyətindədir. Son zamanlar Rusiyaya qarşı qoyulan sanksiyalarla Rusiyaya dəstək olan ölkələrin sayı ciddi şəkildə azalmağa başlayıb. Rusiyanın ticarət tərəfdaşlarının azalması Rusiyadan Ermənistana kapital axınına da mane olur. Bu səbəbdən Ermənistan Rusiyadan asılılığını azaltmaq üçün alternativ yollar axtarışındadır. Bundan başqa, Ermənistanda hakimiyyətə gələn yeni rejim bütün problemlərə görə Robert Koçaryan və Serj Sarkisyan hökumətini günahlandırır və vurğulayır ki, Rusiyadan siyasi və iqtisadi asılılıq ölkə daxilində sabitliyin pozulmasına, "demokratik dəyərlər''in itməsinə, rüşvət və korrupsiya hallarının böyüməsinə səbəb olmuşdur.

Ermənistanda hakimiyyətə gələn siyasi liderlər Qərbə doğru meyillənməklə iqtisadi inteqrasiyaya çalışır və Aİ-nin region üçün nəzərdə tutulan proqramlarında iştirak etmək istəyir. Amma bununla yanaşı, Rusiya kimi müttəfiqini də itirmək istəməyən Ermənistan, Rusiya ilə birlikdə bir sıra layihələrdə iştirak edir. Yeni hökumətin rəhbəri öz nitqlərində dəfələrlə vurğulayırdı ki, onlar xarici siyasətdə köklü dəyişikliklər etməyəcəklər və əməkdaşlıqları olduğu kimi saxlamağa çalışacaqlar. Bütün bunlar Ermənistana təsirsiz ötüşməyəcək, çünki həm Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvü olması, həm də Aİ, NATO və Qərb bloku ilə əməkdaşlıq etmək arzusu Ermənistanı gec-tez çətin vəziyyətə salacaq. Belə vəziyyətdə isə ya Ermənistan Rusiya kimi müttəfiqini tamamilə itirəcək, ya da Avropanın bir sıra proqramlarından kənarda qalacaq və siyasi dəstək istəməsi də qeyri-mümkün bir məsələ olacaq.

Əliyar Əzimov,

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun baş mütəxəssisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...