THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cenevrədə Bolton-Patruşev görüşü: fikir ayrılıqları dərinləşir

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2718
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 sentyabr 2018 – Newtimes.az

Ekspertlər Amerika və Rusiyanın qlobal geosiyasi nüfuz uğrunda mübarizəsinin yeni mərhələyə qədəm qoyduğu haqqında proqnozlar verirlər. Həmin mövzu xüsusilə Cenevrədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin keçirdiyi görüşdən sonra daha da aktuallaşıb. Məsələ ondan ibarətdir ki, tərəflər heç bir razılıq əldə edə bilməyiblər. Lakin bir sıra məsələlərin müzakirəsini dərindən apardıqlarını ifadə ediblər. Belə qənaət yaranır ki, Bolton-Patruşev görüşü əsas olaraq tərəflərin öz mövqelərini daha aydın ifadə etmək aspektindən maraqlı olub. Bu məqamın özünün də geosiyasi əhəmiyyəti vardır. Çünki dünyanın iki böyük dövlətinin hazırda cərəyan edən geosiyasi proseslərə verdikləri qiymət həmişə maraqlı və əhəmiyyətlidir. Həmin kontekstdə Cenevrə görüşünün geosiyasi analizinə ciddi ehtiyac duyulur.

Mövqe konkretliyi: ABŞ-Rusiya danışıqlarındakı gərginlik

Nədənsə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun avqustun 23-də Cenevrədəki görüşünə dünya KİV-ləri müəyyən dərəcədə laqeyd qaldı. Əslində, həmin görüş qlobal geosiyasi proseslərin dinamikası baxımından maraqlı idi və tərəflərin müzakirələrdən sonra ifadə etdikləri fikirlər aktual problemlərə aiddir.

Bolton-Patruşev görüşündə çoxlu sayda məsələlər beş saat ərzində müzakirə edilib. Bunlara Suriya, Ukrayna, İran, İsrail, Koreya yarımadasındakı vəziyyət, seçkilərə müdaxilə, raketlərlə bağlı imzalanan sazişlərin taleyi, kibertəhlükəsizlik, nüvə silahının yayılmaması kimi məsələlər daxildir. Ekspertlər hesab edirlər ki, müzakirələr faktiki olaraq nəticəsiz qalıb. Ancaq daha geniş aspektdə yanaşdıqda, fərqli mənzərə yaranır.

Yəni müzakirələr reallıqda tərəflərin mövqelərini daha aydın və konkret ortaya qoymaq baxımından əhəmiyyətli olub. Ortaq mövqenin yoxluğu isə başqa cəhətdir və onun da öz səbəbləri vardır. İndiki mərhələdə ABŞ və Rusiya dünya siyasəti üçün vacib olan problemlərin həllində çətin ki, razılıq əldə edə bilsinlər. Geosiyasi prizmadan vurğulanan görüşün əhəmiyyəti də əsasən məhz bu məqamla bağlıdır.

Cenevrədə C.Boltonla N.Patruşevin müzakirələri necə aparmasını analiz etməzdən öncə, maraq doğuran problemlərin həmin görüşə qədər tərəfləri nə dərəcədə narahat etdiyinə baxmaq gərəkdir. Amerikalılar üçün Rusiyanın seçkiyə müdaxiləsi bir şərəf məsələsidir. Onlar hesab edirlər ki, dünyanın ən qüdrətli dövlətində seçkiyə kənar müdaxilə mümkün olmamalıdır. Moskva isə məhz bu "mümkün olmayan" hesab edilənin "mümkün olduğunu" nümayiş etdirdi. Psixoloji olaraq ABŞ administrasiyası "sudan quru çıxmağın" yollarını axtarır. Belə qərara gəlinib ki, Moskva müdaxiləni rəsmən etiraf etsin və bir daha belə halların olmayacağına təminat versin.

C.Bolton Cenevrədə N.Patruşevdən məhz bunu tələb edib. Rusiya Təhlükəsizlik Şurasının katibi isə əvəzində Amerikanın başqalarının daxili işlərinə qarışmasına son qoyulmasını istəyib. Bununla hər iki "təhlükəsizlik adamı" mövqelərini qəti şəkildə ortaya qoyub, eyni zamanda, güzəştə getmək fikrində olmadıqlarını da nümayiş etdiriblər. Ekspertlərin rəyinə görə, bu səbəbdəndir ki, ABŞ və Rusiya danışıqlara güzəştə getməyən kadrlarını göndəriblər. Deməli, Vaşinqton və Moskva anlaşmaq üçün danışmır, bir-birinə qəti mövqeyini bəyan etmək üçün görüş təşkil edirlər.

Maraqlıdır ki, bütün məsələlər bu ruhda müzakirə edilib. Nəticədə, tərəflər birgə bəyanat verməyiblər. Onların fikir ayrılıqları daha çox İran, Suriya və Ukrayna məsələlərində özünü göstərib. Bunun hansı geosiyasi səbəbləri var və nə ilə nəticələnə bilər? Real olaraq Suriya, İran və Ukrayna məsələləri iki böyük dövlət arasındakı münasibətlərin fərqli vektorları deyil. Onlar bu məsələlərin sintezi halında iştirak edirlər. Bu məsələlərin hər birində üstünlüyü ələ almağa çalışan ABŞ və Rusiya həmin ölkələr üzərində geosiyasi dominantlığı təmin etməyi hədəfləyiblər. Bunun üçün də xarici siyasətin bütün arsenalından istifadə edirlər.

Maraqların savaşı: üç riskli tendensiya

ABŞ İrandan Suriya da daxil olmaqla, Yaxın Şərqdən bütün hərbi gücünü çəkməsini və bu prosesə Rusiyadan dəstək göstərilməsini tələb edir. Vaşinqton bunun qarşılığında Rusiyaya sanksiyalar tətbiq etməyəcəyini bəyanlayır. Yəni burada bir məcburiyyət elementi vardır: "mən sanksiyaları o zaman dayandırıram ki, istədiyimi yerinə yetirəsən və bu istək qarşı tərəfin geosiyasi maraqlarına uyğun olmasa belə, yerinə yetməlidir".

Nikolay Patruşev isə bunu rədd edib. Əvəzində, İranın hansı miqyasa qədər regionda hərbi nüfuz sahibi ola biləcəyini müəyyənləşdirmək təklif olunub. Ancaq bu da qəbul edilməyib və bu barədə qərarı Tehranın verdiyi ifadə edilib.

Amerika İsrailin marağına uyğun olaraq Yaxın Şərqdə formalaşan "şiə qövsü"nün dağıdılmasını arzulayır. Bunun üçün Səudiyyə Ərəbistanı ilə yanaşı, Rusiyadan da yararlanmağa çalışır. Moskva isə belə oyunlara getmir. Əksinə, İrana dəstək verir. Kreml izah edir ki, İranın hərbi qüvvələri Dəməşqin dəvəti ilə Suriyadadır. Müharibədən sonra onlar həmin ərazini tərk edəcəklər.

Bunlarla yanaşı, ABŞ və Rusiya Suriya ilə İraqın bərpası məsələsində də toqquşurlar. Vladimir Putin Angela Merkellə görüşü zamanı Qərb dövlətlərinə müraciət etmişdi ki, savaşdan sonra Suriyanın bərpasında iştirak etsinlər. Vaşinqton buna sərt reaksiya verdi və Kremli öz geosiyasi problemlərini başqasının əli ilə həll etməkdə günahlandırdı.

Buradan aydın olur ki, Cenevrədə ABŞ və Rusiya mövqe savaşı aparıblar ki, bu da gələcək gərginliyə işarə edir. Təsadüfi deyil ki, görüşdən sonra Con Bolton Ukraynanın müstəqillik bayramında iştirak etməyə gedib. ABŞ hakimiyyəti isə Rusiyaya qarşı sanksiyaların avqustun 27-də qüvvəyə minəcəyini bəyan edib. Bundan bir qədər sonra isə Vaşinqton, London və Paris Suriyada Bəşər Əsəd qüvvələrinə zərbə endirəcəkləri barədə bəyanat veriblər. Bütün bunlar gərginliyi təsdiq edən faktorlardandır.

Belə çıxır ki, Cenevrə görüşündən sonra Amerika ilə Rusiya arasındakı geosiyasi savaş yeni məzmun çalarları kəsb etməyə başlayıb. Onun bir neçə əlamətini vurğulamaq olar. Birincisi, Vaşinqton və Kreml Yaxın Şərq uğrunda geosiyasi-hərbi mübarizənin yeni mərhələsinə keçirlər. Bu mərhələdə siyasi-diplomatik və hərbi rıçaqlarla yanaşı, Suriyaya sərmayə yatırımı da başlıca yer tutacaq. Əslində, sonuncu məqam nəticə aspektində daha əhəmiyyətlidir. Çünki Suriyaya daha çox pul yatıran ölkə orada həm də siyasi nüfuza malik olacaq. Ekspertlər bu baxımdan Çinin artıq Suriyada bərpa işlərinə milyardlarla ABŞ dolları xərcləməyə hazır olduğundan bəhs edirlər.

Digər tərəfdən, İran da Suriyanın bərpasında üstün rol oynayacağını bəyan edib. Bunlar onu göstərir ki, Suriya uğrunda savaşın hərbi əməliyyatlar mərhələsi sona yaxınlaşır və bunun fonunda siyasi, diplomatik və maliyyə faktorları önə çıxır.

İkincisi, yeni mərhələdə ABŞ və Rusiya regionun böyük oyunçularını arxa plana atmağa çalışırlar. Onlar lider roluna iddia edir və buna görə də İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi yerli oyunçuları öz təsirləri altına almağa meyllənirlər. Bu məqamın da regionda yeni ziddiyyətlər və ixtilaflar yarada biləcəyini istisna etmək olmaz.

Üçüncüsü, Yaxın Şərqdən terror qruplarının başqa regionlara yayılması ehtimalı indiki mərhələdə yüksəlmiş kimi görünür. Belə anlaşılır ki, böyük oyunçular terrorun Yaxın Şərqdə başlıca funksiyasını yerinə yetirdiyini düşünürlər. İndi həmin regionda siyasət, diplomatiya və maliyyə aparıcı yeri tutmalıdır. Bunun fonunda isə Şimali Afrika, Qafqaz, Mərkəzi Asiya, Çin, Rusiya və başqa ölkələrdə problemlərin yaradılması prosesi başlaya bilər. Görünür, biz terrorçuların müxtəlif adlar altında fərqli regionlarda peyda olmasını görəcəyik. Hər halda, belə bir cəhdi istisna etmək olmaz.

C.Bolton-N.Patruşev görüşünə vurğulanan geosiyasi məqamlar kontekstində baxdıqda, onun əhəmiyyətini daha aydın təsəvvür edə bilərik. Burada təbii ki, nikbinlikdən çox bədbinlik hiss edilir. Lakin tərəflərin faktiki olaraq yeni mübarizə mərhələsinə keçməsi proseslərin yüksək dinamizminə dəlalət edir. Belə bir mənzərə mövcud durumda gözlənilməz risklərin meydana çıxması ehtimalının da yüksək olduğundan xəbər verir. Deməli, obrazlı desək, C.Bolton-N.Patruşev görüşünün "yan geosiyasi effekti" müxtəlif regionlarda münaqişələri alovlandıra bilər. Bu baxımdan Cənubi Qafqazın nə dərəcədə həssas bir məkan olduğu hamıya məlumdur.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...