THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nikol Paşinyanın Parisdə yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3865
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 sentyabr 2018 – Newtimes.az

Nikol Paşinyan Fransaya gedibmiş. O, Parisdə danışıqlar apardığını deyir. Doğrudan da, Fransanın Prezidenti ilə də görüşüb, yemək yeyiblər. Bir sıra siyasi və işgüzar dairələrlə və daha çox Fransada yaşayan ermənilərin təşkilatlarında görüşlər keçirilib. Lakin N.Paşinyan yalnız danışıb. Onun hansısa rəsmi sənəd imzaladığı haqqında informasiya yoxdur. Fransa Prezidenti Emmanuel Makron isə "İrəvanda danışarıq" cümləsi ilə erməni baş naziri başından edib. Bunların əvəzində N.Paşinyan ermənilərin əhatəsində cürətlənib. O, Azərbaycana və onun rəhbərliyinə qarşı absurd ittihamlarında davam edib. Hiss olunur ki, N.Paşinyan nəinki siyasəti bilmir, hətta başını belə itirib və məntiqsiz "fikirlərdən" başqa ağlına bir şey gəlmir. Bu kontekstdə onun Fransaya gedişinin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Uğursuz səfər: nəticəsiz danışıqlar və vədlər

Məsəl var, deyərlər, qozbeli qəbir düzəldər. Deyəsən, Nikol Paşinyanı heç qəbir də düzəldə bilməyəcək. Fransaya etdiyi səfərdə danışdıqlarından belə anlaşılır ki, bu adamın siyasətdən qəti başı çıxmamaqla yanaşı, danışığını da bilmir. İki cümlədən bir özünü təkzib edir, mövqeyinin qeyri-müəyyən olduğunu açıqca nümayiş etdirir. Amma bu adam Ermənistan hökumətinə başçılıq edir. Qondarma dövlətin qondarma başçısı!

Öncə, N.Paşinyanı Fransa Prezidentinin qarşılaması maraqlı olub. Emmanuel Makron ümumi diplomatik xoş sözlərdən sonra deyib ki, iki ölkə arasındakı münasibətlər haqqında İrəvanda danışarıq (bax: В Елисейском дворце состоялась встреча Никола Пашиняна и Эммануэля Макрона: стороны обсудили ряд вопросов повестки армяно-французского сотрудничества / Primeminister.am, 14 sentyabr 2018). Özü də bu sözlər N.Paşinyana nahar yeməyi veriləndə deyilib. Tərəflər faktiki olaraq qonaqlıqda söhbət ediblər. Fransa ilə Ermənistan arasındakı tarixi əlaqələrdən bəhs ediblər. Hətta N.Paşinyan deyib ki, "Fransa ilə Ermənistan arasında imtiyazlı münasibətlər" vardır (bax: əvvəlki mənbəyə). Nədən ibarətdir bu imtiyaz? Hamı bilir ki, söhbət Fransanın Ermənistanı himayə etməsindən gedir. İki müstəqil dövlətin münasibətlərindən söhbət gedə bilməz. Son 800 ildə ermənilərin dövləti nə zaman olub?

Bundan başqa, hər kəsə məlumdur ki, Fransada ənənəvi olaraq erməni terror qruplarının havadarları olan müəyyən dairələr fəaliyyət göstərir. ASALA-nın lideri orada deyildimi? Fransada türk diplomatlara qarşı ermənilərin terror aktları olmayıbmı? Budurmu "tarixi köklərə malik imtiyazlı münasibətlər"? Bir siyasi lider anlayışları bu cür qarışdırırsa, onun yeri elə küçədə bağırmaqdır.

Görünür, N.Paşinyanı Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyi, tarixiliyi, səmimiliyi və reallığa uyğun məzmun kəsb etməsi o dərəcədə çaşdırıb ki, o da analoji addımlar atmağa cəhd göstərib. Gedib Fransadan Ermənistana qardaş "düzəltməyə". Ancaq Fransa təcavüzkar bir ölkəyə "qardaş" olacaqsa, onun da sonu aydındır. Çətin ki, belə olsun, çünki fransızlar rasional davranırlar. Hər şeyi ölçüb-biçirlər.

Əslində, E.Makron erməni baş naziri ciddiyə almadığını yemək süfrəsi arxasında ifadə edib. Fransa Prezidenti "İrəvanda danışarıq" deməklə, "indi danışmağa ciddi bir məsələ yoxdur" fikrini anlatmaq istəyib. Çünki nə Ermənistan müstəqil dövlətdir, nə də N.Paşinyan real baş nazirdir. Bəs onda o, Parisə nəyə gedib?

Erməni baş nazirin getdiyi yerlərə və apardığı söhbətlərin məzmununa nəzər salanda görürük ki, onun başlıca işi and içmək olub. Fransada hansı siyasətçini və ya iş adamını görürsə, təqribən belə xahiş edir: "vallah, Ermənistan dövlətdir, ora sərmayə qoyun, orda supermarketlər də var, qanun da işləyir" və s. N.Paşinyanın danışıqlarının stenoqramına baxsanız bundan başqa məntiq tapa bilməzsiniz.

Təbii ki, ənənəvi erməni özünütərifi də yerindədir. "Ermənilər dünyaya sübut etdilər ki…", "Erməni xalqı və Ermənistan üzərinə qlobal əhəmiyyəti olan rol götürüb" və ya "Ermənistan müasir sivilizasiyanın kənarında qalan deyil, yeni dünya sistemini yaradan liderlərdəndir" (bax: Стартовал визит Никола Пашиняна во Францию: премьер-министр возложил венок к памятнику Комитасу и встретился с представителями армянской общины / Primeminister.am, 13 sentyabr 2018).

Siyasət və yalan: erməni baş nazirin məntiqsiz ittihamları

Gülməlidir, Ermənistan indiyə qədər üzərinə hansı qlobal missiyanı götürüb? Keçən əsrin 90-cı illərindən bu yana rəsmi İrəvanın fəaliyyəti qonşulara ərazi iddiası və havadarlara dəstəklə bağlı yalvarışlardan başqa nə ilə yadda qalıb? Eyni məntiqlə, N.Paşinyanın "Ermənistanın yeni dünya sistemini yaratmaqda payı vardır" deməsi gülüşdən başqa nə doğura bilər? Ümumiyyətlə, Ermənistan yeni dünya nizamının yaradılması prosesinin həndəvərində belə deyil. Bu ölkə qlobal əhəmiyyət daşıyan bir dənə də olsun tədbir keçirməyib, hansısa proqram, yaxud layihə irəli sürməyib.

Ermənistanın iqtisadi vəziyyəti də həmişə çox aşağı səviyyədə olub. Yeni texnologiyaların tətbiqi səviyyəsinə görə isə dünyada ən aşağı pillədədir. Bunu N.Paşinyanın özü də Parisdə etiraf edib. Korrupsiya ölkəni bürüyüb. N.Paşinyan hakimiyyətə gələndən korrupsiyanın azaldığını göstərən fakt da yoxdur. Ermənistana sərmayə qoyuluşu çox azdır. N.Paşinyan özü Fransada iqtisadi göstərici kimi bir supermarketdən başqa fakt gətirə bilməyib. O mağaza da sıxışdırılırmış. Məgər müasir iqtisadiyyatı mağazalar səviyyəsində qiymətləndirmək olar? İnfrastruktur, istehsal potensialı və real sistemi, müxtəlif iqtisadi sferaların həmahəng inkişafı, diversifikasiya və s. kimi mühüm məsələlərdən niyə danışmırlar? Çünki bunların heç biri fərli səviyyədə deyil. Olan-qalana da Rusiya nəzarət edir.

Bu faktları N.Paşinyan inkar edə bilməz və onların yoxluğunun yaratdığı mənzərəni gizlədə bilməz. Onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də eyni dərəcədə yalan, qərəzli və məqsədlidir. Erməni baş nazir Fransadakı erməni icması ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, vasitəçilərin fəaliyyəti və Azərbaycan Prezidentinin mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər işlədib. N.Paşinyan vasitəçilərə ağıl öyrətməyə çalışıb ki, "əgər onlar həqiqətən nizamlama ilə məşğul olmaq istəyirlərsə, onda ilk növbədə Azərbaycan Prezidentini intizama çağırmalıdırlar" (bax: Наира Айрумян. Никол Пашинян озвучил единственный вариант для Арцаха – присоединение к Армении / Lragir.am, 15 sentyabr 2018). Bu nə deməkdir? Sən demə, İlham Əliyev Ermənistanı güzəştə getməsi üçün hədələyirmiş və bundan N.Paşinyan qorxmurmuş.

Ağlı başında olan baş nazir belə səviyyəsiz, məntiqsiz və bəsit fikir bildirər? Axı, hər kəs bilir ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının böyük yardımı ilə işğal edib və dinc insanları öz yurdlarından qovub. Azərbaycan Prezidenti də ifadə edir ki, Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir, dinc sakinlər evlərinə qayıtmalıdır, Azərbaycanın dünya tərəfindən tanınan sərhədləri daxilində ərazi bütövlüyü bərpa edilməlidir. Burada hədə-qorxu haradadır?

Əgər N.Paşinyan Azərbaycan rəhbərinin ordunu gücləndirmək üçün atdığı ardıcıl və səmərəli addımlardan narahatdırsa, bu, müstəqil dövlətin suveren hüquqlarındandır. Baş nazir kimi bu elementar qaydanı N.Paşinyan bilməli idi. Bilmirsə, onda onun hakimiyyətdə nə işi var?

Sonra, N.Paşinyan əsl xəstə psixologiyalı erməni olduğunu nümayiş etdirir. O deyir ki, İlham Əliyev "dqr"lə danışıq aparmaq istəmir, ancaq Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmək arzusundadır. Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdılar (deportasiya edildilər). İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır? Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, N.Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə N.Paşinyan hansı üzlə "soyqırımı məntiqi"ndən bəhs edir? Öz yurdlarından qovulan azərbaycanlılar, Ermənistandan tamamilə deportasiya edilən azərbaycanlılar, ancaq ermənilərin məntiqi demokratikdir? Və azərbaycanlıların məntiqi soyqırımçıdır? Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz.

Nə qədər utanmaz olasan ki, Azərbaycanda on minlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalan uydurasan. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyəsən. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər və ermənilərin havadarları düşünməlidirlər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...