THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İnteqrasiya prosesləri: intibaha gedən yol, yoxsa imperiya meylləri

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15685
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 oktyabr – Newtimes.az

Geosiyasi proseslərdə ənənəvi olaraq etnik, dini, siyasi-ideoloji və sosial-iqtisadi faktorlar ən mühüm element kimi qəbul olunur. Hər hansı konkret regionda və tarixi dövrdə geosiyasi mühiti qiymətləndirdikdə, sadalanan amillərin aktuallığı, təsir gücü və əhəmiyyət dərəcəsi zamanın və ya məkanın xarakterik xüsusiyyətlərini müəyyən edir. Yeni minillikdə isə geosiyasi proseslər siyasi dəyişikliklərin intensivliyi və gözlənilməzliyi, qloballaşma və beynəlxalq inteqrasiya proseslərinin artma tendensiyası ilə səciyyələnir.

Qlobal və regional müstəvidə inteqrasiya proseslərini, o cümlədən qloballaşmanı heç şübhəsiz müasir dövrümüzün başlıca trendi hesab etmək olar. İnteqrasiya prosesləri regionlar, inkişaf səviyyəsi, eləcə də siyasi, hərbi, iqtisadi, mədəni, humanitar kriteriyalar üzrə təsnifləşdirilir. Artıq dünyada elə bir bölgə qalmamışdır ki, bu proseslərdən kənar qalsın. Köhnə qitədə Avropa İttifaqı, Şimali Amerikada NAFTA, Cənubi Amerikada MERKOSUR, Afrika və Yaxın Şərqdə Ərəb Ölkələri Liqası, Afrika İttifaqı, Asiyada Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN kimi təşkilatların adını qeyd etmək olar.

Müşahidə olunan trendlərdən biri də odur ki, inteqrasiyanın yüksək səviyyəsi vahid siyasi-iqtisadi məkanın yaradılmasına gətirib çıxarır. Avropa İttifaqı üzv dövlətlərin suveren hüquqları qorunmaqla məhz belə bir məkandır. Lakin tarixə nəzərə saldıqda aydın olur ki, bugünkü siyasi birlik səviyyəsinə gəlib çatmaq üçün təxminən 50 ildir ki iqtisadiyyat, ticarət, miqrasiya, sosial, qanunvericilik və digər sahələrdə ölkələrarası münasibətlərin harmonizasiyası gedir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu səviyyədə təşkilatlanma prosesi 1951-ci ildə Avropa Polad və Kömür Birliyinin yaradılması ilə başlamışdır. 1986-cı ildə "Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı”nın imzalanması ilə təşkilata daxil olan dövlətlərin münasibətlərində iqtisadi sahədə sinxronluq öz təsdiqini tapdı. Sonrakı dövrdə Maastrixtdən Lissabonadək gedən yolda İttifaqın təhlükəsizlik, vahid xarici siyasət, valyuta-kredit siyasəti də daxil olmaqla bütün sahələrdə əsas prinsipləri müəyyən olundu.

Avropa İttifaqının əsas fəaliyyət prinsipləri ilə tanış olduqda aydın olur ki, təşkilatla milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü mövcuddur. Qərarların qəbulunda böyük dövlətlərin (Almaniya, Britaniya, Fransa, İtaliya) xüsusi çəkisi olsa belə, bütün iştirakçı dövlətlərin suveren hüquqlarına hörmət edilir. İnteqrasiya proseslərinin dövlətlərlə yanaşı ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi də daim gözlənilir. Məhz belə model dünyada Avrointeqrasiyanı cəlbedici etmişdir və təşkilatın üzvlərinin sayının artmasını da bu amillə əlaqələndirmək olar. Baxmayaraq ki, hətta Avropa İttifaqı daxilində də kiçik dövlətlərin və xüsusən də keçmiş sosialist bloku ölkələrinin iqtisadi sahədə ayrı-seçkiliyə məruz qalmaları haqqında iradlar səslənməkdədir. Ölkədaxili bazarlar inteqrasiya proseslərinin müəyyən mənada qurbanına çevrilirlər. İttifaqın lider ölkələri isə vahid valyuta-kredit mexanizminin təşkilində və proporsional bölgüsündə bunu nəzərə almırlar.  Bir çox mütəxəssislər hazırkı qlobal iqtisadi böhranın Avropadakı təzahürlərinin səbəbini də bu amillə əlaqələndirirlər. Təsadüfi deyil ki, Yunanıstan, Macarıstan, Baltik ölkələri Avropa İnvestisiya Bankından və Avropa Mərkəzi Bankından əlavə vəsait ayrılması tələblərinin yerinə yetirilməməsində Brüsseli və Almaniyanı günahlandırırlar. Bununla belə, Avropa İttifaqını nisbi də olsa qlobal məkanda bərabərhüquqlu əsaslara söykənən inteqrativ model adlandırmaq olar.

Son dövrlər Rusiyanın da inteqrasiya proseslərində fəal iştirakçı olmaq meyli görünür. Xüsusilə, Vladimir Putin prezident seçildikdən sonra Rusiya xarici siyasətində yeni dəyişikliklər müşahidə olunmaqdadır. Rusiyanın təşəbbüskarı olduğu və postsovet məkanında "ən dərin inteqrasiya" adlandırılan Avrasiya İttifaqının və Gömrük İttifaqının region ölkələrini əhatə etməsi planlaşdırılır. Hazırda Rusiya, Belarus və Qazaxıstan Vahid İqtisadi Məkana daxildirlər. Mərkəzi Asiyanın digər ölkələri ilə bu istiqamətdə intensiv danışıqlar aparılır. Ermənistana da Avrasiya İttifaqına qoşulmaq təklif edilmişdir. Görünən odur ki, Rusiyanın hazırkı rəhbərliyi məşhur sivilizoloq Lev Qumilyovun "Əgər Rusiya yenidən ayağa qalxacaqsa, bu yalnız Avrasiyaçılıq vasitəsilə ola bilər” – ideyasını rəhbər tutur.

Rusiyanın tarixi təcrübəsi göstərir ki, bu dövlətin geosiyasi nəzəriyyə və doktrinaları hər zaman könüllü deyil, zorakı istila üzərində qurulmuşdur. Keçmişə nəzərə salsaq, həm Çar Rusiyası, həm də SSRİ Avrasiyaçılıq ideyalarını o qədər daşımasalar belə, Avrasiya məkanını əldə edə bilmişdir. Rusiyanın yeni geosiyasi doktrinasında da bu konturlar görünür. Bu doktrinanın əsas prinsipləri onun üzərində qurulub ki, Rusiyanın təkcə hazırkı vəziyyətini deyil, həm də geosiyasi potensialını nəzərə alsın. Avrasiya İttifaqı da məhz bu ideyaya xidmət edən təşəbbüsdür.

Rusiyanın post-sovet məkanında bu aktivliyi ilə bərabər qlobal çərçivədə də qüvvələr nisbətində dəyişiklik etmək istəyi nəzərə çarpır. Belə ki, Rusiya regional inteqrasiya ilə yanaşı dünya geosiyasi konfiqurasiyasında da kardinal dəyişikliklər hədəfləyir. Aydın məsələdir hazırkı təkqütblü model bu dünya nəhəngini razı sala bilməz. Ona görə də son dövrlər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Asiya-Sakit Okean Forumu, ASEAN çərçivəsində fəallıq göstərir, BRİC ölkələri ilə xüsusi münasibətlər yaratmağa çalışır. Rusiyanın hazırkı xarici siyasət doktrinası sivilizasiya yanaşması üzərində qurulub. Rusiya yeni dünya nizamında Qərbə, transmilli cəmiyyətə alternativ və tarazlayıcı vasitə olaraq ŞƏT timsalında kontinental nəhənglərin daxil olduğu (Rusiya, Çin, Hindistan) Avro-Asiya sivilizasiya alyansının yaradılmasını təklif edir.

Bütün bunları nəzərə alaraq Rusiyanın Avrasiya İttifaqının yaradılması təşəbbüsünü bir neçə aspektdən qiymətləndirmək olar. Birincisi, sivilizasiya yanaşması. Maraqlıdır ki, Rusiyanın daxilində yaşanan problemlərin əsas səbəblərindən biri sivilizasiya müxtəlifliyidir. Yəni, hazırda Rusiyanın həyata keçirdiyi xarici siyasətdə sivilizasiyalararası əməkdaşlığa söykənən doktrina daxili siyasətdə özünü doğrultmur. Şimali Qafqazda baş verən proseslər bunu aydın göstərir. İkincisi, Rusiyanın tarixi ənənəsi də inteqrasiya proseslərinin bərabərhüquqlar üzərində heç vaxt qurulmadığını təsdiqləyir. Üçüncüsü, Avrasiya İttifaqı təşəbbüsündə siyasi proseslər iqtisadi konturları indidən üstələyir. Müqayisə üçün qeyd etmək olar ki, hətta 50 ildən çox ölkələr arasında iqtisadi harmonizasiya üçün səy göstərən Avropa İttifaqının belə daxilində ciddi fikir ayrılıqları yaranır.

Beləliklə, qloballaşan dünyada inteqrasiya proseslərinin dərininə inkişafı müsbət tendensiyadır və ölkələr arasında bütün sahələrdə əlaqələrin sadələşdirilməsinə və asanlaşdırılmasına xidmət edir. Lakin bu prosesdə bərabərhüquqluluq başlıca şərtdir. Əks halda inteqrasiyanın imperiya ambisiyalarına xidmət edəcəyi şübhəsizdir.

Ərəstü Həbibbəyli,

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...